Məhkəmə qərarları › İş №2-1(103)-2016/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2016/2025

21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2016/2025 21.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4930/2025 nömrəli, 17 yanvar 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdiriməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş pensiyanın yenidən hesablanması barədə xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-12438/2024 nömrəli qərarın ləğv edilməsi və İddiaçı barəsində “Əmək pensiyaları haqqında” AR Qanununun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanma yaşı ilə “Əmək pensiyaları haqqında” AR Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyanın yenidən hesablanması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı (bundan sonra - “Mərkəz”) tərəfindən 3-17-1/2-M- 185066/2024 saylı xx.xx.2024-cü il tarixli məktubla müraciət olunmuş və ona təyin olunmuş əmək pensiyasının düzgün hesablanmadığı və məsələ ilə bağlı mülahizələrinin dinlənilməsi üçün xx.xx.2024-cü il tarixində Mərkəzə gəlməyi xahiş olunmuşdur. xx.xx.2024-cü il tarixində Mehdiyev X1 olmuş, pensiyasından tutulma halının hüquqi və qanuni əsasını tələb etmiş, lakin ona heç bir tutarlı açıqlama verilməmişdir. Daha sonra Vəkil tərəfindən Mərkəzə xx.xx.2024-cü il tarixində vəkil sorğusu ilə müraciət edilmiş, iddiaçının pensiyasından müvafiq razılığı olmadan aparılmış tutulmanın səbəbi və ilk dəfə pensiya təyin edilərkən hesabat qaydası və hesablama hesabatı, eləcə də, əmək pensiyası təyin olunması üçün əsas olan iş yerindən təqdim olunmuş alt sənədlər sorğulanmışdır. Lakin Mərkəz 04 oktyabr 2024-cü il tarixli 3-17-1/2- 240233/2024 saylı məktubu ilə sorğulanmış məlumatları verməməklə qalmamış, İddiaçı 19 avqust 2024-cü il tarixdə Mərkəzə gəlmədiyi bildirimiş (iddiaçı həmin tarixdə mərkəzdə olmuşdur), onun pensiyasının icazəsiz azaldılmasının qanuni səbəbi göstərilməmiş, əlavə olaraq iddiaçıya guya artıq ödənilmiş 1420,96 manat pul vəsaitinin büdcəyə qaytarılması üçün onun əmək pensiyasından tutulmanın aparılması üçün qısa müddətdə yazılı razılığı tələb olunmuşdur. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı əmək pensiyası 1 iyul 2022-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanaraq 479,67 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.1-ci bəndinə əsasən, əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə əmək pensiyaları yenidən hesablanır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsasdır. Bununla əlaqədar olaraq, iddiaçı barəsində inzibati icraat başlanılmışdır. Həmin inzibati icraatın gedişində Mərkəzi Filial tərəfindən müraciət əsasında 1 iyul 2022-ci il tarixdən əmək pensiyası yenidən hesablanaraq 435,36 manat məbləğində müəyyən edilməli olduğu halda 633,05 manat məbləğində müəyyən edildiyi aşkar olunub. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2022-cı il tarixədək qüvvədə olmuş ikinci cümləsinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılırdı. Qanunda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanununun 1.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılmışdır. Eyni zamanda, 530-VİQD nömrəli Qanunun 2.2-ci maddəsinə görə (Keçid müddəa) qeyd olunan 1.11-ci maddənin (yəni 45ci maddənin ikinci cümləsinin çıxarılmasının) Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsini nəzərdə tutmuşdur. Cavabdeh bildirir ki, əlavə olunan həmin keçid müddəa dəyişikliyin qüvvəyə mindiyi tarixədək təyin edilmiş Qanunun 9.1-ci (əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlar), 9.2-ci (hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar), 9.3-cü (mülki aviasiya uçuş və uçuş-sınaq heyətində çalışanlar), 9.5-ci (hərbi qulluqçular) və s. maddələrində nəzərdə tutulmuş şəxslərin pensiyasının yenidən hesablanması zamanı dəyişiklikdən əvvəlki müddəanın tətbiqini nəzərdə tutur. Başqa sözlə, xx.xx.2022-ci il tarixədək həmin maddələr üzrə təyin edilmiş pensiyaların yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Lakin, həmin tarixdən sonrakı dövrdə sözügedən maddələr üzrə yeni təyinatlar üzrə hesablamalar zamanı gözlənilən pensiya ödəniş aylarının sayının artırılması istisna edilmişdir. Qanunverici tərəfindən “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişiklikliyin təsir dairəsi keçid müddəada müəyyənləşdirildiyindən cavabdeh inzibati orqan tərəfindən hüququn aliliyi və hüquqi müəyyənlik prinsipləri rəhbər tutulmaqla Qanunun keçid müddəasının tətbiq edilməsi qanunvericiliyə zidd hal kimi qiymətləndirilə bilməz. Cavabdeh qeyd edir ki, Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olan 45-ci maddəsinin ikinci cümləsinə əsasən bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Göstərilənlərə əsasən Qanunun 45-ci maddəsinin ikinci cümləsində qeyd olunan “hesablanma” ifadəsi ümumi məna kəsb etməklə, həm pensiya təyinatı, həm də Qanunun 37.3.1-ci maddəsində qeyd olunmuş pensiyanın yenidən hesablanması zamanı əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasını ifadə edir. Həmçinin, cavabdeh onu da xüsusilə qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"nın 5.3-cü bəndinə dair 48-ci misalda Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiyanın yenidən hesablanması zamanı 45-ci maddənin ikinci cümləsi tətbiq edilməklə hesablanma aparılmış, yəni gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmışdır. Cavabdeh hesab edir ki, Qanunun 9-cu maddəsinə əsasən əmək pensiyası təyin edilən şəxslərə münasibətdə nəinki əmək pensiyasının təyinatı zamanı, həmçinin pensiyanın yenidən hesablanması zamanı Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 45-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayı və pensiyanın yenidən hesablanması hüququ xx.xx.2022-ci il tarixdən sonra yaranan şəxslərə həmin tarixdən əvvəl pensiya təyin edilmişdirsə, keçid müddəaya əsasən gözlənilən ödənişi müddəti aylarının sayı artırılmalıdır. İddiaçı xx.xx.2022-ci il tarixdən əvvəl pensiya təyin olunmasına baxmayaraq, əmək pensiyası yenidən hesablanarkən, fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq 96 aya (9273,60:96 ay (65 il-63 il=24 ay+ (144 ay-72 ay))) bölünməli olduğu halda, 72 aya bölünüb. Göstərilənlərlə əlaqədar, İddiaçı təyin edilmiş əmək pensiyası cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-17-1/3-3- 12438/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarla qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq, 621,68 manat məbləğində müəyyən edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4930/2025 nömrəli, 17 yanvar 2025-ci il tarixli qərarı ilə (hakim C.Quliyev) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti yazılı etiraza uyğun əsaslandırılmış və qeyd olunmuşdur ki, iddiaçının “Əmək pensiyaları haqqına” Qanunun 9-cu maddəsinə əsasən əmək pensiyası təyin edilən şəxslərə münasibətdə nəinki əmək pensiyasının təyinatı zamanı, həmçinin pensiyanın yenidən hesablanması zamanı Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 45-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayı və pensiyanın yenidən hesablanması hüququ xx.xx.2022-ci il tarixdən sonra yaranan şəxslərə həmin tarixdən əvvəl pensiya təyin edilmişdirsə, keçid müddəaya əsasən gözlənilən ödənişi müddəti aylarının sayı artırılmalıdır. İddiaçı xx.xx.2022-ci il tarixdən əvvəl pensiya təyin olunmasına baxmayaraq, əmək pensiyası yenidən hesablanarkən, fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq 96 aya (9273,60:96 ay (65 il-63 il=24 ay+ (144 ay-72 ay))) bölünməli olduğu halda, 72 aya bölünüb. Göstərilənlərlə əlaqədar, İddiaçı təyin edilmiş əmək pensiyası cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3- 17-1/3-3-12438/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarla qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq, 621,68 manat məbləğində müəyyən edilmişdir. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsı belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. Birinci instansiya məhkməsində iş üzrə araşdırma zamanı cavabdeh inzibati orqan iddiaçının iddia tələbinə qarşı öz etirazını müdafiə etmiş, hətta apellyasiya şikayətində də iddia tələbinin mahiyyəti üzrə şikayətinin dəlillərini qeyd etmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İşin araşdırılmış hallarından görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, pensiya təyin edildikdən sonra əmək fəaliyyətinə davam etmiş, fərdi hesabın sığorta hissəsində yığılan pensiya kapitalına əsasən iddiaçının əmək pensiyası bir neçə dəfə yenidən hesablanmışdır. İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək fərdi hesabın sığorta hissəsində yığılmış pensiya kapitalına əsasən pensiyasının yenidən hesablanmasını xahiş etmiş, cavabdehin xx.xx.2022-ci il tarixli **********9 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi tətbiq edilərək iddiaçının pensiyası yığılmış pensiya kapitalına əsasən yenidən hesablanmış və xx.xx.2022-ci il tarixdən etibarən 356,15 manatdan 479,67 manata artırılmışdır. Daha sonra cavabdeh tərəfindən iddiaçı barəsində “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli 3- 17-1/3-3-12438/2024 nömrəli qərar qəbul edilmişdir. Həmin qərara əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsi tətbiq edilərək iddiaçının pensiyası xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 327,62 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 338,76 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 435,36 manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 518,46 manat, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 576,53 manat, xx.xx.2024-cü il tarixdən etibarən ömürlük 621,68 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi əmək pensiyası məbləğinin azaldılmasına dair iddiaçının razılığının olmamasına, azaldılma zamanı aparılmış inzibati icraatın qanunvericiliyin tələblərinin pozulması ilə aparılmasına istinad edərək iddia tələbini təmin etmişdir. Apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçıya səhv pensiya məbləğinin hesablanması halında, yenə cavabdeh özü iddiaçının pensiya məbləğini aşağı salmışdır. Belə ki, cavabdehin əsas dəlili ondan ibarətdir ki. əmək pensiyası Qanunun 37.3.1-ci maddəsinə əsasən 45-ci maddəsinin ikinci cümləsi tətbiq edilməli olduğu, yəni pensiya kapitalı 96-ya bölünməli olduğu halda 72-yə bölünmüşdür. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi isə iş üzrə ətraflı araşdırma aparmış inzibati orqanın qərarının ləğv edilməsi nəticəsinə gəlmiş, İddiaçı barəsində “Əmək pensiyaları haqqında” AR Qanununun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanma yaşı ilə “Əmək pensiyaları haqqında” AR Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyanın yenidən hesablanması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Məhkəmə kollegiyası gəlmiş olduğu nəticə ilə bağlı qanunvericiliyin aşağıdakı tələblərini diqqətə çatdırır: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir; 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4-cü maddəsinə əsasən, qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər 67.5-ci maddəsinə əsasən, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7-ci maddəsinə əsasən, bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir; 67.8-ci maddəsinə əsasən, başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır; 68.1-ci maddəsinə əsasən, qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər; 68.2-ci maddəsinə əsasən, qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3-cü maddəsinə əsasən, qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır; 68.4-cü maddəsinə əsasən, qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Qanunsuz inzibati aktın ləğvi isə onun əlverişli və əlverişsiz inzibati akt olmasından və maraqlı şəxsin etimadın qorunması hüququna istinad edə bilməməsindən asılıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda sadalanan müddəalarından görünür ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğv edilməsində isə vəziyyət başqa formada tənzimlənmişdir ki, yuxarıda adıçəkilən müddəaların tələbindən də görünür ki, qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıb-qaldırılmaması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olub-olmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin alınmasına nail olubsa və ya pensiya məbləğinin hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasına dair iddia uğurlu ola bilər. Lakin, işin faktiki hallarından göründüyü kimi, qeyd olunan halların hər hansı birinin mövcudluğuna cavabdeh tərəfindən istinad olunmamış, məhkəmə araşdırması zamanı da, müəyyən olunmamışdır. Cavabdehin iddiaçıdan asılı olmayan hallar nəticəsində, əmək pensiyasının güman olunan səhv təyin edilməsi halı ilə bağlı məhkəmə hesab edir ki, bu, iddiaçıdan ödənişin tutulmasına əsas qismində çıxış edə bilməz. Belə ki, nə əmək pensiyasının yenidən hesablanması barədə qərarda, nə də məhkəməyə daxil olmuş müvafiq sənədlərdə cavabdehin güman etdiyi əmək pensiyasının səhv təyin edilməsində iddiaçının təqsirli olması barədə heç bir qeyd edilməmişdir. Cavabdeh təyin edilmiş əmək pensiyasının əsassızlığını səhv hesablama ilə bağlı əsaslandırılsa da, bu zaman iddiaçının səhv təyinata hər-hansı müdaxiləsinin mövcud olduğu qeyd edilməmişdir. Göründüyü kimi, rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçı onun pensiya məbləğinə müdaxilə etməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar. Beləliklə, maraqlı şəxs kimi iddiaçının etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir ki, qeyd olunan hal onun barəsində pensiya təyin edilməsi, faktiki xarakterli hərəkətlər edilərək həmin qərarların hüquqi nəticəsi kimi artıq məbləğ ödənilməsi, cavabdehin səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, pensiya təyini və səhv hesablamalarla bağlı cavabdehin hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab etsək belə, həmin hərəkətlər iddiaçı üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da, mövcud olmayacaqdır. “İnzibati icraat haqqında” qanunvericiliyin tələbindən də, göründüyü kimi, maraqlı şəxsin etimad hüququna istinadı istisna edilmirsə, əlverişli inzibati akt qanunsuz hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Məhkəmə də, ehtimal olunan artıq ödənişi pensiya təyini barədə qərarın, sərəncamın qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən, artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq, geri qaytarılması barədə inzibati orqanın hərəkətlərini qanunsuz hesab edir. Məhkəmə kollegiyası həmçinin onu da, qeyd etməyi zəruri hesab edir ki, faktiki xarakterli hərəkətlərin qanuniliyinin yoxlanılması inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı olduğu kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir. İnzibati orqan tərəfindən əmək pensiyası səhv təyin edilsə belə məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə iddiaçının hesabına düzəldilməsi yolverilməzdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, yuxarıda qeyd edilən hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-3135/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında (★★★) öz əksini tapmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati Prosessual Məcəllənin: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Keçid müddəalarını hazırkı mübahisəyə səhv tətbiq etmişdir. Belə ki, cavabdeh Qanunun 45-ci maddəsində edilən yuxarıda qeyd edilən dəyişikliklə bağlı Qanunun Keçid müddəalarını tətbiq edərək inzibati icraat aparmış və qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarla iddiaçının pensiyasını yeni qaydada, Qanunun 45-ci maddəsinin ləğv edilmiş ikinci cümləsini tətbiq edərək gözlənilən pensiya ödənişi aylarının sayını artırmış, nəticədə pensiya məbləğində azalma baş vermişdir. Belə ki, cavabdeh Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanma apararkən iddiaçının fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalını 96 aya (9273,60:96 ay (65 il-63 il=24 ay+ (144 ay-72 ay))) bölmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, Keçid müddəasında qeyd edilmişdir ki, qeyd olunan 1.11-ci maddənin Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Məhkəmə qeyd edir ki, hüquq normasının düzgün, dəqiq və eyni cür başa düşülməsi və tətbiq edilməsi üçün normanın hərfi mənası ilə yanaşı, mahiyyəti və qəbul edilmə məqsədi də aşkar olunmalıdır. Bu zaman qanunverici orqanın niyyəti təhrif edilməməlidir. Belə ki, normanın məzmununu və təyinatını obyektiv şəkildə aydınlaşdırmaq üçün onun qəbul edildiyi konkret şəraiti və qəbul edilməsini zəruri edən halları nəzərə almaq lazımdır. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 40-cı maddəsində də qeyd olunduğu kimi, normayaratma prosesinin mərhələlərindən biri normativ hüquqi aktın layihəsinin hazırlanmasıdır. Normativ hüquqi aktın layihəsində həmin aktın qəbul olunması zərurəti əsaslandırılmalı, layihənin hazırlanma məqsədləri qeyd olunmalıdır. Məhkəməkollegiyası apellyasiya icraatı zamanı cavabdehin bu mövqeyini əsassız hesab edərək qeyd edir ki, Keçid müddəalarında həmin normanın təsbit edilməsi onunla əlaqədardır ki, qeyd olunan dəyişiklik əmək pensiyaçılarının xeyrinə baş vermiş dəyişiklikdir. Lakin Qanuna edilmiş dəyişiklik, xx.xx.2022-ci il tarixdən qüvvəyə mindiyinə görə, həmin tarixdən sonra olacaq pensiya təyinatına və pensiyanın yenidən hesablanması hallarına şamil edilə bilər. Keçid müddəasına əsasən həmin dəyişiklik qüvvəyə minənənədək (xx.xx.2022) Qanunun əvvəlki redakasiyasına əsasən (yəni gözlənilən pensiya ödənişi müddəti aylarının sayının artırılması tətbiq edilmiş şəxslər) əmək pensiyası təyin edilmiş və ya əmək pensiyası yenidən hesablanmış əmək pensiyaçıları həmin dəyişikliyə istinad edərək, pensiyanın yenidən hesablanması ilə bağlı cavabdehə müraciət edə bilməz. Keçid müddəalarındakı məhdudiyyətin tətbiqi zamanı qanunverici orqanın məqsədi və keçid müddəalarının mahiyyəti bundan ibarət olmuşdur. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmaldır Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4930/2025 nömrəli, 17 yanvar 2025-ci il qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: İkram Şirinov Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar