Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2014/2025 10.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “qərarın ləğv edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X1 ibarət tərkibdə, Səmimə Elşad qızı Əliyevanın katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9274/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********376900 nömrəli qərarına əsasən iddiaçıya fevral 2024- cü il dövrü üzrə əlavə dəyər vergisi üzrə 12.214.69 manat məbləğində vergi borcu hesablanmışdır. Vergi borcunun hesablanmasına əsas kimi vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBDH sseriyalı 640044 nömrəli, EBDL seriyalı 158762 nömrəli, EBDL seriyalı 775619 nömrəli, EBDL seriyalı 158691 nömrəli, EBDJ seriyalı 084509 nömrəli, EBDM seriyalı 301596 nömrəli, EBDJ seriyalı 757378 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirməyə əsas verməməsi, qeyd edilən elektron qaimə-fakturalar üzrə 1.963.73 manat ƏDV məbləğinin tərəfindən əvəzləşdirilmədiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 1.963,73 manat kənarlaşmanın yaranması göstərilmişdir.
2. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli məktublar məhkəməyə təqdim edilmişdir.
3. İddiaçı tərəfindən məhkəməyə "xxxx" MMC ilə aralarında bağlanmış 02 iyun 2023-cü il tarixli, HYD002 nömrəli və "xxxx" MMC ilə aralarında bağlanmış 09 iyun 2023-cü il tarixli, HYD8795 nömrəli alqı-satqı müqavilələri, təqdim edilmiş malların təhvil-təslim aktları və elektron qaimə fakturalar məhkəməyə təqdim edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2024-cü il tarixli **********674400 nömrəli qərarının ləğv edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli, **********674400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar əsasında müəssisəyə fevral 2024-ü il üzrə 10250.96 manat əlavə dəyər vergisi heablanmışdır. Qərarda qeyd olunmuşdur ki, vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən e-qaimə fakturaların əldə edilmiş siyahıda göstərilən dövrlər üzrə ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü sətrində bu növ e-qaimə fakturalar üzrə əvəzləşməsi bərpa edilən ƏDV məbləği nəzərə alınmaqla 9991.94 manat ƏDV məbləğinin büdcəyə bərpa edilmədiyi müəyyən edilmişdir. Hesab edirlər ki, cavabdehin mübahisəli qərarı qanunsuz və əsassızdır. Belə ki, müəssisəyə göndərilmiş 29 mart 2024-cü il tarixli, **********226500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktubda EBDL seriyalı 158762 nömrəli, EBDL seriyalı 775619 nömrəli, EBDL seriyalı 158691 nömrəli, EBDL seriyal 084509 nömrəli, EBDL seriyalı 301596 nömrəli, EBDL seriyalı 757378 nömrəli elektron qaiməfaktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşməyə əsas vermədiyi və bu səbəbdən həmin EQF-lər üzrə aparılmış əvəzləşmə məbləğlərinin nəzərə alınmayacağı qeyd olunmuşdur. Ehtimal edir ki, buna səbəb sözügedən qaimələr üzrə malların alındığı "xxxx" MMC-nin (VÖEN **********) cavabdeh təşkilatın xx.xx.2024-cü il tarixli qərarına əsasən riskli vergi ödəyicisi hesab olunmasıdır. Nəzərə alınmalıdır ki, "xxxx" MMC ilə əməliyyatlar xx.xx.2023-xx.xx.2023-cü il tarix aralığında aparılış və həmin vaxt sözügedən vergi ödəyicisi riskli vergi ödəyicisi olmamışdır. İlk növbədə bildirir ki, cavabdeh təşkilat Vergi Məcəlləsinin 175.11-ci maddəsinin tələbərini pozmuşdur. Belə ki, həmin maddəyə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirdiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Mübahisələndirilən qərarın qəbul olunmasının səbəbi məhz vergi tutulan əməliyyat aparılmış şəxsin riskli vergi ödəyicisi hesab edilməsi olmuş və maddənin tələbinə uyğun olaraq əvəzləşdirmə ləğv edilmişdir. Göründüyü kimi, müəssəsinin "xxxx" MMC ilə əməliyyat apardığı tarixdə, yəni – xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə sonuncu riskli vergi ödəyicisi olmamışdır. Buna görə də, onun riskli vergi ödəyicisi olması barədə məlumat DVX-nin İnternet Vergi İdarəsi portalında əks edilməmişdir. Bu səbəbdən də, onların hər hansı şəkildə, gələcəkdə, "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul ediləcəyindən xəbərləri olması mümkünsüz idi. Odur ki, "xxxx" MMC barəsində müəssisə ilə əməliyyatlar apardıqdan 5 ay sonra riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilməsi müəssisənin onunla apardığı əməliyyatlara görə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz. Eyni zamanda, hətta əməliyyatlar "xxxx" MMC riskli vergi ödəyicisi hesab olunduqdan sonra da, aparılsa da, bu belə ƏDV-nin əvəzləşməsinin ləğvi üçün əsas deyildir. Belə ki, vergi orqanı tərəfindən əməliyyatın əmtəəsiz və ya riskli hesab olunması üçün şəxsin yalnız həmin qrupda olması yetərli deyil, bunun üçün həm də, əməliyyatın faktiki olaraq əmtəəsiz və ya riskli olduğu sübuta yetirilməlidir. Hazırki iş üzrə vergi orqanı belə bir sübut təqdim edilə bilməz. Çünki, əməliyyatlar real əməliyyatlardır.
6. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2024-cü il tarixli **********376900 nömrəli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
7. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, uçot baza məlumatlarına əsasən xx.xx.2023-cü il tarixdə vergi qeydiyyatına alınmış və əsas fəaliyyət sahəsi “Kompressor və Analoji Avadanlıqların Təmiri və Texniki Xidməti, Hidravlik Avadanlığın Təmiri və Texniki Xidməti” olmuşdur. Vergi ödəyicisi tərəfindən 2024-cü il yanvar-fevral üzrə təqdim edilmiş bəyannamə araşdırılarkən əvəzləşmə üçün təqdim edilmiş elektron qaimə fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirməyə əsas verməmişdir. Qeyd edilən elektron qaimə-fakturalar üzrə 11955.67 manat ƏDV məbləğinin vergi ödəyicisi tərəfidən əvəzləşdirildiyini nəzərə alaraq, cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0 manat olması nəticəsində 11955.67 manat kənarlaşma yaranmışdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə 2024-cü ilin fevral ayı üçün ƏDV bəyannaməsi üzrə xx.xx.2024-cü il tarixli **********226500 nömrəli və xx.xx.2024-cü il tarixli, **********042200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərilmiş, müvafiq dövrlər üzrə dəqiqləşdirilmiş vergi bəyannamələrinin və ya müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktublarında qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim olunmadığından xx.xx.2024-cü il tarixli **********674400 nömrəli qərarla 9991,94 manat və xx.xx.2024-cü il tarixli, **********376900 nömrəli qərarla 1963.73 manat əlavə vergi məbləği hesablanmış və vergi ödəyicisinə göndərilmişdir. Həmçinin, baza məlumatlarına əsasən vergi ödəyicisinin əmtəəsiz əməliyyat apardığı "xxxx" MMC-nin (VÖEN: **********) vergi orqanında qeydiyyatdda olan aktiv təsərrüfat subyektinin olmadığı müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixli arayışda qeyd olunmuşdur ki, "xxxx" MMC-nin rəhbəri X3 ilə telefon əlaqəsi saxlamaq mümkün olmadığından monitorinq aparılmamışdır. Digər vergi ödəyicisi "xxxx" MMC-nin (VÖEN: **********) baza məlumatlarına əsasən aktiv obyekti olmadığı müəyyən edilmiş, hüquqi ünvanına baxış keçirilərkən yaşayış evi olduğu müəyyən edilmişdir. İddiaçı ərizəsində qeyd etmişdir ki, göründüyü kimi, "xxxx" MMC əməliyyatların aparıldığı dövrdə riskli vergi ödəyicisi olmamış, buna görə də, onun riskli vergi ödəyicisi olması barədə DVX-nin İnternet Vergi İdarəsi portalında əks edilməmişdir. Bildirirlər ki, qeyd olunan əməliyyatın əmtəəsiz olmasını sübut etmək üçün təqdim edilmişdir. Riskli elektron qaimə fakturalarda riskin başlanma tarixi qeyd olunmuşdur. Bir məsələni də, nəzərə almaq lazımdir ki, qanunvericilikdə əmtəəsiz əməliyyat dedikdə vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və ya xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar nəzərdə tutulur. Yəni təkcə operativ vergi nəzarəti deyil, həm də, səyyar və kameral vergi yoxlaması nəzərdə tutulur. Hazır ki, iş üzrə kameral vergi yoxlaması keçirilən zaman əməliyyatın əmtəəsiz olması müəyyən edilmişdir. Nəzərə almaq lazımdır ki, səyyar vergi yoxlaması ilə müqayisədə kameral vergi yoxlamasının keçirilməsi zamanı vergi orqanının əlavə inzibati araşdırma aparmaq, sübutlar toplamaq imkanları (Vergi Məcəlləsinin 67-ci maddəsində uyğun olaraq) məhduddur. Odur ki, vergi orqanı tərəfindən həmin yoxlama növlərinin həyata keçirilməsi imkanları (kameral və səyyar) və araşdırmanın həcmi həmin imkanlara uyğun şəkildə və vergi ödəyiisinin yoxlama zamanı təqdim etdiyi sənədlərin yetərliliyinə vergi orqanı tərəfindən həmin qısa müddətdə (kameral yoxlama dövründə) dəyərləndirməsinin qanuniliyi (yararlılıq, zərurilik və proporsionallıq meyarları dövründə) və bu zaman vergi ödəyicisinin davranışları nəzərdən keçrilməlidir. Bununla əlaqədar, vergi orqanı tərəfindən vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli, **********226500 nömrəli və xx.xx.2024-cü il tarixli **********042200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndəriliş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib ediliş sənədləri təqdim etməmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9274/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir.
10. Belə ki, iddiaçının qarşılıqlı əlaqədə olduğu vergi ödəyicisinin sonradan riskli vergi vergi ödəyicisi hesab edilməsi, ona məxsus ərazinin (anbarın), onun görülmüş işlər ilə bağlı zəruri əşyalara malik olub-olmamasını dəqiqləşdirməyin mümkün olmaması və ya onların olmaması özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə xidmətin sifarişçisinə münasibətdə Vergi Məcəlləsinin 175.11-ci maddəsinin tətbiqinə əsas verməməlidir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
11. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9274/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti işin faktiki halları baxımından iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. d) Prosses iştirakçılarının izahatları
14. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
15. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili və nümayəndəsi iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir;
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı,soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; .
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.1 şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
20. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
22. İddianın mahiyyəti və cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası hazırkı mübahisəyə tətbiq edilən hüquq normalarına əsasən aşağıdakıları qeyd edir:
23. İşin hallarından göründüyü kimi, cavabdeh mübahisələndirilən qərarlarla iddiaçıya kameral vergi yoxlaması tətbiq etmiş və 2024-cü ilin fevral ayında ƏDV üzrə 12.214.69 manat əlavə dəyər vergisi hesablamışdır.
24. İddiaçı hazırda həmin qərarı mübahisələndirir və hesab edir ki, qərar qəbul edilərkən vergi qanunvericiliyinin tələbləri pozulmuşdur.
25. Cavabdeh həmin qərarın qəbul edilməsinə əsas kimi 2023-cü ildə təmir və texniki xidmətlər üzrə malların alışı zamanı qanunvericiliyin qeyd edilən tələblərinin pozulması hallarının müəyyən edilməsi, vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBDH sseriyalı 640044 nömrəli, EBDL seriyalı 158762 nömrəli, EBDL seriyalı 775619 nömrəli, EBDL seriyalı 158691 nömrəli, EBDJ seriyalı 084509 nömrəli, EBDM seriyalı 301596 nömrəli, EBDJ seriyalı 757378 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatların riskli hesab edilməsi və əvəzləşdirməyə əsas verməməsi, qeyd edilən elektron qaimə-fakturalar üzrə 1.963.73 manat ƏDV məbləğinin tərəfindən əvəzləşdirilmədiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 1.963,73 manat kənarlaşmanın yaranmasını göstərmişdir.
26. İddiaçı bu hallarla razılaşmır və hesab edir ki, "xxxx" MMC ilə əməliyyat apardığı tarixdə, yəni – xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə sonuncu riskli vergi ödəyicisi olmamışdır. Buna görə də, onun riskli vergi ödəyicisi olması barədə məlumat DVX-nin İnternet Vergi İdarəsi portalında əks edilməmişdir. Bu səbəbdən də, onların hər hansı şəkildə, gələcəkdə, "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul ediləcəyindən xəbərləri olması mümkünsüz idi. Odur ki, "xxxx" MMC barəsində müəssisə ilə əməliyyatlar apardıqdan 5 ay sonra riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilməsi müəssisənin onunla apardığı əməliyyatlara görə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz. Eyni zamanda, hətta əməliyyatlar "xxxx" MMC riskli vergi ödəyicisi hesab olunduqdan sonra da, aparılsa belə bu, ƏDVnin əvəzləşməsinin ləğvi üçün əsas deyildir. Belə ki, vergi orqanı tərəfindən əməliyyatın əmtəəsiz və ya riskli hesab olunması üçün şəxsin yalnız həmin qrupda olması yetərli deyil, bunun üçün həm də, əməliyyatın faktiki olaraq əmtəəsiz və ya riskli olduğu sübuta yetirilməlidir. Hazırki iş üzrə vergi orqanı belə bir sübut təqdim edilə bilməz. Çünki, əməliyyatlar real əməliyyatlardır.
27. Məhkəmə Kollegiyası tətbiq olunan hüquq normalarından çıxış edərək hesab edir ki, iddiaçı tələbində haqlıdır.
28. Məhkəmə Kollegiyası hesab edir ki, hazırki iş üzrə cavabdeh qənaətə gələrkən qüvvədə olan və tətbiq edilən qanunvericiliyin normalarını səhv tətbiq etmişdir.
29. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının aldığı malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edilməmiş, yəni iddiaçının riskli əməliyyat aparması müəyyən edilməmişdir. Cavabdeh tərəfindən iddiaçının əmtəəsiz dövriyyəsi kimi riskli vergi ödəyiciləri ilə aparılmış qarşılıqlı əməliyyatları (həmin riskli vergi ödəyicilərinin konkret olaraq iddiaçı ilə aparılmış qarşılıqlı əməliyyatlarının əmtəəsiz olduğu müəyyənləşdirilmədən) qiymətləndirilmişdir. Lakin, nəzərə alınmalıdır ki, qeyd edilən riskli vergi ödəyiciləri ilə iddiaçı arasında qarşılıqlı əməliyyatlar vergi orqanı tərəfindən "xxxx" MMC barəsində riskli vergi ödəyicisi olması barədə müvafiq qərar qəbul edilməmişdən və həmin məlumat açıqlanmamışdan əvvəl aparılmışdır. Qeyd edilən vergi ödəyicisinin digər şəxslərlə riskli əməliyyatlar aparmış olmaları və ya gələcəkdə riskli vergi ödəyicisi hesab olunmaları iddiaçının məsuliyyət riski ilə əhatə olunmur və yalnız sonradan riskli vergi ödəyicisi hesab olunması əsası ilə müvafiq qərar qəbul edilməmişdən və bu barədə məlumat açıqlanmamışdan əvvəl İddiaçı MMC ilə aparılmış əməliyyatların əmtəəsiz kimi qiymətləndirilməsi ehtimallara əsaslanmaqla iddiaçının üzərinə həddən artıq yük qoymuş və iddiaçıya münasibətdə mütənasib olmamışdır.
30. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
31. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
32. Məhkəmə Kollegiyası iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir
33. Həmçinin, apellyasiya şikayəti işin faktiki halları baxımından iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırıldığını və həmin dəlillərə yuxarıda hüquqi qiymət verildiyini nəzərə alan məhkəmə Kollegiyası prosessual qənaət prinsipindən çıxış edərək şikayətin dəlilləri üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa lüzum görmür.
34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz.
35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
36. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9274/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9274/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.