Məhkəmə qərarları › İş №2-1(103)-2017/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2017/2023

08.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2017/2023 08.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1697/2022 saylı, 04 mart 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2008-ci il tarixli qərarının icra edilməsi və “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsində nəzərdə tutulan AR Ali Məhkəməsi sədrinin vəzifə maaşına hakimiyyət səlahiyyətinin icrasına görə 25 faiz əlavə, Ali Məhkəmənin hakimlərinə yüksək ixtisasına görə ödənilən 15 faiz əlavə və 3 dəfə aldığı maddi yardımın ona təyin olunmuş əmək pensiyasına yenidən hesablanmasını və xx.xx.2021-ci il tarixindən ödənilməmiş fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1981 - 2000-ci illərdə Ali Məhkəmə statusunda olan Azərbaycan Respublikasının Dövlət Arbitrajında Dövlət arbitri və Baş Dövlət arbitrinin müavini vəzifəsində çalışmışdır. Ona 2006-cı ildən əlilliyə görə sabiq hakim kimi pensiya təyin olunmuşdur. Pensiya məbləği Ali Məhkəmənin sədrinin müavininin əmək haqqından, ona əlavələrlə birlikdə nəzərə alınmaqla, hesablanaraq 2021-ci ilə kimi ödənilmişdir. 2021- ci ilin may ayında ərizə ilə cavabdehə müraciət edərək “Əmək pensiyaları haqqında” Qanunun 34-cü maddəsinə müvafiq olaraq əmək pensiyasının növünü əllik pensiyasından yaşa görə əmək pensiyası növünə dəyişilməsini xahiş etmiş, yaşa görə pensiya hesablanarkən, lakin hakimiyyət səlahiyyətlərinin icrasına görə Ali Məhkəmənin hakimlərinə ödənilən 25 faiz əlavə və yüksək hüquqi ixtisasına görə 15 faiz əlavə, habelə işlədiyi dövrdə aldığı 3 maddi yardım nəzərə alınmamışdır. İddiaçı hesab edir ki, Əlillik pensiyasından yaşa görə əmək pensiyasına keçərkən, onun əmək pensiyası azaldıla bilməzdi. Cavabdeh tərəfindən onun yaşa görə əmək pensiyası hesablanarkən qanunvericiliyin tələbləri pozulmuş və Konstitusiya Məhkəməsinin qeyd olunan qərarı nəzərə alınmamışdır. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əmək pensiyanın yenidən hesablanması ilə bağlı müraciəti təmin olunmamış və bu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli Qərarına istinadən onunla əsaslandırılmışdır ki, “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissəsinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Əmək pensiyalarının 1.0.1, 1.0.2, 1.0.5, 9.5, 20.14-cü maddələrinin tələblərinə görə şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hessablanarkən xidmət etdiyi, işlədiyi ya qulluq etdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortaya cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasında əmək haqqındakı “sonrakı dəyişikliklər” anlayışı pensiya hüququ olan şəxsin vaxtilə aldığı əmək haqqının tərkib hissəsi olan pul təminatlarına aiddir. İddiaçının müraciətində göstərdiyi əlavələr, vaxtilə işlədiyi dövrdə ödənilmədiyindən orta aylıq əmək haqqının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mükün sayılmır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1697/2022 saylı, 04 mart 2022-ci il tarixli qərarı ilə (hakim: O.Həsənov) iddia qismən təmin edilmiş, İddiaçı işlədiyi dövrdə 3 dəfə ödənilmiş maddi yardımlar, yəni 18 oktyabr X3 münasibəti ilə 207500 manat (AZM), Dünya Azərbaycanlıların Həmrəyliyi Günü münasibəti ilə 415000 manat (AZM) və 28 May – Respublika Günü münasibəti ilə 207500 manat məbləğində İddiaçı ödənilmiş maddi yardımlar nəzərə alınmaqla onun əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin cavabdehin 11 iyun 2021-ci il tarixli qərarı ilə həmin maddi yardımların əmək pensiyasının məbləğində nəzərə nəzərə alınmadan ödənilməyə başlandığı pensiya hüququnun yaranma tarixi kimi qeyd edilən xx.xx.2021-ci tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmiş, qalan hissədə (25 və 15 faiz əlavələr) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı onunla əsaslandırılmışdır ki, iddiaçının işlədiyi dövrdə aldığı maddi yardımlar nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanması hissəsində iddia tələbi əsaslıdır. Belə ki, iddiaçının pensiya işində olan Azərbaycan Respublikası İqtisad Məhkəməsi tərəfindən verilmiş 14 fevral 2006-cı il tarixli iddiaçının 5 illik əmək haqqının aylar üzrə məbləği əks olunmuş arayışdan görünür ki, iddiaçı 1997 və 1998-ci illərdə müvafiq maddi yardımlar almışdır. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14- cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarı konkret olaraq sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsini qanunun tələblərinə uyğun hesab etməmişdir. İddiaçının əmək pensiyasının məbləği hesablanarkən nəzərə alınmasını istədiyi həmin əlavələr isəməhz onun işlədiyi dövrdə almadığı, daha sonrakı dövrlərdə işləmiş hakim statusunda olan şəxslərə ödənilməsi nəzərdə tutulmuş əlavələrlə bağlıdır. Odur ki, iddia tələbi 25 və 15 faiz əlavələr hissəsində əsassızdır. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın edilməyən hissəsində təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tətbiq edilməli Qanunu və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli və xx.xx.2014cü il tarixli qərarlarının tətbiq etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2008-ci il tarixli qərarında göstərilir ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsi və “Konstitsiya məhkəməsi haqqında” Qanunun 73cü maddəsinin müddəaları AR Konstitusiyasının 127-ci maddəsinin 1-ci hissəsində nəzərədə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. “Hakimlərin stasuna dair Avropa Xartiyasının” 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya verilməsinə təminat verməlidir. Məhkəmə qətnamə qəbul edərəkən Konstitusiyanın 25-ci maddəsinin tələblərini pozaraq ayrıseçkiliyə yol vermişdir. Pensiyaçı hakimlərin bir çoxuna əmək haqqına məhkəmə qərarlarına əsasən 15% və 25% əlavələrin ödənilməsi və digərlərinə isə məhkəmə qərarlarının olmaması bəhanə edilərək həmin əlavələrin ödənilməməsi, onlar arasında fərq qoyulması-bərabərlik hüququna əməl olunmamasıdır. Məhkəmə mübahisəni həll edərkən, “Əmək pensiyaları haqqında” Qanunun 34-cü madəsini tətbiq etməmişdir. Həmin maddədə pensiyanın yenidən hesablanması nəzərədə tutulmayıb. Məhkəmə tərəfindən Qanunun həmin norması tətbiq edilsəydi əlilliyə görə aldığı pensiya məbləğini dəyişdirmədən ona verilməsi barədə qərar qəbul etməli idi. Apellyasiya və kassasiya instansiyası məhkəmələrində əvvəlki icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1933/2022 saylı 06 oktyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1697/2022 saylı, 04 mart 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 117/2023 saylı 03 fevral 2023-cü il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1933/2022 saylı 06 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilərək, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraza uyğun izahat verərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin, izahatında bildirdi ki, 2010cu ilin oktyabr ayından Ali məhkəmənin hakimlərinə hakimiyyət səlahiyyətlərinin icrasına görə ödənilən 25 faiz və yüksək ixtsasına görə ödənilən 15 faiz əlavələrin İddiaçı xx.xx.2021-ci il tarixdən təyin olunan yaşa görə əmək pensiyasında nəzərə alına bilməzdi. Çünki, 2000-ci ilədək işlədiyi dövrdə adıçəkilən əlavələr ümumiyyətlə mövcud olmamış, onları almamışdır. Sədrlik edənin sualına cavab olaraq isə, əlilliyə görə pensiya hesablanması zamanı qeyd edilən əlavələrin nəzərə alındığını qeyd etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin göstərişləri: - cavabdehin öz təşəbbüsü ilə pensiya məbləğinə daxil edilmiş əlavələrin sonradan pensiya növünün dəyişdirilməsi zamanı nəzərə alınmaması ilə bağlı cavabdehin hərəkətlərinin Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə uyğunluğu baxımından qiymətləndirilməsi. İşdən göründüyü kimi, iddia qismən təmin olunsa da, iddianın təmin olunmuş hissəsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmədiyindən, Məhkəmə kollegiyası yalnız iddiaçının verdiyi apellyasiya şikayəti həddində qərarı – iddianın təmin olunmamış hissəsində yoxlayır. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunan hüquqi mövqeləri nəzərə alaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tam təmin olunmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı cavabdehə müraciət etmiş, cavabdehin imtina məktubundan sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası iddianın mahiyəti üzrə əsaslı olması ilə bağlı qənaətini əsaslandırmaq üçün aşağıdakıları diqqətə çəkir: “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinə əsasən, hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7 maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il tarixli qərarına əsasən "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsi və "Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə — həmin günədək qüvvədə olmuş "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin; 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə — həmin günədək qüvvədə olmuş «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə də, hakimlərin sosial müdafiəsi onların müstəqilliyinin ayrılmaz mühüm elementi kimi çıxış edir. Hakimlərin statusunun konstitusiya–hüquq xüsusiyyətləri, onların fəaliyyətinin növü və xarakteri nəzərə alınaraq, sabiq hakimin sosial təminatı fəaliyyətdə olan hakimin müstəqilliyinin təminatı hesab olunur, belə ki, belə tənzimləmə gələcəkdə onların maddi təminatının zəmanəti kimi çıxış edir.” “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir...bu Qərar qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil olunmur.” Hakimlərin statusuna dair Avropa Xartiyasının 6.1.-ci maddəsində göstərilir ki, hakimlər öz funksiyalarını həyata keçirərkən, onların müstəqilliyinə və qərəzsizliyinə zərbə vura biləcək və öz səlahiyyətləri çərçivəsində onlar tərəfindən qəbul edilən bu və ya digər qərarlara və ya həyata keçirilən hərəkətlərə təsir göstərilməsi məqsədinə yönələn müdaxilələrdən qaçınmalarına şərait yaradacaq miqdarda maddi mükafatlandırma hüququna malikdirlər. Həmin Xartiyanın 6.4.-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya verilməsinə təminat verilməlidir. Hakimlərin müstəqilliyi, səmərəliliyi və rolu haqqında Avropa Şurası Nazirlər Komitəsinin Tövsiyəsinə görə isə hakimləri peşə nüfuzuna və məsuliyyət dərəcəsinə uyğun statusla təmin etmək və həvəsləndirməklə onların fəaliyyəti üçün lazımi şərait yaradılmalıdır. Apellyasiya şikayətinin dəlilinə münasibət: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının tələbi 3 hissədən ibarət olmuşdur: Hakimiyyət səlahiyyətinin icrasına görə 25 faiz əlavə; Ali Məhkəmənin hakimlərinə yüksək ixtisasa görə ödənilən 15 faiz əlavə; İddiaçının işlədiyi dövrdə aldığı 3 dəfə maddi yardımın yaşa görə əmək pensiyasının hesablanması zamanı nəzərə alınması. İşin hallarından göründüyü kimi, iddiaçı cavabdeh tərəfindən onun ərizəsinə əsasən sabiq hakim kimi əlillik pensiyasından yaşa görə əmək pensiyasına keçirilərkən, əmək pensiyasının hesablanmasından narazı qalaraq, öhdəliyin icrası haqqında iddia vasitəsilə pensiyasının işlədiyi dövrdə aldığı maddi yardım, habelə, hazırda Ali Məhkəmənin hakimlərinə ödənilən hakimiyyət səlahiyyətlərinin icrasına görə ödənilən 25 faiz, yüksək ixtisasına görə ödənilən 15 faiz əlavələr nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanmasını tələb etmiş, onun bu tələbi birinci instansiya məhkəməsinin qərarı ilə maddi yardım hissəsində təmin edilmiş, qalan 25 və 15 faiz əlavələr nəzərə alınmaqla, pensiyanın yenidən hesablanması hissəsində isə iddia rədd olunmuşdur. Həmin qərardan isə yalnız iddiaçı apellyasiya şikayəti verdiyindən məhkəmə kollegiyası iddiaçının verdiyi şikayət həddində birinci instansiya məhkəməsinin qərarının əsaslılığı yoxlamalıdır. İş materiallarına əlavə olunmuş pensiya işinə dair sənədlərdən çıxarışlara əsasən müəyyən olunur ki, DSMF-nin Nəsimi rayon şöbəsinin 09 yanvar 2007-ci il tarixli qərarı ilə iddiaçıya xx.xx.2006-cı il tarixindən Azərbaycan Respublikası Arbitraj Məhkəməsi sədrinin İ müavini vəzifəsindən, sabiq hakim kimi əlilliyə görə 1354 manat məbləğində əmək pensiyası təyin olunmuşdur (Pensiya Azərbaycan Respublikasının İqtisad Məhkəməsinin 14 fevral 2006-cı il tarixli 2No-li arayışı üzrə 1996-2000-ci illəri əhatə edən beş illik orta aylıq əmək haqqından hesablanmışdır). Həmçinin, iddiaçının pensiya işindən görünür ki, iddiaçının əlillik pensiyasının tərkibində sonradan qeyd olunan əlavələr nəzərə alınmaqla, pensiyası yenidən hesablanmış və cavabdehin xx.xx.2020-ci il tarixli qərarı ilə onun əlillik pensiyası 5.944 manata qədər yüksəlmişdir. İddiaçı daha sonra, onu əlillik pensiyasından yaşa görə əmək pensiyası növünə keçirilməsi barədə ərizəsi ilə cavabdehə müraciət etmiş və sonuncunun xx.xx.2021-ci il tarixli qərarı ilə onun ərizəsi təmin olunaraq, “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə əsasən, xx.xx.2021-ci il tarixindən ona 4778,53 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda, cavabdehin xx.xx.2022-ci il tarixli qərarı ilə hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarı iddianın təmin olunan (iddiaçının işlədiyi dövrdə aldığı maddi yardım nəzərə alınmaqla pensiyasının yenidən hesablanması) hissəsi nəzərə alınmaqla ona təyin olunmuş yaşa görə əmək pensiyası yenidən hesablanması nəticəsində əmək pensiyası 5.297,46 manata yüksəlmişdir. Göründüyü kimi, iddiaçıya əlilliyə görə 5.944 manat pensiya hesablandığı halda, sonuncunun müraciəti əsasında əmək pensiyasının növünün dəyişilməsi zamanı pensiya məbləği azaldılmış, yaşa görə pensiya hesablanarkən hakimiyyət səlahiyyətlərinin icrasına görə Ali Məhkəmənin hakimlərinə ödənilən 25 faiz əlavə və yüksək hüquqi ixtisasına görə 15 faiz əlavə nəzərə alınmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenimunun xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Həmçinin, həmin Qərardakı hüquqi mövqeyə əsasən bu Qərar qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil olunmur. Məhkəmə kollegiyası qeyd edilən hüquqi mövqe ilə bağlı diqqətə çatdırır ki, sözügedən Plenum Qərarı qəbul edilən vaxtadək məhkəmələrdə alınmamış və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrin nəzərə alınmaqla əmək pensiyalarının hesablanması ilə bağlı işlərə baxılmışdır. Həmin qərarlar icra edilmiş, vətəndaşlara müvafiq pensiya ödənişləri həyata keçirilmişdir. Hazırki işin hallarından da görünür ki, inzibati orqan iddiaçıya ilkin olaraq pensiya təyinatı apardıqda mübahisələndirilən əlavələri nəzərə almaqla əmək pensiyasını hesablanmışdır. Plenum Qərarı qəbul edilənədək alınmamış və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrin nəzərə alınmaqla əmək pensiyasının təyin edilməsi və ya hesablanması üzrə məhkəmə praktikası mövcud olduğundan, iddiaçıya da həmin Plenum Qərarından əvvəl əmək pensiyası hesablanan zamanı inzibati orqanın özü tərəfindən sözügedən əlavələr nəzərə alındığından hazırki tələbi də əsaslı hesab edilməlidir. Belə olan halda Məhkəmə kollegiyası “İnzibati icraat haqqında” Qanunun prinsiplərini nəzərdən keçirir. “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsinə əsasən: 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Həmin Qanunun 13-cü maddəsinə əsasən: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. İnzibati icraatın prinsiplərindən də göründüyü kimi, inzibati orqan tərəfindən iddiaçının etimad hüququ qorunmalıdır. Həmçinin, iddiaçıya əvvəllər əlilliyə görə əmək pensiyasının hesablanması zamanı əlavələrin nəzərə alınması sonradan pensiya növünün dəyişdirilməsi zamanı nəzərə alınmaması inzibati orqan tərəfindən etimad hüququnun pozulması deməkdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərar ləğv edilməli, iddia tam təmin edilməli, iddiaçıya 2010-cu ilin oktyabr ayından Ali məhkəmənin hakimlərinə hakimiyyət səlahiyyətlərinin icrasına görə ödənilən 25 faiz və yüksək ixtsasına görə ödənilən 15 faiz əlavələr nəzərə alınmaqla onun əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin xx.xx.2021-ci tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1697/2022 saylı, 04 mart 2022-ci il tarixli qərarı ləğv edilsin. İddia yoxlanılan hissədə tam təmin edilsin. İddiaçı 2010-cu ilin oktyabr ayından Ali məhkəmənin hakimlərinə hakimiyyət səlahiyyətlərinin icrasına görə ödənilən 25 faiz və yüksək ixtsasına görə ödənilən 15 faiz əlavələr nəzərə alınmaqla onun əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin xx.xx.2021-ci tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar