Məhkəmə qərarları › İş №2-1(103)-2017/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2017/2021

05.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2017/2021 05.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi ilə (məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 02.06.2021-ci il tarixli, 2- 1(112)-4065/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı cavabdehin 25.11.2020-ci il tarixli **********0 nömrəli əmrinin ləğv edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 02.06.2021-ci il tarixli, 2-1(112)-4065/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1967/2021 saylı, 24.02.2021-ci il tarixli qərardadının ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə 25.11.2020-ci il tarixli, **********0 nömrəli əmrin iddiaçıya hansı formada təqdim edilməsini və cavabdehin əmri rəsmi qaydada iddiaçıya təqdim edib etməməsini araşdırmamışdır. Cavabdehin əmri rəsmi qaydada iddiaçıya təqdim olunmamışdır. Şəxsin işdən azad olunduğunu ona bildirmək həmin şəxsin bu barədə əmrlə tanış olması, məzmunu ilə tanış olması, həmin əmrin təqdim olunması, rəsmi qaydada verilməsi demək deyildir. Qanunvericiliyin tələblərinə əsasən cavabdeh tərəfindən əmr imzalanmalı, möhürlənməli və rəsmi qaydada iddiaçıya təqdim edilməli idi. Məhəkəmə iclası zamanı iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək bildirmişdir ki, əmrin surəti və əmək kitabçası ona sonradan göndərilmişdir. O, əmrin mətni ilə tanış olmamışdır. Apellyasiya şikayətinin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 02.06.2021-ci il tarixli, 2-1(112)-4065/2021 saylı qərardadının ləğv olunmasını, iddianın mümkün sayılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 02.06.2021-ci il tarixli, 2-1(112)-4065/2021 saylı qərardadının ləğv olunmasını, iddianın mümkün sayılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək bildirmişdir ki, əmrin surəti və əmək kitabçası iddiaçı tələb etmədiyinə görə sonradan ona rabitə orqanı vasitəsilə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmalıdır. İş materiallarında olan 26.11.2020-ci il tarixdə elektron sistemə daxil edilmiş, xxxxxxx0001X1 nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətinə əsasən müəyyən olunur ki, İddiaçı **********0 nömrəli, 25.11.2020-ci il tarixli əmrə əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən (dövlət qulluqçusunun əmək müqaviləsinə öz arzusu ilə) xitam verilmişdir. (Bildirişin imzalandığı tarix: 26.11.2020; çap tarixi: 27.01.2021 17:13:08; çap edildiyi an statusu: Qüvvədə deyil) İş materiallarında olan 22.12.2020-ci il tarixdə elektron sistemə daxil edilmiş, xxxxxxx0001X2 nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətinə əsasən müəyyən olunur ki, İddiaçı **********0 nömrəli, 25.11.2020-ci il tarixli əmrə əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən (“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsinə (intizam tanbehi) uyğun olaraq dövlət qulluğundan azad edildikdə) xitam verilmişdir. (Bildirişin imzalandığı tarix: 22.12.2020; çap tarixi: 27.01.2021 17:12:36; çap edildiyi an statusu: Qüvvədədir) İş materiallarında olan **********0 nömrəli, 25.11.2020-ci il tarixli əmrin surətinə əsasən iddiaçı əmrin surətini 10.02.2021-ci il tarixdə almışdır. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 25.11.2020-ci il tarixli **********0 nömrəli əmri İddiaçı xidmətdən xaric edilməsi ilə bağlı olduğundan, iddiaçının həmin əmrin məzmunundan qeyd edilən əmrin qəbul edildiyi gün məlumatlı olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, hazırkı iddia mümkün sayılmamalıdır. Göründüyü kimi, iddiaçı mübahisələndirilən əmrin ləğv edilməsi tələbinə dair hazırkı iddia ilə qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Belə olan halda, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Baxılan iş üzrə iş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı mübahisələndirilən əmrin surətini 10.02.2021-ci il tarixdə almışdır. İddiaçının həmin əmrin mövcudluğundan xəbərdar olması, onun əmri alması kimi qiymətləndirilə bilməz. Belə ki, qanunvericiliyin tələblərinə əsasən əmrin surəti işçiyə onun sonuncu iş günü verilməlidir. Lakin, baxılan iş üzrə cavabdeh əmrin işçiyə 10.02.2021-ci il tarixdən daha əvvəl təqdim olunmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 02.06.2021-ci il tarixli, 2-1(112)-4065/2021 saylı qərardadı ləğv olunsun. İddiaçı cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar