Məhkəmə qərarları › İş №2-1(103)-2013/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2013/2021

16.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2013/2021 16.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, əmək pensiyası hüququn yarandığı vaxtdan bugünədək ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 06.05.2021-ci il tarixli, 2-1(112)-3045/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsаsən inzibati işə Bаkı Аpеllyаsiyа Məhkəməsinin binаsındа şifahi məhkəmə iclаsındа bахаrаq müəyyən еtdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 15 aprel 2018-ci il tarixdə 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, əmək pensiyası hüququn yarandığı vaxtdan bugünədək ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 06.05.2021-ci il tarixli, 2-1(112)-3045/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 06.05.2021-ci il tarixli, 2-1(112)-3045/2021 saylı qərarının ləğv olunması, iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı “Azərbaycan” Nəşriyyatında sətrtökən maşınların yığıcıların (rusca – наборщик машинного набора) briqadiri vəzifəsi güzəştli arayışda qeyd edildiyi kimi yəni sətrtökən maşınların yığıcısı işləməklə həmin sexdə işləyən digər işçilərə sətrtökən maşınların yığıcısı vəzifələrini icra etməkdə istiqamətləndirici kimi yardımçı olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər (nümayəndələri) məhkəmə iclasında iştirak etməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası iclasa çağırılan şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kоllеgiyаsı işin mаtеriаllаrını yохlаyаrаq, аpеllyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq hеsаb еdir ki, аpеllyаsiyа şikаyəti təmin еdilməli, birinci instаnsiyа məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: Cavabdehin 03 noyabr 2020-ci il tarixli, **********4 nömrəli məktubuna əsasən bildirilmişdir ki, Mərkəzi Filiala təqdim olunan “Azərbaycan” Nəşriyyatının 14 avqust 2020ci il tarixli 3/06 nömrəli arayışında 13.01.1982-02.01.1996-cı il tarixləri arasındakı dövr ərzində «Kommunist» nəşriyyatının yığım sexində işlədiyi sətirtökən maşınla yığıcı vəzifəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamış və bu səbəbdən iddiaçının güzəştli iş stajı yoxdur. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi “Azərbaycan” Nəşriyyatının 3/06 nömrəli, 14.08.2020-ci il tarixli arayışında göstərilmişdir ki, İddiaçı 13.01.1982-ci il tarixdən (15.02.1982-ci il tarixli, 91 nömrəli əmr) 19.07.1982-ci il tarixədək (29.07.1982-ci il tarixli, 460 nömrəli əmr) Azərbaycan KP MK-nın “Kommunist” nəşriyyatının yığım sexində 3-cü dərəcəli sətirtökən maşınla yığıcı; 19.07.1982-ci il tarixdən (29.07.1982-ci il tarixli, 460 nömrəli əmr) həmin sexdə 5-ci dərəcəli sətirtökən maşınla yığıcı vəzifəsinə keçirilmişdir. 02.01.1996-cı il tarixədək (27.12.1995-ci il tarixli, 85 nömrəli əmr) həmin vəzifədə tam iş günü ərzində işləmişdir. Əmək kitabçasında qeyd olunan briqadir vəzifəsi yığım sexində çalışan digər işçilərlə bərabər işləmək və işə nəzarət etmək üçün verilmişdir. “Kommunist” nəşriyyatı hal-hazırda “Azərbaycan” nəşriyyatı adlanır (27.08.1991-ci il tarix, 01 nömrəli əmr). Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilən siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarın 2 nömrəli siyahısında qeyd olunan (2270000a14807) yığma-sətirtökən maşınların yığıcıları peşəsi İddiaçı işlədiyi peşəyə tam uyğundur. İddiaçıya məxsus əmək kitabçasının surətinə əsasən, iddiaçı 01.08.1979-cu il tarixdən 05.11.1979-cu ilədək Neftçala rayon “Oktyabr bayrağı” qəzət mətbəəsində mürəttib vəzifəsində,13.01.1982-ci ildən Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin “Kommunist” Nəşriyyatında maşında çap sexinə 3-cü dərəcəli maşın mürəttibi vəzifəsinə qəbul olunmuş, 19.07.1982-ci ildə 5-ci dərəcəli maşın mürəttibi vəzifəsinə keçirilmiş, 08.07.1985-ci ildən 02.01.1996-ci ilədək mürəttiblərin briqadiri, 02.01.1996-ci ildən 14.10.2016-vci ilədək anbar müdiri, 14.10.2016-ci ildən 01.10.2018-ci ilədək kağız bazasının müdiri, 01.10.2018-ci ildən bu günədək texniki təchizat bazasının müdirii vəzifəsinə keçirilmişdir. SSN **********937 nömrəli Dövlət Sosial Sığorta Şəhadətnamənin surətindən görünür ki, iddiaçı sosial sığorta ödəyicisidir. Hərbi biletə əsasən iddiaçı 17.11.1979-cu ildən 17.12.1981-ci ilə qədər hərbi xidmətdə olmuşdur. Б№370325 nömrəli diploma əsasən, iddiaçı 1976-ci ildən 1979-cu ilədək C.Babayev adına 3 № Bakı şəhəri orta texniki peşə məktəbində təhsil almış və ona sətirtökən maşınla yığan mürəttib ixtisası verilmişdir. Şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1961-ci ildə doğulmuşdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt mövcud olmalıdır. : 01.01.2006-ci ilə qədər azı 25 il ümumi iş stajının olması, bu müddətin azı 12 il 6 ayının güzəştli iş stajı olması. İşin müəyyən olunmuş hallarına görə, iddiaçı 13.01.1982-cü il tarixindən bu günədək “Azərbaycan” nəşriyyatında işləyir. İddiaçı 13.01.1982-ci ildən 08.07.1985-ci ilədək sətirtökən maşınla yığan mürəttib, 1985-ci ilin 08 iyul tarixdən 1996-ci ilin 02 yanvar tarixədək isə yığıcıların briqadiri, kağız anbarın müdiri, texniki təchizat şöbəsinin müdiri vəzifələrdə işləmişdir. Lakin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda və həmin qərar qəbul edilənə qədər qüvvədə olmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli və 2 nömrəli siyahılarda iddiaçının işlədiyi sətirtökən maşınla yığıcıların briqadiri vəzifəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən, məhkəmə qanunvericilik normalarını rəhbər tutaraq hesab etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 15 aprel 2018-ci il tarixdə 57 yaşın tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, pensiya hüququnun yarandığı vaxtdan bugünədək ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi əsassızdır və bu səbəbdən də rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinin 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququvardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 1997ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Məhkəmənin də qeyd etdiyi kimi, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt mövcud olmalıdır. : 01.01.2006-ci ilə qədər azı 25 il ümumi iş stajının olması, bu müddətin azı 12 il 6 ayının güzəştli iş stajı olması. İddiaçının 01.01.2006-ci ilə qədər azı 25 il ümumi iş stajının olması işin mübahisə olunmayan halıdır. Hazırki mübahisə iddiaçının 12 il 6 ay güzəştli iş stajı mövcud olmasıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi “Azərbaycan” Nəşriyyatının 3/06 nömrəli, 14.08.2020-ci il tarixli arayışında göstərilmişdir ki, İddiaçı 13.01.1982-ci il tarixdən (15.02.1982-ci il tarixli, 91 nömrəli əmr) 19.07.1982-ci il tarixədək (29.07.1982-ci il tarixli, 460 nömrəli əmr) Azərbaycan KP MK-nın “Kommunist” nəşriyyatının yığım sexində 3-cü dərəcəli sətirtökən maşınla yığıcı; 19.07.1982-ci il tarixdən (29.07.1982-ci il tarixli, 460 nömrəli əmr) həmin sexdə 5-ci dərəcəli sətirtökən maşınla yığıcı vəzifəsinə keçirilmişdir. 02.01.1996-cı il tarixədək (27.12.1995-ci il tarixli, 85 nömrəli əmr) həmin vəzifədə tam iş günü ərzində işləmişdir. Əmək kitabçasında qeyd olunan briqadir vəzifəsi yığım sexində çalışan digər işçilərlə bərabər işləmək və işə nəzarət etmək üçün verilmişdir. “Kommunist” nəşriyyatı hal-hazırda “Azərbaycan” nəşriyyatı adlanır (27.08.1991-ci il tarix, 01 nömrəli əmr). “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilən siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarın 2 nömrəli siyahısında qeyd olunan (2270000a14807) yığma-sətirtökən maşınların yığıcıları peşəsi İddiaçı işlədiyi peşəyə tam uyğundur. Cavabdeh məhkəməyə təqdim etdiyi apellyasiya şikayətinə etirazda qeyd etmişdir ki, iddiaçının işlədiyi sətirtökən maşınla yığıcı vəzifəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən islahatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığından iddia təmin edilməməlidir. Məhkəmə hesab edir ki, cavabdehin qeyd olunan məsələ ilə bağlı yanaşması düzgün olmamışdır. Belə ki, iddiaçının işlədiyi vəzifə “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilən siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarın 2 nömrəli siyahısında 25-ci - Poliqrafiya, kinosurətlər istehsalı bölməsində 2270000a—14807 kodu altında öz əksini tapmışdır. İddiaçı həmin vəzifədə 23.01.2007-ci il tarixədək işlədiyindən onunla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993cü il 21 iyun tarixli, 320 saylı qərarın 2 nömrəli siyahısı tətbiq olunmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi həmin siyahıda “Briqadir”, “Manqa komandiri” və bu kimi vəzifələr ayrıca nəzərdə tutulsa da, hazırki işdə “Güzəştlt Arayışda” bildirildiyi kimi, iddiaçının fəhlələrlə bərabər eyni işin görülməsi faktına xüsusilə diqət yetirilməlidir. Ona görə də məhkəmə apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək iddianın təmin edilməli olduğuna dair nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 06.05.2021-ci il tarixli, 2-1(112)-3045/2021 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 06.05.2021-ci il tarixli, 2-1(112)-3045/2021 saylı qərarı ləğv olunsun. İş üzrə yeni qərar qəbul olunsun. İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşı tamam olduğu 15 aprel 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, pensiya hüququnun yarandığı vaxtdan bugünədək ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Azər Hüseynov Hakimlər Səadət Bəktaşi Vidadi Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar