Məhkəmə qərarları › İş №2-1(103)-2010/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2010/2022

28.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2010/2022 28.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X13 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2540/2022 saylı, 24 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 101-ci ünvanda yerləşən 823,9 kv. metr qeyri-yaşayış sahəsinin iddiaçının adına 2007-ci ildə qüvvədə olan normativ və tariflərə əsasən özəlləşdirilməsinin cavabdeh ƏMDX-nin, iddiaçının mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh DƏDRX-nin üzərinə qoyulması barədə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonar İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, Azərbaycan Respublikası İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2689/İİİ-41-A/İİ-31 saylı qanuni qüvvəyə minmiş qətnaməsini icra etmək məqsədilə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 101-ci ünvanda yerləşən qeyri-yaşayış sahəsinin satış qiyməti (dəyəri) 57.750 (əlli yeddi min yeddi yüz əlli) manat müəyyən edilməklə, İddiaçı adına özəlləşdirilməsi üçün tərtib olunmuş xx.xx.2008-ci il tarixli, 3043 saylı icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi öhdəliyinin cavabdeh ƏMDX-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2689/İİİ-41 -A/İİ- 31 №li qanuni qüvvəyə minmiş qətnaməsi ilə Bakı şəhəri, Nərimanov rayonu, sabiq Moskva prospekti, hazırda Heydər Əliyev prospekti 101-ci ünvanındakı birinci mərtəbədə yerləşən 823.9 kv. metr qeyriyaşayış sahəsinin İddiaçı adına özəlləşdirilməsi vəzifəsinin Daşınmaz Əmlakın İdarə Edilməsi üzrə Dövlət Komitəsinə həvalə edilərək, mülkiyyət haqqında şəhadətnamənin verilməsi qət edilmiş və xx.xx.2007-ci il tarixli icra vərəqəsi qəbul edilmişdir. Bu qətnamə əsasında xx.xx.2008-ci il tarixli, 000 457 №-li müəssisə və obyektin daşınmaz əmlakının texniki pasportu tərtib edilmiş, lakin iddiaçı BEYSİF icarəçi qismində göstərilmiş, qeyd olunan qeyri-yaşayış sahəsi iddiaçının adına özəlləşdirilməmişdir. Bu texniki pasportun sonuncu səhifəsində onun hazırlanması üçün əsas olan sənədlərdə də məhz yuxarıda qeyd olunan qətnamə göstərilmişdir. Qətnamənin düzgün şəkildə icra olunaraq, müvafiq əmlakın özəlləşdirilməsi üçün iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixində cavabdehə müraciət olunmuş, cavabdehin xx.xx.2021-ci il tarixli, **********37 №- li cavab məktubu ilə bildirilmişdir ki, bu əmlakın özəlləşdirilməsi iddiaçıya təklif olunmuş, lakin bu təklifə müsbət cavab verilmədiyi üçün xx.xx.2012-ci il tarixdən həmin əmlakın iddiaçıya satılması ilə bağlı sərəncam ona aid hissədə ləğv edilmişdir. Halbuki cavabdeh tərəfindən bu barədə hər hansı təklif olunmamış, iddiaçıya bu barədə hər hansı məlumat verilməmiş, cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin tələblərini kobud surətdə pozaraq özbaşına qeyd olunan əmlakın satılmasını deyil, icarəyə verilməsini rəsmiləşdirmişdir. Çünki məhkəmə qətnaməsi cavabdehə qeyd olunan əmlakın icarəyə verilməsi daha sonra isə özəlləşdirilməsi vəzifəsi qoymamış, birbaşa əmlakın özəlləşdirilməsini tələb etmişdir. Cavabdeh isə hansısa məlum olmayan əsasa görə əmlakı iddiaçıya icarəyə verilməsi kimi rəsmiləşdirmişdir. Əslində isə cavabdeh Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət əmlakının (müəssisə və obyektlərinin) satılmasının rəsmiləşdirilməsi qaydalarını” rəhbər tutaraq buna uyğun olaraq əmlakın iddiaçının mülkiyyətinə keçməsini rəhbər tutmalı idi. Cavabdeh ƏMDX tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, iddiaçı "xxxx" kiçik müəssisəsi cavabdeh Dövlət Əmlak Komitəsinə qarşı iddia ərizəsi ilə Azərbaycan Respublikası İqtisad Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Moskva (indiki Heydər Əliyev) prospekti 101 ünvanında yerləşən 823,9 kv. metr qeyri-yaşayış binasının onun adına özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası İqtisad Məhkəməsinin xx.xx.1999-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qeyd edilən qətnamənin icrası ilə əlaqədar olaraq Bakı şəhəri, Nərimanov rayonu, Moskva (indiki Heydər Əliyev) prospekti 101 ünvanında yerləşən 823,9 kv. metr qeyri-yaşayış binası “Tural-4" kiçik müəssisəsinə satılmış və həmin müəssisəyə xx.xx.2000-ci il tarixli, 000019 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Daha sonra İddiaçı İqtisad Məhkəməsinin xx.xx.1999-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və həmin məhkəmənin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, xx.xx.1999-cu il tarixli qətnamə ləğv edilmiş, "xxxx" kiçik müəssisəsinin iddiası rədd edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Moskva (indiki Heydər Əliyev) prospekti 101 ünvanında yerləşən 823,9 kv. metr qeyriyaşayış sahəsinin "xxxx" Kiçik Müəssisəsi tərəfindən özəlləşdirilməsinə və daha sonra digər şəxslərə satılmasına dair şəhadətnamələr və müqavilələr etibarsız hesab edilmiş, qeyd edilən əmlakın İddiaçı adına özəlləşdirilməsi Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin üzərinə qoyulmuşdur. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il tarixli, 61 nömrəli Sərəncamı ilə xx.xx.2007-ci il tarixli qətnamənin icrası ilə əlaqədar olaraq "Tural-4” kiçik müəssisəsi ilə bağlanılmış alqı-satqı müqaviləsi ləğv edilmiş və qeyd edilən qeyri-yaşayış sahəsinin yenidən özəlləşdirilməsi barədə qərar qəbul edilmişdir. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə İddiaçı arasında qeyd edilən qeyriyaşayış sahəsinə dair əvvəlcə xx.xx.2008-ci il tarixli, 7360 nömrəli icarə müqaviləsi bağlanmışdır.Daha sonra iddiaçı tərəfindən icarəyə götürdüyü qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə müraciət edilmiş, lakin onun tərəfindən alqı-satqı müqaviləsi imzalanmamış və dəyərinin ödənilməsi təmin edilməmişdir. İddiaçı əmlakın dəyərini ödəmədiyinə görə əmlak onun mülkiyyətinə keçməmişdir. Göründüyü kimi, qanunvericiliyin tələblərinə uyğun olaraq qeyd olunan qeyriyaşayış sahəsi satın alınması üçün Azərbaycan Respublikası İddiaçına təklif olunmuşdur. Beləliklə, ƏMDK tərəfindən mübahisəli əmlakın özəlləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş vəzifələr yerinə yetirilmiş, lakin iddiaçının hərəkətsizliyi səbəbindən özəlləşdirmə həyata keçirilməmişdir. İddiaçı Azərbaycan Respublikası İddiaçı ƏMDX tərəfindən onun hüquqlarını pozan qərar qəbul edildiyini və ya hərəkətə (hərəkətsizliyə) yol verildiyini sübut edə bilməmiş, Xidmətə qarşı əsassız tələblər irəli sürmüşdür. Daha sonra cavabdeh ƏMDX məhkəməyə təqdim etdiyi **********36 saylı xx.xx.2022ci il tarixli iddia tələbinə dair yazılı etirazda əlavə olaraq göstərmişdir ki, iddiaçı icarəyə götürdüyü qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə müraciət etmiş, qeyd olunan müraciət nəzərə alınaraq Komitənin xx.xx.2008-ci il tarixli, 178 nömrəli sərəncamı ilə mübahisənin predmeti olan əmlak özəlləşdirilməsi üçün iddiaçıya təklif olunmuş, lakin onun tərəfindən alqı- satqı müqaviləsi imzalanmamış və dəyərinin ödənilməsi təmin edilməmişdir. Bu səbəbdən də, Əmlak Məsələləri Dövlət Komitəsinin 07 noyabr 2012-ci il tarixli, 342 nömrəli sərəncamı ilə mübahisənin predmeti olan qeyriyaşayış sahəsinə dair Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il tarixli, 178 nömrəli sərəncamı ləğv edilmişdir. Göründüyü kimi, iddiaçının hərəkətsizliyi səbəbindən (alqı-satqı müqaviləsi imzalanmadığından, əmlakın dəyəri ödəmədiyindən) əmlak onun mülkiyyətinə keçməmişdir. Beləliklə, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən qəbul edilmiş sərəncamın qüvvədə olduğu dörd il ərzində iddiaçı tərəfindən əmlakın özəlləşdirilməsi ilə bağlı hərəkətsizlik göstərilməsi səbəbindən özəlləşmə barədə həmin sərəncam qanunvericiliyə uyğun olaraq ləğv olunmuşdur. Nəzərə alınsa ki, əmlakın özəlləşdirilməsində maraqlı şəxs məhz iddiaçının özü olmuşdur, onun özünün iradəsizliyi səbəbindən alqı-satqı müqaviləsinin baş tutmamasının səbəblərinin heç bir sübuta əsaslanmadan yalnız formal mülahizələr əsasında cavabdehin hərəkətsizliyi ilə əlaqələndirilməsi tamamilə yanlışdır. Eyni zamanda bildirilir ki, iddiaçının mülki əqd olan alqı-satqı müqaviləsinin bağlanılmış hesab edilməsi barədə tələbinə prosessual normalara əsasən inzibati icraat qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxıla bilər. Belə ki, iddiaçının hazırkı tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsi ilə müəyyən edilmiş inzibati icraat qaydasında baxılan iddia növlərinin heç birinə aid deyildir. Göründüyü kimi, iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etməklə məhkəmə aidiyyəti qaydalarını da pozmuşdur. Qeyd edilənlərdən əlavə iddiaçının tələbi mübahisəli qeyriyaşayış sahəsinin dəyərinin 57.750 (əlli yeddi min yeddi yüz əlli) manat olması hissəsində də əsassızdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş X3 rəyinə əsasən qiymətləndirici ayrıca tikililəri qiymətləndirərkən Əsasnamənin 28-ci bəndinə istinad etmişdir ki, bu da yalnız bina və tikililərin bir hissəsində yerləşən qeyri-yaşayış sahələrinin qalıq dəyərini müəyyən etmək üçün tətbiq edilir. Ayrıca tikililərin, əsas vəsaitlərin (balans dəyəri olduqda) start qiyməti Əsasnamənin 5-ci və 16-cı bəndlərinə əsasən müəyyənləşdirilir.Mübahisəli qeyri-yaşayış binasının normativ qiyməti 2008-ci ildə iddiaçının iddia etdiyi kimi 57.750 (əlli yeddi min yeddi yüz əlli) manat deyil, 285 369 (iki yüz səksən beş min üç yüz altımış doqquz) manat təşkil etmişdir. Bakı İnzibati Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2-1(112)-2540/2022 nömrəli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmişdir. Məhkəmə qərarı onunla əsaslandırılmışdır ki, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələbləri pozularaq, qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrasının təmin olunması məqsədilə iddiaçı ilə mübahisəli daşınmaz əmlaka dair qanunla müəyyən olunmuş qaydada alqı-satqı müqaviləsinin bağlanmasının tam başa çatdırılması həyata keçirilməmişdir. Məhkəmələrin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Birinci instansiya məhkəməsi İddiaçı sifarişi əsasında X5 tərəfindən hazırlanmış xx.xx.2022-ci il tarixli 10 nömrəli mütəxəssis rəyinə istinad edərək qeyriyaşayış sahəsinin qiyməti ilə bağlı da iddiaçının tələblərini əsaslı hesab etmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi tətbiq edilməli olan qanunvericilik normasında düzgün nəticəyə gəlməmişdir. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə X15 X9 arasında qeyd edilən qeyri-yaşayış sahəsinə dair əvvəlcə xx.xx.2008-ci il tarixli, 7360 nömrəli icarə müqaviləsi bağlanmışdır. Daha sonra iddiaçı icarəyə götürdüyü qeyriyaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə müraciət etmiş, qeyd olunan müraciət nəzərə alınaraq Komitənin xx.xx.2008-ci il tarixli, 178 nömrəli sərəncamı ilə mübahisənin predmeti olan əmlak özəlləşdirilməsi üçün iddiaçıya təklif olunmuş, lakin onun tərəfindən alqı-satqı müqaviləsi imzalanmamış və dəyərinin ödənilməsi təmin edilməmişdir. Bu səbəbdən də, Əmlak Məsələləri Dövlət Komitəsinin 07 noyabr 2012-ci il tarixli, 342 nömrəli sərəncamı ilə mübahisənin predmeti olan qeyri-yaşayış sahəsinə dair Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il tarixli, 178 nömrəli sərəncamı ləğv edilmişdir. Göründüyü kimi iddiaçının qeyd etdiklərinə əsaslansaq mübahisə predmeti olan əmlakın özəlləşdirilməsi ilə əlaqədar onun tərəfindən 2008-ci il tarixində cavabdeh inzibati orqana müraciət edilən zaman hüquqlarının pozulmasından xəbərdar olduğu halda, qanunda nəzərdə tutulmuş 30 günlük müddəti ötürməklə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.Bundan başqa, X3 rəyi əsassızdır və 2008-ci ildə alqı-satqı müqaviləsi bağlanılan zaman əmlakın mövcud olmuş həqiqi normativ dəyərini əks etdirmir. Belə ki, mübahisəli qeyri-yaşayış binasının normativ qiyməti 2008-ci ildə iddiaçının iddia etdiyi kimi 57750 (əlli yeddi min yeddi yüz əlli) manat deyil, 285 369 (iki yüz səksən beş min üç yüz altmış doqquz) manat təşkil etmişdir. Lakin bununla belə 2008-ci ildə məhkəmə qərarı qəbul edildiyi zaman dövlət əmlakı yalnız normativ qiymətlə özəlləşdirilirdisə, xx.xx.2016-cı ildə qanunvericilikdə dəyişiklikdən sonra dövlət əmlakının normativ qiyməti onun bazar dəyərindən aşağı olduqda (hansı ki, hazırki mübahisənin predmeti olan əmlakın normativ dəyəri onun bazar dəyərindən dəfələrlə aşağıdır) özəlləşdirmə bazar dəyərinə əsasən həyata keçirilir. Birinci instansiya məhkəməsi qanunvericilikdə qeyd edilən dəyişikliyi nəzər almadan qərar qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin olunmamasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən iddaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdi. Sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddaçı nümayəndəsi və vəkili tərəfindən elektron məhkəmə sistemi vasitəsilə ərizə göndərilərək oxşar iş üzrə yuxarı instansiya məhkəməsinin qərarlarının təqdim edilməsi üçün məhkəmə iclasının təxirə salınması xahiş edilmişdir. Məhkəmə Kollegiyası tərəfindən iş üzrə araşdırmanın kifayət qədər aparıldığı əsası ilə vəsatət təmin edilməmiş və Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddaçının nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilib, iddia rədd olunmalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İnzibati işdən müəyyən olunur ki, Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 05 mart 2007-ci il tarixli 2689/İİİ41-A/İİ-31 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin tam, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin apellyasiya şikayətinin isə qismən təmin edilməsi; Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 1-ci instansiya qaydasında çıxarmış olduğu 26 oktyabr 1999-cu il tarixli 2256/3-203 saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılması, iddiaçı "xxxx" kiçik müəssisəsinin iddiasının rədd edilməsi; İddiaçı qarşılıqlı iddiasının təmin edilməsi: Bakı şəhəri, Nərimanov rayonu, Moskva prospekti 101 saylı binada yerləşən birmərtəbəli 823,9 kv.m qeyri-yaşayış sahəsinin "xxxx" kiçik müəssisəsinə satılması haqqında (həmin sahənin) 000394 saylı xx.xx.2000-ci il tarixli şəhadətnamə; X1 haqqında (həmin sahənin) 002080 saylı xx.xx.2004-cü il tarixli şəhadətnamələr üzrə müvafiq alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi, tərəflərin əvvəlki vəziyyətlərlə qaytarılmaqla alqı-satqı müqavilələri və şəhadətnamələrin verilməsi üzrə xərclərinin hər birinin müvafiq olaraq digər tərəfə ödənilməsi; Dövlət büdcəsinə ödənilmiş pulların Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən qaytarılması (bu qətnamə və əlaqədar ödəmə sənədələri pulun qaytarılması üçün əsasdır); Bakı şəhəri, Nərimanov rayonu, sabiq Moskva prospekti, hazırda Heydər Əliyev prospekti 101-ci ünvandakı birinci mərtəbədə yerləşən 823,9 kv.m metr qeyri-yaşayış sahəsinin X12 X7 adına özəlləşdirilməsi vəzifəsinin DƏİE üzrə Dövlət Komitəsinə həvalə edilərək, mülkiyyət haqqında şəhadətnamənin verilməsi qət edilmişdir. İş üzrə xx.xx.2007-ci il tarixli icra vərəqəsi verilmişdir. Xətai rayon məhkəmə icraçıları şöbəsinin icraatında olan AR İqtisad Məhkəməsinin 2689/İİİ-41-A/İİ-31 saylı, xx.xx.2007-ci il tarixli icra vərəqəsi “Məhkəmə Qərarlarının İcrası Haqqında” AR Qanununun 70-ci maddəsinə əsasən icra olunmadan geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə ünvanlanmış xx.xx.2008-ci il tarixli 2689/İİİ-41-A-31 saylı məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 2689/İİİ-41-A/İİ-31 saylı iş üzrə 05 mart 2007-ci il tarixli qətnaməsi ilə ünvan 4 ünvanda yerləşən birmərtəbəli 823.9 kv. metr qeyri-yaşayış sahəsinin X15 X8 adına özəlləşdirilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə həvalə edilmişdir. Qeyd edilən qətnamə və xx.xx.2007-ci il tarixli icra vərəqəsi icra olunması üçün xx.xx.2007-ci il tarixdə Komitəyə göndərilsə də qətnamənin icrası təmin olunmamışdır. xx.xx.2007-ci il tarixli eyni məzmunlu məktublarına heç bir cavab verilməmişdir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respunblikası İqtisad Məhkəməsinin 2689/İİİ-41-A/İİ-31 saylı iş üzrə 05 mart 2007-ci il tarixli qətnamənin surəti təkrarən Komitəyə göndərilərək icranın nəticəsi barədə məhkəməyə məlumat verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 101 ünvanında yerləşən sahələr üzrə faktiki ölçüsü 825 kv. metr (ərazinin ümumi torpaq sahəsi 1967,3 kv. metr, ümumi tikinti altı sahə 947.8 kv.metr) olan qeyri-yaşayış sahəsinin icarayə verilməsinə dair İddiaçı adına xx.xx.2008-ci il tarixdə 000457 nömrəli Texniki pasport tərtib olunmuşdur. Müvafiq əmlakın özəlləşdirilməsi üçün iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixində cavabdehə müraciət olunmuş, cavabdehin xx.xx.2021-ci il tarixli, **********37 №-li cavab məktubu ilə bildirilmişdir ki, bu əmlakın özəlləşdirilməsi iddiaçıya təklif olunmuş, lakin bu təklifə müsbət cavab verilmədiyi üçün xx.xx.2012-ci il tarixdən həmin əmlakın iddiaçıya satılması ilə bağlı sərəncam ona aid hissədə ləğv edilmişdir. Hazırki iddia tələbi üzrə iddiaçı Azərbaycan Respublikası İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2689/İİİ-41-A/İİ-31 saylı qanuni qüvvəyə minmiş qətnaməsini icra etmək məqsədilə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 101-ci ünvanda yerləşən qeyri-yaşayış sahəsinin satış qiyməti (dəyəri) 57.750 (əlli yeddi min yeddi yüz əlli) manat müəyyən edilməklə, İddiaçı adına özəlləşdirilməsi üçün tərtib olunmuş xx.xx.2008-ci il tarixli, 3043 saylı icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, qərar maddi hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. İşdən göründüyü kimi, hazırki mübahisənin mahiyyəti üzrə qəbul edilmiş qanuni qüvvəsini almış əvvəlki məhkəmə qərarı ilə cavabdehin üzərinə qeyri-yaşayış sahəsinin X12 X7 adına özəlləşdirilməsi vəzifəsi həvalə edilərək, mülkiyyət haqqında şəhadətnamənin verilməsi qət edilmişdir. Dövlət əmlakının İdarə edilməsi üzrə Dövlət komitəsi tərəfindən qətnamənin icrası ilə əlaqədar olaraq, mübahisənin predmeti olan əmlaka dair iddiaçı ilə əvvəlcə icarə müqaviləsi bağlanılmış və daha sonra əmlak satın alınması üçün ona təklif edilmişdir. İcarəyə verilmiş əmaka dair xx.xx.2008-ci il tarixli 3043 №-li alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, müqavilədə “Satıcı” qismində Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, “Alıcı” qismində isə X15 X9 göstərilmişdir. Həmin müqavilənin 1-ci bəndinə əsasən müqavilənin predmetini “Alıcı”nın Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (Y.Səfərov küçəsi 20) ilə bağladığı xx.xx.2008-ci il tarixli 7360 saylı icarə müqaviləsi əsasında icarəyə götürdüyü və bu müqavilə ilə satın aldığı 825,0 kv.m qeyri yaşayış sahəsi təşkil edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən “Satıcı” Nərimanov rayonu, Heydər Əliyev prospekti 101 ünvanında yerləşən 825,0 kv. metr qeyri-yaşayş sahəsini bu müqavilədə göstərilən şərtlərə uyğun olaraq tam dəyərə 285.369,00-iki yüz səksən beş min üç yüz altmış doqquz manata birbaşa satır, “Alıcı” isə onu satın alır. Həmin müqavilənin 1.3-cü bəndinə əsasn əmlakın satış qiymətinin 100 faizi ödənildikdən sonra onun üzərində alıcının mülkiyyət hüququ yaranır. İşin yuxarıda sadalanan hallarından, apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, cavabdeh orqan qeyri-yaşayış sahəsinin satış qiymətinin cari zamanda qüvvədə olan qanunvericiliyə uyğun, iddiaçı isə qeyri-yaşayış sahəsinin ona satılmasını qət edən müvafiq məhkəmə qərarının qüvvəsini aldığı tarixdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun müəyyənləşdirilməli olmasını hesab edir. Məhkəmə kollegiyası tərəfindən ilk öncə müəyyənləşdirilməli hal tətbiq edilməli olan qanunvericilik norması ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə bağlı yaranacaq hüquq münasibətinə həmin münasibətin yarandığı zaman yəni qətnamənin qəbul edildiyi dövrdə qüvvədə olan qanunvericilik norması tətbiq edilməlidir. Belə olan halda Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin əsas dəlili olan qeyri-yaşayış sahəsinin satış qiymətinin cari zamanda qüvvədə olan qanunvericiliyə uyğun hesablanması ilə razılaşmasa da, iddia tələbinin məhz 57750 manat satış qiyməti ilə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbini də əsaslı hesab etmir. Belə ki, iddiaçı məhkəmə qətnaməsinin qüvvəyə mindiyi vaxtda qüvvədə olan qanunvericilik normasına istinad etsə də, son olaraq tələbində Azərbaycan Respublikası İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2689/İİİ-41-A/İİ-31 saylı qanuni qüvvəyə minmiş qətnaməsini icra etmək məqsədilə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 101-ci ünvanda yerləşən qeyri-yaşayış sahəsinin satış qiyməti (dəyəri) 57.750 (əlli yeddi min yeddi yüz əlli) manat müəyyən edilməklə, İddiaçı adına özəlləşdirilməsi üçün tərtib olunmuş xx.xx.2008-ci il tarixli, 3043 saylı icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi öhdəliyinin cavabdeh ƏMDX-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə kollegiyası tərəfindən müəyyənləşdirilməli hal həm də mübahisəli qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin hesablanması ilə bağlıdir. Çünki, iddiaçı məhz tələbində əmlakın qiyməti 57.750 (əlli yeddi min yeddi yüz əlli) manat olmaqla alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsini xahiş edir. Məhkəmə kollegiyası hazırki mübahisənin mahiyyəti üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin qüvvəyə mindiyi vaxtda qüvvədə olan qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamənin 5-ci bəndinin 4-cü abzasına əsasən icarəyə verilmiş və istifadəsiz olan daşınmaz dövlət əmlakının start (satış) qiyməti ( düstur- İq= İd x Yə) müəyyən edilir. İq icarəyə verilmiş və ya istifadəsiz olan daşınmaz dövlət əmlakının start (satış) qiyməti, İd – icarəyə verilmiş və ya istifadəsiz olan daşınmaz dövlət əmlakının müəssisənin mühasibat uçotu məlumatlarına və ya bu Əsasnamənin 28-ci bəndinə əsasən hesablanmış qalıq dəyəri, Yə müəssisənin yerləşmə əmsalıdır. Həmin Əsasnamənin 27-ci bəndinə uyğun olaraq müəssisənin hesablanmış ilkin dəyərinə tətbiq edilən əmsallar (bazar konyukturu nəzərə alınmaqla) Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) ilkin qiymətinə tətbiq edilən əmsallar”ın təsdiq edilməsi barədə xx.xx.2001-ci il tarixli, 23 nömrəli qərarı ilə tənzimlənir. Qeyd edilən Qərara əsasən özəlləşdirilən müəssisə və obyektlərin start (satış) qiyməti və ya nizamnamə kapitalı onların ilkin qiymətinə müəssisənin maliyyə asılılığı, yerləşdiyi ərazisinin əlverişliliyi və sair göstəricilər nəzərə alınmaqla müvafiq əmsallar tətbiq edilməklə müəyyənləşdirilir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8.1-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş verginin məqsədləri üçün Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 412 nömrəli qərarı ilə təsdiq edilmiş Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədlərindən aydın görünür ki, hazırda sözügedən qeyri-yaşayış sahəsi 3-cü zonada yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) ilkin qiymətinə tətbiq edilən əmsallar”ın təsdiq edilməsi barədə xx.xx.2001ci il tarixli, 23 nömrəli qərarı ilə 3-cü zona üzrə əmsal 3,5 müəyyən edilmişdir. İddiaçının tələbindən, apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkilinin izahatlarından, həmçinin, sübut qismində təqdim edilmiş X3 10 fevral 2022-ci il tarixli 10 nömrəli mütəxəssis rəyindən aydın olur ki, sözügedən qeyri-yaşayış sahəsinin qiyməti müəyyənləşdirilərkən “Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında” Əsasnamənin 28-ci bəndinə istinad edilmişdir. Həmin Əsanamənin 28-ci bəndinə əsasən bina və tikililərin bir hissəsində yerləşən qeyri-yaşayış sahələrinin qalıq dəyəri Qd=K x Sü x Bə x Hə x Mə x Aə düstürla hesablanır. Halbuki Məhkəmə kollegiyası iddiaçının bu dəlilləri ilə razılaşmır. Belə ki, işdə olan sənədlərdən aydın olur ki, sözügedən qeyri-yaşayış sahəsi ayrıca tikilidir. Ayrıca tikililərlə bağlı hesablama fərqli düsturla həyata keçirilir. xx.xx.2008-ci il tarixli baxış aktından, həmçinin, Dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il tarixli 178 nömrəli sərəncamı ilə təsdiq edilmiş İcarəçilərə 100 faiz dəyəri ilə təklif olunan icarəyə verilmiş daşınmaz dövlət əmlakının siyahısından aydın olur ki, binanın tipi 1 mərtəbəli ayrıca tikililərdir. Həmçinin, əmlakın qiymətləndirilməsi haqqında hazırki iddiaçı ilə qiymətləndirici "xxxx" MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli 124 nömrəli müqaviləyə əsasən qiymətləndirici "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli rəydən aydın görünür ki, təqdim edilmiş ilkin məlumatlara, təhlil və hesablamalara, mühasibat sənədlərinə və baxış aktına əsasən qeyri-yaşayış sahəsinin bərpa və real qalıq dəyərləri cəmi 81534,00 manat müəyyən edilmişdir. Belə olan halda Məhkəmə kollegiyası qeyd edir ki, “Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında” Əsasnamənin 5-ci bəndi tətbiq edilməli olduğu halda həmin Əsasnamənin 28-ci bəndinə istinad edilərək iddianın təmin edilməsi məhkəmə qərarında maddi hüquq normalarının düzgün tətbiq edilməməsinə səbəb olmuşdur. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazi 3-cü zonaya aid olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən 3,5 yerləşmə əmsalı tətbiq edilməklə hazırlanmış xx.xx.2008-ci il tarixli 3043 nömrəli alqı-satqı müqaviləsindəki qiymət əsaslı hesab edilməlidir. Lakin buna baxmayaraq, apellyasiya baxışı zamanı da iddiaçının nümayəndəsi və vəkili tələbin məhz qeyri-yaşayış sahəsinin satış qiyməti (dəyəri) 57.750 (əlli yeddi min yeddi yüz əlli) manat müəyyən edilməklə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi olduğunu qeyd etmiş, Məhkəmə kollegiyasının hüquqi yardımına müvafiq olaraq iddia tələbində dəqiqləşdirmə həyata keçirməmişdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, şikayət təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2540/2022 saylı, 24 fevral 2022-ci il tarixli qərarı ləğv edilməli, iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2540/2022 saylı, 24 fevral 2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “Azərbaycan Respublikası İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2689/İİİ-41-A/İİ-31 saylı qanuni qüvvəyə minmiş qətnaməsini icra etmək məqsədilə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 101-ci ünvanda yerləşən qeyri-yaşayış sahəsinin satış qiyməti (dəyəri) 57.750 (əlli yeddi min yeddi yüz əlli) manat müəyyən edilməklə, İddiaçı adına özəlləşdirilməsi üçün tərtib olunmuş xx.xx.2008-ci il tarixli, 3043 saylı icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar