Məhkəmə qərarları › İş №2-1(103)-2010/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2010/2024

03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2010/2024 03.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Cəfərov Namiq Şamil oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi vəkil Nümayəndə və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2810/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı (indiki adı: Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsi) mübahisələndirmə haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin 10 iyul 2023-cü il tarixli **********897800 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarının ləğv edilməsi barədə” qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.32.1) İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Tərəfindən 2022-ci il ərzində 105.941,72 manat məbləğində malların təqdim edilməsi ilə bağlı elektron qaimə-fakturaları təqdim edilmişdir. Qeyd olunan malların alışı ilə bağlı “Sədərək” Ticarət Mərkəzindən, 8-ci km Bazarından və Dərnəgüldən elektron qaimə verilmədiyindən vergi orqanına müvafiq alış qaimələri təqdim edilməmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək onu riskli vergi ödəyicisi olmağı barədə xx.xx.2023-cü il **********648100 nömrəli qərar qəbul edilmişdir və Kameral vergi yoxlaması təyin etmişdir. Halbuki, hesabat dövrü üçün (2022) sahibkarlıq subyekti riskli vergi ödəyicisi kimi tanımamış və onlar bəyənnamə verən dövrdə, yəni 2023-cü ildə riskli vergi ödəyicisi statusuna keçirilmişdir. Vergi orqanı tərəfindən 2022-ci il üçün gəlir vergisi üzrə kameral vergi yoxlaması ilə vergi məbləği hesablanarkən bəyannamənin “Hesabat dövrünün gəlirləri” hissəsinin 1200.1-ci (malların təqdim edilməsindən gəlir) sətrində 105 941,72 manat, xərcləri hissəsində 5486.00 manat (o cümlədən, sosial sığorta haqları 1044 manat, malın dəyəri 300 manat, bank xidmətləri üzrə xərclər 4142 manat) qeyd edildiyi, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci il üçün 15068,35 manat gəlir vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********795700 nömrəli Qərar qəbul olunmuşdur. Tərəfindən kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə Dövlət Vergi Xidmətinə daxil olmuş xx.xx.2023-cü il tarixli (AVİS qeydiyyatı: xx.xx.2023-cü il tarixli **********821400 nömrəli) və xx.xx.2023-cü il tarixli (AVİS qeydiyyatı: xx.xx.2023-cü il tarixli **********094300 nömrəli) inzibati şikayətlərini araşdıraraq “İnzibati şikayətin təmin edilməməsi” haqqında 22 iyun 2023-cü il tarixli **********398200 nömrəli qərar qəbul etmişdir. xx.xx.2023-cü il tarixdə 2022-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin araşdırılması zamanı kənarlaşma aşkarlanaraq yaranmış kənarlaşmanı aradan qaldırmaq üçün vergi orqanı tərəfindən 2022-ci il üçün 16,559.7 manat əlavə gəlir vergisi hesablanmışdır. Tərəfindən Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyinin Apellyasiya şurasına şikayət verilərək qərarların ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şurasının 25 avqust 2023-cü il tarixli 53 №-li qərarına əsasən inzibati şikayət təmin edilməmiş və qərarlar dəyişdirilmədən saxlanılmışdır...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...AR Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” üzrə aparılmış təhlillər zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixdə cəmi 56,5 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə “Yanğın şlankı (20 m) Prestij 51-1.0-OP-PK, Polipropilen İp F2 mm, tava 30 sm, Pedrollo BCm 15/50 Drenaj nasosu və s." satışda qeyd olunsa da, elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Həmin “Meyarları”n 2.1.1-ci yarımbəndinə əsasən bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda, 3.1.1-ci yarımbəndinə əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə vergi ödəyicisinin apardığı əməliyyatlar riskli əməliyyat hesab olunur. Qeyd edilənlərə əsasən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab edilərək barəsində “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə" xx.xx.2023-cü il tarixli **********648100 nömrəli Qərar qəbul edilmişdir. İddiaçı həm iddia ərizəsində, həm də inzibati icraat çərçivəsində araşdırmaya təqdim etdiyi izahatında malları alarkən alqı-satqı müqaviləsi bağladığını, hesab faktura və razılaşdırma protokolu əldə etdiyini, qarşı tərəfin elektron qaimə faktura təqdim edəcəyini bildirməsinə baxmayaraq elektron qaimə fakturanı təqdim etmədiyini, malları əldə etdiyi şəxslərlə bağlanmış müqavilələri itirdiyini bildirmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına uyğun olaraq və ya 75% güzəşt tətbiq olunaraq 2022ci il üçün gəlir vergisinin hesablanmasını xahiş etmişdir. Araşdırma zamanı iddiaçı tərəfindən 2022-ci il ərzində elektron qaimə-faktura əsasında X1 300,0 manat məbləğində malların (əlcək) əldə edildiyi, 2022-ci il ərzində elektron qaimə-faktura əsasında "xxxx" MMC-yə12632,5 manat, "xxxx" MMC-yə (VÖEN: **********) 82382,12 manat, "xxxx" MMC-yəyə10927,1 manat dəyərində müxtəlif çeşiddə malların təqdim edildiyi və 2022-ci il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində vergi ödəyicisi tərəfindən göstərilmiş xərc məbləğlərinin kameral vergi yoxlaması zamanı nəzərə alındığı müəyyən edilmişdir. Riskli vergi ödəyicisi hesab edilən vergi ödəyicisinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada 75 faiz güzəşt hüququnun məhdudlaşdırılmasına baxmayaraq, vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun qeyd edilməsi, həmçinin uçot-baza üzrə 86940,77 manat məbləğində sənədlərlə təsdiq edilməyən xərclərin müəyyən edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşma barədə vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********855200 nömrəli məktub göndərilərək dəqiqləşdirilmiş bəyannaməni, ətraflı izahat məktubunu və müvafiq təsdiqedici sənədlərini təqdim etməklə kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Kənarlaşma aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə gəlir vergisi bəyannaməsi üçün 2022-ci il üzrə 16559,75 manat əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə tərəflərindən xx.xx.2023- cü il tarixli **********897800 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir...” Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2810/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin 10 iyul 2023-cü il tarixli **********897800 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı ləğv edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...İş üzrə araşdırma aparan birinci instansiya məhkəməsi iddiaçının vergi qanunvericiliyinin tələblərini pozmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu qəbul etmişdir. Belə ki, iddiaçı tərəfindən elektron-qaimə fakturalar üzrə təqdim edilmiş malların kimdən, hansı qaydada əldə edilməsinə dair məhkəməyə hər hansı dəlil təqdim olunmamışdır. Mallları satan şəxslərin qaimə-faktura təqdim etməkdən imtina etməsi isə heç bir halda iddiaçını məsuliyyətdən azad edən hal kimi onun xeyrinə şərh oluna bilməz. Məhkəmə isə təqdim edilmiş malların hansı formada əldə edilməsinə dair iddiaçının məhkəmə prosesində verdiyi ifadələri əsaslı sayaraq, əlavə sübut tələb etmədən inzibati orqan tərəfindən Nazirlər Kabinetinin müəyyən etdiyi Qaydaların yanlış tətbiq olunduğu qənaətinə gəlmişdir. vergi qanunvericiliyi mikrosahibkarlıq subyektləri üçün güzəşt müəyyən edərkən gəlir və xərclərin uçotunun düzgün aparılması şərtini müəyyən etmişdir. Belə ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021-ci il tarixli 406-VİQD №-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir. Lakin hazırkı iş üzrə iddiaçının təqdim etdiyi mallara dair alış sənədlərinin mövcud olmaması onun tərəfindən vergi qanunvericiliyi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi anlamına gəlir. Bu halda iddiaçı onun barəsində tətbiq ediləcək məsuliyyət tədbirləri, o cümlədən məhrum olacağı vergi güzəştləri barədə əvvəlcədən kifayət qədər məlumata sahib olmalıdır. Nazirlər Kabinetinin 55 saylı Qərarının imperativliyinə münasibətdə isə bildiririk ki, inzibati orqan tərəfindən bucür hesablama tətbiq edilərkən vergi ödəyicisinin fəaliyyəti hərtərəfli təhlil edilməklə qərar qəbul edilir. Başqa sözlə, əgər məhkəmənin qeyd etdiyi kimi, vergi orqanı tərəfindən həmin normanın tətbiq edilməsi məcburi xarakter daşısa idi, vergi ödəyiciləri tərəfindən malların alış-satışına dair düzgün vergi uçotu aparmağa gərək olmazdı.Vergi ödəyiciləri hər bir halda həmin normanın tətbiq ediləcəyini bildikləri üçün artmaqda davam edən vergidənyayınma halları baş verərdi, bu isə birbaşa dövlət büdcəsinə daxilolmaların əhəmiyyətli dərəcədə azalması şəklində özünü göstərmiş olardı. Görünür ki, birinci instansiya məhkəməsi qeyd olunan məsələni nəzərindən qaçırmış, analoji halların gələcəkdə daha böyük problemlərə səbəb olacağı ehtimalını dəyərləndirməmişdir. Bundan əlavə,əgər birinci instansiya məhkəməsi şərti rentabellik normasının imperativliyini normanın ifadə edilmə forması ilə əlaqələndirirsə, bu halda bildiririk ki, qeyd edilən maddi hüquq normasının imperativ xarakterli norma qəbul edilməsi üçün “hesablanır” deyil, “hesablanmalıdır” ifadəsinin işlədilməsi normayaratma prinsipləri baxımından daha məqsədəuyğun olardı. Birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normasının pozuntusuna yol verilmişdir...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmiqdir. Məhkmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi məhkəməyə verdiyi izahatında göstərmişdir ki, cavabdeh tərəfindən iddiaçının 105000 manat məbləğində dövriyyəsini tam mənfəət kiimi qəbul edərək Nazirlər Kabinetinin saylı qərarını tətbiq etmədən iddiaçıya əsassız olaraq əlavə vergi hesablamış. Bazarda tikinti materialları sənədsiz satılır. Əməliyyat apardıqla mağazalar e-qaimə vuracaqların bildirsələr də vurmayıblar. İddiaçı isə həmin malları hər bir halda e-qaimə-faktura əsasında təqdim etmiş və xərc sənədləri olmadığı üçün Nazirlər Kabinetinin 55 saylı qərarını tətbiq edərək, mikrosahibkar kimi, 75 faiz güzəşt təbiq etməklə 2022-ci il üçün 3.331,39 manat gəlir vergisi hesablamışdır. Bu əsasa görə də cavabdeh onu həm riskli vvergi ödəyicisi hesab etmiş, həm də ona əsassız olaraq əlavə gəlir vergisi (16539,75 manat) hesablamışdır. Odur ki, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş edir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı öncə, cavabdehin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin (bundan sonra – cavabdeh) xx.xx.2023-cü il tarixli, **********648100 № li qərarı ilə iddiaçı riskli vergi ödəyicisi hesab edilərək, riskli vergi ödəyicilərinin siyahısına daxil edilmiş, daha sonra kameral vergi yoxlaması nəticəsində xx.xx.2023-cü il tarixli **********897800 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı əsasında ona 16559,75 manat əlavə gəlir vergisi hesablanmışdır . İşə əlavə olumuş AR İN Apellyasiya Şurasının 23 avqust 2023-cü il tarixli 53 nömrəli qərarından görünür ki, iddiaçının mübahisələndirilən qərardan şikayət instansiyasına verdiyi şikayəti Apellyasiya Şurası tərəfindən təmin edilməmişdir. Həmin qərarlara və işdə olan digər sənədlərə əsasən müəyyən olunur ki, iddiaçı 2022-ci il ərzində 105.941,7 manat məbləğində malların təqdim edilməsinə dair e-qaimə faktura təqdim etsə də, həmin malların alışına dair sənədlər əldə edə bilməmiş, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən xx.xx.2001-ci il tarixli 55 saylı qərar ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına istinadən, əldə etdiyi gəlirinə şərti rentabellik tətbiq etməklə və mikrosahibkar kimi Vergi Məcəlləsinin 102.1.30cu maddəsi ilə müəyyən olunan 75 faiz güzəşt hüququndan yararlanmaqla, 2022-ci il üçün dövlət büdcəsinə 3.531,39 manat məbləğində gəlir vergisi hesablamışdır. Lakin cavabdehin iddia ərizəsinə etirazının və onun apellyasiya şikayətinin mahiyyətindən aydın olur ki, bəyannamə üzrə iddiaçı tərəfindən əldə olunan gəlir xərc sənədləri ilə təsdiq olunmadığı təqdirdə onun özü-özünə münastibətdə şərti rentabellik tətbiq etməsi, bu səlahiyyət Vergi Məcəlləsinin 67.14 və 83.9-cü maddələrinə əsasən vergi orqanına məxsus olduğu halda, xərc sənədləri olmadan illik gəlirini şərti rentabelliklə hesablayıb, həm də 75 faiz güzəşt hüququndan istifadə etməsini vergi qanunvericiliyin tələblərinə zidd hesab olunaraq ona kameral yoxlama qaydasında, 2022-ci il üçün bəyan etdiyi 3.531,39 manat gəlir vergisindən əlavə, 16.559,75 manat məbləğində həmin il üçün əlavə vergi hesablamışdır. Məhkəmə kollegiyası, aşağıdakılara görə cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Çünki, Vergi Məcəlləsinin 67.14-cü maddəsi onu nəzərdə tutur ki, vergi ödəyicisinin gəlirlərini və xərclərini müəyyən etmək mümkün olmadıqda, Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanma qaydası tətbiq olunur. Məcəllənin sözügedən 83.9-cu maddəsi isə ümumi bir normadır (5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir) və qüvvədən düşənə qədər nəzərdə tuturdu ki, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Göründüyü kimi, burada qanunverici tərəfindən sözügedən hesablama qaydasının vergi orqanı və ya vergi ödəyicisi tərəfindən tətbiq edilməli olmasına dair hər hansı bir göstərişi nəzərdə tutulmur. Digər tərəfdən, artıq məhkəmə tərcrübəsi də mövcuddur ki, vergi ödəyiciləri tərəfindən həmin norma tətbiq olunmaqla gəlir vergisinin hesablanması hallarına rast gəlinır və Ali Məhkəmə səviyyəsində vergi ödəyicisinin xeyrinə yekunlaşmış məhkəmə qərarı da vardır. Belə olan halda, iddiaçının qeyd olunan normadan yararlanaraq, 2022-ci il üçün gəlirini hesablayaraq, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə müvafiq həmin gəlirinə 75 faiz güzəşt də tətbiq etməklə, 2022-ci ilin gəlirinə görə dövlət büdcəsinə 3531,39 manat məbləğində vergi hesablayıb ödəməsi qanunsuz hesab oluna bilməz. Ən azından, cavabdeh vergi orqanı tərəfindən iddiaçı qeyd olunan əməliyytlara görə xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının riskli vergi ödəyicisi hesab edərək kameral yoxlama qaydasında ona mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərarı ilə 19,538.20 manat məbləğində əlavə vergi məbləği hesablayarkən nəzərə almalı idi ki, Vergi Məcəlləsinin tələblərinə görə: 3.9. Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Konkret halda, işin hallarından görünür ki, cavabdeh qanunsuz olaraq iddiaçının gəlirini və xərc sənədlərini müəyyən edə bilmədiyi halda, baxmayaraq ki, əvvəlki praktikasında belə hallarda Vergi Məcəlləsinin 67.14, 83.9-cu maddələrinə əsasən şərti rentabellik tətbiq etdiyi halda, konkret halda, iddiaçıya münasibətdə bu qaydanı tətbiq etməmiş, onun barasində əlverişsiz inzibati aktlar, o cümlədən, 10 iyul 2023-cü il tarixli **********897800 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarının ləğv edilməsi barədə” mübahisələndirilən qərarı qəbul edərək, ona əlavə vergi hesablamışdır. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 16.1-ci maddəsi isə imperativ qaydada nəzərdə tutur ki, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Azərbaycan Respublikası Konstitusiyasının 73.2-ci maddəsinə əsasən isə “heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz”. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin mübahisələndirilən qərarı maddi və inzibati icraat haqqında hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin məhkəmə tərəfindən maddi və prosesssual hüquq normalarının pozulması ilə əsassız qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2810/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2810/2024saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar