Məhkəmə qərarları › İş №2-1(103)-2016/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2016/2021

03.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2016/2021 03.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, nümayəndəsi-vəkili X7 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi iş buraxmaya görə əmək haqqının hesablanması tələbinə dair Bakı İnzibati Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2-1(112)-1579/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin onun və qeyrilərinin əmək müqaviləsinə xitam verilməsi barədə 24.04.2020-ci il tarixli, **********452400 nömrəli əmrinin ona münasibətdə hissəsinin ləğv edilməsi, onun əmək müqaviləsinə xitam verilənədək işlədiyi Bakı şəhəri X18 üzrə Baş İdarəsinin Vergi ödəyicilərinin məlumatlandırılması şöbəsinin Vergi ödəyicilərinin məlumatlarının təhlili bölməsinə dövlət vergi müfəttişi vəzifəsinə bərpa olunması və iş buraxmaya görə əmək haqqının hesablanaraq cavabdehdən tutulub ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişlər ki, o, cavabdehin 19.03.2019-cu il tarixli, **********323100 nömrəli əmri ilə VN yanında Bakı şəhəri X18 Departamentinin Vergi Ödəyicilərinə xidmət İdarəsinin vergi ödəyicilərinin məlumatlandırılınası şöbəsinin vergi ödəyicilərinin məlumatlarının təhlili şöbəsinin dövlət vergi müfəttişi vəzifəsinə altı ay müddətinə stajçı təyin edilmişdir. 19.09.2019-cu il tarixdən VN-nin Bakı şəhəri X18 üzrə baş İdarəsinin vergi ödəyicilərinə xidmət idarəsinin vergi ödəyicilərinin məlumatlandırılınası şöbəsinin vergi ödəyicilərinin məlumatlarının təhlili bölməsinin stajçı vəzifəsinə sınaq müddətinə təyin edilmişdir. Cavabdehin 24.04.2020-ci il tarixli, **********452400 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə və DVOXH Əsasnamənin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən dövlət vergi orqanlarında xidmətinə xitam verilmişdir. Cavabdehin əmri qanunsuz və əsassızdır. Əvvəla cavabdeh əmək müqaviləsinə xitam verərkən o, ambulator müalicədə olmuşdur. Hansı ki, 800861 nömrəli əmək qabiliyyəti olmaması vərəqindən də görünmüşdür ki, o, hiportonik diaqnozu ilə 24.04.2020-ci ildən 27.04.2020-ci il tarixədək 5 saylı şəhər poliklinikasının ambulator müalicəsində olmuşdur. Baxmayaraq ki, xəstə olmağı barədə iş yerinə də telefonla məlumat vermişdir. İşin hallarından görünür ki, onun əmək müqaviləsinə nə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, nə də DVOXH Əsasnamənin 46-cı maddəsinin 5-ci hissəsi ilə nəzərdə tutulmuş əsaslar yoxdur. Yəni işəgötürən əmrin faktiki və hüquqi əsasını da müvafiq şəkildə əmrdə göstərməmiş və əsaslandırmamışdır. İşə götürənin əmrinə əsasən ƏƏSMN-nin Mərkəzləşdirilmiş X1 işsiz kimi qeydiyyatda olmuş 23 əməkdaşa avtomatik olaraq 190 manat məbləğində birdəfəlik yardım təyin edildiyi, bunlardan 7 əməkdaşın müvafiq poçt şöbələrinə gedərək qeyd olunan vəsaitin əldə edildiyi və yalnız daxili təhlükəsizlik baş idarəsinin müdaxiləsindən sonra onun geri qaytardıqları qeyd edilmişdir. Əmrdən də görünmüşdür ki, ittiham olunduğu əmələ görə o, 190 manat pulu nə almadığı, nə də büdcədən adına köçürülmədiyi halda onun əmək müqaviləsinə xıtam verilmiş, lakin həmin məbləği almış və sonradan büdcəyə qaytarmış əməkdaşlara hazırkı əmrlə töhmət verilmişdir. Bugünədək işə götürən tərəfindən ona nə əmrin rəsmi surəti, nə də son haqq hesabı ödənilmişdir. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2-1(112)-1579/2021 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. (hakim: Ş.Həsənova) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 16.03.2021-ci il tarixli 2-1(112)-1579/2021 saylı qərardadının ləğv olunması, prosessual müddətin bərpası barədə iddiaçının ərizəsinin rədd edilməsi barədə qərardad qəbul edilməsini, eyni zamanda Bakı İnzibati Məhkəməsinin 28.04.2021-ci il tarixli 2-1(112)- 1579/2021 saylı qərarının ləğv olunması və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı öz vəkili vasitəsilə Dövlət Vergi Xidmətinə qarşı eyni iddia tələbi ilə ilk dəfə 11.05.2020-ci il tarixdə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh tərəfindən məhkəmə aidiyyətinin pozulması ilə bağlı vəsatət təqdim edilmiş və Yasamal Rayon Məhkəməsinin 27.08.2020-ci il tarixli 2(004)-2853/2020 nömrəli qərardadı ilə həmin iş üzrə icraata xitam verilmişdir. Daha sonra iddiaçı 02.09.2020-ci il tarixdə eyni predmet üzrə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bu zaman cavabdeh tərəfindən təqdim edilmiş etirazda iddia müddətinin 5 aya yaxın (aprel 2020 - sentyabr 2020) ötürüldüyü birinci instansiya məhkəməsinin diqqətinə çatdırılmışdır. Bununla bağlı iddiaçı tərəfindən məhkəməyə ötürülmüş müddətlərin bərpa edilməsi barədə ərizə təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsi həmin ərizəni təmin edərək 16.03.2021-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən prosessual müddətin ötürülməsi faktını qəbul etmiş, lakin bunun iddiaçının təqsiri olmadan baş verdiyi üçün prosessual müddəti bərpa etmişdir. Qərardadla müddəti bərpa etmiş Bakı İnzibati Məhkəməsi İddiaçı Yasamal Rayon Məhkəməsində vəkili X5 təmsil etdiyini nəzərə almamışdır. Halbuki, iddiaçı peşəkar hüquqi xidmətdən istifadə etmiş və buna baxmayaraq Yasamal rayon məhkəməsinə müraciət etməklə müddəti ötürmüşdür. Başqa sözlə, peşəkar vəkilin işdə iştirak etdiyi halda məhkəmə aidiyyətinin pozulması bilavasitə iddiaçının təqsiri nəticəsində baş vermişdir. Buna görə müddətin ötürülməsində iddiaçının təqsiri istisna edilə bilməz. Göstərilənlərə əsasən Bakı İnzibati Məhkəməsinin buraxılmış prosessual müddətin bərpa edilməsi barədə 16.03.2021-ci il tarixli qərardadı əsassız və qanunsuzdur. İşin mahiyyətinə gəldikdə isə bildirilir ki, İddiaçı dövlət qulluqçusu olmuş və 19.03.2019-cu il tarixdən 24.04.2020-ci il tarixədək Dövlət Vergi Xidmətinin Bakı şəhəri X18 üzrə Baş İdarəsinin Vergi ödəyicilərinə xidmət idarəsinin Vergi ödəyicilərinin məlumatlandırılması şöbəsinin Vergi ödəyicilərinin məlumatlarının təhlili bölməsinin dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır. Məlum olduğu kimi, Azərbaycan Respublikasi Prezidentinin 19 mart 2020-ci il tarixli 1950 nömrəli Sərəncamı ilə Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər müəyyən edilmişdir. Qeyd edilən Sərəncamın 10.2-ci bəndinin icrası ilə bağlı tədbirlər planının 2-ci hissəsinin 4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə 7 aprel 2020-ci il tarixli 127 nömrəli Qərarı qəbul edilmişdir. Qeyd edilən ödəmə ölkədə makroiqtisadi sabitliyin təmininə və məşğulluq məsələləri ilə bağlı dövlət tərəfindən mövcud vəziyyətdən çıxış üçün hazırlanmış tədbirlərin icrasına yönəldilmək məqsədilə nəzərdə tutulmuşdur. Lakin, İddiaçı dövlət qulluqçusu olaraq vergi orqanında işləməsinə baxmayaraq, dövlət tərəfindən koronovirus pandemiyası ilə bağlı işsiz vətəndaşlara verilən 190,0 manat birdəfəlik yardımın alınması ilə bağlı “www.e-sosial.az” saytı vasitəsi ilə 13.04.2020-ci il tarixdə şəxsiyyət vəsiqəsinin rekvizitlərini daxil etməklə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində qeydiyyatdan keçmişdir. Qeyd olunan halla bağlı araşdırma aparılmış və 15.04.2020-ci il tarixdə İddiaçı izahatı alınmışdır. O, izahatında müraciətin səhvən qeydə alındığını bildirmiş, lakin bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Daha sonra ona həmin müraciətin etibarsız hesab edilməsi üçün yenidən aidiyyəti üzrə müraciət etməsi (təkzib bildirməsi) tövsiyə edilmiş, lakin o, bundan boyun qaçırmış və yalnız təkrar tövsiyədən sonra müraciətin etibarsız hesab edilməsi üçün aidiyyəti üzrə müraciət etmişdir. Göründüyü kimi, İddiaçı yaranmış vəziyyətdən sui-istifadə etməyə çalışmış, öz hərəkətinin nəticəsinin qarşısını almaq əvəzinə məsuliyyətdən boyun qaçırmış və bununla da o, aztəminatlı və heç bir qazanc yeri olmayan vətəndaşlar üçün nəzərdə tutulmuş dövlət vəsaitindən əsassız bəhrələnmək niyyəti ilə dövlət vergi orqanı əməkdaşına yaraşmayan davranışa yol vermişdir. Həmin hərəkətləri iddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və “f” bəndlərinin, “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 34-cü maddəsinin 1-ci hissəsinin, “Dövlət vergi orqanlarında daxili xidməti intizam” Qaydalarının 4.3-cü, 4.8-ci, 4.9-cu, 4.11-ci və 4.12ci bəndlərinin, “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydalarının 3.1.2-ci və 3.2.1-ci yarımbəndlərinin tələblərini pozduğuna görə əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi barədə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin 23.04.2020-ci il tarixli **********965200 nömrəli məktubu nəzərə alınmaqla 24.04.2020-ci il tarixli **********452400 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən onun vergi orqanlarında xidmətinə xitam verilmişdir. Açıq-aşkar pozuntu halının mövcudluğuna baxmayaraq Bakı İnzibati Məhkəməsinin yeganə dəlili ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən qəbul edilmiş 24.04.2020-ci il tarixli **********452400 nömrəli əmr Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79- cu maddəsinin 1-ci hissəsinin, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə’’nin 76cı maddəsinin tələbləri pozulmaqla qəbul edilmişdir. Məhkəmənin qeyd olunan dəlili ilə razılaşmayaraq bildirilir ki, Vergilər Nazirliyinin 24.04.2020-ci il tarixli **********452400 nömrəli əmri qəbul edilən tarixədək, o cümlədən əmr qəbul edildikdən sonra iddiaçı tərəfindən 24.04.2020-27.04.2020-ci il tarixləri aralığında xəstə olması barədə iş yeri üzrə məlumat verilməmiş və əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə hər hansı sənəd təqdim edilməmişdir. Həmin arayış ilk dəfə iddiaçı tərəfindən məhkəmə baxışı zamanı təqdim edilmişdir. Həmin sənədin işəgötürənə təqdim edilməsi barədə və ya işçinin müvafiq tarixdə əmək qabiliyyətinin olmaması səbəbilə müvafiq əmrin ləğv edilməsinə dair müraciətinin olması barədə hər hansı sübut təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi isə qeyd olunan halı, eləcə də iddiaçının sübutlarında ziddiyyətli məqamların mövcudluğunu nəzərə almamış, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qərar qəbul etmişdir. Belə ki, iddiaçı iddia ərizəsində 24.04.2020-27.04.2020-ci il tarixdə 5 saylı şəhər poliklinikasında ambulator müalicədə olduğunu və bu barədə iş yerinə telefonla əlaqə saxlayaraq məlumat verdiyini göstərmişdir. Lakin məhkəməyə sonradan təqdim edilmiş müddətin bərpa olunması barədə ərizədə o, bildirmişdir ki, “...23.04.2020-ci il tarixdə naharımı ötürdüyümə görə səhhətimdə dəyişiklik baş verdi və özümü pis hiss etdim, saat 3 radələrində idarə rəisim Samir müəllimə özümü yaxşı hiss etmədiyimi bildirdim və icazə alaraq evə gəldim... Vergilər Nazirliyinin Birləşmiş Həmkərlar Komitəsinin iclasının keçirilməsi və mənim həmin iclasda iştirak etməli olmağım barədə hər hansı xəbərdarlıq edilməmişdir. 27.04.2020-ci il tarixdə işə çıxan zaman isə mənə əmək müqaviləsinə Vergilər Nazirliyinin 24.04.2020-ci il tarixli **********452400 saylı əmri ilə xitam verildiyi bildirildi...". Göründüyü kimi, iddiaçı 23.04.2020-ci il tarixdə guya işdə olduğu, səhhəti pisləşdiyi üçün işdən icazə alaraq evə getdiyi, bundan sonra işdən çıxarıldığı və 27.04.2020-ci il tarixdə bundan xəbərsiz şəkildə işə çıxdığı və yalnız bu zaman işdən azad olunması barədə məlumatı əldə etməsinə dair ziddiyyətli ifadələr vermişdir. Halbuki iddiaçı Vergilər Nazirliyinin 20.04.2020-ci il tarixli **********442600 nömrəli “Təlimin keçirilməsi barədə” əmri əsasında 20.04.2020-02.05.2020-ci il tarixlərdə koronovirus xəstəliyinə qarşı mübarizə tədbirləri ilə əlaqədar olaraq distant üsulla (evdən) “ZOOM” proqramı vasitəsi ilə keçirilmiş təlimdə iştirak etdiyindən həmin tarixlərdə onun işə çıxmaq zərurəti olmamışdır. Aparılmış daxili araşdırma nəticəsində iddiaçı 23.04.2020-ci il tarixdə keçiriləcək Vergilər Nazirliyinin Birləşmiş Həmkarlar Komitəsinin iclasına dəvət edilmiş, həmin günün sonunadək Vergilər Nazirliyinin Bakı şəhəri X18 üzrə baş idarəsinin inzibati binasında olmuş, lakin müvafiq iclas təxirə salınmış və ona iclasın növbəti gün, yəni 24.04.2020-ci il tarixdə keçiriləcəyi bildirilmişdir. Buna baxmayaraq o, həmin iclasa gəlməkdən imtina etmiş və qeyd etdiyinin əksinə iclasa gəlməməsinin üzrlü səbəbləri barədə hər hansı məlumat verməmişdir. Əgər iddiaçı həqiqətən xəstə olması səbəbi ilə 3 gün müddətində işə çıxmamış və işdən azad olunması barədə əmrdən məlumatı olmamışsa, o halda sual yaranır ki, nəyə görə o, 27.04.2020-ci il tarixdə iş yerinə gəldiyi anda xəstəliyi barədə arayışı təqdim etməli olduğu halda təqdim etməmişdir? Hesab edirlər ki, iddiaçı barəsində xidməti araşdırma aparıldığından məlumat alan kimi barəsində əmr verildiyi gün heç bir əsas olmadan tibb müəssisənə müraciət etmiş və müvafiq arayış əldə etmişdir. Başqa sözlə, arayışla əmrin eyni günə təsadüf etməsi onu deməyə əsas verir ki, iddiaçı düşünülmüş şəkildə işdən çıxarılmasına süni maneələr yaratmaq niyyəti güdmüşdür. Beləliklə, iddiaçı Vergilər Nazirliyinin 24.04.2020-ci il tarixli **********452400 saylı əmri qəbul olunduğu tarixədək, həmçinin qəbul olunduğu tarixdən sonra da (24.04.2020-27.04.2020-ci il tarixlərində) ambulator müalicə alması barədə hər hansı sənəd təqdim etmədiyi üçün inzibati orqan tərəfindən həmin əmrin qəbul edilməsi iddiaçının qanunla qorunan maraqlarının və hüquqlarının qəsdən pozulması halı kimi qiymətləndirilə bilməz. Məhkəmənin 28.04.2021-ci il tarixli qərarın qəbul edilməsi zamanı əsaslandığı digər norma isə Əmək Məcəlləsinin 300-cü maddəsi olmuşdur. Qeyd olunan normaya istinad etməklə öz qərarını əsaslandırmağa çalışan məhkəmə iş üçün xüsusi əhəmiyyət kəsb etdiyi halda inzibati orqanın işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi barədə məlumatlı olubolmadığını araşdırmamış, habelə işçi tərəfindən bu barədə işəgötürənə müvafiq məlumatın təqdim edilmədiyini nəzərə almamışdır. Cavabdeh tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları o halda pozulmuş olardı ki, iddiaçı tərəfindən iş yeri üzrə həmin əmrin qəbul edilməsini qanunsuz edən halları təsdiq edən sənəd təqdim edilmiş, inzibati orqan isə öz növbəsində buna məhəl qoymadan onun barəsində müvafiq əmri qəbul etmiş olardı. Lakin burada ilk növbədə iddiaçının özü tərəfindən hüquqlarının müdafiəsi üçün müvafiq hərəkətlərin edilməməsi və əmək müqaviləsi üzrə vəzifələrinin yerinə yetirilməmiş olması inzibati orqan tərəfindən müvafiq əmrin qəbul edilməsi zamanı iddiaçının hüquqlarının pozulmasına yol verilməsi halını istisna edir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqlarının qəsdən pozulması halı mövcud olmadığından 24.04.2020-ci il tarixli əmr qanunamüvafiq qaydada qəbul edilmiş sayılır. Bu isə öz növbəsində Bakı İnzibati Məhkəməsi 28.04.2021-ci il tarixli qərarının ləğv edilməsinə əsas verir. Göstərilənlərə əsasən hesab edirlər ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və prosessual hüquq normalarının tələblərinə riayət etməməklə düzgün olmayan qərar qəbul etmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X10 apelyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı və nümayəndəsi-vəkili X7 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, İddiaçı cavabdehin onun və qeyrilərinin əmək müqaviləsinə xitam verilməsi barədə 24.04.2020-ci il tarixli, **********452400 nömrəli əmrinin ona münasibətdə hissəsinin ləğv edilməsi, onun əmək müqaviləsinə xitam verilənədək işlədiyi Bakı şəhəri X18 üzrə Baş İdarəsinin Vergi ödəyicilərinin məlumatlandırılması şöbəsinin Vergi ödəyicilərinin məlumatlarının təhlili bölməsinə dövlət vergi müfəttişi vəzifəsinə bərpa olunması və iş buraxmaya görə əmək haqqının hesablanaraq cavabdehdən tutulub ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və qeyd etmişdir ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə cavabdeh inzibati orqan tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin, Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 76-ci maddəsinin tələbləri pozulmaqla qəbul edilmiş 24.04.2020-ci il tarixli, **********452400 nömrəli əmr İddiaçı münasibətdə qanunsuz və əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan işə götürən Azərbaycan Respublikası Vergilər Nazirliyinin adından vergilər nazirinin birinci müavini X8 ilə işçi İddiaçı arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, işçi İddiaçı 19 dekabr 2019-cu il tarixdən Vergilər Nazirliyinin X18 üzrə baş idarəsinin Vergi ödəyicilərinə xidmət idarəsinin Vergi ödəyicilərinin məlumatlandırılması şöbəsinin Vergi ödəyicilərinin məlumatlarının təhlili bölməsinin dövlət vergi müfəttişi vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsinə və iş təcrübəsinə görə 19 dekabr 2019-cu il tarixdən 19 mart 2020-ci il tarixədək bağlanmışdır. İş materiallarında olan İddiaçı tərəfindən işəgötürənə verilmiş 15.04.2020-ci il tarixli izahatın surətindən görünür ki, Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) pandemiyası” ilə bağlı 7 aprel 2020-ci il tarixli qərarından sonra qardaşı X11 işsiz olduğu üçün ondan dövlət tərəfindən işsiz şəxslərə verilən 190 manat yardımın alınması üçün onun adından www.e-sosial.az vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciət ünvanlamağını xahiş etdi. O bu məsələdən kütləvi informasiyalar vasitəsilə məlumatlı olduğu üçün onun əvəzindən müraciət edəcəyini ona bildirdi və şəxsiyyət vəsiqəsi məlumatlarını ona göndərməsini dedi. Daha sonra o ona şəxsiyyət vəsiqəsi məlumatlarını verdi və o internet vasitəsilə e-sosial.az saytına daxil olaraq qeyd olunan məsələ ilə bağlı 06.04.2020-ci il tarixdən 13.04.2020-ci il tarixədək hər gün orada müvafiq xanalara S.Aşurovun məlumatlarını daxil edirdi. Lakin sonda “Təsdiq et” düyməsini basdıqda ekrana “Göstərilənlərə uyğun şəxsiyyət vəsiqəsi tapılmadı”, “PİN səhvdir” məlumatı çıxırdı. O bunu günlərlə təkrarladı, yenə də “PİN səhvdir”, “Göstərilənlərə uyğun şəxsiyyət vəsiqəsi tapılmadı” və “Sistem xətası yenidən cəhd edin” məlumatı çıxdı. Həmin vaxt o şəxsiyyət vəsiqəsindəki məlumatların səhv olub-olmamasını yoxlamaq üçün qeyd etdiyi xanalara öz məlumatlarını daxil etdi və “Təsdiq et” düyməsini basdıqda müraciəti qeydə alındı. Daha sonra o, S.Aşurovun da məlumatlarını daxil etdi və bir neçə cəhddən sonra onun da müraciəti qeydə alındı. Bildirir ki, 190 manat birdəfəlik yardımın ona aid olmadığını bilir, ehtimal etmişdir ki, onun müraciətinə baxıb araşdıran zaman işsiz olmadığı üçün əhəmiyyət verilməyəcək və müraciətinə baxılmayacaq. Əlavə olaraq bildirir ki, tezliklə ƏƏSMN-nə etdiyi müraciətin ləğv edilməsi və həmin ərizənin etibarsız olunması üçün müraciət edəcək. Onun 190 manat birdəfəlik yardım almaq fikri olmayıb, həmin vəsaitin dövlət tərəfindən işsiz vətəndaşlara verildiyini bilir, yuxarıda qeyd etdiyi kimi “PİN səhvdir”, “Göstərilənlərə uyğun şəxsiyyət vəsiqəsi tapılmadı” və “Sistem xətası yenidən cəhd edin” məlumatının səbəbini bilmək üçün müraciət etmişdir. Nəzərə almaqlarını xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Birləşmiş Hİ Komitəsi Rəyasət Heyətinin 24 aprel 2020-ci il tarixli iclasının, 6 №-li protokolunun lazimi qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Birləşmiş Hİ Komitəsi Rəyasət Heyəti Vergilər Nazirliyinin X18 üzrə baş idarəsinin Vergi ödəyicilərinə xidmət idarəsinin Vergi ödəyicilərinin məlumatlandırılması şöbəsinin Vergi ödəyicilərinin məlumatlarının təhlili bölməsinin dövlət vergi müfəttişi İddiaçı işdə yol verdiyi ciddi nöqsanlara görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 46-cı maddəsinin 5ci hissəsinə əsasən xitam verilməsinə razılıq verilməsi qərara almışdır. İş materiallarında olan Vergilər Nazirliyinin **********452400 №-li, 24.04.2020-ci il tarixli intizam tənbehi tədbirinin görülməsi barədə əmrinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Vergilər Nazirliyinin Daxili təhlükəsizlik baş idarəsinin 22.04.2020-ci il tarixli, **********966900 nömrəli xidməti məruzəsi əsas göstərilməklə Vergilər Nazirliyinin Bakı şəhəri X18 üzrə Baş İdarəsinin Vergi ödəyicilərinə xidmət idarəsinin Vergi ödəyicilərinin məlumatlandırılması şöbəsinin Vergi ödəyicilərinin məlumatlarının təhlili bölməsinin dövlət vergi müfəttişi – 3-cü dərəcəli müfəttiş İddiaçı vergi orqanlarında xidmətinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan 01 may 2020-ci il tarixli İddiaçı, Vergilər Nazirliyinin Bakı şəhəri X18 üzrə Baş İdarəsinin Vergi ödəyicilərinə xidmət idarəsinin Vergi ödəyicilərinin məlumatlandırılması şöbəsinin rəisi X3, Maliyyə, təminat və mühasibat uçotu şöbəsinin rəhbəri- baş mühasib X4, sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsinin Dəftərxana və arxiv bölməsinin rəisi X9 tərəfindən imzalanmaqla tərtib edilmiş təhvil-təslim aktının və akta əlavə siyahının lazımi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Vergilər Nazirliyinin 22.04.2020-ci il tarixli **********452400 nömrəli əmrinin icrası ilə əlaqədar dövlət vergi müfəttişi İddiaçı akta əlavə olunmuş siyahıda qeyd olunan sənədlər, inventar, avadanlıq və ofis ləvazimatı təhvil alınmışdır. İş materiallarında olan 19.08.2020-ci il tarixli, **********940500 №-li məlumatın təqdim edilməsi barədə məktubdan görünür ki, Bakı şəhəri X18 üzrə Baş İdarəsinin Maliyyə, təminat və mühasibat uçotu şöbəsi məlumat üçün bildirir ki, sabiq əməkdaş X6 17,34 istifadə etmədiyi məzuniyyət günlərinə görə 394,14 manat son haqq-hesab hesablanmış və həmin hesablanmış məbləğdən, Həmkarlar fonduna hesablanmış 7,88 manat, DSMF-na 11,82 manat, İşsizlikdən sığorta fonduna 1,97 manat, Gəlir vergisi 55,18 manat tutularaq 03 iyun 2020-ci il tarixdə 317,29 manat İddiaçı müvafiq bank hesabına köçürülmüşdür. İş materiallarında olan e-sosial.az tərəfindən iddiaçıya ünvanlanan 22.04.2020-ci il tarixli sms-çıxarışdan görünür ki, İddiaçı aktiv əmək müqaviləsi aşkarlandığı üçün, Məşğulluq haqqında Qanuna əsasən ona işsiz kimi qeydiyyata alınmaqdan imtina edilmişdir. İş materiallarında olan Dövlət Məşğulluq Xidmətinin Bakı şəhər Məşğulluq İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********8 №-li, 22.05.2020-ci il tarixli məktubdan görünür ki, müraciətdə elektron müraciətinə aidiyyəti üzrə Nəsimi rayon Məşğulluq Mərkəzi tərəfindən baxılmışdır. Müraciətində qeyd etdiyi telefon (***-***-**-**) nömrəsi ilə əlaqə saxlanılmış və ətraflı söhbət aparılmışdır. Telefon əlaqəsi zamanı 190 manat birdəfəlik maddi yardım ilə bağlı müraciət etdiyi, lakin işlədiyi üçün müraciətinin qeydə alınmamağını istədiyini bildirilmişdir. Ona Nazirlər Kabinetinin 07.04.2020-ci il tarixli 127 saylı qərarı barədə ətraflı məlumat verilmiş, adında aktiv əmək müqaviləsi olduğu üçün birdəfəlik ödəmə ilə bağlı imtina SMS-i də göndərilmişdir. İş materiallarında olan Dövlət Məşğulluq Xidmətinin Abşeron rayon Məşğulluq Mərkəzinin 247 №-li, 30.08.2018-ci il tarixli arayışından görünür ki, X11 həqiqətən Abşeron rayon Məşğulluq Mərkəzində 06.04.2015-ci il tarixdən işaxtaran vətəndaş kimi qeydiyyata alınmışdır. Vətəndaş işsizlik müavinəti almamış və onun adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə X1 01.06.2018-ci il tarixdən əmək müqaviləsi qeydə alınmamışdır. İş materiallarında olan 5 saylı şəhər Poliklinikası tərəfindən verilmiş 800861 №-li, 24.04.2020-ci il tarixli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı 24.04.2020-ci ildən 26.04.2020-ci ilə qədər “VDD-hipotomik tipli” diaqnozu ilə ambulator müalicədə olmaqla işdən azad edilmişdir. İş materiallarında olan Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 5 nömrəli Şəhər Poliklinikası tərəfindən məhkəməyə ünvanlanmış 1709 №-li, 02.12.2020-ci il tarixli məktubdan görünür ki, Nəsimi rayon Bül-bül pr.ev 65 C, mən.30 ünvanda yaşayan, xx.xx.1984-cü il təvəllüdlü, İddiaçı, 23.04.2020-ci il tarixdə Nəsimi rayon 5 N-li şəhər poliklinikasına müraciət etmişdir. Xəstə poliklinikaya gec gəldiyinə görə sahə həkimi G.Qasımlı 24.04.2020-ci il tarixdə tibbi müayinələrdən keçmək üçün təkrar poliklinikaya gəlməsini bildirmişdir. 24.04.2020-ci il tarixdə EKQ-müayinənin nəticəsi "Miokardda mülayim dəyişiklik". Rentgen müayinənin nəticəsi:" Ağ ciyərin şəkli güclənib. Cor norma, sinus və diafraqma sərbəstdir". Diaqnoz: "G90.8-VDD hipotonik tipli”. Xəstəyə 24.04.2020-ci il tarixdən 26.04.2020-ci il tarixə kimi 800861 №-li əmək qabiliyyətinin olmaması vərəqəsi verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Həmin Məcəllənin 10-cu maddəsinin “a” və “f” bəndlərinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələridir. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 79-cu maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli, 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsinin xidmətinə aşağıdakı hallarda xitam verilə bilər: 1) öz təşəbbüsü ilə; 3) təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə; 4) tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə attestasiya komissiyasının qiyməti olduqda, əgər vəzifəli şəxsin vergi orqanlarında onun ixtisasına uyğun olan digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən şəxs imtina etdikdə, habelə sınağın nəticəsi qənaətedici olmadıqda; 5) xidməti intizamı bir dəfə kobud şəkildə pozduqda və ya xidməti vəzifələrini müntəzəm surətdə yerinə yetirilmədikdə; 6) Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə; 7) Azərbaycan Respublikasının əmək qanunvericiliyinə müvafiq olaraq tərəflərin iradəsindən asılı olmayan hallarda; 8) Azərbaycan Respublikasının əmək qanunvericiliyində nəzərdə tutulan digər hallarda. Həmin Əsasnamənin 76-cı maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsi əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə, habelə məzuniyyətdə və ezamiyyətdə olduğu vaxt ərzində müvafiq icra hakimiyyəti orqanının təşəbbüsü ilə onun xidmətinə xitam verilməsinə yol verilmir. Həmin Əsasnamənin 80-cı maddəsinə əsasən vergi orqanlarında vəzifəyə bərpa olunmaq üçün əsas müvafiq icra hakimiyyəti orqanının əmri və ya qüvvəyə minmiş məhkəmə qərarıdır. Vergi orqanlarının vəzifəli şəxslərinin vəzifəyə bərpası onların əvvəllər tutduqları vəzifəyə bərabər olan vəzifəyə və ya onların razılığı ilə digər vəzifəyə təyin olunmaq yolu ilə həyata keçirilir. Həmin Əsasnamənin 81-ci maddəsinə əsasən xidmətinə xitam verildiyi gündən bərpa olunma gününə kimi keçmiş müddət vergi orqanlarında xidmətə bərpa edilmiş vergi orqanının vəzifəli şəxsinin xidmət illərinə daxil edilir və bu müddət üçün ona çatası əmək haqqı ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı cavabdeh tərəfindən 19 dekabr 2019-cu il tarixdə Vergilər Nazirliyinin X18 üzrə baş idarəsinin Vergi ödəyicilərinə xidmət idarəsinin Vergi ödəyicilərinin məlumatlandırılması şöbəsinin Vergi ödəyicilərinin məlumatlarının təhlili bölməsinin dövlət vergi müfəttişi vəzifəsinə təyin edilmişdir. Cavabdehin daxili təhlükəsizlik baş idarəsi tərəfindən aparılmış araşdırma zamanı İddiaçı faktiki olaraq vergi orqanında işləməsinə baxmayaraq “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07.04.2020-ci il tarixli Qərarı ilə bağlı 190 manat birdəfəlik yardımın alınması ilə bağlı 13.04.2020-ci il tarixdə müraciət etməsi müəyyən edilmiş, bununla bağlı 15.04.2020-ci il tarixdə İddiaçı izahatı alınmışdır. İddiaçı izahatında müraciəti qardaşı ilə bağlı etməsini, 190 manat almaq üçün müraciət etmək fikrində olmamasını bildirmişdir. 5 saylı şəhər Poliklinikası tərəfindən verilmiş 800861 №-li, 24.04.2020-ci il tarixli əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən İddiaçı 24.04.2020-ci ildən 26.04.2020-ci ilə qədər “VDD-hipotomik tipli” diaqnozu ilə ambulator müalicədə olmuşdur. Cavabdehin 24.04.2020-ci il tarixli, **********452400 nömrəli əmri ilə İddiaçı vergi orqanlarında xidmətinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən xitam verilmişdir. Müəyyən olunur ki, İddiaçı əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə cavabdeh inzibati orqan tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Halbuki, Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmçinin “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 76-cı maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsi əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə müvafiq icra hakimiyyəti orqanının təşəbbüsü ilə onun xidmətinə xitam verilməsinə yol verilmir. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin, Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 76-ci maddəsinin tələbləri pozulmaqla qəbul edilmiş 24.04.2020-ci il tarixli, **********452400 nömrəli əmr İddiaçı münasibətdə qanunsuz və əsassızdır. Cavabdehin apelyasiya şikayətindəki “əgər iddiaçı həqiqətən xəstə olması səbəbi ilə 3 gün müddətində işə çıxmamış və işdən azad olunması barədə əmrdən məlumatı olmamışsa, o halda sual yaranır ki, nəyə görə o, 27.04.2020-ci il tarixdə iş yerinə gəldiyi anda xəstəliyi barədə arayışı təqdim etməli olduğu halda təqdim etməmişdir?” barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, 27.04.2020-ci il tarixdə işə çıxan zaman ona əmək müqaviləsinə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 24.04.2020-ci il tarixli əmri ilə xitam verildiyi bildirilmiş, bundan sonra işlədiyi idarəyə, həm də nazirliyə gedərək onlara xəstəlik vərəqəsini verməyə cəhd etsə də heç kim qəbul etməmiş, əvəzində isə ona “sən artıq bizim işçimiz deyilsən, bundan sonra nə sözün varsa məhkəmə yolu ilə deməlisən” deyilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Cavabdeh apelyasiya şikayətində buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Bakı İnzibati Məhkəməsinin 16.03.2021-ci il tarixli qərardadını əsassız və qanunsuz hesab edərək göstərmişdir ki, iddiaçı öz vəkili vasitəsilə Dövlət Vergi Xidmətinə qarşı eyni iddia tələbi ilə ilk dəfə 11.05.2020-ci il tarixdə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin məhkəmə İddiaçı Yasamal Rayon Məhkəməsində vəkili X5 təmsil etdiyini nəzərə almamışdır. Halbuki, iddiaçı peşəkar hüquqi xidmətdən istifadə etmiş və buna baxmayaraq Yasamal rayon məhkəməsinə müraciət etməklə müddəti ötürmüşdür. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən mübahisələndirilən inzibati akt 24.04.2020-ci il tarixdə qəbul edilmişdir. İddiaçı həmin aktın mübahisələndirilməsinə dair iddia ərizəsi ilə 11.05.2020-ci il tarixdə (1 ay ərzində) ilkin olaraq Bakı şəhəri, Yasamal rayon məhkəməsinə müraciət etmiş və Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-2853/2020 saylı 21.05.2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi üzrə məhkəmə icraatı mümkün hesab edilmiş və hazırlıq iclasına təyin edilmişdir. Sonradan cavabdehin nümayəndəsinin vəsatəti əsasında Yasamal rayon məhkəmənin 2(004)-2853/2020 saylı 27.08.2020-ci il tarixli qərardadı ilə iddia ərizəsinə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmədə baxılması əsas göstərilməklə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi iş buraxmaya görə əmək haqqının hesablanması” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilmişdir. Daha sonra iddiaçı tərəfindən verilmiş hazırki iddia ərizəsi 02.09.2020-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi iddiaçı tərəfindən iddia ərizəsi qanunla müəyyən edilmiş müddət ərzində Yasamal rayon məhkəməsinə verilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən hazırki iş üzrə prosessual müddət onun təqsiri olmadan buraxıldığından inzibati iş üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Bakı İnzibati Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2- 1(112)-1579/2021 nömrəli qərardadı qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası iddiaçının şikayətində göstərdikləri dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2-1(112)-1579/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar