Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-201/2024 28.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3816/2023 saylı, 22 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əlmakın dövlət reyestrində qeydiyyata alınması və buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən verilmiş xx.xx.2019- cu il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən 500 kv.m torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmək üçün qanunvericiliyə uyğun olaraq məlumatlandırma icraatı qaydasında razılaşdırmaq üçün tələb olunan sənədlərlə birlikdə Sabunçu rayon İcra Hakimiyyətinə təqdim etmişdir. Sabunçu rayon İcra Hakimiyyəti xx.xx.2015-ci il tarixli, 71-44 saylı fərdi yaşayış evinin layihəsini təsdiq edərək, məlumatlandırma icraatı qaydasında inşasına razılıq vermişdir. Bundan sonra o, layihəyə uyğun fərdi yaşayış evinin tikintisini başa çatdırmışdır. Daha sonra daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün qanunvericiliklə müəyyən olunmuş, tələb olunan sənədləri xx.xx.2022-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etmişdir. Ancaq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2022-ci il tarixli, **********19 saylı məktubla qanunvericiliyə uyğun olmayan bir sıra əsas göstərməklə dövlət reyestrindən çıxarış verilməsindən imtina etmişdir. İmtina məktubu ünvana çatmadığı üçün geri qayıtmış və tərəfindən xx.xx.2022-ci il tarixdə İdarədən rəsmi olaraq qəbul edilmişdir. İmtina məktubunda fərdi yaşayış evinin qaz və dəmir yol xəttinin mühafizə zonalarında olduğu qeyd olunmuş, eyni zamanda torpaq sahəsində sürüşmə olduğu bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri'’ Qaydalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 33 saylı Qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları"nın və "Dəmir yolları üçün və dəmir yolunun sanitariya- mühafızə zonası üçün torpaqayırma Normaları"na istinad edilmişdir. Bildirir ki, imtina üçün göstərilən əsaslar tamamilə qanunvericiliyə ziddir. Belə ki, məktubda göstərilən qaz kəmərlərinin mühafizə zolağı yüksək təzyiqli qaz kəmərləri üçün nəzərdə tutulmuşdur. Yaşayış məntəqəsində yüksək təzyiqli qaz kəmərlərinin olması texniki və təhlükəsizlik baxımından mümkün deyildir. Yaşayış məntəqələrində olan qaz kəmərlərinin mühafizə zolağı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” Qaydalarının 5 saylı əlavəsində göstərilmişdir. Dəmir yolunun və avtomobil yolunu mühafizə zolağı isə yaşayış məntəqələrində tətbiq olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 33 saylı Qərarı ilə təsdiq edilmiş Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları" və "Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafızə zonası üçün torpaqayırma Normaları" isə dəmir yol xətti çəkilməsi üçün torpaq sahəsini ayrılması qaydalarını müəyyən edir. Digər səbəb torpaq sahəsinin sürüşməsi göstərilmişdir. Guya tikintinin bir hissəsi digər şəxsə aid torpaqda yerləşir. Bildirir ki, ona məxsus fərdi yaşayış evinin hər iki tərəfində (sağ və sol) fərdi yaşayış evi əvvəldən mövcuddur və ara məsafələri 4-5 metr təşkil edir. Necə ola bilər ki, qonşunun torpağında tikinti aparılsın. Buna hər-halda torpaq sahibi münasibət bildirərdi. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etirazda bildirilmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı müvafiq tələblə xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, sözügedən fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər tam tərkibdə təqdim edilməmişdir. Bundan əlavə, elektron kadastr məlumatına əsasən fərdi yaşayış evinin bir hissəsi qaz kəməri və dəmir yolu xəttinin mühafizə zonasında yerləşir. Həmçinin ümumi ərazidə hasarlanma işləri düzgün aparılmadığından fərdi yaşayış evi sənəd üzrə torpaq sahəsindən kənarda, digər şəxs olan X1 adına qeydiyyata alınmış **********61-10301 reyestr nömrəli Bakı Şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 168C saylı fərdi yaşayış evinin torpaq sahəsinin bir hissəsində yerləşir. Bundan başqa inventarlaşdırma işləri aparılan zaman bağ evinin təmir-tikinti işlərinin tam başa çatdırılmadığı aşkar olunmuşdur. Əlavə olaraq, torpaq sahəsi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bu səbəblərdən, ərizənin icrası tərəflərindən mümkün olmamışdır və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********19 saylı cavab məktubu ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.2-ci maddəsinə əsasən, məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd təqdim edilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarının 2.7-ci bəndinin tələblərinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir və boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmin Qaydaların 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma normalarının 3.5-ci maddəsinə əsasən yalnız şəhər və qəsəbələrdə yaşayış tikililəri dəmir yolunun kənar yolunun oxundan eni 100 metrdən az olmayan sanitariyamühafizə zonası ilə ayrılmalıdır. Dəmir yollarının dərinliyi 4 metrdən az olmayan qazma yataqlarda yerləşdirildiyi və ya səsdən xüsusi mühafizə tədbirləri həyata keçirildiyi zaman sanitariya-mühafizə zonasının eni 50 metrə qədər azaldıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1ci maddəsinə əsasən ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3816/2023 saylı, 22 fevral 2023-cü il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, sözügedən fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər tam tərkibdə təqdim edilməmişdir. Bundan əlavə, elektron kadastr məlumatına əsasən fərdi yaşayış evinin bir hissəsi qaz kəməri və dəmir yolu xəttinin mühafizə zonasında yerləşir. Həmçinin ümumi ərazidə hasarlanma işləri düzgün aparılmadığından fərdi yaşayış evi sənəd üzrə torpaq sahəsindən kənarda, digər şəxs olan X1 adına qeydiyyata alınmış **********61-10301 reyestr nömrəli Bakı Şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 168C saylı fərdi yaşayış evinin torpaq sahəsinin bir hissəsində yerləşir. Bundan başqa inventarlaşdırma işləri aparılan zaman bağ evinin təmir-tikinti işlərinin tam başa çatdırılmadığı aşkar olunmuşdur. Əlavə olaraq, torpaq sahəsi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bu səbəblərdən, ərizənin icrası tərəflərindən mümkün olmamışdır və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********19 saylı cavab məktubu ünvanlanmışdır. Tərəflərin izahatları: Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-201/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı X2 adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilib, iddia rədd olunmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassızdır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. - 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; ... - 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İnzibati işin hallarından müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.05 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətindədir, iddiaçı tərəfindən qeyd olunan torpaq sahəsində fərdi yaşayış evi inşa edilmiş, fərdi yaşayış evinin memarlıq planlaşdırma həlli Sabunçu rayon İcra Hakimiyyəti başçısının H-44 nömrəli, xx.xx.2015-ci il tarixli məktubuna əsasən təsdiq edilmişdir. Hazırki tələbində iddiaçı həmin fərdi yaşayış evinə çıxarış verilməsini tələb edir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən fərdi yaşayış evinin özəlləşdirilməsi zamanı fərdi yaşayış evinin bir hissəsinin qaz kəməri və dəmir yolu xəttinin mühafizə zonasında yerləşməsinə istinad edilsə də, torpaq sahəsini iddiaçının, hətta iddiaçıdan əvvəlki mülkiyyətçilərin adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə qeydiyyata almış və qeydiyyata alma zamanı hər-hansı belə bir dəlil irəli sürməmişdir, bundan əlavə, torpaq sahəsinə dair verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışda torpaq sahəsinin təyinatı “Yaşayış məntəqəsinin torpaqları” göstərilmiş, cavabdeh tərəfindən torpaq sahəsinə dair plan-ölçü sənədi də təqdim edilmişdir, həmçinin, iddiaçıya məxsus fərdi yaşayış evinin “Google Earth”-dən çıxarışdan görünür ki, iddiaçıya məxsus fərdi yaşayış evi ilə eyni cərgədə, fərdi yaşayış evinin sağında və solunda fərdi yaşayış evləri inşa edilmişdir, cavabdehin özünün də təsdiq etdiyi kimi, iddiaçının qonşuluğunda yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehin sözügedən əsaslarla imtinası formal olmaqla iddiaçının mülkiyyət hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb oluşdur, məhkəmə cavabdehin digər dəlillərinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı fərdi yaşayış evinin təmir-tikinti işlərinin başa çatdırılması, iddiaçı ilə qonşuluğunda yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi X2 arasında mübahisənin olması müəyyən edilməmişdir, iş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş “Google Earth”-dən çıxarışa əsasən iddiaçının qonşuluğunda yerləşən fərdi yaşayış evlərinin hər biri tərəfindən ayrılıqda hasarlanma işlərinin aparılması müəyyən edilmişdir, eləcə də, cavabdeh tərəfindən torpaq sahəsinin ipoteka ilə yüklü edilməsinə istinad edilsə də, qüvvədə olan qanunvericilik normalarında ipoteka ilə yüklü edilmiş torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatına alınmasını qadağan edən hər hansı bir norma nəzərdə tutulmamışdır, bu səbəbdən də, cavabdehin sözügedən dəlili həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bəzi dəlillərini əsaslı, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsassız hesab edir. Məhkəmə kollegiyası iş materiallarında olan sənədlərə diqqət yetirir: - Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nin surətindən görünür ki, ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə X8 verilmiş **********80 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən müvafiq olaraq ½ hissədə paylı mülkiyyətlərində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.05 ha torpaq sahəsi X10 və X7 tərəfindən İddiaçı satılmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.05 ha, torpaq sahəsinin kateqoriyası “yaşayış məntəqələrinin torpaqları” olan, torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində **********80 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş A seriyalı, 339857 nömrəli, xx.xx.2019-cu il tarixdə tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, X7 və başqalarının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən **********80 reyestr nömrəsi ilə qeydə alınmış 0.05 ha torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. - Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Layihə Smeta Büros tərəfindən tərtib edilmiş Sabunçu rayonu, Bakıxanov qəsəbəsində vətəndaş X4 məxsus fərdi yaşayış evinin memarlıq planlaşdırma həllindən görünür ki, fərdi yaşayış evinin memarlıq planlaşdırma həlli Sabunçu rayon İcra Hakimiyyəti başçısının H-44 nömrəli, xx.xx.2015-ci il tarixli məktubuna əsasən təsdiq edilmişdir. - Birinci instansiya məhkəməsinin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2023cü il tarixli, **********04 nömrəli məktubla İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsinə dair sənədlər və üzərində inşa edilmiş fərdi yaşayış evinin “Google Earth”-dən çıxarış təqdim edilmiş, fərdi yaşayış evinin isə dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməməsi bildirilmişdir. Beləliklə, yuxarıda sadalanan qanunvericilik normasından da göründüyü kimi məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənədlər- torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəddir. İnzibati iş materiallarından görünür ki, iddiaçı tikinti altındakı torpaq sahəsinə dair mülkiyyət hüquqlarını təsdiq edən çıxarışı, həmçinin, tikinti layihəsinin memarlıqplanlaşdırma həllini təqdim edərək sözügedən fəradi yaşayış evinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş etmişdir. İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsində iş üzrə araşdırma aparılarkən cavabdehin imtinasının əsasları ətraflı araşdırılmamış, mübahisəli fərdi yaşayış evinin sənəd üzrə torpaq sahəsindən kənarda yerləşib-yerləşməməsinin, həmçinin həmin fərdi yaşayış evinin başqa şəxslərin, o cümlədən X1 mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsində yerləşib-yerləşməməsinin müəyyən edilməsi məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməmiş, həmçinin, iş üzrə mütəxəssis rəyləri alınmamışdır. Apellyasiya instansiya məhkəməsində icraat zamanı məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə mübahisənin ədalətli həlli baxımından işin xüsusatlarına düzgün qiymət verilməsi istiqamətində aidiyyəti qurumun mütəxəssisləri cəlb olunmaqla iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur: -DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 500 kv.m torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin həmin çıxarış üzrə torpaq sahəsindən kənara çıxma halı mövcuddurmu? Əgər mövcuddursa, hansı hissədə? -xx.xx.2019-cu il tarixli, ********** nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 500 kv.m torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin qeyd edilən çıxarış üzrə torpaq sahəsindən kənarda, o cümlədən X1 adına qeydiyyata alınmış **********61-10301 reyestr nömrəli Bakı Şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 168C saylı fərdi yaşayış evinin torpaq sahəsinin bir hissəsində yerləşmə halı mövcuddur mu? -DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 500 kv.m torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi qaz kəməri və dəmir yol xəttinin mühafizə zonasında yerləşirmi? Eyni zamanda 05 dekabr 2023-cü il tarixli məktubla 1 saylı Bakı Ərazi İdarəsinə məktub ünvanlanaraq idarənin mütəxəssisi tərəfindən mübahisəli torpaq sahəsinə baxış keçirilməsi, müvafiq mütəxəssis rəyinin, baza məlumatlarının, mübahisəli torpaq sahəsinin koordinatlarının, sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyətini göstərən sxemin təqdim edilməsi xahiş olunmuş, 1 saylı Bakı Ərazi İdarəsinin 29 yanvar 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, AR Tarif (qiymət) Şurasının 31 iyul 2023-cü il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin qurumları tərəfindən daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastr xidmətlərinin tarifləri”nin Xİ bəndində torpaq kadastr məlumatları və çöl-ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsinə dair mütəxxəsis rəyinin verilməsinə görə xidmət haqqı ödənilməsi nəzərdə tutulmuşdur, odur ki, Tarif Şurasının Xİ bəndinə uyğun olaraq nəzərdə tutulan 95 manat xidmət haqqı ödənildikdən sonra mütəxəssis rəyinin verilməsi təmin ediləcəkdir. Bununla bağlı iddiaçıya və onun vəkilinə qeyd olunan məktubun surəti icra edilməsi üçün göndərilmiş, lakin iddiaçı tərəfindən xidmət haqqının ödənilməsi təmin edilməmişdir. Beləliklə, xidmət haqqının ödənilməməsi nəticəsində mütəxəssis rəyi Ekspertiza Mərkəzinə təqdim edilə bilmədiyindən, ekspert tərəfindən ekspertizanın aparılmasından imtina edilmişdir. AR İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. AR MPM-in 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Həmçinin apellyasiya instansiya məhkəməsində icraat zamanı cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilmiş ortofoto görüntüdən də görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 500 kv.m torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi qeyd edilən çıxarış üzrə torpaq sahəsindən kənarda, X1 adına qeydiyyata alınmış **********61-10301 reyestr nömrəli Bakı Şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 168C saylı fərdi yaşayış evinin torpaq sahəsinin bir hissəsində yerləşir (rəngli ortofotogörüntü iş materiallarına əlavə edildi). Beləliklə, iddiaçı ekspertizanın aparılması üçün tələb olunan xərci (mütəxəssis rəyinin verilməsi üçün tələb olunan 95 manatı) ödəmədiyindən və bununla da dolayısıyla ekspertizanın keçirilməsinə mane olduğundan məhkəmə kollegiyası ekspert qarşısından qoyulmuş müəyyən edilməli olan faktların, yəni Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 500 kv.m torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin həmin çıxarış üzrə torpaq sahəsindən kənara çıxması, torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin qeyd edilən çıxarış üzrə torpaq sahəsindən kənarda, o cümlədən X1 adına qeydiyyata alınmış **********61-10301 reyestr nömrəli Bakı Şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 168C saylı fərdi yaşayış evinin torpaq sahəsinin bir hissəsində yerləşməsi, həmçinin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin qaz kəməri və dəmir yol xəttinin mühafizə zonasında yerləşməsi hallarının mövcudluğunu təsdiq olunmuş hesab edir. Məhkəmə kollegiyası cavabdehin bütün imtina əsasları ilə bağlı deyil, məhz tikilinin yerləşdiyi torpaq sahəsinin bir hissəsinin 3-cü şəxsin mülkiyyətində olan torpaq sahəsi olması əsası ilə razılaşaraq hesab edir ki, mülkiyyət hüquqlarının qeydiyyata alınması tələb olunan tikilinin yerləşdiyi torpaq sahəsinin bir hissəsi üzərində hazırda iddiaçının mülkiyyət, istifadə və ya icarə hüquqları mövcud olmaması iş materialları ilə təsdiqini tapdığından, tikiliyə dair hissəvi çıxarışın verilməsi mümkün olmadığından, bundan əlavə iş üzrə hüquqmüəyyənedici sənəd qismində tələb olunan- sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd məhkəmə araşdırmaları zamanı təqdim edilmədiyindən iddiaçının müraciətinə məhz bu əsaslarla imtina edilməsi ilə bağlı cavabdeh inzibati orqanın gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas verir, bu səbəbdən, şikayət təmin edilməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3816/2023 saylı, 22 fevral 2023-cü il tarixli qərarı ləğv edilərək, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3816/2023 saylı, 22 fevral 2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iddiası rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova
Məhkəmə qərarları › İş №2-1(103)-201/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-201/2024
28.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver