Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2008/2024 03.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X7 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, İddiaçının vəkili X1, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsinə (hazırda Bakı şəhəri X10 və Uçotunun Təşkili Baş İdarəsi) qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3184/2024 saylı, 30 yanvar 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsinə qarşı məhkəməyə müraciət edərək Bakı şəhəri Kiçik Sahibkarlıqla Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********990300 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2023-cü il tarixli **********990300 saylı vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması barədə qərara əsasən riskli vergi ödəyicisi hesab olunmuşdur. Vergi ödəyicisi kimi qeydiyyatda olduğu ünvan ünvanda atasına məxsus şəxsi evdə fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi təsərrüfat subyektinin (obyektinin) icarə müqaviləsini təqdim edir və təqdim etdiyi elektron qaimə-fakturalarda heç bir kənarlaşma olmadığını bəyan edir. Onun riskli vergi ödəyiciləri siyahısından çıxarılmağı barədə dəfələrlə müraciət və müvafiq sənədləri təqdim etməsinə baxmayaraq, cavabında onu Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi odəyicisi-müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxs kimi göstərərək riskli vergi ödəyiciləri siyahısından çıxarmırlar. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq olunmuş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları"nın 2.1.1-ci və 3.1.1-ci müddəalarına əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi hal riskli əməliyyatlar olaraq qiymətləndirilir. Təqdim etdiyi elektron qaimə-fakturalarda göstərdiyi xidmətlər zamanı yalnız tərəfindən kompyuterdə çap edərək hazırlanmış iş və xidmətlərdir. Kənardan mal almamışdır və ya idxal etməmişdir, ona görə də aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərini göstərməmişdir. Həmçinin, Meyarların 2.1.3-cu müddəasına əsasən ticarət fəaliyyəti həyata keçirən vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda riskli vergi ödəyicisi hesab olunur. Heç bir ticarət fəaliyyəti (nə topdansatış, nə də pərakəndə) olmayıb, o, xidmət göstərmişdir. xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə cəmi 29.2 min manat dəyərində təqdim edilmiş qaimə- fakturalar üzrə "vinil 3növ, kəsimli flayer, buklet, stiker 16x16 sm, bayraq masa üstü 2 dirəkli, roll up 1.2x2 metr" satışda qeyd olunmuşdur. Həmin flayer, buklet, masaüstü bayraqlar və digər işlər tərəfindən nağd alınmış kağız, boya və sair materiallardan hazırlandığı üçün elektron qaimə-faktura üzrə alışında qeyd edilən mallar (iş, xidmətlər) yoxdur və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 109.8-ci maddəsini nəzərə alaraq - Nəzarət-kassa aparatının çeki və ya qəbz malların (işlərin, xidmətlərin) alınması ilə bağlı çəkilən xərcləri təsdiq edən sənəd hesab olunmur- gəlirdən çıxılmayan xərc kimi gəlir vergisi bəyannaməsinə daxil edilməmişdir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq olunmuş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarının 2.1.1-ci, 3.1.1 və 2.1.3-cü bəndlərində nəzərdə tutulan heç bir əməliyyat tərəfindən aparılmamışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.4-2-ci maddəsinə əsasən vergi ödəyiciləri tərəfindən istehsal olunan məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları vergi orqanına təqdim edilməsi mikro və kiçik sahibkarlıq subyektlərindən tələb olunmur. 16.1.7-ci maddəsinə əsasən vergi odəyiciləri tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə uçot sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etməlidi. Alınan gəliri, vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan bütün sənədlər, elektron qaimə-fakturalar, müqavilələr, təhvil-qəbul aktları təqdim edilir və fiziki şəxslər üçün çəkilən xərcləri təsdiq edən sənədlər tələb olunur. 3.11ci maddəsini nəzərə alaraq Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Bununla əlaqədar cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsinin yuxarıda qeyd olunan qərarı ilə yuxarıda qeyd etdiyi xüsusatlara əsasən razılaşmır və hesab edir ki, qərar Azərbaycan Respublikasının "İnzibati İcraat haqqında" Qanununun və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv olunmalıdır. Cavabdeh tərəfindən etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1, 2.1.3 və 3.1.1-ci yarımbəndlərinə əsasən riskli vergi ödəyicisi hesab olunmuşdur. Meyarların 2.1.1-ci yarımbəndinə əsasən bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda, 2.1.3-cü yarımbəndinə əsasən idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla) vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Həmin Meyarların 3.1.1-ci yarımbəndinə əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə vergi ödəyicisinin apardığı əməliyyatlar riskli əməliyyat hesab olunur. Qeyd olunan “Meyarlar”ın müddəalarına əsasən fiziki şəxs İddiaçı fəaliyyəti təhlil olunmuşdur. Təhlil zamanı xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə ümumilikdə 40,3 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə “Flayer, Vinil 40x40 sm, Kəsimli flayer, Stiker 16x16 sm və s." qeyd olunmasına baxmayaraq, elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Odur ki, vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********041400 nömrəli “Riskli əməliyyatların araşdırılması barədə” bildiriş göndərilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1,-ci və 2.1.3-cü bəndlərinə əsasən fiziki şəxs İddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2023-cü il tarixli **********990300 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. Təhlil zamanı vergi ödəyicisinin fəaliyyətini müvəqqəti dayandırdığı, əsas fəaliyyət növünün obyekt tələb edən fəaliyyət sahəsi olması, həmçinin vergi orqanında təsərrüfat subyektini (obyektini) qeydiyyata qoyması müəyyən edilmişdir. Lakin obyektin vəziyyətinin bağlı olması səbəbindən vergi ödəyicisinə məxsus təsərrüfat subyektinə müvafiq struktur tərəfindən yerində baxış keçirilməklə həmin təsərrüfat subyektində (obyektində) hansı fəaliyyət növü ilə məşğul olduğunun, mal qalığının, işçi sayının, o cümlədən əmək müqaviləsi olmadan işçilərin işlərə cəlb edilməsi hallarının olub-olmamasının, nağd pul hesablaşmaları qaydalarına düzgün riayət edilməsi vəziyyətinin müəyyən edilməsi mümkün olmamışdır. Araşdırma zamanı xx.xx.2022-ci il tarixlərdə təqdim edilmiş 11 min manat dəyərində olan 1 ədəd riskli elektron qaimə-fakturaların ləğv edildiyi, digər 8 ədəd 29,3 min manat dəyərində olan riskli elektron qaimə-fakturanın isə ləğv edilmədiyi və təqdim edilmiş elektron qaimə-fakturalara görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarıldığını əks etdirən sənədlərin təqdim edilmədiyi aşkar edilmişdir. Həmçinin, bank hesabı məlumatlarına əsasən ləğv edilmiş elektron qaimə-fakturalara görə qarşı tərəfə hər hansı geri qaytarma məbləği müəyyən edilməmişdir. Göründüyü kimi, araşdırmanın nəticəsi olaraq vergi ödəyicisi tərəfindən riskli əməliyyatların tam aradan qaldırılmadığı aşkar edilmiş və riskli vergi ödəyicisi siyahısından çıxarılması mümkün olmamışdır. Odur ki, “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********990300 nömrəli qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Eyni zamanda, iddiaçı tərəfindən yuxarıda qeyd olunan qərarın ləğv edilməsi ilə bağlı iddianın qaldırılması üçün müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Belə ki, iddiaçının mübahisələndirdiyi vergi orqanı tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********990300 nömrəli qərar xx.xx.2023-cü il tarixdə vergi ödəyicisinin elektron kabinetinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə saat 18:16:51-də vergi ödəyicisi tərəfindən oxunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3184/2024 saylı, 30 yanvar 2024-cü il tarixli qərarı ilə (hakim L.Musayeva) iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********990300 saylı qərarının ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan iddiaya etirazın dəlilləri ilə oxşar məzmunda əsaslandırılmış apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3184/2024 saylı, 30 yanvar 2024-cü il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, həmin şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 və vəkili X3 apellyasiya şikayətini qəbul etmədiklərini bildirərək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdən görünür ki, mübahisənin yaranmasının səbəbi xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə cəmi 29.2 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə "vinil 3 növ, kəsimli flayer, buklet, stiker 16x16 sm, bayraq masa üstü 2 dirəkli, roll up 1.2x2 metr" satışda qeyd olunması, lakin elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməməsi, eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilməsidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: -3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; -3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Vergi Məcəlləsinə xx.xx.2020-ci il tarixdən “riskli vergi ödəyicisi” anlayışı daxil edilmişdir. Belə ki, həmin tarixdən Məcəlləyə daxil edilən 13.2.82-ci maddəyə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Qanunvericilik “əmtəəsiz əməliyyat”a Məcəllədə anlayış versə də (əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar), “riskli əməliyyatlar” anlayışına Məcəllədə aydınlıq gətirilməmişdir. Bununla belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: -vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; -vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Vergi Məcəlləsinin 13.2.82, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın müddəalarının birgə təhlili onu deməyə əsas verir ki, riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Başqa sözlə, vergi ödəyicisinin riskli və (ya) əmtəəsiz əməliyyat aparması onun barəsində “riskli vergi ödəyicisi olması barədə” qərarın qəbulu ilə nəticələnir. Meyarların 3.1.1-ci bəndi iddiaçının fəaliyyətinə tətbiq edilərək riskli əməliyyat kimi, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsinin aşkar edilməsi qeyd edilmişdir. İşin hallarını və qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alan birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, cavabdehin xx.xx.2023-cü il tarixli qərarında normada qeyd edilən hallar müəyyən edilmir. Qeyd edilən hal o zaman mövcud ola bilərdi ki, iddiaçının təqdim etdiyi elektron qaimə-fakturalarda satışında “Flayer, Vinil 40x40 sm, Kəsimli flayer, Stiker 16x16 sm və s." göstərilməsinə baxmayaraq, aldığı və ya idxal etdiyi mallar “Flayer, Vinil 40x40 sm, Kəsimli flayer, Stiker 16x16 sm və s." deyil, başqa mal olsun. Hazırkı işdə mövcud vəziyyətin yaranmasına səbəb, iddiaçının alışında (idxalında) ümumiyyətlə hər hansı malın göstərilməməsi olmuşdur. Buna səbəb isə, iddiaçının məhsul aldığı vergi ödəyicilərinin elektron qaimə təqdim etməmələri olmuşdur. Meyarlarda istinad edilən digər hal, ticarət fəaliyyəti həyata keçirən şəxsin, yəni iddiaçının vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Meyarların 2.1.3-cü bəndində aşağıdakı iki halda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) olmaması, onun riskli vergi ödəyicisi hesab edilməsini istisna edilmişdir: 1) malların digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verildiyi halda; 2) hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi halda. İş materiallarından müəyyən edilir ki, iddiaçının heç bir ticarət fəaliyyəti (nə topdansatış, nə də pərakəndə) olmayıb, o, xidmət göstərmişdir. Göstərdiyi xidmət isə iş materiallarında olan müqavilələr ilə təsdiq edilir. Onun göstərdiyi xidmət nə riskli vergi ödəyicisinin meyarlarına, nə də riskli əməliyyatlarına aiddir. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi Məcəlləsinin 94.0-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin iddiaya etirazında və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Bu səbəbdən də, Kollegiya birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3184/2024 saylı, 30 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-2008/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2008/2024
03.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver