Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2011/2025 13.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Eldarzadə Şirazı Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Günəş Yusif qızının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2221/2025 nömrəli, 16 yanvar 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddiaçıya 29 iyun 2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı arasında “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən 29 iyun 2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi məsələsində mübahisə yaranmışdır. 29 iyun 2022-ci il il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi xahişi ilə cavabdehə müraciət olunmuşdur. Lakin cavabdeh 12 iyul 2024-cü il tarixli, 3-17-1/2-M-163238/2024 saylı məktubu ilə onun xahişini yerinə yetirməkdən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulan refrijerator seksiyasının mexaniki vəzifəsinə uyğun deyil. İddiaçı cavabdehin imtina məktubunu 20 iyul 2024-cü il tarixində poçt vasitəsilə almışdır. İddiaçı 23 yanvar 1956-cı ildə Bakı şəhərində dünyaya gəlmiş və hazırda ünvan 1 ünvanında yaşayır. Natamam orta təhsilini başa vurduqdan sonra Bakı şəhər 59 nömrəli peşə məktəbində peşə təhsili almışdır. 12 avqust 1980-ci ildə X8 Zavodunda operator vəzifəsinə işə qəbul edilmişdir. 13 may 1981-ci ildə işdən çıxmışdır. 16 may 1981-ci ildən 24 may 1983-cü ilə qədər həqiqi hərbi xidmətdə olmuşdur. 27 iyul 1983-cü ildə Ələt Avtotəmir Zavodunda tikinti qrupuna fəhlə peşəsinə qəbul edilmişdir. 01 dekabr 1983-cü ildə çilingər keçirilmişdir. 11 aprel 1985-ci ildə işdən çıxmışdır. 06 may 1985-ci ildə təkrarən Ələt Avtotəmir Zavodunda çilingər peşəsinə işə qəbul edilmişdir. 04 oktyabr 1991-ci ildə işdən çıxmışdır. 28 oktyabr 1991-ci ildə Azərbaycan Dəmir Yollarının X2 Deposunda hərəkətdə olan tərkibdə soyuducu qurğuların təmiri üzrə çilingər vəzifəsinə işə qəbul edilmişdir. 30 oktyabr 1995-ci ildə refrijerator seksiyasının dublyor mexaniki vəzifəsinə işə qəbul edilmişdir. 29 dekabr 1995-ci ildə həmin vəzifədə müstəqil işə buraxılmışdır. 03 iyul 2000-ci ildə refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinə keçirilmişdir. 16 sentyabr 2004-cü ildə refrijerator seksiyası mexaniki vəzifəsinə keçirilmişdir. 28 iyun 2010-cu ildə işdən çıxmışdır. İddiaçının əmək fəaliyyəti dövründə 29 iyun 2022-cı il tarixinə kimi 25 ildən çox ümumi və həmin stajın 12 il 6 aydan çox güzəştli iş stajı olmuşdur. Güzəştli pensiya hüququ verən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Syahısının 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər yarımbölməsində qeyd edilmiş refrijerator qatarların (seksiyaların) mexanikləri peşəsilə eynilik təşkil edir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdeh tərəfindən iddia tələbinə etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" QSC-nin ona dair xx.xx.2024-cü il tarixli 13-1/2-M-1115/1-42/2024 nömrəli arayışında onun xx.xx.2000-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər ərzində Yeni-Ələt refrijerator vaqon deposunda, refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifəyə uyğun deyil. Bu səbəbdən, iddiaçının güzəştli iş stajının müddəti 12 il 6 aydan az, yəni 9 il 10 ay 18 gün təşkil etmişdir: xx.xx.1995-xx.xx.2000-ci il; xx.xx.2004-xx.xx.2006-cı il; xx.xx.2007-xx.xx.2007-ci il; xx.xx.2007-xx.xx.2008-ci il; xx.xx.2008-xx.xx.2009-cu il; xx.xx.2009-xx.xx.2010-cu il tarixləri arasındakı dövrlər. Həmçinin, 1 yanvar 2006-cı il tarixdən bugünədək iddiaçıya münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları 2007-ci il üzrə 2 ay, 2008-ci il üzrə 1 ay, 2009-cu il üzrə 1 ay, 2010-cu il üzrə 1 ay (ümumilikdə 5 ay) fərdi hesabının sığorta hissəsində öz əksini tapmamışdır. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi ayları iddiaçının iş stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və vəzifəyə uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Yuxarıda qeyd olunanları ümumiləşdirdikdə, iddiaçının xx.xx.2000-xx.xx.2004-cü il tarixlərdə “refrijerator seksiyalarının rəhbər mexaniki” vəzifəsi Siyahıda nəzərdə tutulan “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə uyğunluq təşkil etmədiyi və bu səbəbdən iddiaçının güzəştli iş stajının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət etmədiyi sübuta yetirilmiş hesab edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2221/2025 nömrəli, 16 yanvar 2025-ci il tarixli qərarı ilə (hakim F.İsmayılzadə) iddia tələbinin təmin edilməsi, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətində qeyd olunmuşdur ki, iş materiallarına əsasən xx.xx.1962-ci il təvəllüdlü İddiaçı xx.xx.2024-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə Mərkəzi filiala müraciət etmişdir. Sözügedən müraciətə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə Mərkəzi filialda baxılmış və cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-163238/2024 nömrəli məktubu ilə iddiaçıya müraciətinin müsbət həllinin mümkün olmadığı bildirilmişdir. Daha sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə X3 uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını, X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" QSC-nin ona dair xx.xx.2024-cü il tarixli 13-1/2-M-1115/1-42/2024 nömrəli arayışında onun xx.xx.2000-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər ərzində Yeni-Ələt refrijerator vaqon deposunda, refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifəyə uyğun deyil. Bu səbəbdən, iddiaçının güzəştli iş stajının müddəti 12 il 6 aydan az, yəni 9 il 10 ay 18 gün təşkil etmişdir: - xx.xx.1995 - xx.xx.2000-ci il; - xx.xx.2004 - xx.xx.2006-cı il; xx.xx.2007 - xx.xx.2007-ci il; - xx.xx.2007 - xx.xx.2008-ci il; - xx.xx.2008 - xx.xx.2009-cu il; - xx.xx.2009 - xx.xx.2010-cu il tarixləri arasındakı dövrlər. Həmçinin, 1 yanvar 2006-cı il tarixdən bugünədək iddiaçıya münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları 2007-ci il üzrə 2 ay, 2008-ci il üzrə 1 ay, 2009-cu il üzrə 1 ay, 2010-cu il üzrə 1 ay (ümumilikdə 5 ay) fərdi hesabının sığorta hissəsində öz əksini tapmamışdır. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi ayları iddiaçının iş stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.2.1-ci yarım bəndinə və 4.1-ci bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və vəzifəyə uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Yuxarıda qeyd olunanları ümumiləşdirdikdə, iddiaçının xx.xx.2000-xx.xx.2004-cü il tarixlərdə “refrijerator seksiyalarının rəhbər mexaniki” vəzifəsi Siyahıda nəzərdə tutulan “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə uyğunluq təşkil etmədiyi və bü səbəbdən iddiaçının güzəştli iş stajının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət etmədiyi sübuta yetirilmiş hesab edilməlidir. İstinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlili və işin faktiki halları nəzərə alınmaqla, iddiaçının iddia tələbinin əsassız və qanunazidd olduğu nəticəsinə gəlmək mümkündür. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Günəş Yusif qızı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür və 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin olunmasına dair 21 iyun 2024-cü il tarixdə cavabdeh quruma müraciət etmişdir. İddiaçının ümumi iş stajı ilə bağlı mübahisə yoxdur. Hazırki iş üzrə mübahisə İddiaçı güzəştli şərtlərlə əmək stajı müddətinin hesablanması ilə bağlıdır. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə kişi cinsinə mənsub şəxsin “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsinə əsasən 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün aşağıdakı şərtlərə birlikdə əməl olunmalıdır: Şəxs siyahıda nəzərdə tutulan peşələrdə işləməli, bu Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalıdır. İşin hallarının araşdırılması zamanı "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubu əsasında müəyyən olunur ki, İddiaçı ADY-nin Yeni Ələt refrijerator vaqon deposunda xx.xx.2000-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək (4 il 2 ay 15 gün olmaqla) çalışdığı refrijerator seksiyaların rəhbər mexaniki vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarının 1-1-ci bəndi nəzərə alınmaqla həmin qərarla təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndinin 27-ci abzasında qeyd olunmuş “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə uyğunluq təşkil edir. Müvafiq qərarın 1-1-ci bəndi ilə adıçəkilən siyahıda ümumi adla göstərilmiş peşələrdə və vəzifələrdə işləyən bütün adlardan (kiçik, böyük, baş, köməkçi və s.) olan işçilərin güzəştli pensiya hüququna malik olduğu müəyyən edilmişdir. Həmin sorğuya cavab məktubuna refrijerator seksiyası rəhbər mexanikinin vəzifə funksiyaları barədə məlumat əlavə olunmuşdur ki, həmin vəzifədə işləyən şəxsin əmək funksiyalarından biri də zərurət olduqda mexaniki əvəz etməkdir. Həmçinin, baş idarənin seksiyalara texniki xidmət və istismara dair göstərişlərini yerinə yetirir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının icra etdiyi əmək funksiyaları Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahının 21.4-cü bəndinin 27-ci abzasında qeyd olunan "refrijerator qatarlarının (seksiyaların) mexanikləri" vəzifəsi ilə mahiyyət etibarilə üst-üstə düşməkdədir, onun işləmiş olduğu müəssisə tərəfindən də bu fakt təsdiq edilmişdir. Belə ki, vəzifələrin yalnız adının deyil, onların funksional xüsusiyyətlərinin də nəzərə alınması tələb olunur. Bu kontekstdə, işçinin faktiki yerinə yetirdiyi əmək funksiyalarının hüquqi qiymətləndirilməsi əsasdır. Təqdim edilmiş vəzifə təlimatı və məhkəmə araşdırması nəticələri təsdiq etmişdir ki, refrijerator seksiyaların rəhbər mexaniki istənilən zərurət yarandıqda mexanik vəzifəsini də icra etmək səlahiyyətinə malik olmuşdur və eyni vəzifəni icra etmişdir. Bu isə faktiki olaraq, həmin işçinin mexanikin əmək funksiyalarını icra etdiyini və iş prosesində məhz bu vəzifəyə uyğun tələblərə cavab verdiyini göstərir. Digər tərəfdən nəzərə alınmalıdır ki, əgər işəgötürən özü təsdiqləyirsə ki, rəhbər mexanik faktiki olaraq mexanik vəzifəsini icra edib və bu iki vəzifə arasında fərq olmadığını göstərən sənədlər mövcuddur, o zaman cavabdehin yalnız normativ siyahıda vəzifə adının tam şəkildə uyğun gəlməməsinə istinad etməsi hüquqi cəhətdən əsaslı hesab oluna bilməz. İddiaçının məcburi dövlət sosial sığorta haqlarının 2007-ci il üzrə 2 ay, 2008-ci il üzrə 1 ay, 2009-cu il üzrə 1 ay, 2010-cu il üzrə 1 ayı (ümumilikdə 5 ay) üzrə fərdi hesabının sığorta hissəsində öz əksini tapmaması belə hazırkı vəziyyəti iddiaçının ziyanına dəyişmir. Çünki cavabdeh tərəfindən mübahisələndirilməyən güzəştli iş stajı 09 il 10 ay 18 gün, mübahisələndirilən, lakin məhkəmə tərəfindən qəbul edilən güzəştli iş stajı isə 4 il 2 ay 15 gün təşkil edir ki, bu da iddiaçının güzəştli iş stajının 12 il 6 aydan çox olduğuna dəlalət edir. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin olunması barədə düzgün nəticəyə gəlmişdir. Cavabdehin mövqeyinə görə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajının olmaması ilə bağlıdır və birinci instansiya məhkəməsi iddiaçının güzəştli iş stajı olması ilə bağlı gəldiyi nəticəni əsaslandırmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad edilən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan normalar baxımından şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalı və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Apelyasiya şikayətinin dəlillərinə qiymət verərək, qanunvericiliyin tələblərini və işin hallarını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Belə ki, ИТ-İ № ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı: -xx.xx.1980ci il tarixdən xx.xx.1981-ci il tarixədək operator işləmiş; (09 ay 02 gün) xx.xx.1983-cü il tarixdə ikinci dərəcəli fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.1983- cü il tarixdə ikinci dərəcəli qaynaqçı vəzifəsinə keçirilmiş və xx.xx.1985-ci il tarixdə işdən azad edilmiş; (01 il 08 ay 16 gün) -xx.xx.1985-ci il tarixdən xx.xx.1991-ci il tarixədək qaynaqçı işləmiş; (06 il 04 ay 29 gün) - xx.xx.1991-ci il tarixdə qaynaqçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1995-ci il tarixdə Yeni-Ələt refrijerator vaqon deposuna refrijerator seksiyaların mexaniki vəzifəsinə keçirilmiş, xx.xx.2000-ci il tarixdə seksiyaların refrijerator rəhbər mexaniki vəzifəsinə keçirilmiş, xx.xx.2004-cü il tarixdə refrijerator seksiyaların mexaniki vəzifəsinə keçirilmiş və xx.xx.2010-cu il tarixdə işdən azad edilmişdir. (18 il 08 ay 01 gün) - НЗ ******* seriya nömrəli hərbi biletdən görünür ki, iddiaçı 16 may 1981-ci il tarixdən 24 may 1983-cü il tarixədək hərbi xidmət keçmişdir. -"xxxx" QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 13-1/2- M-1115/1-42/2024 nömrəli arayışdan görünür ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş aşağıdakı vəzifələrdə qeyd edilən tarixlər arasındakı dövrlər ərzində işləmişdir: xx.xx.1995-ci il tarixdən Yeni-Ələt refrijerator vaqon deposuna refrijerator seksiyaların mexaniki, xx.xx.2000-ci il tarixdən seksiyaların refrijerator rəhbər mexaniki, xx.xx.2004-cü il tarixdən xx.xx.2010-cu il tarixədək isə refrijerator seksiyaların mexaniki vəzifəsində işləmişdir. İşlədiyi müvafiq vəzifələr üzrə sosial sığorta (əmək) stajı 14 il 5 ay 30 gün təşkil edir. İşlədiyi refrijerator seksiyaların rəhbər mexaniki və mexaniki vəzifələrinin əsas xüsusiyyətləri refrijerator hərəkət heyətinə məxsus avadanlığın fasiləsiz, texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 27-ci abzasına uyğundur. İddiaçı müvafiq strukturlarda çalışdığı refrijerator seksiyaların rəhbər mexaniki və mexaniki vəzifələri üzrə iş yerlərində aparılmış attestasiyanın nəticələrinə müvafiq olaraq zərərli əmək şəraitinə görə əmək haqlarına əlavə müəyyən edilməmişdir. Cavabdehin 12 iyul 2024-cü il tarixli, 3-17-1/2-M-163238/2024 nömrəli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, “Mərkəzi Filiala təqdim ediyiniz "xxxx" QSC-nin Sizə dair xx.xx.2024-cü il tarixli 13-1/2-M- 1115/1-42/2024 nömrəli arayışında xx.xx.2000-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər ərzində Yeni-Ələt refrijerator vaqon deposunda, refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. İşlədiyiniz vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifəyə uyğun deyil. Bu səbəbdən də Sizin güzəştli iş stajınız 12 il 6 aydan az (9 il 10 ay 18 gün (xx.xx.1995-xx.xx.2000-ci il, xx.xx.2004-xx.xx.2006-cı il, xx.xx.2007-xx.xx.2007-ci il, xx.xx.2007-xx.xx.2008-ci il, xx.xx.2008-xx.xx.2009-cu il, xx.xx.2009-xx.xx.2010-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. 1 yanvar 2006-cı il tarixindən bugünədək ödənilməli olan məcburi dövlət sosial sığorta haqları 2007-ci il üzrə 2 ay, 2008-ci il üzrə 1 ay, 2009cu il üzrə 1 ay, 2010-cu il üzrə 1 ay (ümumilikdə 5 ay) fərdi hesabınızın sığorta hissəsində öz əksini tapmamışdır. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi ayları Sizin iş stajınıza daxil etmək mümkün deyil.” “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.2. yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət; 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti; 21.2.5. işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin yenidən peşə hazırlığı keçdiyi və ya təhsil aldığı müddət; 21.2.6. istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət; 21.2.7. zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət; 21.2.8. şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət; 21.2.9. əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət; 21.2.10. mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət. 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ğ) ali, orta, ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisas artırma və yenidən ixtisas keçmə kurslarında, aspiranturada, doktoranturada və kliniki ordinaturada təhsil müddəti; İşin hallarından görünür ki, "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 13-1/2- M-1115/1-42/2024 nömrəli arayışla müəyyən edilir ki, iddiaçı xx.xx.1995-ci il tarixdən Yeni-Ələt refrijerator vaqon deposuna refrijerator seksiyaların mexaniki, xx.xx.2000-ci il tarixdən seksiyaların refrijerator rəhbər mexaniki, xx.xx.2004-cü il tarixdən xx.xx.2010-cu il tarixədək isə refrijerator seksiyaların mexaniki vəzifəsində işləmişdir. Cavabdeh tərəfindən yalnız iddiaçının işlədiyi xx.xx.1995-xx.xx.2000-ci il; xx.xx.2004-xx.xx.2006-cı il; xx.xx.2007-xx.xx.2007-ci il; xx.xx.2007-xx.xx.2008-ci il; xx.xx.2008-xx.xx.2009-cu il; xx.xx.2009-xx.xx.2010-cu il tarixləri arasındakı dövrlər güzəştli şərtlərlə əmək pensiyası hüququ verən staj dövrünə aid deyil. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı 21.4 bənd ... refrijerator qatarlarının (seksiyaların) mexanikləri Göründüyü kimi, iddiaçının "xxxx" QSC işlədiyi refrijerator seksiyaların mexaniki, seksiyaların refrijerator rəhbər mexaniki vəzifələri siyahının 2.14-cü bəndində göstərilmiş vəzifələrə uyğundur. "xxxx" QSC xx.xx.2024-cü il tarixli 13-1/2-8267/2024 nömrəli sorğuya cavab məktubunda bildirmişdir ki, İddiaçı ADY-nin Yeni Ələt refrijerator vaqon deposunda xx.xx.2000-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək (4 il 2 ay 15 gün olmaqla) çalışdığı refrijerator seksiyaların rəhbər mexaniki vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarının 1-1-ci bəndi nəzərə alınmaqla həmin Qərarla təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 21.4-cü bəndinin 27-ci abzasında qeyd olunmuş “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə uyğunluq təşkil edir. Müvafiq qərarın 1-1-ci bəndi ilə adıçəkilən siyahıda ümumi adla göstərilmiş peşələrdə və vəzifələrdə işləyən bütün adlardan (kiçik, böyük, baş, köməkçi və s.) olan işçilərin güzəştli pensiya hüququna malik olduğu müəyyən edilmişdir. Həmin sorğuya cavab məktubuna refrijerator seksiyası rəhbər mexanikinin vəzifə funksiyaları barədə məlumat əlavə olunmuşdur ki, həmin vəzifədə işləyən şəxsin əmək funksiyalarından biri də zərurət olduqda mexaniki əvəz etməkdir. Refrijerator seksiyası rəhbər mexanikinin vəzifə borcunun 1-ci bəndində göstərilmişdir ki, “işə gedərkən baş idarənin seksiyalara texniki xidmət və istismarına dair göstərişlərini yerinə yetirir”. Məhkəmə kollegiyası qeyd edir ki, rəhbər mexanikin faktiki olaraq mexanik vəzifəsini icra etməsi işəgötürən tərəfindən təsdiq edilirsə və bu iki vəzifə arasında fərq olmadığını göstərən sənədlər mövcuddursa cavabdehin yalnız normativ siyahıda vəzifə adının tam şəkildə uyğun gəlməməsinə istinad etməsi əsaslı deyil. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək kitabçasında və arayışda qeyd edilənlərin əsassızlığı ilə bağlı cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilmədiyi üçün bu sənədlər onun əmək stajını təsdiq edən sənədlər kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2221/2025 nömrəli, 16 yanvar 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-2011/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2011/2025
13.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver