Məhkəmə qərarları › İş №2-1(103)-2016/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2016/2020

30.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2016/2020 30.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında Dövlət Vergi Xidməti Bakı şəhəri lokal gəlirlər baş idarəsinin nümayəndəsi X1, üçüncü şəxs X2 vəkili Vəkil iştirakı ilə iddiaçı “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4701/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktının və akta baxılması nəticəsində qəbul edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli **********196367 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardadın əsaslarına görə, “Məhkəmənin qənaəti belədir ki, iddiaçının birinci tələbində mübahisələndirilən x xxxxxx 2019-cu il tarixli akt inzibati akt sayıla bilməz, çünki, həmin akt hər hansı şəxs üçün özü müstəqil şəkildə hüquqi nəticə yaramır. Odur ki, iddia həmin hissədə mümkün sayıla bilməz. İddianın ikinci hissəsinə gəldikdə isə, məhkəmə hesab edir ki, cavabdehin **********196367 nömrəli xx xxxxxx 2020-ci il tarixli qərarı əlverişsiz inzibati akt kimi mübahisələndirilsə də, iddia qanunla müəyyən edilmiş iddia müddəti buraxılmaqla qaldırılmışdır. İddiaçı tərəfin yuxarı vergi orqanına (AR Vergilər Nazirliyinə) təqdim etdiyi xx xxxxxx 2020-ci il tarixli şikayətdə **********196367 nömrəli xx xxxxxx 2020-ci il tarixli qərar konkret göstərilməmişdir, lakin şikayətin yekun hissəsində (sonunda) tarixi və nömrəsi qeyd olunmadan məhz qərarın ləğv olunması xahiş edilmişdir. Belə olan halda, məhkəmə həmin şikayətin verilməsi ilə iddia müddətinin axımının dayandırılmasını məğbul qiymətləndirir. Lakin nəzərə alınmalıdır ki, AR Vergilər Nazirliyinin xx xxxx 2020-ci il müvafiq cavab məktubu AR Vergi Məcəlləsinin 70-ci maddəsinə əsasən elektron üsulla göndərildiyindən, xx xxxx 2020-ci il tarixdə artıq vergi ödəyicisi kimi hazırkı iddiaçıya çatdırılmış sayılır. Belə məlum olur ki, xx xxxxx 2020-ci il tarixdə **********196367 nömrəli xx xxxxxx 2020-ci il tarixli qərarın mübahisələndirilməsi üçün iddia müddəti başa çatmışdır. İş materiallarında olan “X4” MMC-nin aktında qeyd olunur ki, “xxxx” MMC-nin Bakı İnzibati Məhkəməsinə ünvanladığı zərf həmin quruma xx xxxxx 2020-ci il tarixdə təqdim edilmiş və sözügedən sənədlər məhkəməyə xx xxx 2020-ci il tarixdə çatdırılmışdır. Bu əsanən mötəbər sübut qismində qəbul olunduğu halda da, iddiaçı “iddia ərizəsini (sənədlərlərlə birlikdə)” rabitə qurumuna xx xxxxxx 2020-ci il tarixli qərarın mübahisələdirilməsi üçün müəyyən edilmiş 30 günlük iddia müddətinin başa çatmasından 3 gün sonra təqdim etmişdir (MPM-in 129.3-cü maddəsinə görə rabitə xidmətinə çatdırılma nəızərə alınır).” Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, işin baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, xx.xx.2020-ci il tarixli qərarda göstərilmişdir ki, qərardan 30 gün müddətində məhkəməyə, 3 ay müddətində yuxarı vergi orqanına şikayət verilə bilər. İddiaçı xx.xx.2020-ci il tarixli qərarın qəbul edilməsindən xx.xx.2020-ci il tarixdə məlumat əldə edən kimi 5 gün sonra cavabdehə şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Ən azından həmin xx.xx.2020-ci il tarixli şikayətin verilməsi müddətin ötürülməsini istisna edir. Cavabdeh xx.xx.2020-ci il tarixli şikayətə baxıb qərar çıxarmamış, 1 ay 16 gün sonra - xx.xx.2020-ci il tarixli məktub yazaraq, səyyar vergi yoxlaması aktında göstərilən vergidən yayınma ilə əlaqədar xx.xx.2020-ci il tarixdə cinayət işinin başlanıldığı bildirmiş və şikayətdə qeyd edilən hallara dair sübutların cinayət prosesini həyata keçirən orqana təqdim edilməsini tövsiyə etmişdir. İddiaçı bu məktubun elektron kabinetə yerləşdirilməsindən 2020-ci ilin aprel ayının 10-u ərəfəsində məlumat əldə edən, yəni məktub oxunan kimi xx.xx.2020-ci il tarixdə məhkəmədə iddia qaldırmışdır. “İnzibati icraat haqqında” AR Qanununun 78.2-ci maddəsinə əsasən, şikayət instansiyası tərəfindən bu Qanunun 78.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində qərar qəbul edilmədikdə və ya şikayət instansiyası tərəfindən qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər. Göründüyü kimi, əslində cavabdeh qanun pozuntusuna yol vermiş, xx.xx.2020-ci il tarixli aktdan 1 ay ərzində şikayətə baxmamış, qərar çıxarmamışdır, xx.xx.2020-ci il tarixli məktub qərar hesab edilmir. Bu halda iddiaçının tövsiyə məktubunu aldıqdan sonra “İnzibati icraat haqqında” Qanunun 73.1 və 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək məhkəməyə müracət etmək hüququ olmuşdur ki, bu hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 38.3.1-ci maddəsində nəzərdə tutulmuşdur. Hazırkı mübahisələndirmə haqqında iddia İPM-in 38.3.1-ci maddəsində göstərilən vəziyyətə tam uyğundur, yəni iddiaçı xx.xx.2020-ci il tarixli qərardan Vergilər Nazirliyinə şikayət etmiş, Nazirliyin tövsiyə məktubundan isə həmin Nazirliyin yaratdığı quruma şikayət verməmişdir və bu səbəbdən şirkətin İPM-in 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə müddətlər daxilində məhkəməyə müraciət etmək hüququ olmuşdur. Məhkəmə isə qərar qəbul edərkən İPM-in 38.3.1-ci maddəsinə müraciət etməmiş, əksinə göstərmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 73.1-ci və ya 73.2-ci maddələrində göstərilən müddətlər mübahisələndirmə haqqında iddialara şamil edilə bilməz. Hesab edir ki, məhkəmənin bu mövqeyi ədalətli deyil, çünki İPM-in 38.3.1-ci maddəsində “İnzibati icraat haqqında” Qanunun 73.1-ci və ya 73.2-ci maddələrinin o cümlədən mübahisələndirilmə haqqında iddialara şamil edildiyi göstərilir. İş üzrə vacib əhəmiyyət kəsb edən başqa bir məqam Vergilər Nazirliyinin xx.xx.2020-ci il tarixli tövsiyə xarakterli məktubunun ümumiyyətlə rəsmi qaydada iddiaçıya təqdim edilməməsidir. Məhkəmə bu sənədin təqdim edilməsini Vergi Məcəlləsinin 70.2- 1.3-cü maddəsi ilə əsaslandırmışdır. Bu maddə ilə bərabər eyni tarixdə Məcəlləyə 13.2.72ci maddə əlavə edilmişdir. Həmin maddədə elektron kabinetin açıqlaması verilir. Göründüyü kimi, hər hansı sənədin elektron kabinetdə oxunmuş hesab edilməsi üçün mütləq qaydada vergi orqanı ilə vergi ödəyicisi arasında müəyyən edilmiş formada müqavilə olmalıdır ki, belə bir müqavilə iş materiallarına əlavə edilməmişdir və bağlanması barədə məlumatımız yoxdur. İş materialarına eyni zamanda xx.xx.2020-ci il tarixli tövsiyə məktubunun oxunma tarixi barədə sənəd əlavə edilməmişdir. Məktubu oxumadan təbii ki, məhkəməyə müraciət edə bilməzdi, oxunma tarixi iş üzrə sübut edilmir. Başqa vacib əhəmiyyət kəsb edən və hamıya bəlli olan fakt ondan ibarətdir ki, 2020-ci ilin mart ayından respublika pandemiya şəraitindədir və qanuna uyğun olaraq bir çox məhdudiyyətlər müəyyən edilmişdir. Bununla bağlı Ali Məhkəmənin Plenumu tərəfindən 05 saylı xx.xx.2020-ci il tarixli qərar qəbul edilmiş, bu qərarara əsasən məhkəmələrin fəaliyyəti dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31,03.2020-ci il tarixli 122 saylı qərarı ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Respublikada xüsusi karantin rejimi müəyyən edilmiş, xx.xx.2020-ci il tarixli 144 saylı qərarı ilə xüsusi karantin rejiminin müddəti xx.xx.2020-ci il tarixdədək uzadılmışdır. Yəni bu şəraitdə hamıya bəllidir ki, martaprel aylarında evdən çıxmaq, məhkəməyə sənəd təqdim etmək mümkünsüz idi. İddiaçı isə məcbur olub xx.xx.2020-ci il tarixdə kuryer çağırmış və iddia ərizəsini məhkəməyə göndərmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi və üçüncü şəxsin vəkili qərardadın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini İPM-in tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə şikayət əsassızdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Belə bir yoxlamadan hərəkətlə, mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM-2.2.1, 32, 35.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə yükü iddiaçının üzərindədir. Məhkəmə kollegiyası əvvəlcə bildirir ki, apellyasiya şikayətinin dəlillərindən biri olan cavabdehin xx.xx.2020-ci il tarixli şikayətə baxıb qərar çıxarmamasının qanuniliyinin yoxlanması hazırkı apellyasiya araşdırmasının predmetinə daxil deyil. Şikayətin digər dəlillərindən hazırkı mübahisəyə İPM-in 38.3.1-ci maddəsinin tətbiqi məsələsinə gəldikdə isə, İPM-in 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə, inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: 38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda). Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018ci il 3 aprel tarixli 1065-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 30 oktyabr tarixli 177 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” xx.xx.2018-ci il tarixli 40 nömrəli Fərmanının 3-cü bəndi ilə “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009 Fərmanına aşağıdakı məzmunda 2.1-1-ci, 2.1-2-ci və 2.1-3-cü bəndlər əlavə edilmişdir: 2.1-1. həmin Məcəllənin 38.3-cü maddəsinin birinci abzasında, 38.3.1-ci (hər iki halda) və 38.3.2-ci (hər iki halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 2.1-2. həmin Məcəllənin 38.3-cü maddəsinin birinci abzasında, 38.3.1-ci (birinci halda) və 38.3.2-ci (birinci halda) maddələrində “qurum” dedikdə Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının apellyasiya şuraları nəzərdə tutulur; 2.1-3. həmin Məcəllənin 38.3.1-ci (ikinci halda) və 38.3.2-ci (ikinci və üçüncü halda) maddələrində “qurum” dedikdə Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası nəzərdə tutulur. “İnzibati icraat haqqında” Qanunun 73.1-ci maddəsinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Eyni Qanunun 73.2-ci maddəsinə görə, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Sadalanan normaların hüquqi təhlili göstərir ki, İPM-in 38.3.1-ci maddəsinin mübahisəyə tətbiqi də qanunla müəyyən edilmiş 30 günlük prosessual müddətin ötürülməsi nəticəsini doğurur. Belə ki, İPM-in 38.1-ci maddəsi ilə təsbit olunan ümumi qayda 30 günlük müddətdir, bu qaydadan kənarda qalan və siyahısı həmin normada verilmiş bir sıra mübahisələrə münasibətdə 2 aylıq müddət tətbiq edilir. İPM-in 38.3-cü maddəsi isə, 38.1-ci maddədə müəyyən edilən 30 günlük və 2 aylıq müddətlərin axımının nə vaxtadək dayandırıla biləcəyini tənzimləyir ki, bu halda da iddiaçı cavabdehin xx.xx.2020-ci il tarixli **********519900 nömrəli məktubundan şikayət vermədiyi üçün “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddəsi, yəni 6 aylıq müddət mübahisəyə tətbiq oluna bilməz. Başqa ifadə ilə, İPM-in 38.3.1-ci maddəsi yalnız “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddəsində nəzərdə tutulan müddətlərə göndəriş edir, həmin maddənin “inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda” şərtlərini İPM, 38.3.1-ci maddənin tətbiqi dairəsinə daxil etməmişdir. Çünki, “İnzibati icraat haqqında” Qanunun 72.4-cü maddəsinə əsasən, “bu fəslin müddəaları (71- 80-ci maddələr) inzibati qaydada verilən şikayətlərə şamil olunur.” Digər tərəfdən, İPM-in 38.3.1-ci maddəsi müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərarla yanaşı onun verdiyi yazılı cavabı da şikayət verilməsi və müddətlərin başlanğıcının müəyyən edilməsi üçün yetərli sayır ki, iddiaçı bu məktubu xx.xx.2020-ci il tarixdə saat 22:46-da oxumuşdur (almışdır). Eləcə də, güman olunsa ki, İPM-in 38.3.1-ci maddəsinin təfsiri zamanı “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddəsi bütövlükdə nəzərə alınmalıdır, o halda cavabdehin xx.xx.2020-ci il tarixli məktubu “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsi anlamında inzibati akt sayılmadığı (iddiaçıya və ya ünvanlanmadığı digər maraqlı şəxslərə münasibətdə heç bir hüquqi nəticə yaratmadığı, onların qanuni maraqlarına toxunmadığı) üçün tətbiq oluna bilməz. Apellyasiya şikayətinin hər hansı sənədin elektron kabinetdə oxunmuş hesab edilməsi üçün mütləq qaydada vergi orqanı ilə vergi ödəyicisi arasında müəyyən edilmiş formada müqavilə olmalıdır ki, belə bir müqavilənin iş materiallarına əlavə edilməməsi və bağlanması barədə məlumatın olmamasına dair dəlil də əsaslı deyil. Belə ki, cavabdehin nümayəndəsinin məhkəmə kollegiyasına təqdim etdiyi, iddiaçının nümayəndəsi T.M.Səmədov tərəfindən imzalanmış və iddiaçının möhürü ilə təsdiq olunmuş xx.xx.2013cü il tarixli Elektron sənəd mübadiləsi haqqında Müqavilədən görünür ki, tərəflər arasında belə bir razılaşma mövcud olmuşdur. Şikayətin məktubun oxunma tarixinin iş üzrə sübut edilməməsi haqda dəlil də əsassızdır. Belə ki, cavabdehin nümayəndəsinin məhkəmə kollegiyasına təqdim etdiyi Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, xx.xx.2020-ci il tarixli bu məktub xx.xx.2020-ci il tarixdə saat 22:46-da iddiaçı tərəfindən oxunmuşdur. Bu oxunmanın sübuta yetirilmədiyi fərz olunan halda da, müddət ötürülmüş sayılmalıdır. Çünki, Vergi Məcəlləsinin 70.2-1-ci maddəsinə görə, sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. Respublikada pandemiya şəraitinin hökm sürməsi ilə əlaqələndirilən dəlil də əsaslı sayıla bilməz. Belə ki, sözügedən şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə iddiaçı şikayətini poçt təşkilatına təqdim etmişdir və İPM-lə müəyyən edilən prosessual müddətlər də məhz həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla əlaqədar olaraq, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4701/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı “xxxx” MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar