Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2011/2024 02.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə (hazırda Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsi) qarşı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1621/2024 nömrəli, 24 yanvar 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə (hazırda Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsi) qarşı cavabdehin xx.xx.2023-cü il tarixli, **********568100 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarının ləğv olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra – iddiaçı) Sabunçu rayon Vergi İdarəsi tərəfindən xx.xx.2001-ci ildə, ********** № li “VÖEN”lə qeydiyyatdan keçərək fəaliyyət ünvanı Baki şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, Tramvay, Ev 14Q olan vergi ödəyicisidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin (bundan sonra – cavabdeh) xx.xx.2023-cü il tarixli, **********452700 № li qərarı ilə iddiaçı riskli vergi ödəyicisi hesab edilərək, riskli vergi ödəyicilərinin siyahısına daxil edilmişdir. Cavabdehin kameral vergi yoxlaması nəticəsində xx.xx.2023-cü il tarixli, **********568100 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı əsasında iddiaçıya 16127,25 manat əlavə mənfəət vergisi hesablanmışdır. Müəssisənin fəaliyyət istiqaməti xırda çap işlərinin görülməsi, diplom tipli təltif sənədlərinin hazırlanması, müxtəlif mətn və yazı işlərinin dizaynı üzrə xidmətlərin göstərilməsindən ibarətdir. Müəssisə qeydiyyata alındığı vaxtdan bu yana hər zaman şəffaf fəaliyyət prinsipini rəhbər tutmuş, fəaliyyətini hər zaman qanunvericiliyin tələbləri üzrə həyata keçirmişdir. Müəssisə uzun illərdən bu yana fəaliyyətdə olsa da, böyük dövriyyələrlə işləməmiş, hər zaman ixtisaslaşdığı sahə üzrə mikro səviyyədə, yəni kiçik müəssisə olaraq xidmət göstərmişdir. Vergi orqanının müvafiq qərarı ilə hesablanmış əlavə vergilər heç bir əsası olmadan, qanunsuz olaraq hesablanmışdır. ...“Vergi orqanından daxil olmuş, 23 may 2023-cü il tarixli **********845700 saylı və 25 may tarixli **********148400 saylı Kameral uyğunsuzluq məktubunda, MMC tərəfindən 2022-ci il üzrə təqdim edilmiş "Mənfəət vergisi" bəyannaməsində gəlirlərin və xərclərin hesablanması zamanı təsdiqedici sənədlərin olmaması haqqında məlumatlar və bununla əlaqədar kameral uyğunsuzluqların baş verdiyi bildirilir. Göstərilən iradlara cavab olaraq bildirilir ki, 2022-ci ildə tərtib edilmiş müvafiq bəyannamədən də göründüyü kimi xərclərin hesablanması zamanı işçiqulluqçulara hesablanmış və qeyri-nağd yolla, yəni maaş kartlarına bank hesabından ödənilməklə əmək haqqı, sosial sığorta xərcləri (hesablanmış bütün sığorta haqları da bank hesabından büdcəyə ödənilmişdir) və icarə haqqı (ödənilmiş icarə haqqlarını hər rübün "ödəmə mənbəyindən tutulmuş vergilər" hesabatında göstərməklə 14 faiz vergi büdcəyə ödənilmişdir) xərcləri gəlirdən çıxılmışdır. Digər təsdiqedici sənədi olmayan heç bir xərc gəlirlərdən çıxılmamışdır. Eyni zamanda, müəssisənin fəaliyyəti çap işlərindən müxtəlif əşyaların üzərinə loqo yazılmasından, yol kənarında böyük plakatların tərtib olunması, reklamların yazılmasından, fəxri fərmanlar hazırlamaqdan ibarət olduğu üçün heç bir mal-material alınmamışdır. Gərək olan materiallar ya dizaynerin hazırladığı məmulatlar hesabına, ya da sifarişçilərin təqdim etdiyi materiallar üzərinə yazılmaqla hazırlanmışdır”. Qeyd edilən izah məktubuna 2022-ci ilin mənfəət vergisi bəyannaməsi əlavə edilməklə, vergi orqanına göndərilmişdir. 08 iyun 2023-cü il tarixli **********983000 saylı kameral vergi yoxlamasının başa çatdırılması üçün tələb olunan sənədlər (məlumatlar) haqqında, vergi orqanından ünvanlanmış məktubla bildirilir ki, uçot-baza məlumatlarına əsasən müəssisənin mülkiyyətində təsərrüfat subyektinin (obyektinin) olmasına baxmayaraq, təqdim edilmiş 2022-ci ilin "Mənfəət vergisi" bəyannaməsinin 1 saylı əlavəsinin 1.1.1 kodlu sətirində göstəricilər əks etdirilməmiş və əmlak vergisi bəyannaməsi təqdim edilmədiyi üçün kameral uyğunsuzluq aşkar edilmişdir. Bununla əlaqədar olaraq bildirilir ki, müəssisənin balansında heç bir obyekti - yəni, bina, ev, qurğu yoxdur. Müəssisə yarandığı gündən hal-hazıra kimi müxtəlif ünvanlarda icarəyə götürülmüş obyektdə fəaliyyət göstərmişdir. Həmin icarə müqavilələri obyektə kod alan zaman müvafiq vergi orqanlarına təqdim edilmişdir. Müəssisənin mülkiyyətində heç bir əmlakı olmadığı üçün "Əmlak vergisi" bəyannaməsi mükəlləfiyyəti yoxdur”...’’Vergi Orqanının **********568100 saylı qərarına əsasən MMC-nin şəxsi vərəqinə 2022-ci ilin mənfəət vergisi üzrə əlavə olaraq 16127,25 manat kameral vergi hesablanmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, müəssisənin 2022-ci il üzrə gördüyü işlər, xidmətlər illik "Mənfəət vergisi" bəyannaməsində olduğu kimi əksini tapmışdır və xərclər bölümündə də yalnız hesablanmış əmək haqları, sosial sığorta və icarə haqları öz əksini tapmışdır. Mövcud qanunvericiliklə mikro sahibkarlıq fəaliyyəti ilə qeydiyyatda olan vergi ödəyicilərinə şamil olunmuş 75 faiz güzəşt ləğv edilmişdir və müəssisə riskli vergi ödəyicisi kimi qeydiyyata alınmış, bununla da cəmiyyətin fəaliyyəti iflic olmuşdur. Vergi orqanına qeyd edilən ətraflı və təsdiqedici məlumatlar təqdim edilməsinə baxmayaraq, vergi orqanı müvafiq araşdırma aparmadan, təqdim edilmiş sənədlərə baxmadan, sadəcə cərimə tətbiq etmək niyyəti nümayiş etdirərək, vergi qanunvericiliyinin tələblərinə zidd olaraq "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” əlavə vergi öhdəliyinə cəlb olunmaqları ilə bağlı qərar qəbul etmişdir. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş ‘‘Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi tərəfindən riskli əməliyyatların aparıldığı aşkar edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022- xx.xx.2023-cü il tarixdə cəmi 190 min manat dəyərində təqdim edilmiş qaiməfakturalar üzrə "Kataloq, Kətan çanta, Metal pin, Fəxri fərman və s." satışda qeyd olunmasına baxmayaraq, elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda araşdırma zamanı məlum olmuşdur ki, vergi ödəyicisinin qeydiyyatda olan təsərrüfat subyekti mövcud deyildir. Bununla əlaqədar iddiaçı barəsində “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********452700 nömrəli Qərar qəbul edilmişdir. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Maddədə qeyd olunan meyarları təsdiq edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dedikdə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. AR Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” sözügedən məsələni tənzimləyir. Beləliklə, qeyd olunan meyarlar üzrə riskli vergi ödəyicisi hesab edilən vergi ödəyicilərinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada 75 faiz güzəşt hüququnun məhdudlaşdırılmasına baxmayaraq, vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun qeyd edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşma barədə vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********148400 nömrəli məktub göndərilərək dəqiqləşdirilmiş bəyannaməni, ətraflı izahat məktubunu və müvafiq təsdiqedici sənədlərini təqdim etməklə kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Kənarlaşma aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə mənfəət vergisi bəyannaməsi üçün 2022-ci il üzrə 16127,25 manat əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2023cü il tarixli **********568100 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021-ci il tarixli 406-VİQD N-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir. Bildirilir ki, gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq, həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vergi güzəşti tətbiq olunmur. Odur ki, vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunduğundan Vergi Məcəllləsinin 106.1.20-ci maddəsində nəzərdə tutulan 75 faiz güzəşt hüququ onun barəsində tətbiq oluna bilməz. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1621/2024 nömrəli, 24 yanvar 2024-cü il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********568100 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı ləğv edilmişdir. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1621/2024 nömrəli, 24 yanvar 2024-cü il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh inzibati orqan apellyasiya şikayətini iddia ərizəsinə verilmiş etiraza uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iş üzrə araşdırma aparan birinci instansiya məhkəməsi iddiaçının vergi qanunvericiliyinin tələblərini pozmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu qəbul etmişdir. Belə ki, iddiaçı tərəfindən elektron-qaimə fakturalar üzrə təqdim edilmiş malların kimdən, hansı qaydada əldə edilməsinə dair məhkəməyə hər hansı dəlil təqdim olunmamışdır. Mallları satan şəxslərin qaimə-faktura təqdim etməkdən imtina etməsi isə heç bir halda iddiaçını məsuliyyətdən azad edən hal kimi onun xeyrinə şərh oluna bilməz. Məhkəmə isə təqdim edilmiş malların hansı formada əldə edilməsinə dair iddiaçının məhkəmə prosesində verdiyi ifadələri əsaslı sayaraq, əlavə sübut tələb etmədən inzibati orqan tərəfindən Nazirlər Kabinetinin müəyyən etdiyi Qaydaların yanlış tətbiq olunduğu qənaətinə gəlmişdir. Məhkəmənin iddia tələbini təmin etmək əsaslarından biri də ondan ibarət olmuşdur ki, cavabdeh vergi hesablayarkən yalnız 75% güzəşt hüququnun tətbiqi deyil, iddiaçının xərclərini bütövlükdə nəzərə almamışdır. İddiaçı təqdim edilmiş malların alış sənədlərini təqdim edə bilməsə də, faktiki olaraq həmin malların alınması üçün xərc çəkilmişdir. Bu halda vergilərin hesablanması Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı Qərarına müvafiq qaydada həyata keçirilməli idi. Vergi qanunvericiliyi mikrosahibkarlıq subyektləri üçün güzəşt müəyyən edərkən gəlir və xərclərin uçotunun düzgün aparılması şərtini müəyyən etmişdir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021-ci il tarixli 406-VİQD №-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir. Lakin hazırkı iş üzrə iddiaçının təqdim etdiyi mallara dair alış sənədlərinin mövcud olmaması onun tərəfindən vergi qanunvericiliyi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi anlamına gəlir. Bu halda iddiaçı onun barəsində tətbiq ediləcək məsuliyyət tədbirləri, o cümlədən məhrum olacağı vergi güzəştləri barədə əvvəlcədən kifayət qədər məlumata sahib olmalıdır. Nazirlər Kabinetinin 55 saylı Qərarının imperativliyinə münasibətdə isə bildirilmişdir ki, inzibati orqan tərəfindən bu cür hesablama tətbiq edilərkən vergi ödəyicisinin fəaliyyəti hərtərəfli təhlil edilməklə qərar qəbul edilir. Başqa sözlə, əgər məhkəmənin qeyd etdiyi kimi vergi orqanı tərəfindən həmin normanın tətbiq edilməsi məcburi xarakter daşısa idi, vergi ödəyiciləri tərəfindən malların alış-satışına dair düzgün vergi uçotu aparmağa gərək olmazdı. Vergi ödəyiciləri hər bir halda həmin normanın tətbiq ediləcəyini bildikləri üçün artmaqda davam edən vergidən yayınma halları baş verərdi, bu isə birbaşa dövlət büdcəsinə daxilolmaların əhəmiyyətli dərəcədə azalması şəklində özünü göstərmiş olardı. Görünür, birinci instansiya məhkəməsi qeyd olunan məsələni nəzərindən qaçırmış, analoji halların gələcəkdə daha böyük problemlərə səbəb olacağı ehtimalını dəyərləndirməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normasının pozuntusuna yol verilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin və iddiaya etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki işin hallarından müəyyən edilmişdir ki, iş üzrə iddiaçının tələbi xx.xx.2023-cü il tarixli vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərarının ləğv edilməsi barədədir. İşin hallarına görə, cavabdeh mübahisələndirilən qərarla iddiaçıya kameral vergi yoxlaması tətbiq etmiş və 16127,25 manat əlavə məfəət vergisi hesablamışdır. İddiaçı həmin qərarı mübahisələndirir və hesab edir ki, qərar qəbul edilərkən vergi qanunvericiliyinin tələbləri pozulmuşdur. Cavabdeh iddiaçının xx.xx.2023-cü il tarixli qərarla riskli vergi ödəyicisi hesab edilməsinə əsaslanaraq mikro sahibkar kimi 75% güzəşti tətbiq etmədən, mənfəət vergisi hesablamış, kənarlaşmalar qeydə alaraq 16127,25 manat əlavə mənfəət vergisi hesablamışdır. İddiaçı bu halla razılaşmır və hesab edir ki, vergi orqanına təqdim etdiyi bəyannamədə bütün xərcləri əks olunmuşdur. Həmçinin, iddiaçının mülkiyyətində hər hansı bir təsərrüfat obyekti yoxdur. MMC icarə müqaviləsi bağlayaraq icarəyə götürdüyü yerlərdə fəaliyyət göstərir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh iddiaçının xx.xx.2022xx.xx.2023-cü il tarixdə cəmi 190 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə "kataloq, kətan çanta, metal pin, fəxri fərman və s." satışında qeyd olunsa da, elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən malların (iş, xidmət) müəyyən edilməməsini, həmçinin iddiaçının fəaliyyət göstərdiyi təsərrüfat subyektinin olmamasını əsas gətirərək istinad edilən normalara əsasən iddiaçını riskli vergi ödəyicisi hesab etmişdir. Cavabdeh bu qənaətə gələrkən qaydaların normalarını səhv tətbiq etmişdir. Cavabdehin inzibati aktı qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edildiyindən, iddia tələbi təmin olunmalı, cavabdehin mübahisələndirilən qərarı ləğv edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Maddədə qeyd olunan meyarları təsdiq edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dedikdə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” sözügedən məsələni tənzimləyir. Həmin Meyarlar”ın: Bənd 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: Bənd 2.1.1. Bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; Bənd 2.1.3. İdxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); Bənd 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: Bənd 3.1.1. Vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə. Göründüyü kimi Qaydaların 3.1.1-ci bəndinə riskli əməliyyat kimi, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsinin aşkar edilməsi qeyd edilmişdir. Hazırkı işdə isə, həmin normada qeyd edilən hallar müəyyən edilmir. Qeyd edilən hal o zaman mövcud ola bilərdi ki, iddiaçının təqdim etdiyi elektron qaimə-fakturalarda satışı üzrə “kataloq, kətan çanta, metal pin, fəxri fərman” göstərilməsinə baxmayaraq, aldığı və ya idxal etdiyi mallar başqa mal olsun. Hazırkı işdə mövcud vəziyyətin yaranmasına səbəb, iddiaçının alışında (idxalında) ümumiyyətlə hər hansı malın göstərilməməsi olmuşdur. Buna səbəb isə, iddiaçının bildirdiyi kimi, onun fəaliyyətinin xarakteri xidmət göstərməsi ilə bağlı olmuşdur. Belə ki, iddiaçının fəaliyyət istiqaməti xırda çap işlərinin görülməsi, diplom tipli təltif sənədlərinin hazırlanması, müxtəlif mətn və yazı işlərinin dizaynı üzrə xidmətlərin göstərilməsindən ibarətdir. Qaydalarda istinad edilən digər hal, yəni iddiaçının təsərrüfat subyektinin (obyekti) olmaması ilə bağlı Kollegiya qeyd edir ki, Qaydaların 2.1.3-cü bəndində aşağıdakı iki halda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) olmaması, onun riskli vergi ödəyicisi hesab edilməsi istisna edilmişdir: 1) malların digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verildiyi halda; 2) hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi halda. İddiaçı məhkəməyə notarial qaydada bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsi təqdim edərək müəssisənin icarə müqaviləsi əsasında icarəyə götürdüyü obyektlərdə fəaliyyət göstərdiyini bildirmişdir. Cavabdeh vergi orqanı bu halları araşdırmamış, nəticədə mikro sahibkar olan iddiaçıya 75 % güzəşt tətbiq etməyərək əlavə vergi hesablamışdır. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Vergi Məcəlləsinin: - 106.1.20. müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi vergidən azaddır. Normadan göründüyü kimi mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi vergidən azaddır. Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən (mübahisələndirilən qərar qəbul edilən zaman qüvvədə olan norma) bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən ((mübahisələndirilən qərar qəbul edilən zaman qüvvədə olan norma) vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı Qərarına əsasən təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının” 6.1-ci bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: 6.1.1. Vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: 6.1.2. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar xərcləri əsasında. 6.1.3. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. 6.1.4. Vergi ödəyicisinin mənfəəti çəkilmiş xərclər əsasında şərti üsulla hesablanarkən, çəkilmiş xərclərə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq mənfəətin hesablanması məqsədləri üçün gəlirdən çıxılan xərclər aid edilir. Baxılan işdə cavabdeh iddiaçının mənfəətini müəyyən etmək üçün qanunvericiliyin istinad edilən normaların tələblərinə əməl etməmişdir. Vergi Məcəlləsinin: -Maddə 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X4ni keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Maddə 24.0.1-ci və 24.0.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına düzgün istinad olunaraq doğru nəticəyə gəlinmişdir. Apelyasiya şikayətində qeyd olunanlar qərarın ləğvi üçün əsas deyildir. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********568100 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarının ləğv edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Odur ki, cavabdeh inzibati orqanın verdiyi apellyasiya şikayəti təmin edilməməli, qərar mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1621/2024 nömrəli, 24 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-2011/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2011/2024
02.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver