Məhkəmə qərarları › İş №2-1(103)-2005/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2005/2022

10.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2005/2022 10.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçının vəkili X21, Cavabdehin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2266/2022 saylı, 17 mart 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5035 ünvanında 1-ci blok, 7-ci mərtəbədə yaşayış sahəsi 16,59 kvm. olan, 1 otaqlı 19 saylı mənzilə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyesterində qeydə alınaraq, həmin mənzilə texniki pasport və daşınmaz əmlaka dair dövlət reyesterindən çıxarışın verilməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2266/2022 saylı, 17 mart 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Binəqədi rayon məhkəməsinin 22.02.2021-ci il tarixli, 2(001)-960/2021 saylı qətnaməsi ilə İddiaçı mənzilə köçürülməsi təmin edilsə də, məhkəmə bunu nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini əsassız hesab edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış 10.08.2021-ci il tarixli, **********74 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5035, 2 saylı evin, 19 saylı mənzilinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli, 17.07.2021-ci il tarixli müraciətinə tərəflərindən baxılmışdır. Bununla əlaqədar olaraq bildirirlər ki, qeyd olunan ünvanda yerləşən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin ərizəsinə əlavə etdiyi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-960/2021 saylı, 22.02.2021-ci il tarixli qətnaməsi İdarəyə rəsmi qaydada daxil olmamış və həmin qətnamə ilə İdarənin üzərinə heç bir öhdəlik qoyulmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizəsinin icrasından imtina edilir. - B.Sərdarov adına maşınqayırma zavodunun inzibati həmkarlar ittifaqı komitəsinin və mənzil-məişət komissiyasının birgə iclasının 27.11.1991-ci il tarixli, 11 nömrəli protokolundan çıxarışdan görünür ki, X13 mənzil növbəsinə götürülmüşdür. - Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 15.10.1992-ci il taruxli 895 nömrəli sərəncamından görünür ki, X13 iş yeri üzrə mənzil növbəsinə götürülmüşdür. - B.Sərdarov adına maşınqayırma zavodunun inzibati həmkarlar ittifaqı komitəsinin və mənzil-məişət komissiyasının birgə iclasının 16.10.1996-cı il tarixli, 43 nömrəli protokolundan çıxarışdan görünür ki, Biləcəri qəsəbəsi, məhəllə 5035 ünvanında 1-ci blok, 7-ci mərtəbədə yaşayış sahəsi 16,59 kv.m olan 1 otaqlı 19 saylı mənzilin X10 ayrılması qərara alınmışdır. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-960/2021 saylı 22.02.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən İddiaçı cavabdehlər X11, X3, X12, X20 və X4 qarşı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 5035-ci məhəllə 2 saylı evin 19 saylı mənzilinə istifadə hüquqlarının itirilməsinə və sair tələblərə dair iddia ərizəsi qismən təmin edilmiş, X7, X1, X8, X14 və X2 Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 5035-ci məhəllə 2 saylı evin 19 saylı mənzilindən çıxarılmaları, İddiaçı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 5035-ci məhəllə 2 saylı evin 19 saylı mənzilinə köçürülməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. - Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Departamenti Binəqədi rayon MKTB-nin 107 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 413 nömrəli, 12.07.2021-ci il tarixli arayışdan görünür ki, B.Sərdarov adına maşınqayırma zavodu HİKnin 43 saylı 16.10.96-cı il tarixli protokoluna əsasən Biləcəri qəsəbəsi, məhəllə 5035, 2 №- li evin 19 №-li mənzili İddiaçı məxsusdur. Lakin mənzil 1992-ci il tarixdən Şuşa rayonundan məcburi köçkünlər tərəfindən zəbt olunub: X15, X5, X16, X22, X6. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək. İşdən aydındır ki, cavabdeh orqan iddiaçının mənzilə hüquqlarının qeydiyyata alınması üçün zəruri hüquqmüəyyənedici sənədləri təqdim etmədiyinə əsaslanmışdır. İş materiallarından olan, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəməyə ünvanlanmış 17.11.2021-ci il tarixli, 939, 939/1 nömrəli məktubdan görünür ki, ünvan 3 ünvanda yerləşən 9 mərtəbəli, 8 girişli yaşayış binası 1991-ci ildə inşa edilmiş və həmin vaxtdan dövlət mənzil fonduna aid olmaqla Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən məhkəməyə ünvanlanmış 10.12.2021-ci il tarixli, 984 nömrəli məktubdan görünür ki, ünvan 3 evin 1992-ci ildə Bakı şəhər İcra hakimiyyəti tərəfindən B.Sərdarov adına maşınqayırma zavodunun balansına verilib-verilməməsi barədə məluamat Birliyin arxivində aşar edilməmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 8.0.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18.03.2015-ci il tarixli, 487 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. İşdən göründüyü kimi, iddiaçının 19 saylı mənzilinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını iddia etdiyi yaşayış binası ünvan 3 ünvanda yerləşən 9 mərtəbəli, 8 girişli yaşayış binası Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmaqla, iş materiallarından mübahisəli mənzilin dövlət qeydiyyatına alınması üçün əsas olan qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti orqan tərəfindən iddiaçının adına qəbul edilmiş hər hansı inzibati akt (sərəncam, order, müqavilə) mövcud deyildir. İddiaçı tərəfindən məhkəməyə hüquqmüəyyənedici sənəd qismində yalnız müvafiq protokollardan çıxarışlar təqdim edilmişdir. Digər tərəfdən iddiaçı apelyasiya şikayətində Binəqədi rayon məhkəməsinin 22.02.2021-ci il tarixli, 2(001)-960/2021 saylı qətnaməsi ilə onun mənzilə köçürülməsinə dair qərar qəbul edilməsinə əsaslanmışdır. Göründüyü kimi, istinad edilən məhkəmə qətnaməsilə iddiaçının mübahizəli mənzilə istifadə hüquqları tanınmışdır ki, bu da mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli deyildir. Belə ki, yuxarıda sadalanan qanunvericilik normalarının tələblərindən aydın olur ki, protokoldan çıxarış və ya istifadə hüququnun tanınaraq mənzilə köçürülmə barədə qəbu edilmiş məhkəmə qətnaməsi, müvafiq icra hakimiyyəti orqanı ntərəfindən verilmiş sərəncam, order və ya müqavilə olmadığı təqdirdə dövlət balansında olan mənzilə mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün yetərli ola bilməz. AR İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Beləliklə, yuxarıda qeyd edilənlərə məcmu halda qiymət verən kollegiya bu nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2266/2022 saylı, 17 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar