Məhkəmə qərarları › İş №2-1(103)-2007/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2007/2022

06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2007/2022 06.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X7 və üçüncü şəxsin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla qərarın etibarsız hesab edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2-1(112)-23/2022 nömrəli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə 27 sentyabr-06 oktyabr 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əzizbəyov rayon X6 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 3 nömrəli qərarının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2009-cu ildə təsdiq edilmiş topoqrafik plana əsasən İddiaçı neft və qaz əməliyyatlarının aparılması üçün daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahəsinin bir hissəsi - Bakı şəhəri, Xəzər rayonu, Buzovna-Maştağa magistral yolunun sağ tərəfi, H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) 3 saylı neft və qaz çıxarma sahəsində (39 T 0421978; ******* Koordinatlarda) yerləşən mədən ərazisinin bir hissəsində Əzizbəyov rayon XDSİK-nın (Xəzər rayonu) xx.xx.1990-cı il tarixli, 3 nömrəli qərarı əsasında vətəndaş X2 verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş topoqrafik plandan göründüyü kimi ərazi SOCAR-ın balansındadır və vətəndaş X5 həmin torpaq sahəsində qanunsuz tikinti işləri aparır. Sözügedən ərazi SOCAR-ın mülkiyyəti olduğu üçün Əzizbəyov rayonu XDSİKnin xx.xx.1990-cı il tarixli, 3 nömrəli qərarı etibarsız hesab edilməlidir. Əzizbəyov rayonu XDSİK-i neft və qaz hasilatını həyata keçirmək üçün “Azneft” İB-nin daimi istifadəsində olan torpaq sahəsini vətəndaşın istifadəsinə vermişdir. Cavabdeh öz tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, Əzizbəyov (indiki Xəzər) XDSİK-nin xx.xx.1990-cı il tarixli, 3 saylı qərarına əsasən Buzovna qəsəbəsi ərazisində fərdi yaşayış evi tikmək üçün üçüncü şəxs X3 torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin geri alınması barədə Bakı Şəhər İcra Hakimiyyətinin 208 nömrəli, xx.xx.1999-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Quruda Neft və X1 xx.xx.1998-ci il tarixli, JÇ-011/1865 saylı və Əzizbəyov Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 511 saylı məktubları nəzərə alınaraq, Əzizbəyov rayonu ərazisində yerləşən və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus olan H.Z.Tağıyev adına NQÇİ-nin Maştağa-Buzovna yolu boyu yerləşən Maştağa-Buzovna yatağından 156 ha torpaq sahələri geri alınmışdır. Həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin torpaq sahəsinin geri alınması haqqında 673 saylı, xx.xx.1999-cu il tarixli digər sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Quruda Neft və X1 xx.xx.1999-cu il tarixli, JÇ-011/252 saylı məktubu nəzərə alınaraq Əzizbəyov rayonu ərazisində yerləşən və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus olan H.Z.Tağıyev adına NQÇN-nin Buzovna-Maştağa yatağından 56.0 ha torpaq sahələri geri alınmışdır. Eləcə də Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1981-ci il tarixli, 66/500 saylı qərarı ilə Buzovna-Maştağa sərhədinə qədər 150 ha torpaq sahəsi geri alınmışdır. Adı çəkilən torpaq sahələrində H.Z.Tağıyev adına NQÇİ-nin rəhbərliyinin və Rayon İcra Hakimiyyətinin müvafiq icra sənədləri ilə fərdi yaşayış evlərinin tikintisi aparılmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2-1(112)-23/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim: Ş.Həsənova) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, torpaq sahəsinin geri alınması haqqında Bakı Şəhər İcra Hakimiyyətinin 208 nömrəli, xx.xx.1999-cu il tarixli Sərəncamı ilə Dövlət Neft Şirkətinin Quruda Neft və X1 xx.xx.1998-ci il tarixli, JÇ-011/1865 saylı və Əzizbəyov Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 511 saylı məktubları nəzərə alınaraq, Əzizbəyov rayonu ərazisində yerləşən Dövlət Neft Şirkətinə məxsus H.Z.Tağıyev adına NQÇİ-nin Maştağa-Buzovna yatağından 156 hektar torpaq sahəsi geri alınmışdır. Həmçinin, Bakı Şəhər icra Hakimiyyətinin torpaq sahəsinin geri alınması 673 saylı, xx.xx.1999-cu il tarixli digər Sərəncamına əsasən Dövlət Neft Şirkətinin Quruda Neft və X1 xx.xx.1999-cu il tarixli, JÇ-011/252 saylı məktubu nəzərə alınaraq Əzizbəyov rayonu ərazisində yerləşən və Dövlət Neft Şirkətinə məxsus olan H.Z.Tağıyev adına NQÇİ-nin Buzovna-Maştağa yatağından 56 hektar torpaq sahələri geri alınmışdır. Sözügedən torpaq sahələrində H.Z.Tağıyev adına NQÇİ-nin rəhbərliyinin və Rayon İcra Hakimiyyətinin müvafiq icazə sənədləri ilə fərdi yaşayış evlərinin tikintisi aparılmışdır. Məhkəmənin nəzərinə çatdırılır ki, Əzizbəyov (indiki Xəzər) Rayon X6 İcraiyyə Komitəsi tərəfindən H.Z.Tağıyev adına NQÇİ-nin hüquqi varisi olduğu “Əzizbəyovneft” NQÇİ-nin 3187-4-01 nömrəli, xx.xx.1989-cu il tarixli və Bakı şəhər XDS icraiyyə Komitəsinin 7-7197/7 nömrəli, xx.xx.1989-cu il tarixli məktubları nəzərə alınaraq, xx.xx.1990-cı il tarixli, 3 nömrəli Qərara əsasən fərdi ev tikmək üçün X2 torpaq sahəsi ayrılmışdır. Hal-hazırda həmin ərazidə yaşayış massivi salınmışdır. Mübahisəli torpaq sahəsi uzun illərdir 3-cü şəxsin istifadəsindədir. Həmin qərardan üçüncü şəxs apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs apelyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin Qərarı onun hüquqlarının pozulmasına səbəb olmuş, işin hallarına düzgün və obyektiv yanaşılmamışdır. Belə ki, ona, X2 Əzizbəyov (indiki Xəzər) XDSİK-nin xx.xx.1990-cı il tarixli, 3 saylı qərarına əsasən Buzovna qəsəbəsi ərazisində fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində H.Z.Tağıyev adına NQÇİ-nin rəhbərliyinin və Rayon İcra Hakimiyyətinin müvafiq icra sənədləri ilə fərdi yaşayış evinin tikintisi aparılmışdır. Hal hazırda həmin evdə təmir işləri apararaq yaşayır. Mübahisəli torpaq sahəsi ona qanuni əsaslarla verilmiş və qanuni əsaslarla fərdi yaşayış evi tikmişdir. Bundan başqa iddiaçının mübahisələndirdiyi inzibati akt 20 fevral 1990-cı ıl tarixdə qəbul edilmişdir və iddiaçının həmin inzibati aktdan məlumatı var idi. İddiaçı iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. Azərbaycan Respublikasının Plenumunun “İnzibati Məhkəmə İcraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 05 nömrəli qərarında göstərilir: Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunun məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Apelyasiya baxışı zamanı üçüncü şəxsin vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X7 apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəfləri dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Əzizbəyov rayon X6 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 3 nömrəli qərarının etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mübahisələndirilən qərar qəbul edilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Torpaq Məcəlləsinə (xx.xx.1970-cı ildə qəbul edilmiş, xx.xx.1971-ci ildən qüvvəyə minmiş) istinad edərək qeyd etmişdir ki, qanunvericiliyin tələblərindən göründüyü kimi rayon və şəhər (respublika tabeliyində olan şəhər) xalq deputatları Sovetlərinin icraiyyə komitələri fərdi mənzil tikintisi qadağan edilməmiş yaşayış məntəqələrində yaşayan vətəndaşlara şəhərlərin, şəhər tipli qəsəbələrin torpaqlarından, kolxozların, sovxozların və digər kənd təsərrüfatı müəssisələrinin istifadə etdikləri torpaqların tərkibinə daxil olmayan kənd yaşayış məntəqələri torpaqlarından, habelə dövlət ehtiyatı torpaqlarından və şəhərlərin yaşıl zonasının hüdudlarından kənardakı dövlət meşə fondu torpaqlarından şəxsi mülkiyyət hüququ əsasında birmənzilli yaşayış binaları tikilməsi üçün torpaq sahələri verə bilər. Sənaye, nəqliyyat, digər qeyri-kənd təsərrüfatı müəssisələri, idarələri və təşkilatları istifadə etmədikləri torpaqları rayon və ya şəhər xalq deputatları Sovetləri icraiyyə komitələrinin qərarı əsasında, SSR İttifaqının və Azərbaycan SSR-in qanunvericiliyi ilə müəyyən edilən qaydada və şərtlərlə kənd təsərrüfatı məqsədləri üçün kolxozların, sovxozların, digər müəssisələrin, idarələrin və təşkilatların və vətəndaşların müvəqqəti istifadəsinə verə bilər. Hazırki iş üzrə məhkəmə araşdırılması zamanı üçüncü şəxs X2 fərdi evin tikilməsi üçün ayrılmış mübahisəli torpaq sahəsinin xx.xx.1976-cı ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olan və neft-qaz hasilatı məqsədilə “Azərneft” İstehsalat Birliyinin H.Z.Tağıyev adına NQÇİ-nin (Qala yatağı) idarəetməsinə verilmiş sənaye təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşməsi müəyyən edilmişdir. Belə olan halda məhkəmə qeyd etmişdir ki, üçüncü şəxs X2 fərdi evin tikilməsi üçün torpaq sahəsinin ayrılması ilə bağlı qərar qəbul edilən zaman qüvvədə olan Torpaq Məcəlləsinin yuxarıda qeyd olunan müddəalarının tələblərinə riayət edilməmiş, həmin torpaq sahəsi ilə bağlı qərar qəbul etmək səlahiyyəti Əzizbəyov rayon X6 İcraiyyə Komitəsinə aid olmamışdır. Məhkəmə hesab etmişdir ki, fərdi yaşayış evi tikmək üçün X2 Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu, Buzovna qəsəbəsi, 163 nömrəli sahədə 600 (altı yüz) kv.m. torpaq sahəsinin ayrılması barədə qəbul edilmiş xx.xx.1990-cı il tarixli, 3 nömrəli qərar müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən verildiyindən etibarsız hesab edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarında olan Əzizbəyov rayon X6 icraiyyə komitəsinin “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” xx.xx.1990-cı il tarixli, 3 nömrəli qərarının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, “Əzizbəyovneft” NQÇİ-nin 3187/01-4 №-li, 2.10.89-cu il, Bakı şəhər XDS icraiyyə komitəsinin 7-7192/7№-li, 4.10.89-cu il tarixli məktublarını rəhbər tutaraq Əzizbəyov rayon XDS icraiyyə komitəsi Buzovna qəsəbəsi, R.Axundov küçəsi, 51 №-li evdə yaşayan, “Əzizbəyovneft” NQÇİ-də fəhlə işləyən, Əzizbəyov rayon XDS icraiyyə komitəsinin 13 №-li, 01.08.89-cu il tarixli qərarı ilə kooperativ mənzil növbəsində duran X4 Buzovna qəsəbəsində 163 №-li sahədə fərdi ev tikmək üçün 600 kv/m torpaq sahəsinin ayrılmasını qərara alımışdır. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Başçısının “Torpaq sahəsinin geri alınması haqqında” 208 №-li, xx.xx.1999-cu il tarixli sərəncamının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Quruda Neft və X1 14.09.98-ci il tarixli, YC-011/1865 saylı və Əzizbəyov rayon İcra Hakimiyyətinin 05.08.98-ci il tarixli, 511 saylı məktubları nəzərə alınaraq Əzizbəyov rayonu ərazisində yerləşən və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus olan H.Z.Tağıyev adına NQÇİ-nin Maştağa-Buzovna yolu boyu yerləşən Maştağa-Buzovna yatağından 156 ha., H.Z.Tağıyev adına NQÇİ-nin Qala yatağından 6,8 ha. torpaq sahələrinin geri ayrılması haqqında sərəncam verilmişdir. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Başçısının “Torpaq sahəsinin geri alınması haqqında” 673 №-li, xx.xx.1999-cu il tarixli sərəncamının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Quruda Neft və X1 15.02.99-cu il tarixli, YC-011/252 saylı məktubu nəzərə alınaraq Əzizbəyov rayonu ərazisində yerləşən və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus olan H.Z.Tağıyev adına NQÇİ-nin Maştağa-Buzovna yolu boyu yerləşən Maştağa-Buzovna yatağından 56,0 ha., H.Z.Tağıyev adına NQÇİ-nin Qala yatağından 38,0 ha., H.Z.Tağıyev adına NQÇİ-nin Zirə yatağından 164,0 ha. torpaq sahələrinin geri ayrılması haqqında sərəncam verilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən məhkəməyə ünvanlanmış 7-2641/17 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 208 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahələrinin statusunun dəyişib-dəyişməməsi barədə hər hansı məlumatın aşkar edilməsi mümkün olmamışdır. İş materiallarında olan SOCAR tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, SOCAR**********30490089X00045 №-li məktubdan görünür ki, sorğuda qeyd olunan topraq sahəsi (Bakı şəhəri, Xəzər rayonu, Buzovna-Maştağa magistral yolunun sağ tərəfi, H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) 3 saylı neft və qaz çıxarma sahəsində (39 T 0421978; ******* koordinatlarda) yerləşən mədən ərazisi) İddiaçı daimi istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahələrinin daxilində yerləşir. Bu səbəbdən göstərilən torpaq sahəsindən yalnız təyinatı üzrə istifadə olunmalıdır. Əlavə olaraq bildirilir ki, qeyd olunan ərazinin SOCAR-ın daimi istifadəsində olduğu xx.xx.1976-cı ildə və Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış və sonuncu dəfə xx.xx.2009-cu ildə təsdiqlənmiş xəritələr ilə təsdiq olunur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********25 №-li məktuba əlavə edilmiş arayışdan görünür ki, elektron kadastr bazası məlumatlarına əsasən koordinatları təqdim edilmiş sözügedən torpaq sahəsi dövlət mülkiyyəti olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********31 №-li məktuba əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, məktubda göstərilən koordinatlar (411***-*******) “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi”nin elektron bazasında araşdırılmış və məlum olmuşdur ki, qeyd edilən koordinatlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olan və neft-qaz hasilatı məqsədilə “Azərneft” İstehsalat Birliyinin H.Z.Tağıyev adına NQÇİ-nin (Qala yatağı) idarəetməsinə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Müddəaların sadalanması onunla bağlıdır ki, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Müəyyən etmə və ya tanınma haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, iddiaçı ilə inzibati orqan arasında hüquq münasibətlərinin mövcud olub-olmaması və belə münasibətlərin müəyyən edilməsində iddiaçının marağının xarakteri, habelə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi və yaxud qəbul edilmiş inzibati aktın artıq icra edilibedilməməsi yoxlanılmalıdır. Habelə, müəyyən etmə və ya tanınma haqqında iddia yalnız o halda mümkün hesab oluna bilər ki, əgər həmin növ iddia iddiaçının inzibati orqanla münasibətlərin qısa müddətdə müəyyən edilməsində maraqlı olduğu hallarla əsaslandırılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarında müəyyən etmişdir ki, “İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın. Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır. İddianın mahiyyətindən görünür ki, Bakı şəhəri, Əzizbəyov rayon X6 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 3 nömrəli qərarına əsasən X2 Buzovna qəsəbəsi, 163 nömrəli sahədə fərdi ev tikmək üçün 600 kv/m torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinin İddiaçıt Birliyinin neft və qaz əməliyyatlarının aparılması üçün daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahəsinin bir hissəsi olmasını əsas gətirərək qeyd olunan qərarın etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; kimə ünvanlandığı aydın olmayan inzibati akt etibarsız sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə sərəncamın etibarsız sayılması üçün yuxarıda sadalanan hallardan heç biri mövcud deyil. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, iddiaçı inzibati orqanın bundan təxminən 28 il əvvəl qəbul etdiyi sərəncamın etibarsız hesab edilməsini tələb edir. İddiaçı hazırki iddia tələbi ilə xx.xx.2018-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddia qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə verilmişdir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyristabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzrlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair qərarında qeyd edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Avropa İnsan Hüquqları Məhkəməsi “Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli Qərarında göstərilmişdir ki, atılmalı olan formal addımları və şikayətin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin prinsipləri ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Avropa Məhkəməsi “Novakoviç Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi həmin qərarında məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən, hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§20-21). İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İşə baxan birinci instansiya məhkəməsi mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalı idi. Eyni zamanda qeyd etmək lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunun tələb edib-etməmələrindən asılı olmayaraq, xidməti vəzifəsinə görə yoxlamalı idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunan halları araşdırmaq apelyasiya instansiyası məhkəməsinin də xidməti vəzifəsinə aid olduğundan məhkəmə kollegiyası bu barədə araşdırma apararaq müəyyən etmişdir ki, işə birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin mümkünlük şərtlərini düzgün yoxlamadan işi mahiyyəti üzrə araşdırıb müvafiq qərar qəbul etmişdir ki, bununla da düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia mümkün sayılmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh və üçüncü şəxsin apelyasiya şikayətləri qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2-1(112)-23/2022 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar