Məhkəmə qərarları › İş №2-1(103)-2009/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2009/2020

07.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2009/2020 07.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, İddiaçı və onun vəkili Ələkbər-zadə Faiq Zakir oğlunun, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının vəkili X1 iştirakı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının verilməsinin bərpa olunması və pensiyanın ödənilməmiş hissəsinin ödənilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3851/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı (üçüncü şəxs AR ƏƏSMN DSMF Bakı şəhəri Nəsimi rayon xidmət nümayəndəliyi) məhkəməyə müraciət edərək, DSMF Bakı şəhəri Nəsimi rayon şöbəsinin “Pensiya miqdarının dəyişdirilməsi barədə” xx.xx.2019-cu il tarixli sərəncamının ləğv edilməklə, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının verilməsinin bərpa olunması və pensiyanın ödənilməmiş hissəsinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmənin qərarı qanunsuz və əsassızdır. Məhkəmə tərəfindən sübutlar düzgün qiymətləndirilməmiş, işin halları kifayət qədər araşdırılmamış, maddi və prosessual hüquq normaları pozulmuşdur. Əvvəlcə məhkəmənin nəzərinə çatdırır ki, “İnzibati icraat haqqında” AR Qanununun 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan tərəfindən qanunun tələbləri pozulmuşdur. Belə ki, onunla iş yerində və eyni vəzifədə işləyən şəxslərə pensiya təyin olunması barədə qərar ləğv olunmamış və bu gün də pensiyalarını almaqda davam edirlər. Həmin Qanunun 12.4-cü maddəsinə görə, inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Lakin məhkəmə tərəfindən qeyd olunan hal və qanunun tələbləri nəzərə alınmamışdır. “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur; müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Həmin Qanunun 67-ci və digər maddələrində maraqlı şəxslərin etimadının qorunması prinsipi öz əksini tapmışdır. İddiaçı adi vətəndaşdır və pensiya təyin olunarkən dövlət orqanı ilə hüquq münasibətinə daxil olmuşdur. Pensiya təyinatı ilə bağlı hüquq münasibətinə daxil olduğu tərəf qanun əsasında formalaşan və fəaliyyəti qanunla tənzimlənən dövlət orqanı olduğu üçün təbii olaraq o, inzibati orqanın qanunun tələblərinə əsasən hərəkət etdiyini və qərar qəbul etdiyini qəbul edib, etimad göstərmişdir. Qanunda da öz əksini tapmış etimadın qorunması prinsipi məhz inzibati orqanla münasibətə girən və hüquq bərabərliyinin olmadığı inzibati hüquq münasibətində vətəndaşın hüququnu qorumaq və inzibati orqan tərəfindən sui-istifadənin qarşısını almaq məqsədi daşıyır. Pensiya təyin olunarkən inzibati orqan tərəfindən qanunun tələbləri rəhbər tutulmuşdur. Necə ola bilər ki, eyni inzibati orqan sonradan qanunun tələbini başqa cür şərh edə bilsin?! Məhkəmə qeyd etdiyi bu halları nəzərə almamışdır. Məhkəmənin nəzərinə çatdırmaq istədiyi əsas məsələlərdən biri məhkəmənin istinad etdiyi sübutla bağlıdır. Belə ki, məhkəmə qərarında özünün gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “xxxx” QSC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışa istinadən onun işlədiyi gəmilər “Üzən heyət”ə aid deyil. Diqqətə çatdırmaq istəyir ki, xx.xx.2020-ci il tarixli arayışda qeyd olunmuşdur ki, iddiaçının çalışdığı dövr ərzində müxtəlif vəzifələri icra etdiyi gəmilərin “üzmə rayonu” Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsindədir. Arayışda gəmilərin yedək gəmisi və neft yığan gəmilər olduğu qeyd olunmuşdur. Göründüyü kimi, qeyd olunan arayışda onun vəzifəsinin “üzən heyət”ə aid olmadığı ilə bağlı hər hansı məlumat qeyd olunmamış, əksinə işlədiyi gəmilərin “üzmə rayonu” qeyd olunmuşdur. Adi məntiqlə yanaşdıqda gəminin üzmə rayonunun qeyd olunmasının həmin gəminin üzən gəmi olduğu və heyətinin də üzən heyətə aid olduğu qənaətinə gəlmək mümkündür. Məhkəmənin qeyd olunan arayışın məzmunundan kənara çıxaraq işlədiyi vəzifənin üzən heyətə aid olmadığı qənaətinə gəlməsi əsassızdır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı və onun vəkili apellyasiya şikayətinə uyğun izahat vermiş, cavabdehin vəkili birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət mahiyyətcə əsassızdır. İlk olaraq, məhkəmə kollegiyası şikayətin “İnzibati icraat haqqında” Qanunun 12, 13 və 67-ci maddələrinə istinad edən inzibati orqanların inzibati praktikasına şəxslərin etimadının qanunla qorunması barədə dəlilini qəbul etmir. Çünki, adıçəkilən Qanunun 13.5-ci maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. İddiaçı ilə eyni iş yerində və vəzifədə işləyən şəxslərə pensiya təyin olunması barədə qərarların ləğv olunmaması və bu gün də pensiyalarını almaqda davam etmələrinə dair dəlil də əsaslı deyil. Belə ki, İPM-in 52-ci maddəsinə görə, “Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.” Hazırkı məhkəmə mübahisəsinin predmeti də yalnız iddiaçının tələbi ilə bağlıdır, başqa şəxslərin əmək pensiyalarının qanuniliyinin yoxlanması bu həddən kənarda qalır. Şikayətin iddiaçının işlədiyi vəzifələrin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olması barədə dəlili də əsassızdır. Belə ki, iddiaçının pensiya işindən müəyyən olunur ki, DSMF Bakı şəhəri Nəsimi rayon şöbəsinin 1742 nömrəli qərarı ilə iddiaçıya AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə kimi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında güzəştli şərtlərlə yaşa görə xx.xx.2016-cı il tarixdən 177,58 manat məbləğdə ömürlük pensiya təyin edilmiş, Şöbənin “Pensiyanın miqdarının dəyişdirilməsi haqqında” xx.xx.2017-ci il tarixli sərəcamı ilə ona xx.xx.2017-cı il tarixdən ömürlük 248,44 manat məbləğdə pensiya verilməsi qərara alınmış, “Pensiya miqdarının dəyişdirilməsi haqqında” xx.xx.2019-cu il tarixli sərəncamı ilə, iddiaçının tələb olunan güzəştli iş stajı olmadığı üçün, pensiya ödənişinin dayandırılması və 7.927,73 manat məbləğdə artıq ödənilmiş pensiyanın bərpa olunması qərara alınmışdır. “Kapital Bank” 28 May filialının xx.xx.2019-cu il tarixli TTİ**********82792773 nömrəli qəbzinə əsasən, iddiaçı həmin 7.927,73 manat məbləğdə artıq ödənilmiş pensiyanı DSMF Bakı şəhəri Nəsimi rayon şöbəsinə geri ödəmişdir (qaytarmışdır). “xxxx” QSC-nin xx.xx.2020-cu il tarixli İRD 078 nömrəli arayışında göstərilmişdir ki, iddiaçı xx.xx.1984-cü il tarixdə Bakı Dəniz Limanına (indiki “xxxx” QSC) işə qəbul edilmişdir. Hazırda o, Dəniz xidmətləri departamenti, Donanma xidmətinin “Nüsrət Şirinov” gəmisində baş mexanik vəzifəsində işləyir. İddiaçı çalışdığı dövr ərzində “Buxtovıy”, “Orbita”, “Trudovik”, “NMS-25”, “Kosmos”, “Limançı” (əvvəlki adı “Trudovik”), “N.Şirinov”, “E.Kazımov” (əvvəlki adı “Kosmos”) və “Günəşli” (əvvəlki adı “Orbita”) gəmilərində müxtəlif vəzifələri icra etmişdir və qeyd edilən gəmilərin üzmə rayonu Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsindədir. Gəmilərin kateqoriyası ilə bağlı məlumatlar aşağıda qeyd edilir: 1) “Buxtovıy” - yedək gəmisi; 2) “NMS-25” neft yığan gəmi; 3) “Limançı” - yedək gəmisi; 4) “N.Şirinov” - yedək gəmisi; 5) “E.Kazımov”- yedək gəmisi; 6) “Günəşli” - yedək gəmisi. “xxxx” QSC-nin xx.xx.2020-ci il tarixli MC 02/02-338 nömrəli və “xxxx” QSC X3 Donanmasının xx.xx.2020-ci il tarixli TQ 10/02-497 nömrəli məktublarında bildirilmişdir ki, məhkəmə sorğularında adları qeyd olunan “Buxtovıy”, “Orbita”, “Trudovik”, “NMS-25”, “Kosmos”, “Limançı”, “N.Şirinov”, “E.Kazımov” və “Günəşli” gəmiləri “xxxx” QSC-yə (ASCO) məxsus və aid deyildir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bildirir ki, hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün iki şərtin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən xx.xx.2019-cu il tarixli sərəncam maddi-hüquqi baxımdan qanuni olmuş, qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra - 2 nömrəli Siyahı) üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. ““Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321- İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1- dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri x xxxxxx 1997-ci ildən, qalan maddələri isə x xxxxxx 1998-ci ildən qüvvəyə minmişdir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olmalıdır. İddiaçının ümumi iş stajının xx.xx.2006-cı il tarixədək 25 ildən çox olması işin mübahisələndirilməyən halıdır. İddiaçının eyni tarixə minimum 12 il 6 ay xüsusi iş stajına gəldikdə isə, 2 nömrəli Siyahıda “23000000 - XXVİİİ. Nəqliyyat - 23003000 - 3. Dəniz və çay donanması - 23003010 - 1) Üzən heyət - Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla)” nəzərdə tutulmuşdur ki, iddiaçının işlədiyi gəmilər “xxxx” QSC-nin xx.xx.2020-cu il tarixli arayışına və “xxxx” QSC X3 Donanmasının xx.xx.2020-ci il tarixli məktubuna əsasən, yedək və neft yığan gəmilər olmaqla və “xxxx” QSC-yə (ASCO) məxsus və aid olmamaqla, həmin peşə kodunda istisna olunan gəmilər kateqoriyasına daxildir. Bu da o deməkdir ki, iddiaçı dəniz donanmasının gəmi heyətində çalışmadığı üçün ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməsi şərti iş üzrə ödənilmir. Mübahisəli inzibati aktın qanuniliyi formal-hüquqi baxımdan da yoxlanılarkən müəyyən olunur ki, həmin aktda “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci və “İnzibati icraat haqqında” Qanunun 58 və 61-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən, “Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.” İddiaçı 7.927,73 manat məbləğdə artıq ödənilmiş pensiyanı xx.xx.2019-cu il tarixdə könüllü şəkildə, öz razılığı ilə DSMF Bakı şəhəri Nəsimi rayon şöbəsinə ödədiyi üçün cavabdehin mübahisəli xx.xx.2019-cu il tarixli sərəncamı ilə bağlı sözügedən normanın da dispozisiya şərtlərinə əməl olunur. İddianın xx.xx.2019-cu il tarixli sərəncamın ləğv edilməsinə dair ilk tələbi əsassız olduğundan, hüquqi müqəddəratı həmin tələblə bağlı mübahisənin həllindən bilavasitə asılı olan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının verilməsinin bərpa olunması və pensiyanın ödənilməmiş hissəsinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair ikinci tələb, belə bir hüquqi zərurət aradan qalxdığı üçün, müzakirə edilmədən rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, mübahisələndirmə haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən cavabdehin müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-in 14.1-ci maddəsi), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdeh iddiaçının hüquqlarını və qanuni mənafelərini gözləmişdir, cavabdehin mübahisəli qərarı qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır (İPM-in 70.1-ci maddəsi), qərar mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Qanunun 13.2 və 17-ci maddələri). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3851/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar