Məhkəmə qərarları › İş №2-1(103)-2010/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2010/2023

12.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2010/2023 12.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X2 ibarət tərkibdə Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2534/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı Bakı İnzibati məhkəməsinə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ qəsəbəsi bağ massivində “Şabandağ” bağçılıq-bostançılıq yoldaşlığı tərəfindən ayrılmış 26 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı X1 "Şabandağ" bağçılıq-yoldaşlıq təsərrüfatı kollektivinin üzvüdür. Ona Şabandağ sahəsində sahəsi 0,09 ha olan 26 saylı bağ sahəsi ayrılmışdır. Bakı şəhər X5 İcraiyyə Komitəsinin 11/546 nömrəli 07 avqust 1991-ci il tarixli qərarına əsasən 26 Bakı Komissarı adına Neft-Qazçıxarma İdarəsinin xahişi nəzərə alınaraq həmin idarəyə Qaradağ rayonu Lökbatan-Hacı Həsən yolunun qərb hissəsində kollektiv bağçılıqbostançılıq üçün torpaq sahəsi ayrılıb. "Bağçının üzvlük kitabçası"na əsasən X1 1991-ci ildə "Şabandağ" bağçılıq bostançılıq yoldaşlığına qəbul edilib, bağçılıq cəmiyyətinin xx.xx.1991-ci il tarixli, 11/546 nömrəli protokoluna əsasən onun istifadəsinə sahəsi 900 kv.m. olan 26 saylı bağ sahəsi verilib. 02 mart 2022-ci ildə iddiaçı həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi üçün cavabdeh quruma müraciət edib. Cavabdeh orqanın 05 aprel 2022-ci il tarixli **********65 saylı bildirişi ilə müraciətin təmin edilməsindən imtina edib. İmtinanın əsasları kimi elektron kadastr baza məlumatlarına əsasən 26 saylı bağ sahəsinin bağçılıqyoldaşlığın ayrıc aktından kənarda yerləşməsi, ümumi əraziyə digər hüquqi şəxsin adına kadastr planının verilməsi, bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adının olmaması və həmçinin 26 saylı bağ sahəsinin ərazisinə digər fiziki şəxsin müraciətinin olması göstərilib. Həmçinin 26 saylı bağın sahəsinin sənəddə 0,09 hektar göstərilsə də, fakitiki 0,0635 hektar olması imtinaya səbəb göstərilib. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2534/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı 1991-ci ildən "Şabandağ" bağçılıq-bostançılıq cəmiyyətinin üzvü olub və ona Şabandağ sahəsində sahəsi 0,09 ha olan 26 saylı bağ sahəsi ayrılıb. Bu, Bakı şəhər X5 İcraiyyə Komitəsinin 11/546 nömrəli, 07 avqust 1991-ci il tarixli qərarı və bağçılıq cəmiyyətinin xx.xx.1991-cı il tarixli, 11/546 nömrəli protokolu ilə təsdiq olunur. Birinci instansiya məhkəsinə təqdim edilmiş bağçılıq üzvlük kitabçası, xx.xx.1991-cı il tarixli, 11/546 nömrəli protokoldan çıxarış, 26 saylı bağ sahəsinin plan- cizgisi, bağçılıqbostançılıq kollektivinin üzvlərinin ümumi siyahısı və s. iddiaçının həmin bağ sahəsi üzərində hüquqlarının əmələ gəlməsinin əsaslarını təşkil edir. Başqa sözlə qanunun və Mülki Məcəllənin normalarına əsasən iddiaçının sözügedən bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün hüquqi əsaslar mövcuddur. Mübahisələndirilən qərarda isə iddiaçının sözügedən bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün kifayət edən sənədlərə - üzvlük kitabçası və üzvlərin iclasının protokolundan çıxarışa hər hansı bir münasibət bildirilməyib. Tərəflərin izahatları : Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini əsassız hesab edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Apellyasiya instansiya məhkəməsinin mövqeyi : Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - SOCAR “Azneft” İstehsalat Birliyi Ə.C.Əmirov adına Neft və qazçıxarma idarəsi “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin “26 Bakı Komissarı” Neft-qazçıxarma İdarəsinin və Həmkarlar İttifaqı Komitəsinin 05 mart 1990-cı ildə keçirdiyi ümumi iclasın 10 saylı protokolundan Çıxarışa əsasən X1 həqiqətən “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin üzvüdür və “26 Bakı Komissarı” adına Həmkarlar Təşkilatının 05 mart 1990-cı ildə keçirdiyi ümumi iclasın 10 saylı protokoluna əsasən ona “Şabandağ” sahəsində “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin ümumi sahəsindən baş plana əsasən 900 kv.m olmaqla 26 saylı bağ sahəsi ayrılmışdır. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1991-il tarixli, 11/546 saylı qərarına əsasən 26 Bakı komissarı adına Neftqazçıxarma idarəsinin xahişini nəzərə alaraq Qaradağ rayonu LökBatan-Hacıhəsən yolunun qərb hissəsində kollektiv bağçılıq-bostançılıq üçün həmin idarəyə torpaq sahəsi ayrılmışdır. Bildirilmişdir ki, “Şabandağ” bağçılıq-yoldaşlıq yoldaşlığının arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. - İddiaçı tərəfindən təqdim edilmiş Ə.Əmirov adına NQÇİ-nin nəzdində “Şabandağ” bağçılıq bostançılıq kollektivinin ümumi siyahısında 72 nəfər olmaqla İddiaçı 26 nömrəli bağ sahəsi ayrılmış və həmin bağ sahəsinə dair üzvlük kitabçası verilmişdir. Həmin üzvlük kitabçasına əsasən, bağçılıq cəmiyyəti üzvlətinin xx.xx.1990-cı il tarixli 10№-li protokoluna əsasən iddiaçı bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş və bağçılıq cəmiyyəti bağından sahəsi 900 kv.m. olan 26 №-li bağ sahəsi xx.xx.1991-ci il tarixdə qeydə alınmış qərara əsasən daimi istifadə üçün verilmişdir. - Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh orqan tərəfindən bildirilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 635,0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində 1 (bir) mərtəbəli yaşayış evi mövcuddur. İdarədə mövcud arxiv məlumatlara əsasən təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı Mirağa qızının adı aşkar edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi bağçılıqyoldaşlığın ayrıc aktından kənarda yerləşir. Ümumi əraziyə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər hüquqi şəxsin adına “Torpaq sahəsinin plan və ölçüsü” (kadastr planı) verilmişdir, həmçinin həmin əraziyə digər fiziki şəxsin müraciəti mövcuddur. - Məhkəmənin sorğusuna cavab olaraq SOCAR “Azneft” İstehsalat Birliyi tərəfindən bildirilmişdir ki, SOCAR-ın Baş ofisinin aidiyyəti strukturunda İddiaçı “Şabandağ” kollektiv bağçılıq-bostançılıq təsərrüfatında bağ sahəsinin ayrılmasına dair hər hansı bir sənəd aşkar edilmədiyindən, sorğuda qeyd edilən sənədlərin təsdiq olunmuş surətlərinin təqdim olunması mümkün deyildir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək. İşdən aydındır ki, cavabdeh orqan iddiaçının Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ qəsəbəsi bağ massivində “Şabandağ” bağçılıq-bostançılıq yoldaşlığı tərəfindən ayrılmış 26 saylı bağ sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmamalı olmaması qənaətinə gəlməsinin səbəblərindən biri həmin torpaq sahəsinin başqa hüquqi şəxsə məxsus torpaq sahəsilə üst-üstə düşməsidir. Bakı şəhər İcra hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 330 №li sərəncamının surətindən görünür ki, X6 xx.xx.2005-ci il tarixli 01/0026 saylı məktubu nəzərə alınaraq, Binəqədi və Qaradağ rayonlarının ərazilərində Xocasən kəndinin şərqində yerləşən Xocəsən gölünün ətrafındakı torpaq sahəsinin, universitet kampusunun tikintisinin layihələşdirilməsi üçün həmin Fondun daimi istifadəsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeyd olunan torpaq sahəsi ilə bağlı X6 adına X7 kitabında uçota alınmış, “Torpaq sahəsinin planı və ölçüsü” tərtib olunmuşdur. İşin qeyd edilən hallarından da aydın olduğu kimi, iddiaçı iddia etdiyi torpaq sahəsinin harda yerləşməsinə dair hər hansı bir müəyyənedici sənəd təqdim edə bilməmişdir. Naturada göstərdiyi torpaq sahəsinin isə müvafiq icra hakimiyyəti orqanının sərəncamla digər bir hüquqi şəxsin adına, “Heydər Əliyev” Fonduna ayrılmış torpaq sahəsilə üst-üstə düşməsi isə iş materialları ilə öz təsdiqini tapır. Digər tərəfdən, kollegiya bildirir ki, iddiaçının göstərdiyi torpaq sahəsi bağçılıqyoldaşlığın ayrıc aktından kənarda yerləşdiyindən, mübahisəli torpaq sahəsinin “Heydər Əliyev” Fondunun daimi istifadəsinə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 330 nömrəli sərəncamı da hər hansı qaydada mübahisələndirilmədiyindən, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Həmçinin iddiaçı tərəfindən təqdim edilən üzvlük siyahısının cavabdeh tərəfindən təqdim edilən üzvlük siyahısı ilə ziddiyyət təşkil etməsi məsələsinə gəldikdə isə, Kollegiya iddiaçı tərəfindən təqdim edilən siyahının mötəbərliyini şübhə altına alan bir sıra hallara diqqət çəkir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, 1990-cı il tarixində “Şabandağ” bağçılıq, bostançılıq təsərrüfatı yaradılmışdır. Kollegiya vurğulamağı zəruri hesab edir ki, iddiaçının iddia etdiyi kimi 1991-ci il tarixində yoldaşlığa üzv olması məqbul hesab olunsa, o zaman iddiaçının adının cavabdeh tərəfindən təqdim edilən həmin dövrə aid olan üzvlük siyahısında olmaması anlaşılan deyil. Eyni zamanda cavabdeh tərəfindən təqdim edilən siyahı “tərtib edilmə baxımından” “Şabandağ” bağçılıq, bostançılıq təsərrüfatının yaradıldığı və üzvlük siyahısının tərtib edildiyi dövrün tələbləri nəzərə alınmaqla daha mötəbər hesab olunur. Bundan əlavə SOCAR tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, SOCAR-ın Baş ofisinin aidiyyəti strukturunda İddiaçı Mirağa qızına “Şabandağ” kollektiv bağçılıq-bostançılıq təsərrüfatında bağ sahəsinin ayrılmasına dair hər hansı bir sənəd aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. AR MM-in 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. AR İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Beləliklə, yuxarıda qeyd edilənlərə məcmu halda qiymət verən kollegiya bu nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas müyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 20 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2534/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar