Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2015/2022 22.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “18 mart 1999-cu il tarixli qərar əsasında ayrılmış torpaq sahəsinin 49 illik müvəqqəti istifadəsinə verilməsi haqqında sərəncam verilməsi və bununla bağlı müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “18 mart 1999-cu il tarixli qərar əsasında ayrılmış torpaq sahəsinin 49 illik müvəqqəti istifadəsinə verilməsi haqqında sərəncam verilməsi və bununla bağlı müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5355/2022 saylı 10 mart 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 22 iyun 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “18 mart 1999-cu il tarixli qərar əsasında ayrılmış torpaq sahəsinin 49 illik müvəqqəti istifadəsinə verilməsi haqqında sərəncam verilməsi və bununla bağlı müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, 18 mart 1999-cu il tarixdə Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin Bakı X1 və Həmkarlar İttifaqı Komitəsinin birgə iclasının qərarı ilə onun vəfat etmiş atası X2 Zabrat qəsəbəsində yerləşən dartıcı yarımstansiyanın ətrafında olan boş yerdən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmış, lakin ayrılmış torpaq sahəsinin indiyə qədər tam sənədləşdirilməsi müxtəlif səbəblərdən mümkün olmamışdır. 25 iyun 1999-cu il tarixindən qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 64-cü maddəsinin tələblərinə uyğun olaraq ayrılmış torpaq sahəsinin sənədləşdirilməsi üçün sözügedən torpaq sahəsinin 49 illik müvəqqəti istifadəyə verilməsi haqqında sərəncam verilməsi, bununla bağlı müqavilənin bağlanması və torpaq sahəsinə dair ayrıc aktının verilməsi ilə bağlı tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə müraciət olunmuşdur. Bakı şəhər İcra Hakimiyyətinin A-487-091 saylı xx.xx.2021-ci il tarixli cavab məktubunda torpaq sahəsinin və üzərindəki tikilinin rəsmiləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə daxil olmuş müraciətinə baxıldığı və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququnun yerquluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində çıxarışla rəsmiləşdirildiyi bildirilmişdir. Bununla əlaqədar olaraq onun Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığı müraciət torpaq sahəsi və üzərində inşa olunmuş fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair köməklik göstərilməsi ilə bağlı olmamışdır. Cavab məktubundan da göründüyü kimi, cavabdeh müraciətində qeyd olunan məsələ ilə bağlı deyil, aidiyyəti olmayan bir məsələyə münasibət bildirmiş və müraciətdə qeyd olunan məsələni tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Həmçinin, qərar əsasında torpaq sahəsi ayrılan tarixdə fərdi yaşayış evi inşa edilmiş, o və ailə üzvləri həmin tarixdən etibarən fərdi yaşayış evində qeydiyyatdadırlar. Onun mərhum atasının vəfatı ilə bağlı açılmış vərəsəlik işi zamanı digər vərəsələr miras əmlakdan onun xeyrinə imtina etmiş və yeganə vərəsə kimi o tanınmışdır. Ehtiyac yarandığı təqdirdə fərdi yaşayış evində qeydiyyatda olan və miras əmlakdan imtina etmiş şəxslərin torpaq sahəsinin müvəqqəti istifadəyə verilməsinə dair onun adına sərəncam verilməsinə etiraz etməmələri ilə bağlı notarial qaydada təsdiq edilmiş ərizələrin təqdim olunması tərəfindən təmin olunacaqdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5355/2022 saylı 10 mart 2022-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və iddia tələbinin mümkün hesab edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmış ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən ləğv edilməli və iddia mükün sayılmalıdır. İşin icraatı zamanı sözügedən torpaq sahəsinə baxış keçirilməsi məqsədilə ekspertiza təyin edilməmişdir. Belə olan halda torpaq sahəsinin hazırda hansı təyinatlı olmasını müəyyənləşdirmək qeyri-mümkündür. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxaraq qərardad qəbul etmiş, həmçinin yardım etmək vəzifəsini yerinə yetirməmişdir. Tərəflərin izahatları İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək bildirmişdir ki, torpağın icarəyə verilməsi barədə qərar qəbul edilən zaman köhnə Torpoaq Məcəllləsi qüvvədə olmuş və həmin dövrdə də torpaq sahəsi üzrərində müvəqqəti istifadə hüququnun rəsmiləşdirilməsi İcra hakimiyyəti tərəfindən verilmiş şəhadətnamə və müqavilə əsasında mümkün olmuşdur. Bununla bağlı iddiaçı apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qəraradının ləğv edilərək iddiasının mümkün sayılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında bu barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddia ərizəsinin və apellyasiya şikayətinin məzmunundan aydın olur ki, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı tələbi “Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin Bakı X1 və Həmkarlar İttifaqı Komitəsinin birgə iclasının 18 mar 1999-cu il tarixli qərarı ilə onun mərhum atası X2 Zabrat qəsəbəsində yerləşən dartıcı yarımstansiyanın ətrafında olan boş yerdən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin 49 illik müvəqqəti istifadəyə verilməsi haqqında sərəncam verilməsi və bununla bağlı müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, Bakı şəhər İcra Hakimiyyətinin A-487-091 saylı xx.xx.2021-ci il tarixli məktubunda “Torpaq islahatı haqqında” Qanunun müddəalarına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində çıxarışla rəsmiləşdirildiyi qeyd edilmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası mümkün sayılmamışdır. Belə ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin “Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin Bakı X1 rəhbərliyi və həmkarlar ittifaqı komitəsinin birgə iclasının 18 mart 1999-cu il tarixli qərarı ilə ayrılmiş torpaq sahəsi üzrə sərəncam vermək” tələbinə cavab verən orqan olmamasına istinad edərək iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın mümkün sayılmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. Qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Məcəllənin qeyd olunan norması, prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İnzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Hazırki işdən görünür ki, iddiaçının hüquqi marağı Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin Bakı X1 və Həmkarlar İttifaqı Komitəsinin birgə iclasının 18 mart 1999-cu il tarixli qərarı ilə onun mərhum atası X2 Zabrat qəsəbəsində yerləşən dartıcı yarımstansiyanın ətrafında olan boş yerdən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsi üzərində məhz özünün hüquqlarının rəsmiləşdirilməsinə yönəlmişdir. Bununla bağlı o, cavabdehdən onunla 49 illik müvəqqəti istifadə hüququna dair sərəncam verilməsini və müvafiq müqavilə bağlanmasını tələb edir. Halbuki iş materiallarında ümumiyyətlə iddiaçının mərhum atasının vərəsəsi olması, vərəsə kimi notariat orqanına müraciət etməsi, atasına ayrılmış torpaq sahəsinin əvvəlcə mərhuma məxsus olması barədə müvafiq arayış verilməsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestr orqanına müraciət etməsi və s. kimi hallar müəyyən olunmur. Belə olan halda iddiaçının istədiyi məqsədə çatmaq üçün hazırki iş üzrə qoyduğu iddia növü uğurlu görünmür. Qeyd olunduğu kimi, iddiaçı hüquqi marağının yönəldiyi məqsədə nail olmaq üçün daha uğurlu iddia növündən istifadə etməməklə yanaşı, adına rəsmiləşdirilməsini tələb etdiyi torpaq sahəsi ilə bağlı onun subyektiv hüququnun məhz cavabdeh seçdiyi orqan tərəfindən pozulduğunu da sübuta yetirə bilmir, bu barədə sübutu iddiaçı nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının mərhum atasına ayrılmış torpaq sahəsi üzərində hüquqlarını rəsmiləşdirmək üçün onun əvvəlcə həmin torpaq sahəsinin atasına məxsus olmasına dair daşınmaz əmlakın dövlət reyestrindən müvafiq arayışın verilməsi ilə bağlı müraciət etməsi vacibdir. Yalnız həmin tələbi təmin olunduqdan sonra iddiaçı iddia etdiyi daşınmaz əmlakla bağlı öz hüquqlarını reallaşdıra bilər. Belə hüquqları hazırda mövcud olmadığı üçün onun bu işdə cavabdeh kimi qoyduğu inzibati orqana qarşı da tələbi uğurlu sayıla bilməz. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qiymət verərək hesab edir ki, iddiaçı hazırki işdə subyektiv hüququnun məhz cavabdehin qanunsuz hərəkəti nəticəsində pozulduğunu sübuta yetirə bilmədiyi üçün birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər formal xarakter daşımaqla yanaşı, qərardadın ləğv edilib, iddiasına mahiyyəti üzrə baxılmasına əsas vermir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5355/2022 saylı 10 mart 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçıya izah olunur ki, onun mərhum atasına ayrılmış torpaq sahəsi üzərində əvvəlcə həmin torpaq sahəsinin atasına məxsus olmasına dair daşınmaz əmlakın dövlət reyestrindən müvafiq arayışın verilməsi ilə bağlı müraciət etmək, belə tələbinin təmin olunmasından imtina edildiyi təqdirdə isə həmin imtina ilə bağlı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5355/2022 saylı 10 mart 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-2015/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2015/2022
22.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver