Məhkəmə qərarları › İş №2-1(103)-2013/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2013/2024

06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2013/2024 06.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının dayandırılmasına dair qərarın ləğv edilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1176/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı mübahisələndirmə haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixli **********8 №-li Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında Qərarının ləğv olunması haqqında qərarının və xx.xx.2022-ci il tarixli **********0 №-li Əmək pensiyasının dayandırılması haqqında Qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “...xx.xx.1969-cu ildə doğulmuşdur. Uzun müddət mülki aviasiya sahəsində, o cümlədən, xx.xx.1995-ci ildən etibarən “X6" şirkətində təlimatçı bortoperator vəzifəsində işləyir. Ona “Əmək pensiyaları haqqında” AR Qanununun 9.3-cü maddəsinə əsasən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 2022-ci ilin dekabr ayında dayandırılmışdır. Pensiyası dayandırılarkən ona pensiya ödənişinin dayandırılmazdan əvvəl cavabdeh onun və nümayəndəsinin inzibati icraatda mövqeyi dinlənilmiş, lakin irəli sürdüyü əsaslar nəzərə alınmadan pensiya ödənişinin dayandırılması barədə qərar qəbul edilmişdir. Cavabdehin mövqeyi onunla əsaslandırılmışdır ki, bort operatorlar və böyük bort operatorlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli qərarında qeyd edilmişdir. Lakin Nazirlər Kabinetinin 231 nömrəli xx.xx.2006-cı il tarixli qərarında həmin vəzifələr uçuş və uçuş sınaq heyəti üzvlərinin sırasında mövcud olmamışdır. Hesab edir ki, cavabdeh inzibati orqanın mövqeyi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 231 nömrəli xx.xx.2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş mülki aviasiya uçuş və uçuş sınaq heyətində işləyənlərin sığorta satjlarının hesablanması qaydalarının 2.1 -ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə müvafiq olaraq Mülki Aviasiyanın uçuş və uçuş sınaq heyyətində işləyən hava gəmisinin və digər uşuş aparatlarının heyət üzvləri (kapitan, ikinci plot, naviqator, şturman, bort mühəndisi, bort mexanik, bortradis, və digər uçuş mütəxəssisləri) güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər...” Cavabdeh iddiaya ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçıya Fondun Sabunçu rayon şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixli qərarı ilə onun bort operatoru vəzifəsində işlədiyi xx.xx.1995-xx.xx.1998-ci il, xx.xx.2003xx.xx.2011-ci il tarixləri arasındakı müddət nəzərə alınmaqla xx.xx.2011-ci il tarixindən uçuş saatlarına uyğun sözügedən Qanunun 9.3-cü maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasını və Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq Qaydalarını əsas götürülməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Bununla əlaqədar, müvafiq məlumatların dəqiqləşdirilməsi məqsədilə cavadeh tərəfindən aidiyyəti üzrə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə sorğular ünvanlanıb. Cavab olaraq uçuş heyəti üzvü və heyət üzvü anlayışlarının fərqli mənalara malik olduğu, bort operatorların hava gəmisinin idarə edilməsi ilə məşğul olmadıqları və buna görə də uçuş heyəti üzvləri hesab edilmədikləri bildirilib. Eyni zamanda, sözügedən məktubda bort operatorlarının Qanunun 9.3-cü maddəsinə və Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarına deyil, Qanunun 9.1-ci maddəsinə əsaslanaraq Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq siyahıya uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası hüququna malik olduqları göstərilib. Qeyd edilənləri nəzərə alaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 28.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçının “bort operator” vəzifəsində işlədiyi və uçuş saatlarına görə vaxtilə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyası hüququna yenidən baxılması haqqında 16 dekabr 2022-ci il tarixli sürətli poçt vasitəsi ilə göndərilməklə 27 dekabr 2022-ci il tarixinədək Mərkəzi Filiala dəvət edilmişdir. Lakin iddiaçı Mərkəzi Filiala gəlməmiş, iddiaçıya vaxtilə pensiya təyin olunması haqqında qərar ləğv olunmuş və pensiya ödənişinin cari aydan dayandırılması haqqında qərar qəbul edilmişdir. Nəticədə ona xx.xx.2011-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 54944,60 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1176/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı barəsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında qərarın ləğv olunması haqqında” xx.xx.2022-ci il tarixli **********8 nömrəli və Əmək pensiyasının dayandırılması haqqında xx.xx.2022-ci il tarixli **********0 nömrəli qərarları ləğv edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “... İddiaçı xx.xx.1995-xx.xx.1998-ci il, xx.xx.2003-xx.xx.2011 -ci il tarixləri arasındakı dövrlər ərzində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Bakı aeroportunda bort bələdçisi və bort operatoru vəzifələrində işlədiyi nəzərə alınaraq, xx.xx.2011 -ci il tarixindən Fondun Sabunçu rayon şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə müəyyən edilmiş mülki aviasiya uçuş və uçuş sınaq heyətinə aid vəzifələrinə uyğunlaşdırılmaqla ona qanunazidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Mübahisənin predmeti ondan ibarətdir ki, qeyd olunan 12 nömrəli Qərarla təsdiq olunmuş Siyahıda bort operator vəzifəsi birbaşa və qeyd-şərtsiz nəzərdə tutulduğu halda, həmin vəzifədə işləmiş şəxsə həmin Siyahıya əsasən Qanunun 9.1 -ci maddəsi ilə deyil, vəzifənin adının nəzərdə tutulmadığı Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarına əsasən Qanunun 9.3-cü maddəsi ilə pensiya təyinatının həyata keçirilməsi qanunauyğun hesab olunmamasıdır. Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarında bort operatorları ilə yanaşı bort bələdçisi, təlimatçı bort operatorlar, bütün adlarda mühəndislər vəzifələri nəzərdə tutulub .Məhkəmə 12 nömrəli Qərarda nəzərdə tutulması nəzərə alınmadan, 231 nömrəli Qərara əsasən pensiya təyin olunmalıdı. Bu isə birbaşa mad Vaxtilə iddiaçıya pensiya təyin olunması haqqında qərar ləğv olunmuş və pensiya ödənişinin cari aydan dayandırılması haqqında qərar qəbul edilib. Nəticədə ona xx.xx.2011-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 54944,60 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Kərimov apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmiş, İPM-in 62-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İşin hallarından göründüyü kimi, cavabdeh tərəfindən mübahisələndirilir ki, iddiaçıya DSMF-nin Sabunçu rayon şöbəsinin xx.xx.2011-ci il tarixli qərarı ilə onun İL76 Yük Hava gəmisində bort operatoru vəzifəsində işlədiyi xx.xx.1995-xx.xx.1998-ci il, xx.xx.2003xx.xx.2011-ci il tarixləri arasındakı müddət nəzərə alınmaqla, xx.xx.2011-ci il tarixindən uçuş saatlarına uyğun “Əmək pensiyaları haqqındpa” Qanunun 9.3-cü maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyası nəzərə alınmaqla güzəştli şərtlərələ yaşa görə əmək pensiyası təyin olunması əsassızdır. Cavabdehin mövqeyinə görə iddiaçıya təyin edilən pensiya həmin Qanunun 9.3-cü madddəsi ilə deyil 9.1-ci maddəsinə əsasən Nazirlər Kabinetinin 23 yanvar 2023-cü il tarixli qərarı ilə təsdiq olunmuş Siyahıya əsasən təyin oluna bilərdi. Bu əsasdan çıxış edərək, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli mübahisləndirilən qərarları ilə iddiaçının etimad gömtərdiyi, ona pensiya təyin olnması barədə qərar ləğv olunmuş və 54944,60 manat məbləğində artıq ödəniş hesablanaraq, iddiaçının pensiyasından tutulmasına yönəldilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən qəbul olunmuş həmin qərarlar pensiya qanunvericiliyinə və inzibati icraat haqqında hüquq normalarına ziddir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən (xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş) mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, qadınların azı 20 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 22.3-cü maddəsinə əsasən mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nın: 1-ci bədinə görə bu Qaydalar ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanına əsasən hazırlanmışdır və mülki aviasiya uçuş və uçuşsınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması mexanizmini müəyyən edir. 2-ci bədinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3cü maddəsinə müvafıq olaraq mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində işləyən aşağıdakı şəxslər güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər: 2.1. hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri); 2.2. uçuş-təlimatçı heyət üzvləri (təlimatçı kapitan, böyük təlimatçı pilot, təlimatçı pilot, təlimatçı naviqator (şturman), təlimatçı bort mühəndisi, təlimatçı bortmexanik, təlimatçı bortradist); 2.3. komanda-uçuş heyəti, müvafıq qanunvericiliyə uyğun yaradılmış hüquqi şəxslərin və onların struktur bölmələrinin tərkibində uçuş zamanı hava gəmilərinin uçuş heyətinin və ya digər uçuş aparatlarının ekipajlarının hazırlığını, onlara rəhbərliyi, nəzarəti və müfəttiş yoxlamasını həyata keçirən inspektorlar və digər uçuş xidməti mütəxəssisləri; 2.4. paraşütçü bölmələrinin rəhbərləri, paraşütçülər, xilasedici paraşütçülər, axtarış və xilasetmə ilə məşğul olan paraşütçülər, ən azı 10 metr hündürlükdə vertolyotdan asılan xüsusi enən (qalxan) qurğudan paraşütlə tullanan, ştatda olan və ştatdankənar paraşütdesant qrupları. Eyni zamanda, qeyd olunmalıdır ki, iddiaçının Sovetlər İttifaqı dövründə çalışarkən qüvvədə olmuş SSRİ Mülki Aviasiya Nazirliyinin Uçuş Xidməti İdarəsinin rəisi tərəfindən xx.xx.1984-cü ildə təsdiq edimiş və xx.xx.1985-ci ildən qüvvəyə minmiş İl 76 tipli hava gəmisinin uçuş istismar təlimatın aəsasən İL 76 T tipli təyyarə böyük qabaritli texnika və yüklərin magistiral hava yollarında daşınması üçün nəzərdə tutulmuşdur. Həmin hava gəmisinin heyəti 7 nəfərdən ibarətdir: hava gəmisinin komandiri, ikinci pilot, şturman, bort mühəndis, bort radist, böyük bort operator və bort operator. Bundan əlavə, SSRİ Mülki Aviasiya Nazirinin 8 aprel 1985-ci il tarixli 77 nömrəli əmri ilə təsdiq edilmiş SSRİ mülki aviasiyasında uçuş əməliyyatları üzrə təlimatla müəyyən edilmişdir ki, uçuş heyətinin minimum ekipaj tərkibi X2 Təlimatında göstərilmişdir. İL-76 TD X4 əsasən, təyyarənin ekipajı yeddi nəfərdən ibarətdir: gəmi komandiri, ikinci pilot, şturman, bort mühəndisi, bort radio operatoru, baş uçuş operatoru, uçuş operatoru. Eyni zamanda, "xxxx" MMC-dən əldə edilmiş uçuş istismarı Təlimatının: - 4.1.2-ci bəndinə əsasən avia şirkət İl 76 TD və İl 76 TD-90 hava gəmilərinə malikdir və həmin hava gəmilərindən istifadə edir. -4.1.3-cü bəndinə əsasən uçuş heyyəti üzvlərinə aşağıdakı şəxslər daxildirlər: - pilotlar, şturman, bort mühəndis, bortradist və bort operatorlar. -5.2.7-ci bəndinə əsasən böyük bort operatorlar müstəqil şəkildə bort operator vəzifəsinin icrasına başlamamışdan öncə avia şirkətin uçuş istismarı təlimatının “D” hissəsi üzrə proqramda göstərilmiş tələblərə uyğun hazırlıq keçməlidir. Böyük bort operator uçuş tapşırığını yerinə yetirmək üçün ən azından orta təhsilə malik olmalı, yük hava gəmisinin bort operatoru şəhadətnaməsinə malik olmalı, mülki aviasiya sahəsində fəaliyyət göstərən təhsil müəssisələrində xüsusi hazırlıq kurslarını keçməli və “SİLK WAY” avia şirkətinə məxsus İl 76 TD/TD 90 hava gəmisinin bütün modifikasiyalarına uçuş icazəsi olmalıdır. Avia şirkətin hava gəmisinin heyətinə daxil olan bort operatorlar Azərbaycan Respublikasının Aviasiya haqqında Qanununun tələblərini, əmək qanunverciliyinin əsaslarını, idarə olunan hava gəmisinin bort avadanlıqlarının istismarı qaydalarının Azərbaycan Respublikasının mülki aviasiya sahəsindəki səlahiyyətli orqanının normativ hüquqi sənədlərinin, bort operator vəzifəsinin reqlamentlərini, bort operatorun normal, xüsusi, alternativ, qəza şəraitində hansı funksiyaların yerinə yetirməli olduğunu, ona aid hissədə nəqliyyat və aviasiya təhlükəsizliyi üzrə normalar, qaydalar və prosedurları, istismar şəraitində baş verəcək səhvlər və təhlükə faktorlarına nəzarət metodunu, aviaşirkət tərəfindən qəbul edilmiş daxili intizam qaydaları eləcə də uçuş heyəti üzvlərinin iş vaxtı və istirahət vaxtlarının qaydalarının, əməyin mühafizəsi norma və qaydalarının, texniki təhlükəsizlik istehsalat sanitariyyası və yanğın əleyhinə mühafizə qaydalarını bilməli və icra etməlidir. Eyni qaydalar bort operatorlara da şamil olunur. -5.2.8-ci bəndinə əsasən bort operatorlar uçuş heyyəti üzvü olmaqla digər heyət üzvləri ilə birbaşa və əlaqəli şəkildə hava gəmisinin idarə edilməsində iştirak edirlər və yerinə yetiriləcək uçuşun təhlükəsiz və mövcud qaydalara uyğun şəkildə həyata keçirilməsinə cavabdehlik daşıyırlar. "xxxx" MMC-nin sorğuya ünvanladığı xx.xx.2023-cü il tarixli 272-ÇS/SWA/CD nömrəli cavab məktubunda bildirilmişdir ki, uçuş ekipajı sayına və tərkibinə görə uçuş istismarı üzrə rəhbərlikdə (təlimatda) və ya uçuşlara yararlılıq sertifikatına aid olan digər sənədlərdə göstərilmiş tələblərdən aşağı olmayan tələblərə cavab verməldir (Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiya”ya 6 nömrəli Əlavə, Hissə İİ, bənd 2.7.1 – “Təyyarənin uçuş ekipajı”). “İL76” tipli hava gəmilərinin “Uçuş İstismarı üzrə Təlimatı ilə İstehsalçı tərəfindən müəyyən olunmuş tələblər nəzərə alınmaqla "xxxx" MMC tərəfindən istismar olunan “İL76” tipli hava gəmilərinin uçuş heyətinə (ekipajına), o cümlədən “hava gəmisinin bort operatoru” vəzifəsi daxil olunmuşdur. Xüsusi ilə qeyd etmək lazımdır ki, hava gəmisinin bort operatoru “Uçuş istismarı Təlimatı”nın tələblərinə uyğun olaraq, hətta belə qalxma-enmə zamanı uçuş heyətinin rəhbəri (hava gəmisinin kapitanı) tərəfindən hava gəmisinin idarə edilməsi və ya iştirakı ilə bağlı müvafiq göstərişləri və komandaları yerinə yetirir. Göstərilənləri nəzərə alaraq hesab edirik ki, bort operatoru tərəfindən həyata keçirilən işlərin mürəkkəbliyi və bununla bağlı məsuliyyət, onun fəaliyyəti ilə bağlı mövcud yüksək milli və beynəlxalq tələblər, hava gəmilərinin idarə olunmasında iştirak edilməsi məsələləri bu işçinin uçuş heyətinin üzvü kimi tanınmasını birmənalı təsbit edir. Beləliklə qeyd olunanlardan göründüyü kimi, iddiaçının İL76 tipli hava gəmisində çalışdığı bort bələdçi və bort operator vəzifələri uçuş heyətinə aiddir. Hava gəmisində iş stajının hesablanması qaydasına gəldikdə, adıçəkilən “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nın 3-cü bəndinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü və 22.3-cü maddələrinə müvafiq olaraq mülki aviasiya uçuş və uçuş sınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı aşağıdakı qaydada hesablanır: 3.1. təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı - sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür; 3.2. avia-kimyəvi işlərdə, aerofotoçəkilişlərdə, keşikçəkmə, atmosferi zondla tədqiqetmə zamanı və digər xüsusi xarakterli iş növlərində vertolyotların sıravi ekipaj üzvləri, təyyarələrin sıravi ekipaj üzvləri, habelə komanda-uçuş, inspektor, təlimatçı heyətlərinin üzvləri və uçuş heyətində digər mütəxəssislər üçün ümumi sığorta stajı - uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 10-a, alınan nəticə isə 12 aya bölünür. Uçuş və uçuş-sınaq heyətinin üzvlərinə pensiya təyin edilərkən 3.1-ci və 3.2-ci yarımbəndlərdə nəzərdə tutulmuş sığorta stajının hesablanması qaydası yaş məhdudiyyəti nəzərə alınmadan kişilərə ən azı 25 il, qadınlara isə azı 20 il sığorta stajı, uçuş işindən səhhətinə görə azad olmuş kişilərə isə azı 20 il, qadınlara - azı 15 il sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə tətbiq olunur.” Qaydaların qeyd olunan tələblərindən göründüyü kimi, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin, təyyarədə çalışan sıravi ekipaj üzvlərinin ümumi sığorta stajı işə qəbul - işdən çıxma dövləri arasında olan fərq əsasında deyil, xüsusi qaydada - uçuş saatlarına uyğun olaraq hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinin qeyd olunan redaksiyasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş məhdudiyyəti nəzərdə tutulmamışdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh iddiaçıya güzəştli şərtlərələ əmək pensiyasının həmin Qanunun 9.3-cü maddəsinə əsasən deyil, 9.1-ci maddəsinin nəzərdə tutduğu qaydada hesablanmalı olduğunu əsas tutraq mübahisələndirilən qərarları qəbul etməkdə haqlı olmamış, bununla da iddiaçının qanunla qorunan pensiya hüququnu pozmuşdur. «İnzibati icraat haqqında» Qanunun 67.3-cü maddəsi isə nəzərədə tutur ki, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunaraq mübahisələndirilən qərarların ləğv edilməsi işin hallarına və maddi hüquq normalrına uyğun nəticədir. Ona görə də, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu, maddi və prosessual hüququ normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1176/2024 saylı xx.xx.2024-cü tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1176/2024 saylı xx.xx.2024-cü tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar