Məhkəmə qərarları › İş №2-1(103)-2006/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2006/2023

21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2006/2023 21.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X14 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X5 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı cavabdeh Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qarşı X18 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-124/2023 saylı, 22 fevral 2023-cü il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Bakı şəhər Suraxanı rayon İcra hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Suraxanı rayon İcra hakimiyyəti başçısının X11 fərdi yaşayış evinin tikilməsi üçün Bakı şəhəri, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Şərq hissəsində “Q” massivində 285 nömrəli məktəbin arxa hissəsində 300 kv. metr torpaq sahəsinin ayrılması barədə 29 iyun 2001-ci il tarixli 455 və 465 saylı sərəncamlarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2013-cü il olan çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsi, ev 46, həmçinin evin yerləşdiyi 0,0729 ha torpaq sahəsi onun mülkiyyətindədir. Üçüncü şəxs X18 ona qarşı Suraxanı Rayon Məhkəməsində iddia qaldıraraq qanunsuz zəbt olunmuş torpaq sahəsinin geri qaytarılmasını tələb etmişdir. İddia tələbini onunla əsalandırmışdır ki, 29 iyun 2009-cu il tarixli Suraxanı rayon İcra hakimiyyəti başçısının 465 nömrəli sərəncamı ilə Qaraçuxur qəsəbəsinin Şərq hissəsində “Q” massivində 285 nömrəli məktəbin arxa hissəsində 300 kv. metr torpaq sahəsi ona ayrılmışdır və həmin sərəncamla ona torpaq sahəsində yaşayış evinin tikintisinə icazə verilmişdir. Hətta ona ayrılmış torpaq sahəsinin sxemi olmadığı halda hesab edir ki, o, ona məxsus torpaq sahəsini zəbt etmişdir. Bu səbəbdən də məhkəmədən onun Suraxanı rayon, Qaraçuxur qəsəbəsinin Şərq hissəsində “Q” massivində 285 nömrəli məktəbin arxa hissəsində 300 kv. metr torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılmasını tələb edir. Onun iddia ərizəsinə əlavə etdiyi Bakı şəhər Suraxanı rayon İcra hakimiyyəti başçısının 29 iyun 2001-ci il tarixli 455 saylı sərəncamından görünür ki, X2 fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsinin şərq hissəsində “Q” massivində 285 nömrəli məktəbin arxa hissəsində 300 kv. metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Suraxanı Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli 2(010)- 1632/2020 saylı iddianı təmin tədbiri barədə qərardadında da iş materiallarına əlavə edilmiş Suraxanı rayon İcra hakimiyyəti başçısının 455 nömrəli xx.xx.2001-ci il tarixli sərəncamına istinad etmişdir. Məhkəmə prosesində müəyyən edilmişdir ki, sərəncamın əsli olmadığından iddiaçı X16 rayon İcra hakimiyyəti başçısının 29 iyun 2001-ci il tarixli 455 nömrəli sərəncamın surətini Dövlət Arxivinin Bakı filialından almışdır. Bundan sonra vəkil sorğusu ilə Suraxanı rayon İcra hakimiyyətinin 455 saylı sərəncamının ona verilməsini istəmişdir. Dövlət Arxivinin Bakı filialının 207 saylı xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, Suraxanı rayon İcra hakimiyyətinin arxiv fondu üzrə 2001-ci il tarixli 455 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin sərəncam xx.xx.2011-ci il tarixdə deyil, xx.xx.2001-ci il tarixli olmaqla, həmin sərəncamda X18 barəsində heç bir məlumat yoxdur. Həmçinin Suraxanı rayon İcra hakimiyyətinə də sözügedən sərəncamla bağlı sorğu verilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra hakimiyyətinin xx.xx.2020-ci il 1/396 saylı məktubunda RİH-nin sənədlərinin 2014-cü il daxil olmaqla Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına təhvil verildiyindən və sözügedən sərəncam barədə Suraxanı rayon İcra hakimiyyətində heç bir məlumat olmadığını nəzərə alaraq, müraciətin müsəb həllinin səlahiyyətləri xaricində olduğu bildirilmişdir. Dövlət Arxivinin Bakı filialının Suraxanı Rayon Məhkəməsinə ünvanladığı 421 saylı xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, Suraxanı RİHnin X2 yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılması haqqında sərəncam xx.xx.2001-ci il tarixli 455 saylı deyil, xx.xx.2001-ci il tarixli 465 saylı sərəncam kimi Dövlət Arxivinin Bakı filialında mövcuddur və həmin sərəncamın surəti məhkəməyə təqdim edilmişdir. Göstərilən sənədin surəti onun nümayəndəsinə xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir. İş materiallarında Suraxanı rayon İcra hakimiyyəti başçısının 29 iyun 2001-ci il tarixli 455 və 465 nömrəli sərəncamları eyni tarixli ayrı-ayrı nömrəli olsa da məzmunca eynidir. Yəni, hər iki sərəncamda Suraxanı rayon İcra Hakimiyyəti Başçısı X2 fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsinin şərq hissəsində “Q” Y/massivində 285 nömrəli məktəbin arxa hissəsində 300 kv. metr torpaq sahəsi ayrılmışdır. Suraxanı rayon İcra hakimiyyəti başçısının 2001-ci il 29 iyun tarixində fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayırmaq səlahiyyəti olmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1641/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə (hakim N.Abıyev) iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, iddianın yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2900/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin olunmuş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1641/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilmiş və iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bir sıra prosessual hərəkətlər edildikdən sonra iddiaçının nümayəndəsi və vəkili xx.xx.2022-ci il tarixdə yenidən məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 29 iyun 2021-ci il tarixli 465 saylı sərəncamının etibarsız sayılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-124/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin olunmuş, cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 29 iyun 2001-ci il tarixli 465 №li sərəncamı etibarsız hesab edilmişdir. Qərardan narazı qalan üçüncü şəxs qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılaraq bildirilmişdir ki, üçüncü şəxs 1954-cü ildə anadan olmuşdur. Ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, ev 9, mənzil 10-da iki otaqlı mənzildə yaşayır. 2001-ci ildə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, yaşadıqları mənzilin 6 nəfər ailə üçün həddindən artıq darısqal olmasını nəzərə alaraq mənzil sahəsinin yaxşılaşdırılmasına kömək edilməsini xahiş etmişdir. Müraciətə əsasən, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 29 iyin 2011-ci il tarixli, 465 saylı Sərəncamı ilə "X2 fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsi şərq hissəsində "Q" Yaşayış sahəsi, 285 Saylı orta məktəbin arxa hissəsində 300 kv. metr torpaq sahəsi ayrılması haqqında Sərəncam verilmişdir. Sərəncamı alandan sonra həmin torpaq sahəsinin ətrafına dairəvi hasar çəkərək, orada təmizləmə işləri apararaq, ağaclar əkmişdir. Lakin maddi imkansızlıqdan həmin torpaq sahəsində ev tikə bilməmiş, lakin mütəmadi olaraq torpaq sahəsinə gedib baş çəkmişdir. Torpaq barədə heç vaxt, heç kimlə mübahisəsi olmamışdır. 2015-ci ilin təxminən may ayında torpaq sahəsinə baş çəkərkən görmüşdür ki, onun bütün ərazisinin hasarı uçurulmuş, ağaclar isə tamamilə məhv edilmişdir. Üçüncü şəxsin torpaq sahəsindən kənarda ustalar ev tikdiyi məlum olmuşdur. Onlara yaxınlaşaraq sahənin divarlarının uçurulmasını və ağacların qırılmasının kim tərəfindən törədildiyin maraqlandıqda müəyyən olmuşdur ki, ev İddiaçı məxsusdur. Onlara sərəncamın surətini verərək xahiş etmişdir ki, torpaq sahəsi ilə bağlı əlaqə saxlasınlar. Lakin iddiaçı üçüncü şəxslə əlaqə saxlamamışdır. O, sonra 2 dəfə Suraxanı rayon İcra Hakimiyyəti başçısının qəbulunda olub, torpağının Taleh adlı şəxs tərəfindən zəbt olunması barədə məlumat verərək, məsələnin aydınlaşdırılmasını xahiş etmişdir. İcra hakimiyyətinin nümayəndələri ilə baxış keçirilərkən məlum oldu ki, doğrudan da ona məxsus 300 kv. metr torpaq sahəsi zəbt olunub. Tərəflərin iştirakı: xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən üçüncü şəxs X18 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi 4 apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir.Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Məhkəmə kollegiyası gəldiyi nəticəni əsaslandırmaq üçün aşağıda qeyd olunanları diqqətə çəkir: - Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının “Yeni Günəşli qəsəbəsi “D” yaşayış sahəsi, ev 9, mənzil 10-da yaşayan vət. X11 fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması haqqında” 465 №li 29 iyun 2001-ci il tarixli Sərəncamın təsdiq olunmuş surətində göstərilmişdir ki, vətəndaş H.Hüseynov rayon icra hakimiyyətinə müraciət edərək, fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Müəyyən edilmişdir ki, vət. H.Hüseynova 158 №li MTK tərəfindən verilmiş 2 №li forma arayışına və mənzil qanunvericiliyinə əsasən, onun yaşayış şəraitini normallaşdırmağa ehtiyacı var. Qeyd olunanlar, həmçinin Azərbaycan Respublikası Nazirlər Sovetinin 30.08.86-cı il tarixli 274 №-li, BŞİK-nin 27.01.89-cu il tarixli 13/713 №-li və BŞXDS-nin 20.10.89-cu il tarixli 11/412 №-li qərarlarına əsaslanaraq, aşağıdakılar qərara alınmışdır:

1. X2 fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsinin şərq hissəsində, “Q” y/massivində 285 №-li məktəbin arxa hissəsində 300 kv.m torpaq sahəsi ayrılsın.

2. Vət. H.Hüseynova ayrılmış sahədə İH-ti Təsərrüfat şöbəsi ilə razılaşdırılmış layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilsin. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********97 saylı xx.xx.2020-ci il məktubu ilə birinci instansiya məhkəməsinə təqdim olunmuş 208666 №-li 30 oktyabr 2003-cü il tarixli müqavilənin surətindən görünür ki, ünvan 5 ünvanında yaşayan X7 ilə ünvan 6 ünvanında yaşayan X19 arasında ünvan 5 ünvanında ümumi sahəsi 97,20 kv. metr, yaşayış sahəsi 28,8 kv. metr olan 2 (iki) otaqlı evin (Tİ. Hİ. TİHQdan xx.xx.2003-cü il tarixli 62 saylı reys. Kit. 9368-ci səh. 30/9368 saylı qeydiyyat vəsiqəsinə əsasən X4 məxsus) X1 dair müqavilə bağlanmışdır. -Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş Seriya FM 024829 saylı Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən 2 (iki) otaqlı, yaşayış sahəsi 28,8, ümumi sahəsi 97,2 kv. metr olan 46 saylı ev X8 adına xüsusi mülkiyyət kimi xx.xx.2003-cü il tarixdə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 62 nömrəli reyestr kitabının 9368 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşin apellyasiya mərhələsində araşdırılması zamanı verilmiş məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 17 iyul 2023-cü il tarixli məktubu ilə təqdim olunmuş ünvan 8 ünvanında, 46 saylı evin yerləşdiyi torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş Seriya FM 024829 saylı Qeydiyyat vəsiqəsi ilə X9 adına sözügedən torpaq sahəsi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 7 ünvanında 0,0729 ha xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən ev 46 X8 adına xüsusi mülkiyyət hüququ ilə xx.xx.2010-cu il tarixdə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 143 nömrəli reyestr kitabının 13066 nömrəli vərəqində qeydiyyata alınmışdır. X19 ilə X13 arasında bağlanmış AN-İ ******* №-li Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, satıcı X19 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli 11/17228 nömrəli forma arayışına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsində yerləşən, mülkiyyətində olan 0,0729 ha torpaq sahəsində olan yaşayış sahəsi 28,8 kv. metr, yardımçı sahəsi 23.5 kv. metr, ümumi sahəsi 52.3 kv.metr olan 2 (iki) otaqlı 46 saylı fərdi yaşayış evini alıcı X6 mülkiyyətinə vermişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 8 ünvanında, 0,0729 ha mülkiyyətdə olan torpaq sahəsində yerləşən 46 saylı ev İddiaçı adına xüsusi mülkiyyət kimi xx.xx.2013-cü il tarixdə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 143 nömrəli reyestr kitabının 13066 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1632/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadın surətindən görünür ki, X3 Taleh Tapdıq oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin Şərq hissəsində “Q” yaşayış massivində, 285 nömrəli məktəbin arxa hissəsində 300 kv. metr torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılması, zəbt edilmiş torpaq sahəsinin boşaldılması və həmin torpaq sahəsinin onun (iddiaçının) qanuni sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 10/1252 saylı ekspert rəyindən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 16 iyun 2021-ci il tarixli, **********80 nömrəli rəyinə əsasən, elektron kadastr bazasında mübahisələndirilən ərazidə üçüncü şəxs X10 adına torpaq sahəsinin ayrılması və hər hansı hüquqi və ya texniki sənədin verilməsi barədə məlumatın aşkar edilmədiyi, eyni zamanda mübahisələndirilən ərazidə İddiaçı adına reyestr nömrəsi **********91-10301 olan çıxarışla verilmiş 0,0729 hektar torpaq sahəsinin qeydiyyatdan keçdiyi müəyyən olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/6796 saylı ekspert rəyində göstərilmişdir ki: 1) Qərardadın 1-ci sualı üzrə - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2022-ci il tarixli **********94 nömrəli mütəxəssis rəyinə əsasən, İddiaçı xüsusi mülkiyyətində olan 0,0729 ha torpaq sahəsinin (üzərində fərdi yaşayış evinin yerləşdiyi həyətyanı sahə) şimal, şərq və qərb tərəfdən artırılmaqla faktiki sahəsinin 0,1470 ha təşkil etdiyi müəyyən olunmuşdur. 2) Mütəxəssis rəyinə əsasən, üçüncü şəxs X11 fərdi yaşayış evi tikmək üçün Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 29 iyun 2001-ci il tarixli 465 nömrəli sərəncamına torpaq sahəsinin yerləşmə cizgisi təqdim edilmədiyi üçün faktiki sahə ilə bağlı müqayisə aparmaq mümkün olmamışdır (Bundan əlavə 29 iyun 2001-ci il tarixli 465 nömrəli sərəncamın verilmə tarixi mövcud qanunvericiliyə uyğun deyil) 3) Mütəxəssis rəyinə əsasən , birinci sualın cavabında qeyd olunduğu kimi, faktiki sahənin şimal, qərb və şərq tərəfdən genişləndirilməklə faktiki olaraq 0,1470 ha təşkil etdiyi müəyyən olunmuşdur. Beləliklə, iş üzrə araşdırma zamanı müəyyən olundu ki, iddiaçının xüsusi mülkiyyətində 0,0729 ha torpaq sahəsi (üzərində fərdi yaşayış evinin yerləşdiyi həyətyanı sahə) olmasına baxmayaraq, faktiki olaraq istifadəsində 0,1470 ha torpaq sahəsi mövcuddur. İş üzrə apellyasiya baxışı zamanı da iddiaçının mübahisələndirdiyi sərəncamla 3-cü şəxsə ayrılan torpaq sahəsinin məhz xüsusi mülkiyyətində olan torpaq sahəsi olması ilə bağlı dəlil irəli sürülməmiş, buna dair sübut təqdim edilməmiş, hətta bu məsələ mübahisələndirilməmişdir. Ekspert rəyi ilə də bu hal müəyyən edilə bilməmişdir. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi sərəncamla 3-cü şəxsə ayrılan torpaq sahəsinin iddiaçının mülkiyyətində olan (0,0729 ha) torpaq sahəsi ilə üst-üstə düşmədiyi işin mübahisəsiz halıdır. Lakin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə mübahisələndirilən sərəncamla ayrılmış torpaq sahəsinin üst-üstə düşmə məqamı olsa belə işin araşdırılmış hallarından aydın göründüyü kimi 0,1470 ha torpaq sahəsinin tərkibində qeydiyyata alınmış 0,0729 ha torpaq sahəsindən kənar sahəyə dair iddiaçının hər hansı bir hüquqmüəyyənedici sənədi mövcud deyildir. Sözügedən sahənin iddiaçının hasarı daxilində olması hələ ona həmin sahə ilə üst-üstə düşsə belə 3-cü şəxsə ayrılan torpaq sahəsinə dair inzibati aktı mübahisələndirmək hüququ vermir. Digər bir tərəfdən aydındır ki, iddiaçının mübahisələndirdikləri inzibati aktlar 2001-ci il tarixlidir. Bununla bağlı da qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında göstərmişdir ki, “mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı N.Quliyev Nərimanov Rayon İcra Hakimiyyətinin sərəncamı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin sərəncamı mübahisələndirmişdir. Bu hal isə irəli sürülmüş iddianın inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi qəbul edilməsini istisna edir... Qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Oxşar müddəa İnzibati Prosessual Məcəllənin qüvvəyə minməsinə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsində də öz əksini tapmışdı. Həmin maddəyə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”.Konstitusiya Məhkəməsi Plenumunun adı çəkilən qərarına görə iddiaçı tələbində inzibati aktın etibarsızlığını mübahisələndirsə də, əslində iddia mübahisələndirmə haqqında iddia növü olduğuna görə iddianın mümkünlük şərtlərindən biri olan iddia müddəti yoxlanılmalıdır. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə kollegiyası araşdırma nəticəsində belə bir qənaətə gəlir ki, hazırki iş üzrə İddiaçı Bakı şəhəri Suraxanı rayon İcra hakimiyyəti başçısının X11 fərdi yaşayış evinin tikilməsi üçün Bakı şəhəri, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Şərq hissəsində “Q” massivində 285 nömrəli məktəbin arxa hissəsində 300 kv. metr torpaq sahəsinin ayrılması barədə 29 iyun 2001-ci il tarixli 465 saylı sərəncamının mübahisələndirilməsinə dair iddia ilə məhkəməyə müraciət etməyə hər hansı subyektiv hüquqa malik deyil. Yuxarıda göstərilənlərə əsasən, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, üçüncü şəxsin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Göstərilənlərə əsasən və İPM-in 35, 38.1, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası

QƏRARA ALDİ:

Üçüncü şəxsin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-124/2023 saylı, 22 fevral 2023-cü il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar