Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-201/2022 18.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, X2 və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, iddiaçının nümayəndəsi, Vəkil2 oğlunun, cavabdehin nümayəndəsi Nəsirli Leyla Əli qızının iştirakları ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «qərarın ləğv edilməsi»nə tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4486/2020 saylı, 24.09.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 2020-ci il 12 may tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin **********726800 saylı, 2020-ci il 18 mart tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 24 sentyabr tarixli, 2-1(112)- 4486/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin 2020-ci il 18 mart tarixli, **********726800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iş üzrə sübutlar tam və hərtərəfli araşdırılmadan qərar qəbul edilmişdir. İddiaçı tərəfindən verilmiş gəlir vergisi bəyannaməsinin 01 saylı Əlavəsinin 1.3-cü sətrində (Ehtiyatlar) 65943.89 manat bitməmiş istehsalının, yəni mal qalığının olduğu bəyan edilmişdir. İddiaçının özü tərəfindən mal qalığının olduğunun birmənalı təsdiq edilməsinə baxmayaraq məhkəmə həmin halın sübut olunmadığına istinad etməkdə haqlı olmamışdır. Həmçinin mal qalığının aqibəti məhkəmə tərəfindən araşdırılmayaraq işin bütün halları tədqiq edilməmişdir. Belə ki, vergi orqanının kameral qərar üzrə hesablanmasının əsasını məhz mal qalığı kimi bəyan edilən malın daha sonra heç bir hesabatda əks etdirilməməsi olmuşdur. Məhkəmə tərəfindən sözügedən hal ümumiyyətlə araşdırılmamışdır. Belə olan halda məhkəmə tərəfindən işin əsasını təşkil edən hala qiymət verilmədən qanunsuz və əsassız yekun qərar qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 17 mart tarixli, 2- 1(103)-782/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 24 sentyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-782/2021 nömrəli, 17.03.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 17 mart tarixli, 2-1(103)- 782/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmənin qərarında qeyd olunmuşdur ki, Vergi Məcəlləsinin 68.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərdə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir. Beləliklə, bəyannamənin təqdim edildiyi 4 fevral tarixdən sonrakı gündən başlayaraq hesabladıqda (VM-in 68.2-ci maddəsi) martın 18-nə təqvim tarixi ilə 43 gün təşkil edir ki, bunun da 13 günü (8, 9, 15, 16, 22, 23, 29 fevral; 1, 7, 8, 9, 14, 15 mart) qeyri-iş günlərinə təsadüf edir (VM-in 68.2-ci maddəsi). Apellyasiya instansiyası məhkəməsi Vergi Məcəlləsinin 37.2-ci maddəsində nəzərdə tutulmuş 30 iş günü müddətinin digər qayda və üsulla hesablanmalı olduğunu qərarında göstərməmişdir. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi 30 iş günü müddətinin ötürülməsi ilə bağlı gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, “...mübahisələndirilən qərarda bu qərarın qəbul edilməsinə əsas verən hallar konkret olaraq göstərilməsə də, cavabdeh tərəfin təqdim etdiyi sənədlər və verdiyi mülahizələr onu deməyə əsas verir ki, 2020-ci il 18 mart tarixli qərar əslində vergi ödəyicisinin 2015-ci il üzrə təqdim etdiyi “gəlir vergisinin bəyannaməsi”ndə 65943,89 manat dəyərində mal qalığının bəyan edilməsi ilə bağlı qəbul edilmişdir. Lakin həmin qərarda kameral vergi yoxlamasının keçirildiyi dövr kimi 2017-ci ilin may ayı qeyd olunmuş, sonradan aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, həmin dövrə cavabdehin özünün də qeyd etdiyi kimi iddiaçının verdiyi bəyannamələrdə dövriyyəsinin və vergi tutulan əməliyyatlarının olmadığı göstərilmişdi. Belə olan halda, vergi orqanı 2020-ci il 18 mart tarixli qərarında 2017-ci ilin may ayını göstərsə də, kameral vergi yoxlamasının iddiaçının 2015-ci il üzrə təqdim etdiyi bəyannamədəki məlumatla bağlı olduğu nəzərə alınmaqla həmin bəyannamənin təqdim edildiyi vaxtdan 30 iş günü müddətinin ötürülməsi ilə keçirildiyi müəyyən olunur.”. Apellyasiya instansiyası məhkəməsinin həmin qənaətinin əksinə cavabdeh haqlı olaraq qeyd edir ki, mübahisələndirilən qərar 2015-ci ilin gəlir vergisini deyil, 2017-ci ilin may ayı üzrə ƏDV-ni əhatə edir. Vergi orqanı vergi ödəyicisi tərəfindən 2015-ci ilin gəlir vergisi üzrə təqdim edilən vergi bəyannaməsinə deyil, məhz vergi ödəyicisi tərəfindən 2017-ci ilin may ayının ƏDV-si üzrə 2020-ci il 4 fevral tarixdə təqdim edilmiş bəyannaməyə münasibətdə kameral yoxlama həyata keçirmişdir. Apellyasiya instansiyası məhkəməsi, həmçinin qeyd etmişdir ki, vergi yoxlamasının aparılması zamanı vergi orqanı tərəfindən inzibati icraatın aparılması ilə bağlı digər qüsurlara da yol verilmiş, Vergi Məcəlləsinin 36.2-ci maddəsinin (Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.) və “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin (İşin hallarının obyektiv araşdırılması) tələbləri təmin edilməmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və mübahisələndirmə haqqında iddia əsasında ləğv olunmalıdır. Bu, inzibati məhkəmə icraatına şamil olunan İPM-in 70.1-ci maddəsindən irəli gəlir. Baxılan işdə həmin müddəa “İnzibati icraat haqqında” Qanunun inzibati aktların ləğv edilməsi üzrə inzibati orqanların səlahiyyətini tənzimləyən 67.2-ci maddəsinə münasibətdə xüsusi norma qismində tətbiq olunmalıdır. Belə ki, inzibati akt formal-hüquqi baxımdan qüsurlu olsa da, bu, onun məhkəmə tərəfindən ləğv olunmasına o halda aparıb çıxara bilər ki, qüsur İPM-in 70.1-ci maddəsinin 2-ci cümləsində nəzərdə tutulmuş mənada nəticəyə (inzibati orqanın qərarına) təsir etmiş olsun. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi qüsurların (Vergi Məcəlləsinin 36.2ci maddəsi və “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi) İPM-in 70.1-ci maddəsinin 2-ci cümləsində nəzərdə tutulmuş mənada nəticəyə (inzibati orqanın qərarına) nə dərəcədə təsir etdiyini əsaslandırmamış, vergi ödəyicisi üçün əlverişli olan və nəticəyə bilavasitə təsir edə bilən, lakin vergi orqanı tərəfindən aydınlaşdırılmayan halları qərarında göstərməmişdir. İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Hazırki apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4486/2020 saylı, 24.09.2020-ci il tarixli qərarının ləğv olunmasını, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4486/2020 saylı, 24.09.2020-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İşin materiallarına əsasən müəyyən edilmişdir ki, vergi orqanı mübahisələndirilən qərarın qəbul edilməsini aparılan araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sonuncu mənfəət vergisi bəyannaməsində ilin sonuna 65.943,89 manat mal qalığının olduğu və həmin tarixdən sonra iddiaçı tərəfindən təqdim edilmiş bəyannamələrdə dövriyyə məbləğinin göstərilmədiyi ilə əsaslandırmışdır. Belə ki, vergi orqanı hesab etmişdir ki, iddiaçının fəaliyyətinin dayandırılması istifadəsində qalmış malların satılaraq gəlirlərin vergidən gizlədilməsi kimi qiymətləndirilərək vergidənyayınma riski yaratmışdır. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə 17.07.2017-ci il tarixli **********639300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində müvafiq dövrlər üzrə dəqiqləşdirilmiş vergi bəyannamələri, idxal olunmuş malların satış qiymətləri barədə məlumat, araşdırılan dövr üzrə bank və kassa sənədləri, yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat və mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədlər təqdim etmədiyinə görə kameral vergi yoxlaması ilə 2017-ci ilin may ayı üzrə 11.869,90 ƏDV hesablanmış, bu barədə vergi ödəyicisinə 07.08.2017-ci il tarixli **********211600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Bundan sonra iddiaçı 04.02.2020-ci il tarixdə 2017-ci ilin may ayı üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edərək həmin ay üzrə vergi tutulan əməliyyatlarının olmadığını bəyan etmiş, lakin bu dəfə də idxal olunmuş malların saxlanma yeri və mal qalığı barədə ətraflı məlumat, idxal olunmuş malların satış qiymətləri barədə məlumat, araşdırılan dövr üzrə bank və kassa sənədləri, yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat və mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədlər təqdim edilmədiyinə görə **********726800 nömrəli 18.03.2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə 2017-ci ilin may ayı üzrə 11.869,90 manat ƏDV iddiaçının şəxsi hesab vərəqəsinə bərpa edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2, 2.0.11, 15, 24, 67-ci maddələrini, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 23.1, 37.1, 37.4, 53.3, 62, 67.1, 153, 159.1, 173.1ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia təmin edilərək cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 18 mart 2020-ci il tarixli **********726800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.6-cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Baxılan iş üzrə mübahisələndirilən 18.03.2020-ci il tarixli qərarda bu qərarın qəbul edilməsinə əsas verən hallar konkret olaraq göstərilməsə də, cavabdeh tərəfin təqdim etdiyi sənədlər və verdiyi mülahizələr onu deməyə əsas verir ki, 18.03.2020-ci il tarixli qərar əslində vergi ödəyicisinin 2015-ci il üzrə təqdim etdiyi “gəlir vergisinin bəyannaməsi”ndə 65.943,89 manat dəyərində mal qalığının bəyan edilməsi ilə bağlı qəbul edilmişdir. Lakin həmin qərarda kameral vergi yoxlamasının keçirildiyi dövr kimi 2017-ci ilin may ayı qeyd olunmuş, sonradan aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, həmin dövrə cavabdehin özünün də qeyd etdiyi kimi iddiaçının verdiyi bəyannamələrdə dövriyyəsinin və vergi tutulan əməliyyatlarının olmadığı göstərilmişdir. Belə olan halda vergi orqanı 18.03.2020-ci il tarixli qərarında vergiyə cəlb olunan hesabat dövrünün 2017-ci ilin may ayı olduğunu qeyd etsə də, faktiki olaraq hesablanan verginin iddiaçının 2015-ci il üzrə təqdim etdiyi bəyannamənin əhatə etdiyi hesabat dövrünə aid olması iş materiallarına əsasən sübut olunur. Beləliklə, vergi orqanı tərəfindən 18.03.2020-ci il tarixli vergilərin hesablanması barədə qərar vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra qanunla nəzərdə tutulmuş 3 il müddət ötürülməklə qəbul olunduğundan qanuna ziddir. Bundan başqa, qeyd olunmalıdır ki, 2015-ci ilin gəlir vergisi bəyannamələrini təqdim edilmə müddəti 1 aprel 2016-cı il tarixinə qədər olaraq müəyyən edilmişdir. İddiaçının 2015-ci ildən sonra 2016-cı ilin gəlir vergisi üzrə mal-material qalığı mövcud olmamışdır. 2017-ci ilin may ayı üzrə ƏDV-nin hesablanması ilə bağlı qərarda həmin dövr üzrə analoji hesablama qeyd edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları nəzərdə tutulmuşdur: 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Yuxarıda göstərilənlərə görə, vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan digər vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: Lakin işdən məlum olur ki, cavabdeh vergi orqanı iddiaçıya vergi hesablanarkən bu meyarlardan istifadə edilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, 2017-ci ilin may ayı üzrə vergi orqanı tərəfindən ƏDV hesablanarkən ƏDV-yə cəlb edilmiş əməliyyatların heç biri vergitutma obyekti olmamşdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 12-ci maddəsinə əsasən vergilərin müəyyən edilməsinin əsas şərtləri aşağıdakı formada müəyyən edilmişdir: 12.1. Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4. vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti. 12.2. Vergi müəyyən edildikdə, bu Məcəllə ilə nəzərdə tutulan əsaslarla vergi güzəştləri müəyyənləşdirilə bilər. 12.3. Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) əlavə edilmiş dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. 12.4. Vergitutma bazası - vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir. Cavabdeh vergi orqanı tərəfindən həmin dövr üzrə vergitutma obyektinin mövcud olub-olmaması barədə hər hansı bir məlumat məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, iş üzrə müəyyən olur ki, cavabdeh vergi orqanı 2015-ci ilin sonuna qalan mal-materialın ƏDV-sinin iddiaçı vergi ödəyicisi tərəfindən əvəzləşdirilməsini hesab etsə də, bu halı təsdiq edən hər hansı mötəbər sənədə (ƏDV depozit hesabından çıxarışa, e-vergi hesab fakturaya, idxal bəyannaməsinə) istinad edə bilmir. İşdən görünür ki, iddiaçı vergi ödəyicisi 2008-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlamış, bu dövrün böyük bir hissəsi sadələşdirilmiş vergi ödəyicisi olmuş, 2015ci ilin sonuna olan malları isə həmin 2016-cı il yanvar ayı üzrə ƏDV bəyannaməsi üzrə təqdim etmişdir. Lakin cavabdeh vergi orqanı iddiaçının 2016-cı il 18 may tarixində təqdim etdiyi illik bəyannaməyə lazımi münasibət bildirməmişdir, o cümlədən qalıq mallara münasibətdə ƏDV hesablanması nəzərdə tutulmuşdursa, həmin vaxt malların mövcud olub-olmaması və bu malların nədən ibarət olması, malların elektron VHF ilə alınması və ya alınmaması, həmin elektron VHF ilə alınmış malların ƏDV depozit hesabı vasitəsilə ƏDV ödənilib-ödənilməməsi, həmin ƏDV depozit hesabı ilə ödənilmiş ƏDV-nin əvəzləşdirilib-əvəzləşdirilməməsi, malların əvəziəşməsinin verilib-verilməməsi aydınlaşdırmamışdır. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 159.7-ci maddəsinə əsasən bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-cİ maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Həmin Məcəllənin 175.1-ci mədəsinə müvafiq olaraq bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Həmin Məcəllənin 175.10-cu maddəsinə görə, gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri ödənişin formasından asılı olmayaraq bu maddənin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas verir. Həmçinin cavabdeh vergi orqanı, iddiaçı vergi ödəyicisinin 2016-cı il başa çatmadan fəaliyyətini dayandırdığından sonra gəlir vergisi bəyannaməsini vermədiyini bildirsə də, işin materiallarında olan iddiaçının şəxsi hesab vərəqəsindən görünür ki, vergi ödəyicisi gəlir vergisi bəyannaməsini 18.05.2016-cı ildə Vergi Məcəlləsinin 149.3-cü maddələsinə uyğun olaraq təqdim etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 149.3-cü maddəsinə əsasən, vergi ödəyicisi Azərbaycan Respublikasında fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir. Bu maddənin məqsədləri üçün hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı və ya fiziki şəxsin fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir. Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçının tələbi əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi isə qeyd olunan halları nəzərə almaqla iş üzrə qanuni və ədalətli qərar qəbul etmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4486/2020 saylı, 24.09.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-201/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-201/2022
18.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver