Məhkəmə qərarları › İş №2-1(103)-2009/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2009/2023

02.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2009/2023 02.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” barədə iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-957/2023 saylı, 30 yanvar 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəməyə müraciət edərək ona xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci ildə anadan olmuşdur. Əmək fəaliyyətinə xx.xx.1980-ci ildən başlamışdır. xx.xx.1980-ci ildən xx.xx.1981-ci ilədək Ucar 9 saylı Rayonlararası İxtisaslaşmış Təmir Tikinti Quraşdırma idarəsində tabelçi işində işləmişdir. xx.xx.1981-xx.xx.1983-cü illər arasında SSSR-i ordusunda hərbi xidmətdə olmuşdur. xx.xx.1983-xx.xx.1984-cü illər arasında Bakı Dənizçilər məktəbində motorist elektrik vəzifəsi üzrə kursant olmuşdur. xx.xx.1984-cü il tarixdən hal-hazıradək Azərbaycan Dövlət X6nin üzücü heyətinin nəqliyyat donanması gəmilərində motorçu, matros, 4-cü, 3-cü, 2-ci mexanik vəzifələrində çalışmışdır. İşlədiyi vəzifələr və çalışdığı gəmilər üzücü heyətə və nəqliyyat donanmasının yük daşıyan gəmilərinə aid edilir. Bu peşə və vəzifə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə müvafiq olaraq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.2-ci bəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı xx.xx.2005-ci il tarixədək 25 il 20 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulan vəzifələrdə işləmiş şəxs kimi xx.xx.2019-cu il tarixdə 57 yaşı tamam olduğundan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi hüququ yaranmışdır. İddiaçı cavabdeh təşkilata pensiyanın təyin edilməsi üçün müracitə etsə də, heç bir faydası olmamışdır. Sonuncu müraciətinə isə ümumiyyətlə cavab verilməmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqan tərəfindən onun hüquqları pozulmuşdur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etiraz iddiaçıya verilən imtina məktubu ilə eyni məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən İddiaçı verilmiş xx.xx.2022-ci il tarixli **********0 nömrəli cavab məktubunda müvafiq qanunvericiliyə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən azı 25 il sığorta stajına malik olmadığından mümkün olmadığı bildirilmişdir. İddiaçı əmək kitabçasında qeyd olunan məlumatlardan göründüyü kimi, 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (24 il 05 ay 10 gün (xx.xx.1981- xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.2005-ci tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-957/2023 saylı, 30 yanvar 2023-cü il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddianın təmin edilməsi, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması, İddiaçı xx.xx.2019-cu tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-957/2023 saylı, 30 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsinə, iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə oxşar məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş ******* nömrəli əmək kitabçası və ona əlavə olunmuş sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi, İddiaçı 01 yanvar 2006-ci il tarixədək ümumi iş stajı 25 ildən azdır. Qanunun 9.1-ci maddəsinə əsasən (xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun norması xx.xx.2017-ci il tarixədək qüvvədə olduğunu nəzərə alınsa, deməli bu norma 57 yaşı həmin tarixədək (xx.xx.2017) tamamlanmış şəxslərə şamil edilir. Lakin iddiaçının 57 yaşı xx.xx.2019-cu il tarixdə tamam olması səbəbindən qeyd edilən şərt ödənilmir. Sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. İş materiallarına əsasən İddiaçı əmək kitabçasında qeyd olunan məlumatlardan göründüyü kimi, 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (24 il 05 ay 10 gün (xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. İddiaçı mübahisəli sosial sığorta stajı xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Ucar 9 saylı Rayonlararası İxtisaslaşmış Təmir Tikinti Quraşdırma idarəsində işlədiyi dövrlər təşkil edir. Əmək kitabçası olmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Lakin, məhkəmə öz qərarında iddiaçının xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Ucar 9 saylı Rayonlararası İxtisaslaşmış Təmir Tikinti Quraşdırma idarəsində işləməsi əmək kitabçası ilə öz təsdiqini tapmadığı halda həmin dövrü sosial sığorta stajı kimi nəzərə almışdır. Bu səbəbdən iddiaçının işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi yolverilməzdir. Həmçinin, İddiaçı xx.xx.2017-ci il tarixdən sonra qüvvədə olan normaya əsasən 60 yaşı olmalıdır. Halbuki, məhkəmə qeyd edilən halların heç birini nəzərə almamış və araşdırmamışdır. Beləliklə, məhkəmə İddiaçı ümumi iş stajı olmadığı halda ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması ilə bağlı iddia tələbini rədd etməli idi. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza və apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-957/2023 saylı, 30 yanvar 2023-cü il tarixli qərarının ləğv edilib, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı məxsus AZE seriyalı 14486372 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1963-cü ildə anadan olmuş, onun 57 yaşı xx.xx.2020ci il tarixdə tamam olmuşdur. Ucar 9 saylı Rayonlararası İxtisaslaşmış Təmir Tikinti Quraşdırma İdarəsi tərəfindən verilmiş arxiv arayışına əsasən, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı həqiqətən Ucar 9 saylı Rayonlararası İxtisaslaşmış Təmir Tikinti Quraşdırma İdarəsində xx.xx.1980-ci il 120-2 №li Əmri ilə tabelçi işinə qəbul edilmiş, 20 mart 1981-ci ildə 60-3 №- li Əmrə əsasən öz xahişi ilə işdən azad edilmişdir. İş materiallarında olan “Azərbaycan X6” QSC-nin Azərbaycan Dövlət Dəniz Akademiyası Azərbaycan Dənizçilik Kolleci tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən İddiaçı həqiqətən xx.xx.1983-cü il Bakı Dəniz Yolları Məktəbinə daxil olmuş, xx.xx.1984-cü ildə həmin məktəbi əyani təhsil formasında “1-ci dərəcəli motorçu” və “2-ci dərəcəli elektrik” ixtisasları üzrə bitirmiş, ona 151 nömrəli attestat verilmişdir. İş materiallarında olan “Azərbaycan X6” QSC-nin X4 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş arayışa əsasən İddiaçı həqiqətən Azərbaycan Dövlət X6nin üzücü heyətinin nəqliyyat donanması gəmilərində xx.xx.1984-cü il tarixindən hal-hazıradək motorçu, matros, 4-cü, 3-cü, 2-ci mexanik vəzifələrində işləmişdir. Onun işlədiyi vəzifələr və çalışdığı gəmilər üzücü heyətə və nəqliyyat donanmasının yük daşıyan gəmilərinə aid edilir. O, gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti-yardımçı, gəzinti-səyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçı gəmiçilikdə ümumi iş stajı 37 il 01 ay 25 gün üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş staiı 37 il 01 ay 25 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli,12 N-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın 21.2 bəndinin "b" yarımbəndinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 N-li qərarı ilə təsdiq edilmiş 2 N-li siyahının XXYİİİ hissəsinin 3-cü bəndinin (kod ********) 1ci yarımbəndinə (kod ********) və XİY hissəsinin 3-cü bəndinin "a" yarımbəndinə (kod 2150300a -18451) uyğun göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 154 N-li Qərarına əsasən X6 Azərbaycan Dövlət X6 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 N-li və xx.xx.2014-cü il tarixli 213 N-li sərəncamlarına əsasən Azərbaycan Dövlət X6nin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X5 yenidən təşkili yolu ilə "Azərbaycan X6" Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyət) yaradılmış, həmin müəssisələrin hüquq və öhdəlikləri Cəmiyyətə keçmişdir. İddiaçının cavabdehə müraciət etdiyi vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan normalardan görünür ki, 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin şəxsin: - 2006-cı ilin yanvarın 1-dək ümumi stajı 25 ildən; - güzəştli iş stajı 12 il 6 aydan az olmamalıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin dəlillərindən biri iddiaçının Ucar 9 saylı Rayonlararası İxtisaslaşmış Təmir Tikinti Quraşdırma İdarəsində xx.xx.1980xx.xx.1981-ci illərdə işlədiyi dövrün (tabelçi qismində) nəzərə alınmamalı olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dövr nəzərə alınmadan iddiaçının mübahisələndirilməyən sığorta stajı 24 il 05 ay 10 gündür (xx.xx.1981xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.2005-ci il tarixləri arasındakı dövr) təşkil edir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Ucar 9 saylı Rayonlararası İxtisaslaşmış Təmir Tikinti Quraşdırma İdarəsi tərəfindən bildirilmişdir ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı həqiqətən həmin idarədə xx.xx.1980-ci ildə 120-2 №-li əmr ilə tabelçi işinə qəbul edilmiş, xx.xx.1981-ci ildə 60-3 №-li əmrə əsasən öz xahişi ilə işdən azad edilmişdir. SSRİ dövründə qüvvədə olan Dövlət pensiyalarının təyini və ödənilməsi qaydalarının 108-ci bəndinə (Stajın hesablanması) əsasən işin xarakterindən və müddətindən və fasilələrin müddətindən asılı olmayaraq işçi və ya qulluqçu kimi bütün işlər pensiya hüququ verən ümumi iş stajına daxil edilir. Qeyd olunanları nəzərə alaraq birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Ucar 9 saylı Rayonlararası İxtisaslaşmış Təmir Tikinti Quraşdırma İdarəsində xx.xx.1980-xx.xx.1981-ci illərdə işlədiyi dövr iddiaçının stajına daxil edilməli, xx.xx.2006- cı il tarixə qədər həqiqi hərbi xidməti, təhsili və əmək kitabçasındakı qeydlər nəzərə alınmaqla ümumi əmək stajı ən azı 25 ildir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində qeyd edilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Həmin Əsasnamənin 25-ci bəndinə əsasən əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır. Həmin Əsasnamənin 27-ci bəndinə əsasən ümumi iş stajına aid sənədlərə əsasən əmək kitabçasında aparılan qeydlər aşağıdakı iş dövrü üzrə əmək stajına əsas kimi qəbul edilir. 14 dekabr 1962-ci ildən sonrakı dövr əgər əmək kitabçasını verən idarə, müəssisə və təşkilata işə daxil olana qədər hansı idarə, müəssisə və təşkilatda, hansı vaxtda, hansı vəzifələrdə işləməsi barədə əmək kitabçasında konkret qeyd aparılmışsa. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Qanunvericiliyin müddəalarına uyğun olaraq mübahisə olunan dövr iddiaçının əmək kitabçasında qeyd edildiyindən, iddiaçının işləməsi barədə qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən həmin inzibati orqanın yalnız mülahizələrə əsaslanan bu imtinası əsaslı sayıla bilməz. Bu imtina qanunazidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajı olduğundan, o birinci tələbi ödəyir. Bundan başqa, apellyasiya şikayətində iddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajının olması mübahisələndirilməsə də, məhkəmə kollegiyası bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqe ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. İddiaçının əmək şəraiti zərərli və ağır işlərdə stajı ən azı 12 il 6 aydır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın 21.2 bəndinin "b" yarımbəndinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №li qərarı ilə təsdiq edilmiş 2 №li siyahının XXVİİİ hissəsinin 3-cü bəndinin (kod ********) 1-ci yarımbəndinə (kod ********) və XİV hissəsinin 3-cü bəndinin "a" yarımbəndinə (kod 2150300a -18451) uyğun göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №li qərarı ilə təstiq edilmiş 2 №li siyahının XXVİİİ. Nəqliyyat bölməsində 3. Dəniz və çay donanması 23003000 bütün adlarda (çənlərin və gəmi bölmələrin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər (kod 2150300a - 18451) altkoduna uyğundur. İşdə olan “Azərbaycan X6” QSC-nin X4 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş arayışa əsasən İddiaçı həqiqətən Azərbaycan Dövlət X6nin üzücü heyətinin nəqliyyat donanması gəmilərində xx.xx.1984-cü il tarixindən hal-hazıradək motorçu, matros, 4-cü, 3cü, 2-ci mexanik vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 154 nömrəli Qərarına əsasən X6 Azərbaycan Dövlət X6 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 6 N-li və xx.xx.2014cü il tarixli, 213 N-li sərəncamlarına əsasən Azərbaycan Dövlət X6nin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X5 yenidən təşkili yolu ilə “Azərbaycan X6” Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyət) yaradılmış, həmin müəssisələrin hüquq və öhdəlikləri Cəmiyyətə keçmişdir. Göründüyü kimi, iddiaçının xx.xx.1984-cü ildən etibarən yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən işdə işləməsi iş yerinin arayışı ilə təsdiq edilir. Həmin arayışa əsasən iddiaçının xx.xx.2006-cı il tarixə 12 il 6 aydan çox, 21 il 4 ay 22 gün güzəştli iş stajı mövcuddur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər (Qanunun 11.2-ci maddəsi). Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-957/2023 saylı, 30 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-957/2023 saylı, 30 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar