Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2007/2021 24.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının vəkili X1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə pensiya təyin edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2-1(112)-2972/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin və həmin tarixdən əmək pensiyasının hesablanaraq, ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişlər ki, o, xx.xx.1959-cu il tarixdə doğulmuşdur. DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından ötrü ərizə ilə müraciət etmişdir. Lakin həmin idarədən ona 06 mart 2020-ci il tarixli məktubda güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Qeyd edir ki, ümumi iş stajı 25 ildən çox olmaqla o cümlədən, 12 il 06 ay güzəştli iş stajı yaranmışdır. İşlədiyi peşə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının" təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 nömrəli Qərarında öz əksini tapmışdır. Lakin DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasından imtina etmişdir. Belə olan halda onun konstitusion hüquqları pozulur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ məhdudlaşdırılır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2-1(112)-2972/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. (hakim: N.Abıyev) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, 02.04.2007-ci il tarixindən Azərbaycan Dəmir Yolu X6 zərərli hesab edilən əmək fəaliyyəti ilə məşğul olur. 06.03.2020-ci il tarixli arayışdan da göründüyü kimi zərərli işlərdə işləməyinin 12 il 6 ayı tamam olmuşdur. Buna dair sənədlər Bakı İnzibati Məhkəməsinə təqdim edilmiş və həmin Məhkəmənin müvafiq qətnaməsində öz əksini tapmışdır. Zərərli əmək şəraitində 12 il 6 ay iş stajı olan və 57 yaşı tamam olan şəxsləri güzəştli şərtlərlə pensiyaya çıxmaq hüquqları "X5” Qanunda təsbit edilmişdir. 2016-cı il tarixində 57 yaşım tamam olmuş və həmin tarixdə o, zərərli işdə işləyirdi. Bu əsasla o, artıq 2006-cı il tarixində qəbul edilmiş "X5” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin təsir dairəsinə düşürdü. 2019-cu ilin oktyabr ayının 1-də isə artıq onun 12 il 6 ay zərərli əmək stajı tamam olmuşdur. Məhkəmə araşdırması zamanı güzəştli şərtlərlə əmək pensiyasına çıxmağı üçün lazım olan yaş və stajı araşdırılmış və bunları əldə etməyi öz təsdiqini tapmışdır. Bu hallar işin mübahisəsiz hallarıdır. Lakin məhkəmənin cavabdeh təşkilatın verdiyi cavab məktubunda və məhkəməyə təqdim etdiyi izahatına uyğun qərar çıxarması qanunvericiliyin tələbinə ziddir. Məhkəmə ilk olaraq vətəndaşların vəziyyətini ağırlaşdıran qanunların, qanunlara edilən əlavələrin və düzəlişlərin geriyə qüvvəsinin olub-olmamasını araşdırmalı və buna öz münasibətini bildirməli idi. Təəssüflər olsun ki, Azərbaycan Respublikasının "X5” Qanunu vətəndaşlara əmək pensiyası təyin etmək üçün yox vətəndaşları pensiya almaq hüququndan məhrum etməyə uyğun hazırlanmışdır. Məhkəmə bildirir ki, o, pensiya kapitalını toplaya bilməmişdir (bu fikir cavabdeh təşkilata aiddir). O, zərərli işdə çalışır və aldığı əmək haqqı bundan sonrada 10 il işləyəcəyi təqdirdə belə pensiya kapitalının toplanmasına kifayət etməyəcəkdir. Əmək və Əhalinin Sosial Müdafiəsini öz çiyinlərinə götürdüyünü iddia edən bir nazirlik və ya nazir nəyə görə zərərli işdə çalışan vətəndaşa belə aşağı səviyyəli əməkhaqqı verilməsi ilə maraqlanmır. Pensiya kapitalının minimum pensiya təyinatına imkan vermə məsələsi ilə bağlı Məhkəmə Kollegiyasının nəzərinə çatdırır ki, 10.03.2017-ci il tarixinə kimi Qanunda fərdi hesab anlayışı yox idi. Bu anlayış 19.02.2019-cu il tarixində Qanunun 6-1-ci maddəsi yeni redaksiyada verildiyi zaman qanuna əlavə edilmişdir. Belə ki, Qüvvədə olan "X5” Qanuna edilən hansısa əlavələr vətəndaşın vəziyyətini ağırlaşdıra bilməz. X8 Aktlar haqqında Qanunun tələbinə ziddir. "X5” Qanuna 10.03.2017-ci il tarixində 6-1-ci maddə daxil edildi və həmin maddənin tələbinə görə əmək pensiyasının minimum məbləği 2017-ci il 1 iyul tarixindən 110 manat məbləğində müəyyən edildi. Daha sonra 2019-cu il 19 fevral tarixli Qanunla 6-1-ci maddə yeni redaksiyada verildi və həmin maddədə deyildi ki, 2019-cu ilin 1 oktyabr tarixindən əmək pensiyasının minimum məbləği 200 manat müəyyən edilsin. Onun güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajı tam olaraq 2019-cu ilin əvvəlində tamam olmuşdur. Qüvvədə olan Qanunun 9.1-ci maddəsində pensiya kapitalı anlayışı nəzərdə tutulmamışdır. Bu anlayış Qanuna 2017-ci il tarixində daxil edildi və 9.1-ci maddəyə dəyişiklik edilərək 57 yaş 60 yaşla əvəz edildi. Belə hesab edir ki, Qanunun zamana görə qüvvəsinə görə Qanunun vəziyyəti ağırlaşdıran bu göstərişinin geriyə qüvvəsi tətbiq edilə bilməz və bu hal X5 Qanunun 2009cu ildə qüvvədə olan 9.5-ci maddəsinin tələbinə (hazırda 9.8-ci maddə) birbaşa ziddir. Belə ki həmin maddədə deyilir: "Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir". Qanunun məzmununa görə Qanuna sonradan edilən dəyişikliklərin, xüsusilə güzəştli şərtlərlə pensiya hüquq verən hüquqları məhdudlaşdıran şərtlərin geriyə qüvvəsi yoxdur. Hesab edir ki, onun əmək pensiyasının hesablanmasında "minimum pensiya təyinatına imkan verən pensiya kapitalı anlayışı tətbiq edilərkən 2019-cu ildən qüvvəyə minən "200 manat" anlayışı deyil 2017-ci ildən 2019-cu ilə kimi qüvvədə olan "110 manat" anlayışı pensiya təyin edilməsində tətbiq edilməlidir. Həmin qanunun 6-1-ci maddəsində deyilir ki, "bu qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda həmin məbləğə çatdırmaqla ödənilir. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, "X5" Qanunun 9-cu maddəsinin 2019-cu il oktyabr ayına kimi qüvvədə olan redaksiyası onun pensiya təyinatına tətbiq edilməli, həmin vaxt qüvvədə olan pensiya hesablanması qaydasına uyğun olaraq ona pensiya təyin edilməli və əgər bu məbləğ minimum pensiya məbləğindən aşağı olarsa, 6-1-ci maddənin tələbinə əsasən minimum pensiya məbləğinə çaldırmaqla ödənilməlidir. Apelyasiya baxışı zamanı iddiaçının vəkili X1 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X4 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, İddiaçı hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin və həmin tarixdən əmək pensiyasının hesablanaraq, ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qeyd etmişdir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Göründüyü kimi, iddiaçının hərbi xidmət və təhsil dövrü nəzərə alınmaqla, onun 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapmışdır. Bununla yanaşı iş materiallarından müəyyən olunur ki, iddiaçı güzəştli şərtlərlə işlədiyini istinad etdiyi müəssisədə ("xxxx" QSC) 02.04.2007-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır ki, həmin dövr əsas götürüldüyü halda, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ yaranması üçün 12 il 06 ay zərərli iş stajı 02.10.2019-cu il tarixdə tamam olmuşdur. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Qanunla (2017-ci ilin iyul ayında qüvvəyə minib) “X5” Qanunun 9.1-ci maddəsinə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Lakin iş materiallarından müəyyən olunduğu kimi, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 36.600,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 29.466,90 manat təşkil edir. Bu səbəblərdən də, məhkəmə hesab etmişdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuşdur. İş materiallarında olan Ю ******* №-li diplomun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 1974-cü ildən 1977-ci ilədək Bakı Sovet Ticarət Texnikomunda təhsil almışdır. İş materiallarında olan NЭ seriyalı ******* №li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 10.05.1978-ci il tarixdən 30.05.1980-cı il tarixə qədər həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan iddiaçıya məxsus ИТ-İ ******* №li əmək kitabçasının surətindən görünür ki, iddiaçı Ticarətə işə başlamazdan əvvəl Diplom Ю №006775, 04.07.1977-ci il Bakı Sovet Ticarəti Texnikomunda təhsil almış, 08.08.1977-ci il tarixdə 57 №-li mağazaya satıcı qəbul olunmuş, (əmr № 66, 05.08.77-ci il), 05.05.1978-ci il tarixdə Sovet Ordusu sıralarına çağırılması ilə əlaqədar işdən azad olunmuş (Əmr № 35, 05.05.1978-ci il); 05 may 1978-ci ildən 30 may 1980-ci ilədək Sovet Ordusunda xidmət etmiş; 23.07.1980-ci ildən 22 №-li mağazaya satıcı kimi müvəqqəti qəbul edilib (Əmr 69/п, 21.07.1980-ci il); 11.09.1980-ci ildə Təsərrüfat anbarına müavin kimi müvəqqəti keçirilmiş (Əmr 85/п12.09.1980-ci il); 01.11.1980-ci il Tərəvəz anbarına fəhlə kimi keçirilmiş (Əmr № 106/п, 04.11.80-ci il); 31.03.1981-ci ildə Tərəvəz anbarına müavin kimi müvəqqəti keçirilib (Əmr № 33/п, 31.03.1981-ci il); 30.04.1981-ci ildə Tərəvəz anbarına fəhlə kimi keçirilib (Əmr № 45/п, 28.04.1981-ci il); 19.06.1981-ci ildə 20 №-li mağazaya satıcı vəzifəsinə qəbul edilmiş (Əmr № 67/п, 19.06.1981-ci il); 02.07.1985-ci ildə 56 №-li mağazaya satıcı vəzifəsinə qəbul edilmiş (Əmr № 74/л, 27.06.1985-ci il); 19.04.1989-cu il tarixdə Tərəvəz anbarının anbardarı kimi keçirilmiş (Əmr №- 26/л 19.04.1989-cu il); 04.01.1993-cü il tarixdə mühasibat üzrə mühasib kimi keçirilmiş (Əmr №-11/л, 01.02.1993-cü il); 22.12.1992-ci il tarixdə Azərbaycan Respublikası BT Ticarət İdarəsinin 24.02.1992-ci il tarixli 2 saylı əmrinə əsasən 65 №-li Hərbi Ticarətin adı 5 №-li Hərbi Ticarət adlandırılmış (Əmr № 63, 22.12.1992-ci il); 25.09.1996-cı il tarixdə Əmtəəşünas vəzifəsinə keçirilmiş (Əmr №- 15/л, 25.09.1996-cı il); 29.12.2000-ci il tarixdə işdən azad edilmiş (Əmr №-13/л, 29.12.2000-ci il); 02.04.2007-ci ildə Səngəçal Texniki Xidmət Məntəqəsinə 3-cü dərəcəli klapanların dəyişdirilməsi ilə məşğul olan hərəkətli tərkibin təmiri üzrə çilingər işinə qəbul edilmiş (Əmr №-115, 20.03.2007-ci il); 30.04.2007-ci il tarixdə Səngəçal TXM-nin 3-cü dərəcəli klapanların dəyişdirilməsi ilə məşğul olan hərəkətli tərkibin təmiri üzrə çilingəri həmin məntəqədə sərbəst işə buraxılmış (Əmr №-174, 30.04.2007-ci il); 04.07.2007-ci il tarixdə Səngəçal TXM-nin 3-cü dərəcəli klapanların dəyişdirilməsi ilə məşğul olan hərəkətli tərkibin təmiri üzrə çilingəri həmin məntəqədə 4-cü dərəcəli klapanların dəyişdirilməsi ilə məşğul olan hərəkətli tərkibin təmiri üzrə çilingər işinə keçirilmiş (Əmr №- 259, 04.07.2007-ci il); 09.01.2008-ci ildə Səngəçal TXM-nin 4-cü dərəcəli, klapanların dəyişdirilməsi ilə məşğul olan hərəkətli tərkibin təmiri üzrə çilingəri həmin məntəqədə 5-ci dərəcəli klapan dəyişdirməsi ilə məşğul olan hərəkətli tərkibin təmiri üzrə çilingər işinə keçirilmiş (Əmr №-3, 09.01.2008-ci il); 12.12.2008-ci ildə Səngəçal TXM-nin 5-ci dərəcəli klapanların dəyişdirilməsi ilə məşğul olan hərəkətli tərkibin təmiri üzrə çilingəri, 4-cü dərəcəli hərəkət heyətinin təmiri üzrə çilingər həmin TXM işinə keçirilmiş (ƏMR №-290, 12.12.2008-ci il); 23.01.2009-cu ildə Səngəçal TXM-nin 4-cü dərəcəli hərəkət heyətinin təmiri üzrə çilingər sərbəst işə buraxılmış (Əmr №- 22, 23.01.2009-cu il); 22.04.2009-cu ildə Səngəçal TXM-nin 4-cü dərəcəli hərəkət heyətinin təmiri üzrə çilingəri 5-ci dərəcəli klapanların dəyişdirilməsi ilə məşğul olan hərəkətli tərkibin təmiri üzrə çilingər həmin TXM işinə keçirilmiş (Əmr №- 80, 22.07.2009-cu il); 13.05.2009-cu ildə Səngəçal TXM-nin 5-ci dərəcəli klapanların dəyişdirilməsi ilə məşğul olan hərəkətli tərkibin təmiri üzrə çilingər sərbəst işə buraxılmışr (Əmr №- 118, 13.05.2009-cu il); 31.01.2018-ci ildə əmək müqaviləsi ləğv edilmişdir (Əmr №-494, 31.01.2018-ci il); 31.01.2018-ci ildə Səngəçal texniki xidmət məntəqəsinə klapanların dəyişdirilməsi ilə məşğul olan hərəkətli tərkibin təmiri üzrə çilingər peşəsinə işə qəbul edilmişdir (Əmr №- 531, 31.02.2018-ci il). İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Yük Daşımaları Departamentinin Şimal vaqon deposu tərəfindən verilmiş 19.02.2020-ci il tarixli 150 №li arayışdan görünür ki, İddiaçı Azərbaycan Dəmir Yolu X6 02.04.2007-ci ildən 12.12.2008-ci ilədək texniki xidmət məntəqəsində klapanların dəyişdirilməsi ilə məşğul olan hərəkətli tərkibin təmiri üzrə çilingər, 12.12.2008-ci ildən 22.04.2009-ci ilədək hərəkət heyətinin təmiri üzrə çilingər, 22.04.2009-cu ildən klapanların dəyişdirilməsi ilə məşğul olan hərəkətli tərkibin təmiri üzrə çilingər peşəsində işləyib.’’ Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin 03.11.2017-ci il tarixli 114/S saylı əmrinə əsasən Biləcəri vaqon deposunun ləğv edilib onun bazasında Şimal vaqon deposunun yaradılması ilə əlaqədar İddiaçı 31.01.2018-ci ildən əmək müqaviləsi ləğv edilib və Şimal vaqon deposuna işə qəbul edilib, 31.01.2018-ci ildən hazırkı dövrədək Şimal vaqon deposunda klapanların dəyişdirilməsi ilə məşğul olan hərəkətli tərkibin təmiri üzrə çilingər peşəsində işləyir. İddiaçı yuxarıda qeyd edilmiş peşələrdə tam iş saatı ilə zərərli işlə məşğul olmuş, zərərli işə görə iş stajı :12(on iki) il 10 (on) ay 17 (on yeddi) gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23.01.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21-ci bölməsinin 21.1 Dəmiryol nəqliyyatı və metropoliten bəndinə və 21.4 Dəmiryol nəqliyyatı. Dəmiryol lokomativ briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyaları işçilər bəndinə əsasən arayışda qeyd olunan peşələr üzrə iş stajı və yaş həddi qanunvericiliyin tələblərinə cavab verdiyi təqdirdə İddiaçı güzəştli pensiya almaq hüququna malikdir. İş materiallarında olan pensiya təyinatı alt sistemindən çıxarışdan müəyyən olunur ki, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 29.466,90 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 06.03.2020-ci il tarixli **********4 nömrəli məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimi fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi və qeyd olunanlar nəzərə alınaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmədiyi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “X5” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “X5” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin normanın 2017-ci il 1 iyul tarixdən qüvvədə olan redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa...; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa... Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq olunur. İş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Beləliklə, həmin normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 1 və 2 nömrəli Siyahılara (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 50 yaşdan (1 nömrəli Siyahı üzrə) pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndində nəzərdə tutulmuş 20 illik ümumi və 10 illik xüsusi iş stajını, 55 yaşdan (2 nömrəli Siyahı üzrə) pensiya təyin edilməsi üçün həmin maddənin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12,5 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“X5” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya müvafiq olaraq 52 (1 nömrəli Siyahı üzrə) və ya 57 (2 nömrəli Siyahı üzrə) yaşdan təyin edilir; - ümumi və xüsusi stajların tam qazanılması “X5” Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixdən 2017-ci il iyulun 1-dək olan dövrə təsadüf etdikdə 57 yaşdan, 2017-ci il iyulun 1-dən başlayan dövrə təsadüf etdikdə isə 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilir. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, iddiaçının tələbinin təmin edilməsi və ona 57 yaşının tamam olduğu 19.08.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 2006-cı il 01 yanvar tarixədək azı 25 il ümumi iş stajı olmalı, bunun 12 il 6 ayını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının inzibati orqana müraciəti ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı olmuşdur. İddiaçının 57 yaşı 19.08.2016-cı il tarixdə tamam olmuşdur. Əmək kitabçasına əsasən iddiaçı 05.08.1977-ci il tarixdən 05.05.1978-ci il tarixədək 57 №-li mağazada satıcı vəzifəsində (9 ay), 23.07.1980-ci ildən 29.12.2000-ci il tarixədək 22 №-li mağazada (20 il 5 ay 6 gün), 02.04.2007-ci il tarixdən 31.08.2018-ci il tarixədək Səngəçal TXM-nin klapanların dəyişdirilməsi ilə məşğul olan hərəkətli tərkibin təmiri üzrə çilingər, 31.01.2018-ci ildən hazırki dövrədək Səngəçal TXM-nin Şimal vaqon deposunda klapanların dəyişdirilməsi ilə məşğul olan hərəkətli tərkibin təmiri üzrə çilingər peşəsində işləyir. İddiaçının hərbi biletinə əsasən 10.05.1978-ci il tarixdən 30.05.1980-ci il tarixədək Sovet Ordusunda xidmət etmişdir (2 il 20 gün). 1974-cü ildən 1977-ci ilədək Bakı Sovet Ticarət Texnikomunda təhsil almışdır (2 il 10 ay 3 gün). Göründüyü kimi, iddiaçının hərbi xidmət və təhsil dövrü nəzərə alınmaqla, onun 01.01.2006-cı il tarixədək 25 ildən artıq (26 il 1 ay 2 gün) ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapmışdır. İşə götürən tərəfindən verilmiş arayışa əsasən iddiaçının Azərbaycan Dəmir Yolu X6 02.04.2007-ci ildən 12.12.2008-ci ilədək texniki xidmət məntəqəsində klapanların dəyişdirilməsi ilə məşğul olan hərəkətli tərkibin təmiri üzrə çilingər, 12.12.2008-ci ildən 22.04.2009-ci ilədək hərəkət heyətinin təmiri üzrə çilingər, 22.04.2009-cu ildən klapanların dəyişdirilməsi ilə məşğul olan hərəkətli tərkibin təmiri üzrə çilingər peşəsində işləyib.’’ Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin 03.11.2017-ci il tarixli 114/S saylı əmrinə əsasən Biləcəri vaqon deposunun ləğv edilib onun bazasında Şimal vaqon deposunun yaradılması ilə əlaqədar İddiaçı 31.01.2018-ci ildən əmək müqaviləsi ləğv edilib və Şimal vaqon deposuna işə qəbul edilib, 31.01.2018-ci ildən hazırkı dövrədək Şimal vaqon deposunda klapanların dəyişdirilməsi ilə məşğul olan hərəkətli tərkibin təmiri üzrə çilingər peşəsində işləyir. İddiaçı yuxarıda qeyd edilmiş peşələrdə tam iş saatı ilə zərərli işlə məşğul olmuş, zərərli işə görə iş stajı 12 il 10 ay 17 gün təşkil edir. “X5” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «X5» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. İşə götürən tərəfindən verilmiş arayışdan göründüyü kimi iddiaçı 01.01.2006-cı il tarixədək güzəştli iş stajına malik olmamış, 12 il 06 ay zərərli iş stajı yalnız 02.10.2019-cu il tarixdə tamam olmuşdur. Göründüyü kimi, iddiaçıya 57 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyası təyin etmək üçün tələb olunan 25 ildən artıq ümumi iş stajı toplasa da, tələb olunan 12 il 6 ay güzəştli iş stajı olmamışdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün ümumi və xüsusi stajla yanaşı fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. İddiaçının 60 yaşının 19.08.2019-cu il tarixdə tamam olduğunu nəzərə alsaq, onun həmin tarixədək ümumi və xüsusi stajı olsa da fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olduğundan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 36.600,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 29.466,90 manat təşkil edir. Bu səbəblərdən də, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya istərsə həmin dövr qüvvədə olmuş qanunvericiliklə 57 yaşdan, istərsə də indiki dövr qanunvericiliyi ilə 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2-1(112)-2972/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2007/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2007/2021
24.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver