Məhkəmə qərarları › İş №2-1(103)-2014/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2014/2022

21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2014/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həmidov Həmid Üzeyir oğlunun sədrliyi ilə (məruzəçi); İbrahimli İbrahim Adil oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Hüseynova Arzu İsrafil qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iddiaçıya təyin edilmiş əlilliyin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5156/2021 saylı, 29 dekabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona təyin edilmiş əlillik dərəcəsinin xx.xx.2021-ci ildən bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 2009-cu il tarixdə sol bud sümüyünün posttravmatik xroniki ostemieliti, tez-tez kəskinləşmələrlə, dağınıq üzvi vegatativ damar təzahürləri və kəllə daxili hipertenziya ilə müşahidə olunan QKBT-nın qalıq əlamətləri, asteno-nevrotik vəziyyəti diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. 2009-cu ildən 2016-ci ilədək əlillik dərəcəsinin təyin edilməsi üçün cavabdeh Dövlət Tibbi Sosial Ekspertizası və Reabilitasiya Ağentliyinə göndəriş(Forma 88) göndərilmişdir. Ağentlik xx.xx.2021-ci il tarixdə əlavə müayinəyə ehtiyacın olması, əlavə müalicə-əlavə ixtisaslaşmış müalicə təyin edilməsi əsas gətirərərk əlillik dərəcəsinin uzadılmasından imtina emişdir. 2009-cu il tarixdə əlillik dərəcəsi qanunvericilik normalarına uyğun olaraq təyin edildiyindən, 12 ildən çox eyni xəstəlikdən əziyyət çəkdiyindən, qanunvericilik normalarına əsasən ikinçi dərəcəli əlillik dərəcəsi olan şəxslər fasiləsiz olaraq 10 il təyin olunduğu halda müddətsiz əlillik dərəcəsi təyin edildiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətləri əsassız hesab olunmalı, əlillik dərəcəsi bərpa olunmalı və ömürlük əlillik dərəcəsi təyin edilməlidir. Cavabdeh iddia ərizəsinə dair yazılı etiraz təqdim edərək, qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyəti Azərbaycan Respublikası Milli Təhlükəzislik Nazirliyi Hərbi Tibbi İdarəsinin Poliklinikasının xx.xx.2009-cu il tarixli göndərişi əsasında baxılmış və səbəbi:hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X1 : Xİİ sinif –sümük əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri M80-M94 –ostepatiyalar və xonddropatiyalar M86-M90 digər ostepatiyalar M86 ostemielit M86.6 digər xro.., diaqnozun mətni funksiyanın pozulması ilə sol bud sümüyünün posttravmatik tez-tez kəskinləşən xroniki osteomieliti; Meyar 2.2 İkinci dərəcə əlillik digər funksiyanın pozulması ilə sol bud sümüyünün postravmatik tez-tez kəskinləşən xroniki osteomieliti səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla 07.03 2016-ci il tarixli göndərişi əsasında baxılmış və səbəbi hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik ; X1: XİX Sinif – travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri S70-S79- Bud çanaq oynağı və bud nahiyəsinin travmaları S72- Bud sümüyünün sınığı S72.9-Bud süm..; Diaqnozun mətni : Sol Bud sümüyünün posttravmatik xroniki osteomieliti,tez- tez kəskinləşmələrlə .dağınılıq üzvi vegetativ damar təzahürləri və kəllə daxili hipertenziya ilə müşahidə olunan QKBT-nin qalıq əlamətləri Asteno nevrotik vəziyyət; meyar 2.2 ikinci dərəcə əlillik digər: sol bud sümüyi üçün postravmatik xroniki osteomieliti, tez-tez kəskinləşmələrlə dağınıq üzvi vegetativ damartəzahürləri və kəllə daxili hipertenziya ilə müşahidə... səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçının əlillik vəziyyəti Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb İdarəsinin xx.xx.2021-ci ildə sözügedən poliklinikanın 5126003AACY saylı göndərişi əsasında baxılmış və “X1: Xİİİ sinif- sümük əzələ sisteminin və birləşdirici toxumanın xəstlikləri M80-M94 ostepartiyalar və xondropartiyalar M86- M90 digər ostepartiyalar M86 –osteomelit M86.8 digər ost...Diaqnozun mətni osteomielit, sol bud sümüyünün posttravmatik osteomieliti (funksiyasının mülaim pozulması ilə), tez-tez kəskinləşmələrlə. Dağınlıq üzvi, vegetativdamar təzahürləri və kəlləxaxili hipertenziya ilə müşahidə olunan QKBT-nın uzaq qalıq əlamətləri.Kəlldaxili travma .Prostatit vəzinin hiperplaziyası,Mərkəzə göndərilmənin /imtina edilmənin səbəbi: əlavə müalicəyə ehtiyacın olması səbəb əlavə müalicə əlavə ixtisaslaşmış müalicə təyin edilir. Səbəbi ilə imtina verilmişdir. xx.xx.2021-ci ildə sözügedən poliklinikanın 5126003AAADV saylı göndərişi əsasında baxılmış və səbəbi: hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik;xəstəliklərn beynəlxalq təsnifatı XİX sinif –travmalar zəhərlələnmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri S00- S09 başın travmaları S06 kəllədaxili travma, dağınıq üzvi, vegetativ –damar təzahürləri və kəllədaxili hipertenziya ilə müşahidə olunan QKBT-nın uzaq qalıq əlametləri.Osteomielit, sol dub sümüuyünün postravmatik osteomieliti tez-tez kəskinləşmələrlə sidik orqanlarının xoşxassəli yenitörə, Qaraciyərin digər xəstəlikləri, Prostatit vəzinin hiperplaziyası; Meyar : 2.2 İkinci dərəcə əlillik 2.2.9 qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosinal labillik, vestibulyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veq” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5156/2021 saylı, 29 dekabr 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı təyin edilmiş ikinci dərəcəli əlilliyin xx.xx.2021ci il tarixdən bərpa olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5156/2021 saylı, 29 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - 4 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının “İlkin müayinədən keçən əlillər üçün” xx.xx.2009-cu il tarixli arayışına əsasən, İddiaçı hərbi xidməti vəzifəsini yerinə yetiməsi ilə əlaqədar ikinci qrup əlilliyi müəyən edilmiş, növbəti müayinə tarixi xx.xx.2010cu il tarixinə təyin edilmişdir. - 4 saylı Zona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 2010-cu, 2011-ci, 2012-ci illərdə, 3 saylı Zona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 2013-cü, 2014-cü və 2015-ci illərdə verilimiş “Təkrar müayınədən keçən əlillər üçün” arayışlarına əsasən, İddiaçı hərbi xidməti vəzifəsini yerinə yetiməsi ilə əlaqədar ikinci qrup əlilliyi təkrar müəyən edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (6 saylı Tibbi Sosial Ekspert Komissiyasının) xx.xx.2016-ci il tarixli qərarına əsasən, təkrar müayinə zamanı iddiaçıya ikinci dərəcəli hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar olan əlilliyi müəyyən edilərək, növbəti müayinə xx.xx.2021-ci il tarixinə təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosal Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatına əsasən, iddiaçıya xx.xx.2021-ci ildə qiymətləndirmə əsasında əlilliyin müəyyən edilməsindən imtina edilmiş, əlavə müalicə, əlavə ixtisaslaşdırılmış müalicə təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosal Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatına əsasən, xx.xx.2021-ci il tarixdə iddiaçıya hərbi xidmət vəzifəsinin yerinə yetirməklə əlaqədar ikinci dərəcəli əlillik müddətsiz müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi barədə qərarında qeyd edilmişdir ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə növbəti müayinə zamanı iddiaçının əlilliyin təsdiq edilməsindən, onun əlavə müalicəyə ehtiyacı olması səbəbindən imtina edilmişdir. Halbuki iddiaçıya 2009-cu ildən ikinci dərəcə əlilliyi fasiləsiz 10 ildən artıq müddət ərzində təyin olunduğu üçün, qanunvericiliyinin tələblərinə əsasən müddətsiz təyin edilməli idi. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən (3.1.)şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.(3.2) Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.(3.3.) Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (3.3-1). Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.(3.4.) Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.(3.5.) Müvafiq icra hakimiyyəti orqanı əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır.(3.6.) Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1-ci maddəsinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il taixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.1.-ci bəndinə əsasən, birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. Həmin Əsasnamənin 4.2. –ci bəndinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qanunvericilik normalarının məzmunundan görünür ki, şəxsə ikinci dərəcə əlillik fasiləsiz 10 ildən artıq müddət ərzində təyin olunduğu halda əlillik müddətsiz təyin edilir. Lakin hazırkı işin faktiki hallarından müəyyən edilir ki, iddiaçının sağlamlıq vəziyyəti ilkin olaraq 2009-cu ildə cavabdeh tərəfindən qiymətləndirilmiş, ikinci dərəcə əlillik müəyyən edilmiş, 2009-cu ildən 2016-ci ilədək əlillik dərəcəsi hər dəfə 1 il müddətinə yenidən təyin edilmiş, 2016-ci ildə iddiaçıya 5 il müddətinə (xx.xx.2021-ci -ci il tarixədək) İİ dərəcə əlillik müəyyən edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə növbəti müayinə zamanı iddiaçının əlilliyin təsdiq edilməsindən, onun əlavə müalicəyə ehtiyacı olması səbəbindən imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərini pozaraq iddiaçıya təyin edilmiş əlilliyini müddəti bitmədən xx.xx.2021-ci ildə ləğv etmişdir ki, həmin qərar qanunvericiliyin tələbinə uyğun olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -19.2.Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 21.1.Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2.Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3.İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4.Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -25.1.Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. -64.2.İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Kollegiya qeyd edir ki, hazırki işdə əlilliyin dayandırılmasından əvvəl cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş əlilliyin qanuniliyinin araşdırılması barədə istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Cavabdeh inzibati orqan tərəfindən belə bir icraat aparılmamış, iddiaçıya təyin edilmiş əlillik cavabdeh orqan tərəfindən etibarsız sayılsa da, bunun səbəbləri qanunvericiliyin maddələrinə istinad edilməklə əsaslandırılmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən, bu qəbildən olan işlərdə əlilliyin etibarsızlığı inzibati icraatın prinsiplərinin pozulması ilə aparılarsa inzibati orqanın əlilliyin etibarsızlığı ilə bağlı hərəkətləri qanunsuz hesab olunur və əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsinə təminat edir. Vahid məhkəmə təcrübəsi və yuxarıda bəhs edilən qanunvericiliyin müddəalarından irəli çıxdıqda müəyyən olunur ki, bu növ mübahisələrə-əlilliyin dayandırılmasına baxılarkən inzibati orqan tərəfindən inzibati icraatın prinsiplərinin pozulub-pozulmamasına, həmçinin şəxsdə olan xəstəliklərin əlillik təyin olunması üçün nəzərdə tutulan xəstəliklərin əhatə dairəsinə düşməsi ilə əlaqədar əyani müayinəyə cəlb edilib-edilmədiyini qiymət verilməlidir.vətəndaşın sosial təminat hüququ əsasında onda olan xəstəliklərin əlillik təyin olunması üçün nəzərdə tutulan xəstəliklərin əhatə dairəsinə düşüb-düşmədiyini müəyyən edilməlidir. Cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi publik- hüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Cavabdeh tərəfindən iddiaçının sağlamlıq vəziyyəti xx.xx.2009-cu il ildə qiymətləndirilmiş, ikinci dərəcə əlilliyi fasiləsiz xx.xx.2021-ci ilədək təyin edilmiş, lakin təyin edilmiş əlilliyin müddəti bitməmiş (xx.xx.2021-ci ildə) ləğv edilmiş, xx.xx.2021-ci ildən müddətsiz ikinci dərəcə əlilliyin təyini barədə qərar (inzibati akt) qəbul edilmişdir. Sonuncu dəfə xx.xx.2021 -cu ildə əlillik təyin edilməsi zamanı qərar qəbul edilməsi zamanı əsas götürülmüş diaqnoz iddiaçıya ilk dəfə əlillik təyin edilərkən əsas götrülmüş diaqnozla eynidir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5156/2021 saylı, 29 dekabr 2022-ci il tarixli qərarı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5156/2021 saylı, 29 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar