Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-201/2023 02.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X4 üçüncü şəxs qismində cəlb edilməklə) “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1710/2022 saylı, 13 aprel 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 (Albalılıq 2) bağ massivi, 54 nömrəli BTK-nın nəzdində yerləşən 0,12 ha bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 26 noyabr 2021-ci il tarixli qərardadı ilə, X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri X10 İcrayə Komitəsinin (indiki Bakı şəhəri İcra Hakimiyyəti) 18 yanvar 1990-cı il tarixli, 15/558 saylı qərarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 ərazisində yerləşən 54 nömrəli 0.12 ha ərazidən ibarət bağ sahəsi ona ayrılmışdır. Həmin tarixdən etibarən bu günə qədər bağ onun istifadəsində və sahibliyindədir. Bu səbəbdən də sözügedən bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciə etmişdir. Müraciətinə 17 iyun 2021-ci il tarixli, **********47 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, “təqdim edilən bağ sahəsinin verilməsi haqqında Bakı Şəhəri İcra Hakimiyyətinin 18 yanvar 1990-cı il tarixli, 15/558 nömrəli qərarın arxiv arayışında bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdir”. Nəticədə hüquqların dövlət qeydiyyatına alınmasından cavabdeh orqan tərəfindən imtina edilmişdir. Cavabdeh orqan tərəfindən müraciətinin icrasından imtina edilməsi əsassız və qanunsuzdur. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etirazda bildirilmişdir ki, iddiaçı tərəfindən İdarəyə təqdim edilən bağ sahəsinin verilməsi haqqında Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1990-cı il tarixli, 15/558 nömrəli qərarının arxiv arayışında bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdir. İddiaçı tərəfindən göstərilən torpaq sahəsi ilə bağlı digər fiziki şəxsin (X4) İdarəyə müraciəti daxil olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1710/2022 saylı, 13 aprel 2022-ci il tarixli qərarı ilə (H.Ağalarov) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı iddia etdiyi bağ sahəsinə dair hüquqmüəyyənedici sənədləri təqdim edə bilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərarın ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun yazılmış və onunla əsaslandırılmışdır ki, bağ sahəsinin ayrılması haqqında qərara dair arxiv sənədlərində qeyd olunan məlumatların göstərilməməsi onun günahı deyil. Təqdim etdiyi arxiv arayışından görünür ki, ona torpaq sahəsi ayrılmışdır. Bununla bağlı Milli Arxiv idarəsinin məlumat bazasında müvafiq məlumat vardır. Lakin bütün bunlara baxmayaraq ona çıxarış verilməsindən əsassız olaraq imtina edilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili apellyasiya şikayətinin təmin edilməsini, qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdilər. İddiaçı həmçinin izahatında bildirmişdir ki, iş üzrə birinci instansiya məhkəməsində araşdırma zamanı order təqdim edə bilməmiş, lakin apellyasiya baxışı zamanı orderi taparaq təqdim etmişdir. Bakı şəhəri X10 İcrayə Komitəsinin (indiki Bakı şəhəri İcra Hakimiyyəti) 18 yanvar 1990-cı il tarixli, 15/558 saylı qərarında torpaq sahəsinin ölçüsü, ünvanı qeyd edilməsə də, təqdim etdiyi orderdə 167b saylı bağ sahəsinin ona ayrılması dəqiq göstərilmişdir. Sədrlik edənin sualına cavab olaraq iddiaçı bildirmişdir ki, sözügedən bağdan faktiki istifadə etmir, həmin bağda hər hansı bir tikilisi mövcud deyildir. Əvvəlki məhkəmə iclasında iştirak edən 3-cü şəxs və onun nümayəndəsi-vəkili öz izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdirlər. 3-cü şəxs əlavə olaraq izahatında bildirmişdir ki, iddiaçı onun qaynının oğludur. İddiaçının mərhum əmisinə borcu olmuş, onun əvəzində 1994-cü ildə sözügedən bağa dair sənədlərini təqdim edərək, əmisinin xeyrinə bağ sahəsindən imtina etmiş, daha sonra 1994-cü ildə X5 adına order verilmiş, həmin bağa dair icarə haqlarının ödənişi də Əhmədov Nazim tərəfindən həyata keçirilmişdir. Həmin ödəniş qəbzləri də məhkəməyə təqdim edilmişdir. Bağ sahəsinə mütəmadi mərhum əri gedib gəlmişdir. 3-cü şəxsin nümyəndəsi-vəkili də əlavə olaraq izahatında qeyd etdi ki, iddiaçının hazırda təqdim etdiyi orderin mötəbərliyi şübhəlidir. Çünki, vaxtilə tərəflər arasındakı razılaşmaya əsasən iddiaçı öz sənədlərini geri qaytarmış, sonradan BTK tərəfindən X6 order verilmiş, 1994-cü ildən də mütəmadi olaraq həmin bağ sahəsinə N.Əhmədov nəzarət etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki hallarından görünür ki, İddiaçı Bakı şəhəri X10 İcrayə Komitəsinin xx.xx.1990-cı il tarixli, 15/558 saylı qərarına istinad edərək, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 qəsəbəsində yerləşən 54 nömrəli Bağ Tikinti Kooperativinin nəzdində 0,12 hektar bağ sahəsinə dair çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən bağ sahəsinin dəqiq yerini müəyyən etməyin mümkün olmaması əsas gətirilərək müraciətin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. - 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 66-cı maddəsinin birinci hissəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. - 66-cı maddəsinin ikinci hissəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. - 67-ci maddəsinin dördüncü hissəsinə əsasən, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. - 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat"ın 7.2-ci bəndində deyilir ki, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış tərtib edilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İş materiallarında olan: - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 1 sentyabr 2020-ci il tarixli məktubuna əlavə edilmiş Bakı şəhəri X10 İcrayə Komitəsinin xx.xx.1990-cı il tarixli 15/558 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışından görünür ki, İddiaçı 54 nömrəli BTK-nın nəzdində yerləşən Vişnyovka 2 massivindən bağ sahəsi ayrılmışdır; - 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, təqdim edilən bağ sahəsinin verilməsi haqqında Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1990-cı il tarixli, 15/558 nömrəli qərarın arxiv arayışında bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. - 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1990-cı il tarixli, 15/558 nömrəli qərarı ilə 54 nömrəli BTK nəzdində İddiaçı adına Sabunçu rayonu, Vişnyovka 2 qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsi olan 54 saylı bağ sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənəd (order) İdarənin arxivində aşkar edilməmişdir. - 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubu ilə təqdim edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ massivi üzrə 54 nömrəli Bağ Tikinti Kooperativinə dair arxiv qovluğunda mövcud olan müvafiq sənədlərdən görünür ki, İddiaçı adı Kooperativin üzvlərinin siyahısında göstərilməmişdir. - İş materiallarına əlavə 3 N-li orderdən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin 3 may 1994-cü il tarixli PR:76 BTK qərarına əsasən X6 Vişnyovka 2 bağlar sahəsində 54 Nli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 167b N-li bağ ayrılmışdır. - Apellyasiya araşdırması zamanı təqdim edilmiş 5 №li orderdən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin 3 may 1990-cı il tarixli BTK 15/558 №li qərarına əsasən İddiaçı İsfandiyar oğluna 54 №li BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 167b №li bağ ayrılıb. İş materiallarından göründüyü kimi, eyni bağ sahəsinə dair iki müxtəlif order təqdim edilmişdir. Məhkəmə kollegiyası qeyd edilən orderlərə dair ətraflı araşdırma apararaq, müvafiq inzibati orqanlara sorğular ünvanlamışdır. İşin apellyasiya araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2022-ci il tarixli BA07101-2022 nömrəli məktubundan görünür ki, Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə 15/558 saylı qərarı xx.xx.1990-cı il tarixi kimi deyil, xx.xx.1990-cı il tarixi kimi Dövlət Arxivinin Bakı filialında saxlanılır. Bakı şəhər İH-nin arxiv fondu üzrə 1994-cü ilə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialında saxlanılmır. Həmin məktuba əlavə edilmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH xx.xx.1990-cı il tarixi 15/558 saylı qərarının 2.4.7-ci bəndindən görünür ki, İddiaçı Vişnyovka 2 bağ massivi üzrə 54 nömrəli bağ sahəsi ayrılmışdır. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2022-ci il tarixli BA07104-2022 nömrəli məktubundan görünür ki, Bakı şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli, 13 saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. - 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 (Albalılıq 2) bağ massivində yerləşən 167B saylı bağ sahəsinə dair sənəd İdarənin arxivində aşkar edilməmişdir. - Cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli **********29 nömrəli məktubuna əlavə edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 (Albalılıq 2) bağ massivində yerləşən 167B saylı bağ sahəsinin texniki vəziyyətini əks etdirən müayinə aktının təsdiq edilmiş surətinə əsasən, göstərilən bağ sahəsi mişar daşları ilə hasarlanaraq sərhədlənmişdir. Sözügedən sahəyə xx.xx.2019-cu il tarixdə X2 müraciəti əsasında texniki baxış keçirilmişdir. Məhkəmə kollegiyası həm də eyni bağ sahəsinə dair təqdim edilmiş orderlərin mötəbərliyinə şübhələrin aradan qaldırılması məqsədilə məhkəmənin 2-1(103)-2503/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə sənədlərin texniki ekspertizasını təyin etmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 5/1660 №li ekspert rəyinin tədqiqatın nəticəsi hissəsində aşağıdakılar göstərilmişdir: 1.Tədqiqata təqdim edilmiş X5 adına verilmiş 3 nömrəli "Order”in blankı ofset çap üsulu ilə hazırlanmışdır.
2. Təqdim edilmiş İddiaçı adına verilmiş 5 nömrəli “Order”in blankı axınlı printerdə çap edilmişdir.
3. Təqdim edilmiş İddiaçı adına verilmiş 5 nömrəli, X5 adına verilmiş 3 nömrəli “Order”lərin, Nazim Əhmədovun adına verilmiş 10 may 1994-cü il tarixli, 8816 nömrəli və 13 may 1994-cü il tarixli, 8998 nömrəli “Bağ təsərrüfatı idarə”sinin qəbzlərinin üzərlərində olan möhür əksi relyef klişedən sənədlərin üzərlərinə bir başa vurulmuşdurlar.
4. Təqdim edilmiş İddiaçı adına verilmiş 5 nömrəli, X5 adına verilmiş 3 nömrəli “Order"lərin, Nazim Əhmədovun adına verilmiş 10 may 1994-cü il tarixli, 8816 nömrəli və 13 may 1994-cü il tarixli, 8998 nömrəli “Bağ təsərrüfatı idarə”sinin qəbzlərin üzərlərində olan möhür əksi iş materiallarına əlavə edilmiş 54 saylı Kooperativin qovluğundakı sənədlərin üzərlərindəki “Азрб. ССР. Бакы шəhəpи халг депутатлары Советинин ичpaиjjə Комитэси Баглар тэсэрруфатынын инкишафы вэ истисмары бирлиjа” məzmunlu möhürün sərbəst əks nümunələrilə eynilik təşkil etmirlər.
5. Təqdim edilmiş X5 adına verilmiş 3 nömrəli “Order"in, Nazim Əhmədovun adına verilmiş 10 may 1994-cü il tarixli, 8816 nömrəli və 13 may 1994-cü il tarixli, 8998 nömrəli “Bağ təsərrüfatı idarə”sinin qəbzlərinin üzərlərində olan möhür əksi öz aralarında eynilik təşkil edirlər.
6. Təqdiq edilmiş X5 adına verilmiş 3 nömrəli “Orderi”in, Nazim Əhmədovun adına verilmiş 10 may 1994-cü il tarixli, 8816 nömrəli və 13 may 1994-cü il tarixli, 8998 nömrəli “Bağ təsərrüfatı idarə”sinin qəbzlərinin üzərlərində əl yazılar əvvəl icra edilmiş, sonra isə möhür əksi vurulmuşdur.
7. Təqdim edilmiş İddiaçı adına verilmiş 5 nömrəli “Order”in üzərində olan möhür əksi ilə əl yazıların kəsişdiyi hissədə rəngləyici maddələrin intensivliyi “RGB” intervalında eyni olduğu üçün onların kəsişmə ardıcılılığını müəyyən etmək mümkün olmadı. Həmçinin, qeyd edilən ekspert rəyinin tədqiqat prosesinin təsviri hissəsindən aydın olur ki, iddiaçıya məxsus 5 №li orderin əlamətləri:- kənarlarının dəqiq olmaması, yəni girintili-çıxıntılı olması, işarələrin cizgilərinin sol və sağ tərəflərində xırda nöqtələrin olması, cizgilərin diskret quruluşuna (maylli,oval və yarımoval elementlərdə) malik olması, kağıza hopmaqla suda yaxşı həll olunur (nəmli fotokağıza asanlıqla köçürülür), cizgilərdə təsir izinin olmaması və s. kimi müəyyən edilmişdir. Beləliklə, iş üzrə araşdırmanın nəticəsi olaraq Məhkəmə kollegiyası belə bir qənaətə gəlir ki, iddiaçı iddia etdiyi bağ sahəsinə dair hüquqmüəyyənedici sənədə malik olmadığından birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iddiaçının apellyasiya baxışı zamanı təqdim etmiş olduğu order ekspert rəyindən də aydın olduğu kimi mötəbər sənəd qismində qəbul edilmir.Bunun əksinə eyni bağ sahəsinə dair 1994-cü ildə verilmiş 3№li orderin mötəbərliyi müəyyən edilmiş, həmçinin sözügedən bağa dair icarə haqlarının ödənişinin də iddiaçı tərəfindən deyil, 3№li order adına verilmiş digər şəxs tərəfindən həyata keçirilməsinə dair də qəbzlər təqdim edilmişdir. İddiaçının istinad etdiyi Bakı şəhəri X10 İcrayə Komitəsinin (indiki Bakı şəhəri İcra Hakimiyyəti) 18 yanvar 1990-cı il tarixli, 15/558 saylı qərarına münasibətdə də Məhkəmə kollegiyası diqqətə çatdırır ki, həmin qərar iddiaçıya 54№li BTK tərkibində Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 ərazisində torpaq sahəsinin ayrılması ilə bağlıdır. Sözügedən qərarda torpaq (bağ) sahəsinin ölçüsü, yeri, nömrəsi qeyd edilməmişdir. Özözlüyündə istinad edilən qərar iddiaçının iddia etdiyi torpaq sahəsinə, yəni, 167b saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyatının aparılmasına əsas verən hüquqmüəyyənedici sənəd sayıla bilməz. İddiaçının dəlilləri məhkəmə araşdırması zamanı da təsdiqini tapmamış və hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə yalnız şifahi ifadələrə əsasən iddianın əsaslı olması qənaətinə gəlmək mümkün deyildir. Yekunda, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1710/2022 saylı, 13 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov