Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2009/2024 31.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə Veteranı” adının və vəsiqənin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin AR Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1329/202N nömrəli, xx.xx.202N-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 5N0-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin onun xx.xx.2023-cü il tarixli müraciətinin cavablandırılmamasında ifadə olunan hərəkətsizliyinin (hərəkətinin) qanunsuz hesab edilməsi, cavabdehdən hüquqi yardıma görə ödədiyi 100 manat pulun onun xeyrinə tutulması və ona ‘‘Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən məhkəmə qərardadı ilə iddia tələbi “İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması” kimi dəqiqləşdirilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.199N-cü il tarixdən xx.xx.2022-ci il tarixədək AR Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində müxtəlif zabit vəzifələrində həqiqi hərbi xidmət keçmiş, AR Müdafiə Nazirinin 0312 №-li, xx.xx.2022-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “v” bəndinə (xəstəliyə görə) əsasən ehtiyata buraxılmışdır. O, xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (ehtiyata buraxılanadək) AR Müdafiə Nazirliyinin Hərbi X3-Texniki Təminat İdarəsində (AN) “Aviasiya uçuşlarının radiotexniki təminatı vasitələrinin istismarı və təhlükəsizliyi şöbəsi rəisinin aviasiya uçuşlarının hərəkətinin avtomatlaşdırılmış idarəetmə və radioişıq texniki təminatı üzrə baş köməkçisi” vəzifəsində xidmət etmişdir. Bu vəzifədə xidmət edərkən NN günlük Vətən Müharibəsində iştirak etmişdir. Belə ki, o, AR Müdafiə Nazirinin müavini- Hərbi Hava Qüvvələri Komandanının müvafiq əmri ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixədək N №-li hərbi hissədə,10.10.202-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N №-li hərbi hissədə, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N №-li hərbi hissədə döyüş tapşırığının yerinə yetirilməsi üçün xidməti ezamiyyətdə olmuşdur. Ezam olunmağının səbəbi və məqsədi isə Hərbi Hava Qüvvələrinin NN günlük Vətən Müharibəsində döyüş əməliyyatlarına cəlb olunmuş hərbi hissələrinin (N №-li hərbi hissə, N №-li hərbi hissə, N №-li hərbi hissə) həmin dövrdə apardıqları döyüş əməliyyatlarının döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi olmuşdur. Belə ki, o, Aviasiyanın döyüş uçuşlarının Şəmkir (Dəllər N18 №-İi hərbi hissə), Kürdəmir aerodromlarında (N №-li hərbi hissə ) və Goran aviasiya komendantlığında (N №-li hərbi hissə) gecə-gündüz sadə və mürəkkəb meteoşəraitlərdə radionaviqasiya, radiolokasiya və hava hərəkətinin avtomatlaşdırılmış idarəetmə vasitələri ilə təmin edilməsində, aerodromların qalxma-enmə zolaqlarının, vertolyot meydançalarının radioişıq siqnal avadanlıqları vasitəsi ilə işıqlandırılmasının təşkil edilməsində, vəsaitlərin təyinatı üzrə düzgün istifadəsinin təşkilində, yerləşməsində və mövqelərdə açılmasında iştirak etmiş, şəxsi heyətin daima döyüş uçuşlarının təminatına hazır olmasını təmin etmiş, nasazlıqlar zamanı çatışmazlıqların yerində aradan qaldırılmasında, təmirin aparılmasında şəxsən iştirak etmiş, təyyarələrin idarə olunması, hədəfgöstərmə, aerodrom və aerodrom qovşaqları rayonlarında təyyarələrin (helikopterlərin) uçuş və enməsi məsələlərinin həll edilməsinin təşkil edilməsində uçuş hadisələrinə zəmin yaradan şəraitlər və onların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görmüşdür. Lakin AR Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın xx.xx.2023-cü il tarixli qərarı ilə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtinaya dair inzibati araşdırma aparılmasına və ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsinə göstəriş verilməsi xahişi ilə xx.xx.2023-cü il tarixdə etibarnamə üzrə səlahiyyətli nümayəndəsı vasitəsi ilə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin müraciəti cavabsız və nəticəsiz qalmışdır. Müraciətinin cavablandırılmamasını imtina kimi qiymətləndirir, imtinanı isə əsassız və qanunsuz hesab edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1329/202N nömrəli, xx.xx.202N-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə müvafiq olaraq Müharibə veteranı adı 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə-hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd olunan hüquq normalarının qarşılıqlı təhlilindən müəyyən edilir ki, maddi texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsi ilə bağlı iki kateqoriyadan olan şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilir: 1) 2020-ci ilin sentyabr 27-dən noyabrın 10-dək təminat növləri üzrə tapşırıqları yerinə yetirməklə döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş: 2) Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında qeyd olunan ərazilərdə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə Hərbi hissədən Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən Komissiya təqdim edilmiş sənədlərə əsasən iddiaçının ezam olunduğu ərazilər (Kürdəmir, Dəllər, Goran) Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi ərazi meyarlarına uyğun deyildir. Bu səbəbdən də Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiya əsaslı olaraq iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Lakin, inzibati işə baxan birinci instansiya məhkəməsi tərəfindən işin qeyd olunan xüsusatları araşdırılmamış, qərar əsaslandırılmamış, iddia tələbi əsassız olaraq təmin edilmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (ehtiyata buraxılanadək) AR Müdafiə Nazirliyinin Hərbi X3-Texniki Təminat İdarəsində (AN) “Aviasiya uçuşlarının radiotexniki təminatı vasitələrinin istismarı və təhlükəsizliyi şöbəsi rəisinin aviasiya uçuşlarının hərəkətinin avtomatlaşdırılmış idarəetmə və radioişıq texniki təminatı üzrə baş köməkçisi” vəzifəsində xidmət etmişdir. AR Müdafiə Nazirinin 0312 №-li, xx.xx.2022-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “v” bəndinə (xəstəliyə görə) əsasən ehtiyata buraxılmışdır. AR Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın xx.xx.2023-cü il tarixli qərarı ilə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Daha sonra iddiaçı cavabdehə yenidən müraciət etsə də, müraciəti təmin olunmamışdır. Bundan sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yekunlaşmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1-ci hissəsinin ikinci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin: 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, müharibə veteranı adı - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 199N-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 199N-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli N20 Qərarı təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 10 və 11-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. İş materiallarında olan Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrinə əsasən N16, N17 və N18 nömrəli hərbi hissələr N sentyabr - N noyabr 2020-ci il tarixlərində Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişlər. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin xx.xx.2023-cü il tarixli, 08N2 nömrəli məktubu ilə Hərbi Hava Qüvvələrinin sabiq hərbi qulluqçusu İddiaçı şəxsi heyətinin siyahısına daxil olması, şəxsi heyətin siyahısından çıxması, NN günlük vətən müharibəsidə döyüş tapşırıqlarını yerinə yetirmək məqsədilə N16, N17 və N18-ci aviasiya uçuşlarının təminat mərkəzlərinə ezam olunması barədə hərbi hissə komandirinin nizami hissə üzrə əmrindən çıxarışlar və Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri komandanının xx.xx.2020-ci il tarixli 02N7 nömrəli əmrindən çıxarışı məhkəməyə təqdim edilmişdir. -N nömrəli hərbi hissə komandirinin N nömrəli xx.xx.2017-ci il tarixli əmrindən çıxarışa əsasən İddiaçı, Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 09 sentyabr 2017-ci il tarixli 0399 nömrəli əmri ilə aviasiya uçuşlarının radiotexniki təminatı vasitələrinin istismarı və təhlükəsizliyi şöbəsi rəisinin aviasiya uçuşlarının hərəkətinin avtomatlaşdırılmış idarəetməsi və radioişıq texniki təminatı üzrə baş köməkçisi köməkçisi vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən (Bakı şəhəri) gəlmiş hesab edilsin, 30 sentyabr 2017-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilsin, bütün növ təminata qoyulsun və vəzifəsinin icrasına başlamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin xx.xx.2023-cü il tarixli, 6773 nömrəli məktubu ilə N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu İddiaçı NN günlük vətən müharibəsində döyüş tapşırıqlarını yerinə yetirmək məqsədilə N16, N17 və N18 nömrəli hərbi hissələrə ezam olunması barədə hərbi hissə komandirlərinin nizami hissə üzrə əmrindən çıxarışlar məhkəməyə təqdim edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsinin məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrinə əsasən N16, N17 və N18 nömrəli hərbi hissələr N sentyabr-N noyabr 2020-ci il tarixlərində Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişlər. İş materiallarından müəyyən edilir ki, N16, N17 və N18 nömrəli hərbi hissələr N sentyabr - N noyabr 2020-ci il tarixlərində Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişdir. İddiaçıda AR Müdafiə Nazirinin müavini-Hərbi Hava Qüvvələri Komandanının xx.xx.2020-ci il tarixli əmri ilə xx.xx.2020xx.xx.2020-ci il N №-li hərbi hissədə, xx.xx.2020-xx.xx.2020-ci il N №-li hərbi hissədə, xx.xx.2020-xx.xx.2020-ci il tarixədək N №-li hərbi hissədə döyüş tapşırığının yerinə yetirilməsi üçün xidməti ezamiyyətə göndərilmişdir. İddiaçının ezamiyyətə göndərilməsi səbəb və məqsədi Aviasiyanın döyüş uçuşlarının Şəmkir (Dəllər), Kürdəmir aerodromlarında və Goran aviasiya komendantlığında gecə-gündüz sadə və mürəkkəb meteo-şəraitlərdə radionaviqasiya, radiolokasiya və hava hərəkətinin avtomatlaşdırılmış idarəetmə vasitələri ilə təmin edilməsi, aerodromların qalxma-enmə zolaqlarının, vertolyot meydançalarının radioişıq siqnal avadanlıqları vasitəsi ilə işıqlandırılmasının təşkil edilməsi, vəsaitlərin təyinatı üzrə düzgün istifadəsinin təşkilində, yerləşməsində və mövqelərdə açılmasında iştirak etməsi, şəxsi heyətin daima döyüş uçuşlarının təminatına hazır olmasını təmin etməsi, nasazlıqlar zamanı çatışmazlıqların yerində aradan qaldırılmasında, təmirin aparılmasında şəxsən iştirak etməsi, təyyarələrin idarə olunması, hədəfgöstərmə, aerodrom və aerodrom qovşaqları rayonlarında təyyarələrin (helikopterlərin) uçuş və enməsi məsələlərinin həll edilməsinin təşkil edilməsində uçuş hadisələrinə zəmin yaradan şəraitlər və onların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməsi olub. Göründüyü kimi, iddiaçının döyüş əməliyyatlarında iştirakı iş materiallarında olan mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili iddiaçının ezam olunduğu ərazilərin (Kürdəmir, Dəllər, Goran) Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi ərazi meyarlarına uyğun olmaması ilə bağlıdır. Kollegiya qeyd edir ki, hərbi doktrina nöqteyi-nəzərincə sülh və ya müharibə dövründə silahlı qüvvələrin arxa təminatı - silahlı qüvvələrin silahla, hərbi sursatla, yanacaqla, sair maddi-texniki vasitələrlə təmin edilməsi üzrə kompleks tədbirlər sistemini ehtiva edir. Arxa hissə təminatı silahlı qüvvələrin döyüş qabiliyyətinin lazımi səviyyədə saxlanılması üçün onların ehtiyaclarının ödənilməsi, döyüş əməliyyatları zonasında hərbi hissələr tərəfindən hərbi vəzifələrin uğurla həyata keçirilməsinin təmin edilməsi məqsədlərinə xidmət edir və döyüş əməliyyatları təminatının tərkib hissəsi sayılır. Bu baxımdan döyüş təminatı ilə bağlı tapşırıqların yalnız və sadəcə olaraq əməliyyat təminatı kimi təfsir olunması məqbul sayıla bilməz. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat növlərinin, o cümlədən arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan Kollegiya hesab edir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli N20 Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin meyarlarına uyğun olduğuna görə İddiaçı “Müharibə Veteranı” adının və vəsiqənin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin AR Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmasına dair iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsaslı olmadığından təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 9N-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1329/202N nömrəli, xx.xx.202N-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 1N, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2009/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2009/2024
31.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver