Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-201/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)- 5050/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5050/2020 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir (hakim F.Mədətli). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona “müharibə veteranı” adının və vəqisəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavabdehlərin siyahısından çıxarılmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1953 il tarixində Zərdab rayonunda anadan olmuşdur. Ali təhsillidir. 1979-cu ildən Azərbaycan Respublikası Rabitə Nazirliyində işləyir. 1989-cu ilin yanvar ayından başlayaraq 1992-ci ilin sonuna qədər olan müddət ərzində mütəmadi ezamiyyətdə olaraq Azərbaycan Respublikasının Ermənistanla sərhəd rayonlarında və DQMV ilə həmsərhəd olan azərbaycanlılar yaşayan yaşayış məntəqələrində rabitənin fasiləsiz işləməsinin təmin edilməsinə texniki köməklik göstərmişdir.Torpaqlarının erməni separatçları tərəfindən ələ keçirilməsinə başlanıldığı ilk günlərdən, o da ixtisası üzrə bu təcavüzün qarşısının alınması üçün əlindən gələn her şeyi etmişdir. Münaqişənin yarandığı ilk günlərdən münaqişə bölgələrində olmuş, ən zəruri olan rabitə əlaqələrinin yaradılmasını təmin etmişdir. Bilavasitə nizami ordu hissələri və ya könüllü müdafiə batalyonlarının tərkibində qeydiyyatda olmasa da daim ön cəbhələrə ezam olunmaqla, ən çətin hərbi əməliyyatların keçirilməsi zamanı rabitə əlaqəsini təmin etmiş, ön cəbhədə döyüş zonasında olmuşdur.Belə ki, xx.xx.1989-cu il tarixdə 10 gün müddətinə Şuşa şəhərinə ezam olunaraq Şuşa şəhəri ilə Ağdam-Bakı arasına birbaşa rabitənin təşkil edilməsini və müstəqil radioyayım avadanlığının quraşdırılmasını, xx.xx.1989-cu il tarixdə 5 gün müddətinə Mardakert (hazırkı Ağdərə) rayonunun mühasirə olan İmarət Qərvənd kəndinə ezam olunaraq, İmarət Qərvənd kəndi ilə Tərtər rayonu arasında efir rabitəsinin yaradılmasını, xx.xx.1990-cı il tarixdə 10 gün müddətinə Ağdam və Laçın rayonlarına ezam olunaraq Laçın rayonunun Ermənistanla sərhəd yaşayış məntəqələrində ( Hacılar, Sadıllar, Zağazur, Aşağı Cicimli, Qayğı qəsəbəsi və s.) DQMV ilə həmsərhəd olan yaşayış məntəqələrində ( Sarı-Su, Unannovu, YuxarıFərəcan və s.) yaradılmış DİN-nin Laçın rayon milis postları ilə efir rabitəsinin təşkil edilməsini, Əskəran rayonunun mühasirədə olan Meşəli kəndinə Bakı şəhər telefon nömrəsini qoşmaqla Xocalı şəhəri və Bakı şəhəri arasında efir vasitəsi ilə rabitənin yaradılmasını, xx.xx.1990-cı il tarixdə 7 gün müddətinə Laçın rayonuna ezam olunaraq rabitə avadanlıqlarında baş vermiş zədələnmələrin aradan qaldırılmasını, 05.08.991-ci il və xx.xx.1991-ci il tarixlərdə hər biri 5 gün olmaqla Stepanakert (hazırkı Xankəndi) şəhərinə ezam olunaraq, o vaxt Xankəndində fəaliyyət göstərən Təşkilat Komitəsi ilə Bakı şəhəri arasında birbaşa rabitənin yaradılmasını təmin etmişdir.xx.xx.1991-ci il tarixdə 10 gün müddətinə Laçın rayonu ərazisində Rabitə qurğularının fasiləsiz işləməsinin təmin edilməsi məqsədi ilə Laçın rayonuna ezam olunmuşdur.1992-ci ilin aprel ayından başlayaraq Azərbaycanın Ermənistanla sərhəd rayonlarında vəziyyətin gərginləşdiyi nəzərə alınaraq Rabitə Nazirliyi tərəfindən rabitəçilərdən ibarət yaradılmış qrupun tərkibində Müdafiə Nazirliyinin sərəncamına 4 ədəd R-140 radiostassiya qurğusuna malik avtonəqliyyat vasitəsi ilə birlikdə Fizuli, Ağdam, Şuşa və Kəlbəcər rayonlarına müharibə zonalarına göndərilərək orada döyüşən qüvvələrin Bakı şəhəri Müdafiə Nazirliyi ilə rabitə əlaqəsi təşkil edilmişdir. Mövcud faktların və qanunvericiliyin tələbləri rəhbər tutmaqla cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət ünvanlamaqla ona “müharibə veteranı” adı verilməsini xahiş etmişdir. Müraciətinə onlar tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli, 216 saylı məktubunda ona imtina cavabı verilmişdir.Hesab edir ki, ona “Müharibə veteranı” adı verilməlidir. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxsin izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək, izahatında birinci instansiya məhkəməsinin qərarının qanunsuz olduğunu bildirmiş və apellaysiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə onun döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətdə olması müəyyən edilmir. İşdə olan “Rayon Rabitə”si İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli, 10 nömrəli əmrdən çıxarışdan görünür ki, rəis müavini İddiaçı 10 gün müddətinə texniki kömək məqsədilə təqdimat əsasında Şuşa RQ-na ezam olunmuşdur. İşdə olan “Rayon Rabitə”si İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli, 93 nömrəli əmrdən çıxarışdan görünür ki, rəis müavini İddiaçı 05 gün müddətinə texniki kömək məqsədilə təqdimat əsasında X2 kəndinə ezam olunmuşdur. İşdə olan “Rayon Rabitə”si İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli, 99 nömrəli əmrdən çıxarışdan görünür ki, rəis müavini İddiaçı 10 gün müddətinə texniki kömək məqsədilə təqdimat əsasında Ağdam, Laçın RQ-na ezam olunmuşdur. İşdə olan “Rayon Rabitə”si İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli, 152 nömrəli əmrdən çıxarışdan görünür ki, rəis müavini İddiaçı 07 gün müddətinə texniki kömək məqsədilə təqdimat əsasında Laçın RQ-na ezam olunmuşdur. İşdə olan “Rayon Rabitə”si İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli, 193 nömrəli əmrdən çıxarışdan görünür ki, rəis müavini İddiaçı 10 gün müddətinə texniki kömək məqsədilə təqdimat əsasında Laçın RQ-na ezam olunmuşdur. İşdə olan “Rayon Rabitə”si İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli, 115 nömrəli əmrdən çıxarışdan görünür ki, rəis müavini İddiaçı 05 gün müddətinə texniki kömək məqsədilə təqdimat əsasında Stepanakert RQ-na ezam olunmuşdur. İşdə olan “Rayon Rabitə”si İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli, 119 nömrəli əmrdən çıxarışdan görünür ki, rəis müavini İddiaçı 05 gün müddətinə texniki kömək məqsədilə təqdimat əsasında Stepanakert RQ-na ezam olunmuşdur. İşdə olan “Rayon Rabitə”si İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli, 30 nömrəli əmrdən çıxarışdan görünür ki, rəis İddiaçı 05 gün müddətinə texniki kömək məqsədilə təqdimat əsasında Ağdam RQ-na ezam olunmuşdur. İşdə olan “Rayon Rabitə”si İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli, 49 nömrəli əmrdən çıxarışdan görünür ki, rəis İddiaçı 29 gün müddətinə texniki kömək məqsədilə təqdimat əsasında Füzuli, Laçın (Müdafiə Nazirliyi) RQ-na ezam olunmuşdur. İşdə olan “Rayon Rabitə”si İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli, 175 nömrəli əmrdən çıxarışdan görünür ki, rəis İddiaçı 05 gün müddətinə texniki kömək məqsədilə təqdimat əsasında Gədəbəy, Saratovka RQ-na ezam olunmuşdur. İşdə olan Azərbaycan SSR Rabitə Nazirliyi “Rayon Rabitəsi” İstehsalat Birliyi tərəfindən verilmiş xx xxxxxx 1990-cı il tarixli, 102 saylı əmrdən görünür ki, “Rayon Rabitəsi” İB-nin işçiləri İddiaçı və Ə.N.Qasımov yoldaşlar xüsusi tapşırıqla DQMV ərazisində olmuş, Əsgəran rayonunun Meşəli kəndi ilə Xocalı şəhəri arasında UN-301 tipli avadanlığı quraşdırılaraq hava xətti ilə telefon rabitəsi yaradılmışdır. Bu da ağır şəraitdə yaşayan Meşəli kəndinin sakinlərinin respublikanın istənilən yaşayış məntəqəsi ilə əlaqə saxlamasına imkan verir. Həmçinin Şuşa şəhərində üç proqramlı naqilli yayış verilişini təmin etmiş və təmir işləri aparmışlar. Sərhəd rayonu olan Laçında naqilli yayış verilişinin işini bərpa etmiş və kənd yaşayış məntəqələrinə keyfiyyətli verilişin çatdırılmasında təsirli tədbirlər görmüşlər. Buna görə də sərhəd rayonu olan Laçında, DQMV-nin Şuşa, Xocalı şəhərlərində və Əsgəran rayonunun Meşəli kəndində rabitə işinin bərpası, təşkili və təmir işlərinin görülməsində göstərdikləri xidmətə görə B.C.Əmirəliyeb və Ə.B.Qasımov yoldaşlara təşəkkür elan edilmiş və mükafatlandırılmışlar. İşdə olan Azərbaycan Respublikası Rabitə Nazirliyi “Rayon Rabitə”si İstehsalat Birliyi tərəfindən verilmiş 73 saylı, xx xxxx 1992-ci il tarixli əmrdən görünür ki, Füzuli, Laçın, Qubadlı, Zəngilan və Kəlbəcər rayonlarının Bakı ilə həm radiostansiya, həm də kabel xətti vasitəsilə rabitənin təşkil edilməsində xüsusi əmək xidmətlərinə görə və digər rabitəçilərin fəallığının artırılması məqsədilə, Laçın, Kəlbəcər, Qubdalı, Füzuli və digər rayonların Bakı ilə birbaşa efir rabitəsini təşkil etdiyini nəzərə alaraq, B.C.Əmrəliyevə təşəkkür elan edilərək, pulla mükafatlandırılmışdır. İşdə olan Azərbaycan Respublikası Rabitə Nazirliyi “Rayon Rabitə”si İstehsalat Birliyi tərəfindən verilmiş 87 saylı, xx xxxx 1992-ci il tarixli əmrdən görünür ki, Ağstafa və Tovuz rayonlarının sərhədyanı kənd yaşayış məntəqələrində elektrik rabitəsini təşkil etdiyini nəzərə alaraq, B.C.Əmrəliyevə təşəkkür elan edilərək, pulla mükafatlandırılmışdır. İşdə olan cavabdeh tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli, Ə/1163 saylı imtina məktubundan görünür ki, iddiaçının “müharibə veteranı” statusunun verilməsi barədə ərizəsinə baxılmış və bildirilmişdir ki, o, döyüş bölgələrinə döyüş tapşırığını yerinə yetirmək məqsədilə deyil, rabitəçi olaraq rabitənin təşkili və radioyayım avadanlıqlarının quraşdırılması məqsədilə ezam olunmuşdur. “Meharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarına istinad olunaraq, bu səbəbdən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparıln döyüş əməliyyatlarında iştirak etməsinə dair təsdiqedici hüquqi sənədlər olmadığı üçün ona “müharibə veteranı adı və vəsiqəsi”nin verilməsinin qeyd olunan qanunvericiliyin tələblərinə əsasən mümkün olmadığı bildirilmişdir. İşin hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi üzrə “Rayon Rabitəsi” İstehsalat Birliyində işlədiyi dövrlərdə döyüş bölgəsində yerləşən rayonlara ezam olunması barədə əmrlərə istinad edərək, mülki şəxs olsa da, döyüş şəraitində vuruşan orduya dəfələrlə ezam olunduğunu, döyüş şəraitində olan ön cəbhədə vəzifə borcunu icra etdiyini və hərbi geyimlə təmin olunaraq, hərbi tapşırıqlar yerinə yetirdiyini nəzərə alaraq, həmin ezamiyyətlərin döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı olduğunu, buna görə də ona müharibə veteranı adının və statusunun verilməli olması ilə əsaslandırmışdır. Halbuki həmin əmrlərdən görünür ki, iddiaçının müharibə şəraitində olan rayonlara ezam olunması texniki kömək göstərilməsi məqsədi daşımış, döyüş təminatı ilə bağlı olmamışdır. Həmçinin işdə olan Azərbaycan Respublikası Rabitə Nazirliyi “Rayon Rabitəsi” İstehsalat Birliyi tərəfindən verilmiş iddiaçının mükafatlandırılması barədə əmrlərdən də görünür ki, iddiaçı ezamiyyətlərdə olarkən sərhəd rayonu olan Laçında, DQMV-nin Şuşa, Xocalı şəhərlərində və Əsgəran rayonunun Meşəli kəndində rabitə işinin bərpası, təşkili və təmir işlərini gördüyünə, Laçın, Kəlbəcər, Qubdalı, Füzuli və digər rayonların Bakı ilə birbaşa efir rabitəsini təşkil etdiyinə, Ağstafa və Tovuz rayonlarının sərhədyanı kənd yaşayış məntəqələrində elektrik rabitəsini təşkil etdiyinə görə ona təşəkkür elan edilərək, pulla mükafatlandırılmışdır. Həmin əmrlərdən də göründüyü kimi iddiaçının göstərilən rayonlara ezam olunması onun döyüş təminatı ilə bağlı tapşırığın yerinə yetirilməsi ilə deyil, xidməti vəzifələrinə uyğun olaraq rabitə işinin bərpası, təşkili və təmir işləri ilə bağlı olmuşdur. Göstərdiyi xidmətin qarşılığında həmin dövrdə ona təşəkkür elan edilərək, pulla mükafatlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 1-ci maddəsinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5050/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-201/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-201/2021
03.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver