Məhkəmə qərarları › İş №2-1(103)-2015/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2015/2021

01.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2015/2021 01.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 və üçüncü şəxsin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal Rayon İdarəsinə qarşı iddiaçının müharibə veteranı adının bərpa olunması tələbinə dair Bakı İnzibati Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2-1(112)-1788/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 28 sentyabr-01 oktyabr 2021-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və həmin Nazirliyin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyasına və üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal Rayon İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək müharibə veteranı adının bərpa olunması və imtiyazların verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, xx xxxx 1970-ci il tarixdə doğulmuşdur və ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. O, 16 avqust 1992-ci il tarixdən 27 oktyabr 1992-ci il tarixədək AR Müdafiə Nazirliyinin müvafiq hərbi hissəsinin heyətində xidmət etmiş və Ağdərənin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Bu barədə onun hərbi biletində də qeyd aparılmışdır. Qeyd olunanlara əsasən ona 11 iyun 1998-ci il tarixdə müharibə veteranı statusu verilmişdir. Həmin vaxtdan da ona müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə olunması üçün vəsiqə təqdim edilmişdir. Daha sonra ona 01 yanvar 2006-cı il tarixdən 31 mart 2020-ci il tarixədək müharibə veteranı olduğuna görə təyin olunan Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilmişdir. Lakin ona təyin olunmuş təqaüd 31 mart 2020-ci il tarixdə dayandırıldığından, o, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF 1 saylı Bakı Ərazi Şöbəsinə müraciət etmişdir. Ona cavab olaraq bildirilmişdir ki, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal Rayon İdarəsinin göndərdiyi siyahıda onun müharibə veteranı statusu ləğv edilmişdir və bu səbəbdən də təqaüd dayandırılmışdır. Həmçinin qeyd edilmişdir ki, 2006 – 2020-ci illər üzrə ona ödənilmiş təqaüd məbləğini geri qaytarmalıdır, əks təqdirdə məhkəməyə müraciət olunacaq. Ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»yə görə müharibə veteranı vəsiqəsi verilməlidir. O, müharibə veteranı vəsiqəsinin bərpa olunması ilə bağlı cavabdehə müraciət etmişdir. Cavab olaraq bildirilmişdir ki, müvafiq hərbi hissə sənədlərinin arxivə daxil olmadığından, onun döyüşlərdə iştirakı faktını müəyyən etmək mümkün olmamışdır. Üçüncü şəxsin ona cavab məktubunda qeyd olunmuşdur ki, müvafiq hərbi hissənin sənədləri arxivə daxil olmadığından, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını müəyyən edən faktın olmaması səbəbindən müharibə veteranı statusu ləğv olunmuşdur. Lakin o, həqiqətən də 16 avqust 1992-ci il tarixdən 27 oktyabr 1992-ci il tarixədək N saylı hərbi hissənin heyətində Ağdərə uğrunda gedən döyüşlərdə iştirak etmişdir, Bu hal fotoşəkillərdə əks olunur və döyüş yoldaşlarının verdiyi ifadələrlə də təsdiq oluna bilər. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Sondan iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək müharibə veteranı adının bərpa edilməsi, cavabdeh kimi yalnız Azərbaycan Respublikası Müdafiə Nazirliyinin saxlanılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2-1(112)-1788/2021 saylı qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyasının işdə cavabdeh qismində prosessual iştirakına xitam verilmişdir. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2-1(112)- 1788/2021 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. (hakim: R.Kərimli) Həmin qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı “Müharibə veteranı” adının bərpa edilməsi mümkün deyildi, belə ki, iddiaçıya 1998-ci ildə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal Rayon idarəsi tərəfindən “Müharibə veteranı” vəsiqəsi verilmiş və sonradan 2020-ci ildə təkrar araşdırma aparılmış və nəticədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müharibə veteranı statusunun ləğv edilməsi və imtiyazların dayandırılması barədə siyahı göndərmişdir. İddiaçıya əvvəllər “Müharibə veteranı” adının və vəsiqəsinin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal Rayon İdarəsi tərəfindən verildiyindən “Müharibə veteranı” adının bərpa edilməsi onların səlahiyətinə aiddir. İddiaçı “Müharibə veteranı” adının bərpa olunması öhdəliyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə deyil Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal Rayon İdarəsinin üzərinə vəzifə kimi qoyulmalıdır, çünki ləğv edilmiş “müharibə veteranı” statusu əvvəllər mövcud olduğundan və əsas olunmuş sənədlərin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal Rayon idarəsinin arxivində saxlanıldığından “Müharibə veteranı” adının və vəsiqəsinin bərpa edilməsi onların səlahiyyətinə aiddir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin 11 iyun 2020-ci il tarixli 1/İ-8404 nömrəli məktubu ilə iddiaçıya “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın” “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi səlahiyyətinə aid olmadığı bildirilmişdir. Lakin, iddiaçı İslamov X2 Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin 11 iyun 2020-ci il tarixli 1/İ-8404 nömrəli məktubu inzibati akt kimi qəbul etmiş və nəticədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Apelyasiya məhkəməsinin nəzərinə çatdırmaq istəyirlər ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Bakı İnzibati Məhkəməsinə əsl olmayan tərəfin əvəz edilməsinə dair 28 oktyabr 2020-ci il tarixli 11/5267 nömrəli ərizə göndərmişdir (ərizə və reyestrin surətləri şikayətə əlavə edilir). Buna baxmayaraq, Bakı İnzibati Məhkəməsi məhkəmə qərarının təsviri hissəsində cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hazırki iddiaya qarşı münasibətin (etiraz) bildirmədiyini əsassız olaraq qeyd etmiş, əsl olmayan tərəfin əvəz edilməsinə dair 28 oktyabr 2020-ci il tarixli 11/5267 nömrəli ərizəni baxılmamış saxlamışdır. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X1 apelyasiya şikayətində qeyd olunanlara uyğun şikayət verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı üçüncü şəxsin nümayəndəsi X5 birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq iş üzrə tərəflərin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iş təkrar baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanlanmış 20.05.2020-ci il tarixli məktubundan görünür ki, Müdafiə Nazirliyinə daxil olmuş ərizəyə cavab olaraq bildirilir ki, “Müharibə veteranı" vəsiqəsinin verilməsi üçün döyüşlərdə iştirakını təsdiq edən sənədləri, hansı hərbi hissələrdə nə vaxt xidmət etməsini qeyd etməklə ətraflı ərizəsini Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərər veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komıssiyaya göndərildiyi təqdirdə komissıyanın iclasında baxılaraq müvafiq qərar qəbul oluna bilər. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanlanmış 11.06.2020-ci il tarixli 1/5-8404 nömrəli məktubundan görünür ki, Müdafiə Nazirliyinə daxil olmuş ərizəyə cavab olaraq bildirilir ki, sənədlərə baxılması Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın səlahiyyəti xaricindədir. Əlavə olaraq bildirilir ki, aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət edilməsi tövsiyə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal Rayon İdarəsinin iddiaçıya ünvanlanmış 25.06.2020-ci il tarixli 1/661 nömrəli məktubundan görünür ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi ilə əlaqədar əvvəllər “Müharibə veteranı" vəsiqəsi almış şəxslərin yenidən qeydiyyata alınması məqsədi ilə iddiaçının xidmət müddətinin dəqiqləşdirilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi arxivinə sorğu göndərilmişdir. Arxivindən alınmış cavabda xidmət etdiyi N saylı hərbi hissənin sənədlərinin arxivə daxil olmadığı bildirilmişdir. Xidmət etdiyi hərbi hissənin sənədləri arxivə daxil olmadığına görə adının hərbi hissənın şəxsi heyətinin siyahılarında olub-olmadığını təsdiq etmək mümkün olmamışdır. Bu səbəbdən mövcud qanunvericilik aktlarının və müvafiq göstərışlərın tələblərinə əsasən keçmiş Yasamal Rayonu Hərbi Komissarlığında yaradılmış komissiya tərəfindən sənədlərinə yenidən baxıldıqdan sonra müharibə veteranı statusunun ləğv olunmasının qanuna uyğun olduğu hesab edilmişdir. “Müharibə veteranı” statusunun ləğv olunması barədə 2011-ci ildə Yasamal rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə 2020-cı ildə isə Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinə müvafiq məlumat göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyin İşlər İdarəsi Mərkəzi Arxivinin iddiaçıya ünvanlanmış 17.08.2020-ci il tarixli 9/2-8379 nömrəli məktubundan görünür ki, N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün xidməti barədə araşdırma apara bilinməmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMFnin 1 saylı Bakı Ərazi Şöbəsinin iddiaçıya ünvanlanmış 23.04.2020-ci il tarixli **********4 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinin göndərdiyi siyahıya əsasən iddiaçının müharibə veteranlığı statusu ləğv olunduğu üçün ona Müharibə veteranlığına görə təyin olunan Azərbaycan Respublikası Prezidentinin təqaüdü dayandırılmışdır. İddiaçıya 01.01.2006 - 31.03.2020-ci il tarixədək ödənilmiş vəsaiti dövlət büdcəsinə ödəməsi xahiş olunur. Əks halda dövlət büdcəsinə bərpası ilə əlaqədar məhkəməyə müraciət olunacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 21.05.2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş vətəndaş İddiaçı ərizə və sənədlərinə baxılmışdır. İddiaçı müraciətdə Xidmətin Yasamal rayon idarəsi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinə göndərilmiş müvafiq siyahı əsasında “Müharibə veteranı” statusunun ləğv edildiyini, ona təyin olunan Prezident təqaüdünün dayandırıldığını və bu qərarın əsassız olduğunu bildirərək, məsələyə aydınlıq gətirilməsində köməklik göstərilməsini xahiş edir. Bu səbəbdən İddiaçı müharibə veteranı statusunun ləğv olunmasına dair ətraflı araşdırma aparımalı, görülmüş işlərin nəticəsi barədə Xidmətin Aparatına və vətəndaşa məlumatın verilməsi zəruridir. İddiaçıya bildirilir ki, müvafiq təqaüdlərin ödənilməsi və ya dayandırılması Xidmətin səlahiyyəti xaricində olduğundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aidiyyəti struktur bölməsınə müraciət etməsi məqsədəuyğundur. İşin halları ilə müəyyən edilir ki, iddiaçıya 11 iyun 1998-ci il tarixdə müharibə veteranı statusu verilmişdir. Daha sonra ona 01 yanvar 2006-cı il tarixdən 31 mart 2020-ci il tarixədək müharibə veteranı olduğuna görə təyin olunan Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilmişdir. Lakin ona təyin olunmuş təqaüd 31 mart 2020-ci il tarixdən dayandırılmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal Rayon İdarəsinin iddiaçıya ünvanlanmış məktubundan müəyyən olunur ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi ilə əlaqədar əvvəllər “Müharibə veteranı" vəsiqəsi almış şəxslərin yenidən qeydiyyata alınması məqsədi ilə iddiaçının xidmət müddətinin dəqiqləşdirilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi arxivinə sorğu göndərilmişdir. Arxivindən alınmış cavabda xidmət etdiyi N saylı hərbi hissənin sənədlərinin arxivə daxil olmadığı bildirilmişdir. Xidmət etdiyi hərbi hissənin sənədləri arxivə daxil olmadığına görə adının hərbi hissənin şəxsi heyətinin siyahılarında olub-olmadığını təsdiq etmək mümkün olmamışdır. Bu səbəbdən mövcud qanunvericilik aktlarının və müvafiq göstərışlərın tələblərinə əsasən keçmiş Yasamal Rayonu Hərbi Komissarlığında yaradılmış komissiya tərəfindən sənədlərinə yenidən baxıldıqdan sonra müharibə veteranı statusunun ləğv olunmasının qanuna uyğun olduğu hesab edilmişdir. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin 1 saylı Bakı Ərazi Şöbəsinin iddiaçıya ünvanlanmış məktubundan da müəyyən olunur ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinin göndərdiyi siyahıya əsasən iddiaçının müharibə veteranlığı statusu ləğv olunduğu üçün ona müharibə veteranlığına görə təyin olunan Azərbaycan Respublikası Prezidentinin təqaüdü dayandırılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanlanmış məktubundan isə müəyyən olunur ki, iddiaçının ərizəsinə cavab olaraq bildirilmişdir ki, sənədlərə baxılması Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın səlahiyyəti xaricindədir. Əlavə olaraq bildirilmişdir ki, aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət edilməsi tövsiyə olunur. Göründüyü kimi iddiaçıya müharibə veteranlığına görə təyin olunan Azərbaycan Respublikası Prezidentinin təqaüdü Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal Rayon İdarəsi tərəfindən dayandırılmışdır. İşdən isə görünür ki, iddiaçı hazırkı tələblə müharibə veteranı adının bərpa edilməsi vəzifəsini cavabdeh kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasını xahiş edir. Bu isə o deməkdir ki, iddiaçı müharibə veteranı adının bərpa edilməsi ilə bağlı tələbini iddiasına cavab verməli olan orqana qarşı deyil, əsl olmayan cavabdehə qarşı irəli sürmüşdür. Eyni zamanda işdən görünür ki, cavabdeh orqan iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, sənədlərə baxılması Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın səlahiyyəti xaricindədir və əlavə olaraq iddiaçıya aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət edilməsi tövsiyə olunmuşdur. Məhkəmə icraatı zamanı cavabdeh orqan əsl olmayan tərəfin əvəz edilməsi ilə bağlı vəsatətlə məhkəməyə müraciət etsə də, birinci instansiya məhkəməsi vəsatəti müzakirə etmədən mahiyyəti üzrə işə baxaraq qərar qəbul etmişdir. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, cavabdehin apelyasiya instansiyası məhkəməsində dəyişdirilməsi yol verilməzdir və bu birinci instansiya məhkəməsində həll edilməli məsələdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” 17 sentyabr 2014-cü il tarixli qərarında məhkəmə özünün aşağıdakı hüquqi mövqeyini bildirmişdir: “ ...Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apelyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apelyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Belə ki, İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası mahiyyət etibarı ilə yeni iddia tələblərinin meydana çıxması və iddianın predmetinin dəyişdirilməsi iddia üzrə cavabdehlərin dairəsinin dəyişdirilməsi ilə nəticələnə bildiyindən, bu, apelyasiya icraatının vəzifələri ilə uzlaşmaya və yeni iddia növünə məruz qalmış prosesin digər tərəfinin müdafiə hüquqlarının pozulması ilə nəticələnə bilər”. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sadalanan halları ümumiləşdirərək, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə təkrar baxılarkən sadalanan pozuntular aradan qaldırılmalı, iddiaçıya müvafiq olaraq hüquqi yardım olunmaqla tələblərini dəqiqləşdirmək və cavabdehin əsl cavabdehlə əvəz olunması təklif olunmalı, dəqiqləşdirilmiş tələbin mümkünlüyü məsələsi aydınlaşdırıldıqdan sonra mahiyyəti üzrə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.7.1-ci maddəsinin tələbinə görə inzibati-iqtisadi məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.7.1, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2-1(112)-1788/2021 saylı qərarı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar