Məhkəmə qərarları › İş №2-1(103)-2012/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2012/2021

05.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2012/2021 05.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi, vəkil X1 iştirakı ilə, İddiaçı cavabdeh AR Daxili İşlər Nazirliyinə qarşı “əmək haqqından tutulmuş vergilərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 21.04.2021-ci il tarixli, 2-1(112)-743/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) məhkəmə iclasında yoxlayaraq müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1997-ci ildən 2015-ci ilin dekabr ayınadək əmək haqqından tutulmuş vergilərin ona ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti cavabdehlər sırasından çıxarılmışdır. Bakı İnzibati Məhkəməsinin 21.04.2021-ci il tarixli, 2-1(112)-743/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “əmək haqqından tutulmuş vergilərin ödənilməsi” tələbinə dair inzibati mübahisəyə dair iş üzrə iddia geri götürülmüş sayılmışdır. Qərardadlardan narazı qalan iddiaçı şikayət verərək, Bakı İnzibati Məhkəməsinin 21.04.2021-ci il tarixli, 2-1(112)-743/2021 saylı qərardadının ləğv edilməsini, iddia tələbinə yenidən baxılmasının təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə tərəfindən iddiaçıya məktub ünvanlanaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı iddiaçı tərəfindən 20.05.2021-ci il tarixdə alınmış, apellyasiya şikayəti isə 04.06.2021-ci il tarixdə məhkəməyə təqdim olunmuşdur. Bununla əlaqədar olaraq iddiaçıya təklif olunmuşdur ki, apellyasiya şikayətinin qanunla müəyyən olunmuş müddət ərzində təqdim olunmasına dair sübutları və ya buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizəni 05.08.2021-ci il tarixədək Bakı Apellyasiya Məhkəməsinə təqdim etsin. Məhkəmə iclası zamanı iddiaçı apellyasiya şikayətinin mümkün sayılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin mümkün sayılmamasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, şikayəti iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, apellyasiya mümkün sayılmamalı və apellyasiya şikayətinin apellyasiya icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Azərbaycan Respublikası İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Azərbaycan Respublikası İPM-in 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. İş materiallarına əsasən müəyyən olunur ki, məhkəmə tərəfindən iddiaçıya ünvanlanmış qərardad 20.05.2021-ci il tarixdə iddiaçı tərəfindən qəbul edilmişdir. Apellyasiya şikayəti isə 04.06.2021-ci il tarixdə, yəni, məhkəmənin qərardadından apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 10 günlük müddət ötürülməklə məhkəməyə təqdim olunmuşdur. Bununla əlaqədar olaraq iddiaçıya apellyasiya şikayətinin qanunla müəyyən olunmuş müddət ərzində təqdim olunmasına dair sübutları və ya buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizəni 05.08.2021-ci il tarixədək Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi təklif olunmuşdur. İddiaçı tərəfindən nə qeyd olunan sübutlar, nə də ki, buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizə məhkəməyə təqdim olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, şikayət mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh AR Daxili İşlər Nazirliyinə qarşı “əmək haqqından tutulmuş vergilərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 21.04.2021ci il tarixli, 2-1(112)-743/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar