Məhkəmə qərarları › İş №2-1(103)-2013/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2013/2025

20.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2013/2025 20.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Ərizəçinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh1nə qarşı “torpaq sahəsinə dair cizginin verilməsi vəzifəsinin qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2-1(112)-3227/2023 saylı qərardadından ərizəçi SOCAR-ın Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək Lökbatan qəsəbəsinin cənub hissəsində istifadəsində olan, Bakı şəhəri Cavabdeh1 Başçısının 15 sentyabr 2000-ci il tarixli, 896 nömrəli sərəncamı ilə ona ayrılmış torpaq sahəsinin plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsi vəzifəsinin Bakı şəhəri Cavabdeh1 üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3227/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh1 başçısının xx.xx.2000-ci il tarixli 896 nömrəli Sərəncamına əsasən İddiaçı ayrılmış torpaq sahəsinə dair cizginin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh1 üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-470/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3227/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Ərizəçi SOCAR-ın Maraqlı şəxs üçüncü şəxs qismində cəlb edilməklə 2-1(112)- 3227/2023 nömrəli inzibati işi üzrə icraatın təzələnməsinə dair ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin qərarından Bakı Şəhəri Cavabdeh1 vətəndaş İddiaçı ayrılmış torpaq sahəsi ilə bağlı SOCAR-a daxil olmuş xx.xx.2024-cü il tarixli 5-13/2-1478/2024 müraciətindən sonra “Azneft” İB-nə məlum olmuşdur. Həmin torpaq sahəsi 986, 936, 770 və 1033 saylı saylı neft-qaz quyularının mühafizə zonasında yerləşdiyindən üzərində aparılan hər hansı fəaliyyət insanların həyat və sağlamlığı üçün potensial təhlükə mənbəyidir. Eləcə də, cavabdehin hüquqazidd hərəkətləri nəticəsində göstərilən torpaq sahəsinin hüquqi rejimi və məqsədli təyinatı ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələbləri pozulmuş və “SOCAR”-ın “Azneft” İB-nin istifadəsində olan sənaye təyinatlı torpaq sahəsində neft və qaz əməliyyatları aparmaq imkanından faktiki olaraq məhrum olmuşdur. Ərizəçinin məhkəmə icraatından məlumatı olmamış və əvvəlcədən üçüncü şəxs qismində cəlb edilməmişdir. Belə olan halda məhkəmə qərarının icrası SOCAR-ın Maraqlı şəxs istifadəsində olan sənaye təyinatlı torpaq sahəsində işlərin aparılmasının qeyrimümkünlüyünə gətirib çıxarmışdır. Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir. Bakı İnzibati Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2-1(112)-3227/2023 saylı qərardadı ilə (hakim G.Sevdimalıyeva) vəsatət (ərizə) təmin edilməmişdir. Həmin qərardaddan ərizəçi SOCAR-ın Maraqlı şəxs apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2-1(112)-3227/2023 saylı qərardadının ləğv edilməsi, üçüncü şəxs qismində işə cəlb olunmağı barədə ərizənin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında 05 fevral 2017-ci il tarixli, 31 nömrəli Qərarının 3.3-cü bəndi ilə əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir ki, həmin ərazilərdə tikinti aparılması qanunla qadağandır. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Nazirlər Kabinetinin 10 may 2001 -ci il tarixli 94 nömrəli Qərarına əsasən neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Bu halda iddiaçıya ayrılmış torpaq sahəsi sənaye təyinatlı torpaq sahələrinə aiddir və həmin torpaq sahələrinin təyinatı heç bır zaman dəyişdirilməmişdir. Bu ərazidə yaşamaq və ya hər hansı fəaliyyət növü ilə məşğul olmaq ilk növbədə həmin vətəndaşların özü üçün həyati təhlükədir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 28.1-ci maddəsinə görə iş üzrə məhkəmə qərarı qüvvəyə minənə qədər və ya yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. İPM-in 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 12 aprel 2017-ci il tarixli Qərarına əsasən inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01/2022 №-li, xx.xx.2022-ci il tarixli qərardadında göstərilmişdir ki, məhkəmələr tərəfindən inzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə etmək hüquqları ilə bağlı məsələlər həll edilərkən bu qərardadda müəyyən edilmiş hüquqi mövqelər rəhbər tutulmalıdır. Həmin qərardadın 24-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİİ hissələrinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Konstitusiyanın bu normaları ilk növbədə fiziki və hüquqi şəxslərin özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə birbaşa iddia qaldırmalarına imkan verir. Lakin sözügedən normalar həm də belə bir təminatı nəzərdə tutur ki, inzibati orqanların qərar və hərəkətlərinə (hərəkətsizliklərinə) qarşı başqa şəxslər tərəfindən qaldırılmış iddialar üzrə işlərə baxılarkən, qəbul ediləcək qərarın onların qanunla qorunan maraqlarına toxunacağı halda, mübahisənin tərəfi olmayan üçüncü şəxslərin məhkəmə icraatına qoşulması imkanı hüquq və azadlıqların məhkəmə müdafiəsi və dinlənilmə hüququnun tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Buna görə, bir işə baxılması nəticəsində qəbul edilən qərarla hüquq və mənafelərinə təsir göstərilmiş olacaq şəxslərə bu mühakimə haqqında məlumat verilməli, mübahisənin həlli ilə bağlı həmin şəxslərin dinlənilmə hüququ təmin olunmalı, eləcə də onların məhkəməyə işin həlli ilə bağlı öz dəlil və sübutlarını təqdim etmələrinə imkan yaradılmalıdır. Həmin qərardadın 37-ci bəndinə əsasən hüquqi maraq bir qayda olaraq qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının şəxslərin qanunla qorunan maraqlarına toxunması halını yarada bildikdə mövcud olur. Bu, məhkəmə qərarının prosesdə tərəf olmayan digər şəxslərin hüquqi vəziyyətlərinə göstərə biləcəyi mümkün təsirlə bağlı məsələdir. Bir qayda olaraq, qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. Digər halda isə hüquqi statusa bu qaydada birbaşa təsirlə bağlı olmayan maraqlara toxunma halı mövcud olur. Qeyd olunan qərardadın 38-ci bəndinə əsasən cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Maraqların maddi hüquqla müəyyən olunduğu nəzərə alındıqda qanunla qorunan maraq kimi maddi hüquq norması əsasında tanınmış maraqlar çıxış edirlər. Başqa sözlə, diqqət yetirilməli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu və ya digər dərəcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir. Beləliklə, şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, 2-1(112)-3227/2023 nömrəli iş üzrə qəbul edilən yekun məhkəmə qərarı cavabdeh tərəfindən mübahisələndirilmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 470/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3227/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Bakı şəhəri Cavabdeh1nə qarşı “torpaq sahəsinə dair cizginin verilməsi vəzifəsinin qoyulması” tələbinə dair icraat ərizəçi SOCAR-ın Maraqlı şəxs qanuni maraqlarına toxunmadığından onun inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmasından imtina edilməlidir. Belə ki, ərizəçi müvafiq torpaq sahəsinin SOCAR-ın Maraqlı şəxs balansında olduğunu iddia etsə də, bu faktı təsdiqləyən hər hansı hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim etməmişdir. Torpaq sahəsinin SOCAR-ın Maraqlı şəxs balansına verilməsi barədə hər hansı sərəncam (əmr, qərar və s.) və ya digər torpaqayırma sənədi təqdim edilmədiyindən ərizəçi tərəfindən istinad olunan əraziyə dair topoqrafik plan həmin torpaq sahəsinin SOCAR-ın Maraqlı şəxs mülkiyyətində olduğu qənaətinə gəlmək üçün əsaslı dəlil kimi qəbul edilə bilməz. Ərizəçinin hazırkı məhkəmə icraatında iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və ərizəçi barəsində vahid qərarın qəbul olunmasını şərtləndirmir. Qeyd edilənlərə əsasən məhkəmə qeyd etmişdir ki, məhkəmə icraatın nəticəsi üzrə ərizəçinin prosessual marağının olduğu qənaətinə gəlmək üçün hər hansı əsas yoxdur. İşin hallarından müəyyən edilir ki, Bakı şəhəri Cavabdeh1 Başçısının xx.xx.2000-ci il tarixli 896 nömrəli sərəncamına əsasən Bakı şəhər İcra hakimiyyəti Başçısının 1362 saylı, 10 dekabr 1997-ci il tarixli sərəncamına əsaslanaraq Bakı şəhər sakini İddiaçı Lökbatan qəsəbəsinin cənub hissəsində istifadəsində olan torpaq sahəsi ona ayrılaraq sahibkarlıq fəaliyyəti göstərilməsinə icazə verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3227/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh1 başçısının xx.xx.2000-ci il tarixli 896 nömrəli Sərəncamına əsasən İddiaçı ayrılmış torpaq sahəsinə dair cizginin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh1 üzərinə qoyulmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu iş üzrə sərgilədiyi mövqeyi ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, ərizəçi mübahisə predmeti olan torpaq sahəsinin SOCAR-ın Maraqlı şəxs istifadəsində olan sənaye təyinatlı torpaq sahəsi olmasına istinad etsə də, bununla bağlı hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Ərizəçi qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin qərarının icrası ilə bağlı iddiaçının hüquqazidd hərəkətləri nəticəsində torpaq sahəsinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələbləri pozulmuş və “SOCAR”-ın “Azneft” İB-nin istifadəsində olan sənaye təyinatlı torpaq sahəsində neft və qaz əməliyyatları aparmaq imkanından faktiki olaraq məhrum olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı ərizənin rədd edilməsinin bir-sıra əsasları mövcuddur ki, ilkin olaraq ərizəçinin torpaq sahəsi ilə bağlı hüquqlarının mövcud olubolmaması barədə aşağıdakılar qeyd edilməlidir. Belə ki, ərizəçinin torpaq sahəsi ilə nə mülkiyyət hüququ, nə də digər əmlak xarakterli hər hansı hüququ mövcud olmadığından onun qorunmasından, onun pozulmasının təminatından söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi ilə də müəyyən edilir ki, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Ərizəçinin isə həmin əmlaka heç bir hüququ mövcud deyil. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, əgər hüquqmüəyyənedici sənəd yoxdursa, deməli hüquq da yoxdur, hüquq mövcud deyildirsə onun qanunla qorunmasından da söhbət gedə bilməz, qanunla qorunan hüquqi marağın mövcud olmaması isə yuxarıda göstərilən qanunvericilik aktlarında zəruri cəlbetmə üçün zəruri şərt kimi qanunla qorunan marağın mövcud olmamasına dəlalət edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, qərardadın ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən qərardad dəyişdirilmədən saxlanmalı, apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 28, 80, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2-1(112)-3227/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar