Məhkəmə qərarları › İş №2-1(103)-2014/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2014/2024

18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2014/2024 18.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X5 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs: X3) “üçüncü şəxsin qeydiyyatdan çıxarılması tələbinə dair” iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3716/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X2 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 4-cü yeni yaşayış massivi, M.ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “...Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 4-cü yeni yaşayış massivi, M.ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini alqı-satqı müqaviləsi ilə X1 almışdır. Həmin ev iddiaçının mülkiyyətində və istifadəsindədir. İddiaçı evi aldıqdan sonra X3 oradan köçmüşdür. Həmin şəxsin qeydiyyatdan çıxarılması ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsinə müraciət etsə də, bundan imtina olunmuşdur...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3716/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılaraq icraata qəbul edilməsi barədə yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “... Qərardad hakimin kobud qanun pozuntusu ilə qəbul etməsinin nəticəsidir. Belə ki, məhkəmə öz qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olmadığından, eləcə də onunla həmin ev barədə kirayə (icarə) müqaviləsi bağlanmadığından, sozügedən ünvanda qeydiyytada olan şəxs kimi orada qeydiyyatda olan başqa şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək üçün subyektiv hüquqa malik deyildir. Lakin məhkəmə bu qənaətə gələrkən, iddiaçı tərəfindən həmin fərdi yaşayış evinə olan subyektiv hüquqlarını təsdiq edən sübutları (alqı-satqı müqaviləsi və digərləri) nəzərə almamışdır. İddiaçı həmin evi alqı-satqı müqaviləsi ilə X1 almış, həmin vaxtdan etibarən evə faktiki sahiblik edərək orada yaşayır və kommunal ödənişləri həyata keçirir. Əvvəlki mülkiyyətçi M.Mamedova isə alqı-satqı müqaviləsi bağlandıqdan sonra, qısa müddət ərzində evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürsə də, hazırki vaxtadək formal olaraq orada pasport qeydiyyatındadır. Məhkəmə işdə olan sənədlərə qiymət vermədən qərar qəbul edərək iddianı mümkün saymamış və kobud qanun pozuntusuna yol vermişdir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddia mümkünlüyü şərtlərinin yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən inzibati məhkəmə icraatına aid iddia növündə və iddia müddəti çərçivəsində qanunla cavabdehlik daşıya bilən inzibati orqana qarşı qaldırıldığı və formal olaraq (sübutlar da əlavə olunmaqla) əsaslandırıldığı halda, mümkün iddia kimi icraata qəbul edilir. Konkret halda isə iddianın mümkünlük şərti yerinə yetirilmir. Belə ki, iş materiallarından görünür ki, “ev satan” X3 ilə X6 arasında, vasitəçi (makler) Salamovun iştirakı ilə sadə yazılı formada daşınmaz əmlakın alqı-satqısı müqaviləsi imzalanmışdır. Lakin həmin müqavlədə, hansı ünvanda yerləşən və hansı xüsusiyyətlərə malik evin satıldığı barədə məlumat mövcud deyildir. Halbuki, konkret halda, iddiaçı sözügedən müqaviləyə istinadən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 4-cü yeni yaşayış massivi, M.ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini aldığını əsas tutaraq, həmin evdə qeydiyyatda olan üçüncü şəxs X2 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsini tələb edir. Ümumiyyətlə, müqavilə üzrə iddiaçıya satılan evə dair - nə torpaqayırma sənədi, nə də ki, evin tikinti normalarına uyğun tikilməsi barədə həm əvvəlki, həm də hazırkı iddiaçının adına dövlət qeydiyyatına dair hüquqmüəyyənedici sənəd mövcud deyildir. Başqa sözlə, ev özbaşına tikilidir və bu işin mübahisəsiz halıdır. Belə olan halda, daşınmaz əmlakın alqı-satqısının qanunla müəyyən edilmiş formasına riayət edilmədən bağlanmış həmin alqı-satqı müqaviləsi - iddiaçının həmin evə dair sərəncam vermək, o cümlədən, evdə qeydiyyatda olan üçüncü şəxs M.Mamedovanın müqavilə üzrə ünvanı göstərilməyən evdən qeydiyyatdan çıxarılmasını tələb etmək üçün subyektiv hüququnun əsasını təşkil edə bilməz. Ən azından, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində yaşayış sahəsinə köçmək, 9-cu maddəsindəisə ondan çıxarılmasına əsas olan konkret sənədlər sırası sadalanmışdır. Belə sənədlər sırasından isə iddiaçının mübahisəli ünvana dair hər hansı biri mövcud olmaması onun üçüncü şəxsin həmin evdən qediyyatdan çıxarılmasını tələb etməkdə subyektiv hüquqa malik olmasını istisna edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə də, qeyd olunanlar nəzərə alınmaqla, iddiaçının hazırkı iddiası İPM-in 35.1-ci maddəsində nəzərdə tutulan əsaslandırılmış iddia kimi qiymətləndirilə bilməz. Belə olan halda, birinci instansiya məhkəməsi tərəfindən İPM-in 35.3-cü maddəsinin tələbinə uyğun qaydada çıxarılmış qərardadı ilə iddianın mümkün sayılmaması işin hallarına və prosessual qanunvericilyin tələblərinə uyğun hesab edilməlidir. Ona görə də, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin məhkəmə tərəfindən kobud qanun pozuntusu ilə əsassız qərardad qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3716/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3716/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar