Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2017/2024 06.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Tağızadə Mirzə Nəsib oğlu və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7926/2022 nömrəli, 13 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15 mart 2022-ci il tarixli **********4919 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixdə vergi uçotuna alınaraq sahibklarlıq fəaliyyətinə başlamış, xx.xx.2021-ci il tarixində ƏDV qeydiyyatına alınmış və xx.xx.2021-ci il tarixində Bakı şəhəri, Qaradağ rayonu ərazisində təsərrüfat subyekti qeydiyyata alınmış, təsərrüfat subyektinin adı anbar və mağaza, əsas fəaliyyət kodu “4772007 ayaqqabıların pərakəndə satışı” olmuşdur. Obyektin qeydiyyat ərizəsinə əsasən obyektin əsas təsnifatı “ticarət”, aralıq təsnifatı “pərakəndə ticarət” olmuşdur. Həmin təsərrüfat subyektində PKS aparatı quraşdırılması məqsədilə xx.xx.2021-ci il tarixində vergi orqanına müraciət etmiş və həmin tarixdə PKS qeydiyyata alınmışdır, bundan sonra xx.xx.2021-ci il tarixində təsərrüfat subyektində NKA (nəzarət-kassa aparatı) qeydiyyata alınaraq müvafiq bildiriş göndərilmişdir. Fəaliyyət növünə uyğun olaraq müxtəlif növ məhsullar idxal edərək pərakəndə qaydada satışını həyata keçirmişdir. 2021ci ilin oktyabr ayından 2022-ci ilin yanvar ayınadək anbara faktura üzrə real dəyəri 1.016.397,17 manat, Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən olunmuş statistik dəyəri olan 1.562.160,07 (ƏDV-siz) manat dəyərində müxtəlif növdə mallar idxal olunmuşdur. Qeyd olunan mallar NKA tətbiq etməklə pərakəndə qaydada satılmışdır. Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə fəaliyyət göstərdiyi təsərrüfat subyektində operativ vergi nəzarəti (OVN) tədbiri keçirilmişdir. OVN tədbiri ilə tərəfindən Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinin pozulması qənaətinə gəlinərək, idxal olunmuş malların statistik dəyəri üzərinə 15 faiz ticarət əlavəsi və ƏDV əlavə olunmaqla xx.xx.2022-ci il tarixli **********4919 nömrəli məsuliyyət qərarı ilə iddiaçıya 211.985,12 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddia tələbi ilə əlaqədar 1-ci dəlil ondan ibarətdir ki, ilk növbədə qeyd olunan mübahisənin hüquqi mahiyyətinə, vergi orqanlarının operativ vergi nəzarətini həyata keçirməsinin qanunla hansı formada hüquqi tənzimlənməsinə nəzər yetirilməlidir. Operativ vergi nəzarəti tədbiri Vergi Məcəlləsinin 32-ci maddəsi ilə müəyyən olunan nəzarət tədbirlərindən biridir. “Operativ” sözü leksik mənasına görə “təcili, sürətli, çevik” (hərəkət, əməliyyat) deməkdir. Bu nəzarət tədbirini vergi yoxlamalarından fərqləndirən başlıca əlamət ondan ibarətdir ki, vergi yoxlamaları vergi ödəyicisinin əvvəlki üç ilədək dövrünü əhatə edir (bəzi hallarda beş və ya yeddi il), operativ vergi nəzarəti tədbiri isə konkret məsələlər üzrə vergi ödəyicisinin yalnız cari fəaliyyəti üzrə həyata keçirilir. Qeyd olunanlar mövcud qanunvericiliyə, həmin sözlərin leksik mənasına və tərtib olunan rəsmi sənədlərə əsasən aşkar şəkildə müəyyən olunur. Belə ki, Məcəllənin 50.1-ci maddəsinə əsasən, operativ vergi nəzarəti ilə yalnız Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş hallar yoxlanıla bilər. Həmin 14 tədbirin hər biri “aşkar edilməsi” və ya “nəzarət edilməsi” hərəkətləri ilə əhatə olunur. Xüsusilə maliyyə sanksiyasının tətbiq olunduğu Məcəllənin 58.13-cü maddəsinin həyata keçirilməsi predmeti olan 50.1.13-ci maddədə də “...elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi” göstərilmişdir. “Nəzarət etmək” sözünün leksik mənasından göründüyü kimi, həmin hərəkəti yalnız cari, yəni faktiki tədbir zamanı həyata keçirmək mümkündür. Geri tarixə hər hansı məsələyə nəzarət etmək imkansız olduğu halda vergi orqanı bunu qanunsuz olaraq rəsmiləşdirmişdir. Əlavə olunan Azərbaycan dilinin izahlı lüğətindən çıxarışlardakı sözlərin leksik mənasına nəzər yetirdikdə operativ nəzarət tədbirinin yalnız keçirildiyi (cari) müddət ərzində müəyyən olunan pozuntulara tətbiq edilməsi tam aydın olur. Birincisi, məlum olduğu kimi, inzibati orqan tərəfindən yerlərə getməklə həyata keçirilən bütün nəzarət tədbirləri Yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Reyestrdən çıxarışlardan göründüyü kimi, Ədliyyə Nazirliyinin vahid informasiya sistemində hər bir obyekt üzrə qeydə alınmış məlumatda “Yoxlanılan dövr - cari fəaliyyət” olaraq əks olunmuşdur. Cari ifadəsinin isə “hal-hazırki, indiki, indi baş verən” ifadələri ilə sinonim təşkil etdiyi hər kəsə məlumdur. Vergi yoxlamaları ilə operativ vergi nəzarətinin dövr baxımından fərqliliyini bir daha təsdiq etmək üçün iş materiallarına təkrar əlavə olunan səyyar vergi yoxlamasının keçirilməsi barədə reyestrdən çıxarış nümunəsində “Yoxlanılan dövr” xanasında konkret təqvim günləri ilə müddətin göstərilməsinə nəzər yetirmək də kifayətdir. Göründüyü kimi, operativ nəzarət tədbiri üzrə Vahid reyestrdən çıxarışlarda qeydə alınan dövrün cari fəaliyyət əks olunmasına baxmayaraq, həmin tələbə riayət olunmamış və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 5.2-ci bəndinin tələbi (yoxlamanın çıxarışda göstərilən məlumatlara uyğun aparılması) pozulmuşdur. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsinə görə həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Qeyd olunanlara əsasən Vergi Məcəlləsinin 2.4.8-ci maddəsinə əsasən vergi qanunvericiliyinin tələbləri pozulmuşdur. Qeyd olunanlarla bağlı Ədliyyə Nazirliyinə sorğu verilmiş və Nazirliyin Qeydiyyat və Notariat Baş İdarəsinin xx.xx.2022-ci il tarixli 05/1749-14 nömrəli cavab məktubunda qanunvericiliyin yuxarıda göstərilən hüquq normalarına istinad olunmuşdur. Bundan başqa, operativ vergi nəzarətinin həyata keçirilməsi barədə Qərarda göstərilməsi məcburi olan tələblər var. Vergi Məcəlləsinin 50.3-cü maddəsinin ikinci cümləsinə görə həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Göründüyü kimi, tədbirin hansı dövrə aid edilməsinə dair heç bir qeyd yoxdur ki, bu da səbəbsiz deyil. Bu tədbirin mahiyyəti də ondan ibarətdir ki, keçirildiyi müddət həm də tədbirin dövrünü əhatə edir. Müqayisə üçün bildirilir ki, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın forması Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 7 sentyabr 2016-cı il tarixli **********011400 №-li Qərarı ilə qəbul olunmuş "Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nın (hüquqi aktların dövlət reyestrinə daxil edilmişdir) 2 nömrəli əlavəsi ilə təsdiq edilmişdir. İş materiallarına yenidən əlavə olunan nümunə qərardan göründüyü kimi, yoxlama ilə əhatə olunan vergi dövrü konkret tarixlə qeyd olunmuşdur. Eyni zamanda, Vergi Məcəlləsinin 83.3-cü maddəsinə görə, vergi orqanının səyyar və kameral vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. Həmin Məcəllənin 36.3-cü maddəsinə görə, bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Göründüyü kimi, qanunverici verşi nəzarətinin əvvəlki dövrə şamil edilməsini yalnız səyyar və kameral verşi yoxlamalarında müəyyən etmişdir. Operativ vergi nəzarəti tədbiri səyyar və kameral vergi yoxlamalarından fərqli olaraq başa çatmış münasibətləri deyil, tədbir zamanı davam edən pozuntunu müəyyən etməyə hüquq verən nəzarət tədbiridir. Yəni operativ vergi nəzarəti konkret hal üzrə keçirilir və həmin vaxt aşkar edilən qanun pozuntusuna görə məsuliyyət tədbiri görülür. Məsələn, operativ vergi nəzarəti keçirilirəkən məlum olur ki, 5 nəfər işçi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlədilir və həmin vaxt aşkar olunmuş bu pozuntuya görə maliyyə sanksiyası tətbiq edilir. Bu halda vergi orqanına bəlli olsa belə, məsələn, 2 ay əvvəl obyektdə 10 nəfər əmək müqaviləsiz işləyib, bu halda sanksiya tətbiq edilə bilməz. Lakin ona maliyyə sanksiyası operativ vergi nəzarəti tədbiri keçirilən vaxtdan əvvəlki dövrlərdə etdiyi əməliyyatlara görə tətbiq edilmişdir ki, bu da qanunaziddir. Belə ki, malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi halı məhz operativ vergi nəzarəti keçirilən vaxt aşkar olunsa idi, ona maliyyə sanksiyası tətbiq edilə bilərdi. Qeyd olunanlarla yanaşı, Vergi Məcəlləsinin 50.2-ci maddəsi ilə operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar müəyyən olunmuşdur. Ədliyyə Nazirliyinin Vahid məlumat reyestrindən çıxarışlarda isə tədbirin keçirilməsi üçün əsas Məcəllənin 50.2.2-ci maddəsi, yəni "vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar” göstərilir. Halbuki, iş materialında operativ vergi nəzarət tədbirindən əvvəl vergi orqanlarının hansı mənbəyi bəlli məlumat əsasında belə tədbirinin keçirilməsinin müəyyən olunmasına dair hər hansı təsdiqedici sənəd yoxdur. Apellyasiya şikayətində vergi orqanı özünə məxsus baza məlumatlarına və bəyannamələrə istinad etmişdir ki, qeyd olunanlara əsaslanmaqla belə tədbirin həyata keçirilməsi yolverilməzdir. Çünki həmin baza vasitəsilə operativ nəzarət tədbirinin həyata keçirilməsi əsaslarının müəyyən olunması mümkünsüzdür. Belə ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinə riayət edilibedilməməsi baxımından həyata keçirilən operativ nəzarət tədbiri vergi ödəməkdən yayınmanı aşkara çıxarmır ki, baza məlumatları ilə müqayisə aparılsın. Bu tədbirin mahiyyəti digər vergi ödəyicisinə e-qaiməsiz satış faktını müəyyən etməklə həmin şəxsin qeyri-rəsmi mal alışını müəyyən etmək imkanıdır. Belə faktların baş verməsinə dair mənbəyi bəlli məlumatlar baza məlumatları və ya bəyannamələr deyil, məsələn, alıcı şəxsin e-qaimə verilməməsinə dair şikayəti, satıcının ümumiyyətlə nəzarət-kassa aparatı quraşdırmaması və s. ola bilər. Vergi orqanı qeyd etdiyi məlumatları və bəyannamələri operativ vergi nəzarəti tədbirinin keçirilməsi barədə qərar qəbul etdikdən sonra sistemdən əldə edir. Qərardan əvvəl belə araşdırma aparılmışdırsa, həmin tarixi əks etdirən təsdiqedici sənəd məhkəməyə təqdim edilməlidir. Hesab edir ki, sadalanan əhəmiyyətli pozuntular - operativ vergi nəzarəti ilə vergi ödəyicisinin yalnız tədbir zamanı cari fəaliyyəti üzrə baş verən pozuntuları rəsmiləşdirməli olduğu halda vergi orqanın əvvəlki dövrün əməliyyatlarına müdaxilə etməsi, həmçinin ümumiyyətlə bu tədbirin həyata keçirilməsi üçün hər hansı mənbəyi bəlli məlumatın mövcud olmaması mübahisənin mahiyyəti araşdırılmadan inzibati aktın ləğvi üçün əsasdır. Qeyd olunmalıdır ki, sadə riyazi hesablamaları natamam şəkildə aparılmışdır. Halbuki, riyazi hesablamanın sonu iddiaçının kassa ilə satış etdiyi 1.562.160,07 manat məbləği qeyd etməklə tamamlanır, maliyyə sanksiyasının tətbiq edildiyi 2.119.851,12 manat məbləğinin necə formalaşdığına heç bir münasibət bildirmir. Halbuki, malın faktiki dəyəri 1.016.397,17 manat təşkil edir. Malın dəyərinin ikiqat artırılaraq maliyyə sanksiyası tətbiq edilməsi absurd bir haldır. İstənilən halda vergi orqanı tərəfindən uzun müddətlik bir dövr üzrə satış əməliyyatlarının vahid faiz dərəcəsi (15 faiz) ticarət əlavəsi ilə götürülməsi absdurddur. Belə biznes fəaliyyəti mümkün deyildir. İddiaçının nümayəndəsinin təqdim etdiyi izahata nəzər yetirdikdə oradakı riyazi göstəricilərin vergi orqanı tərəfindən diktə olunaraq yazdırıldığı tam aydın sezilir. Digər tərəfdən, vergi orqanı statistik dəyəri 1.562.160,07 manat məbləğində malların nəzarət kassa aparatı (NKA) vasitəsilə pərakəndə qaydada satılmasını təkzib edən heç bir sübut olmadığı halda, alınan bütün malların topdansatış qaydasında satıldığı ehtimalı ilə məsələyə münasibət bildirmişdir. Yoxlayıcılar unutmuşdur ki, Azərbaycan Respublikasının Konstitusiyasının 15-ci maddəsi hər kəsin azad sahibkarlıqla məşğul olmasına təminat verir. Kommersiya qurumlarının nizamnaməsində qanunla qadağan olunmayan istənilən fəaliyyətlə məşğul olmaq əks olunmuşdur. Lakin vergi orqanının öz proqram təminatında göstərilmiş fəaliyyət kodu əsasında məsələyə hüquqi qiymət verməsi tamamilə əsassızdır. Əgər proqram təminatında şəxsin fəaliyyət kodu topdansatış ticarətdirsə, guya onun pərakəndə satışla məşğul olmaq hüququ olmamışdır. Halbuki şəxsə bu hüququ Konstitusiya və qanunlar verir. Texniki olaraq proqram təminatında əks olunmuş kod şəxsə əlavə maliyyə yükü yarada bilməz. Çünki bunun heç bir iqtisadi mahiyyəti, əsaslandırması yoxdur. Bundan başqa, iddiaçının pərakəndə qaydada fəaliyyətinə hüquq verən nəzarətkassa aparatlarının quraşdırılması vergi orqanı tərəfindən təsdiqlənir. Başqa sözlə deyilsə, pərakəndə qaydada satışın rəsmiləşdirilməsini qeydə alan vergi orqanının sonradan həmin satış əməliyyatlarını qəbul etməməsi anlaşılan deyil. Vergi ödəyicisinin fəaliyyət kodu pərakəndə ticarət olduğu halda və pərakəndə satış obyekti uçotu varsa, demək NKA vasitəsilə rəsmiləşdirilən əməliyyatların qanuniliyi şübhə doğurmamalıdır. Çünki, nə vergi qanunvericiliyində, nə də ona uyğun olaraq qəbul olunan qaydalar, təlimatlar və s. normativlərdə satış məbləğinin hansı həddinin pərakəndə və ya topdansatış olması qanunvericilikdə müəyyən edilməmişdir. Bu səbəbdən, xx.xx.2022-ci il tarixədək nəzarətkassa aparatı vasitəsilə rəsmiləşdirilən əməliyyatın yalan əqd olmasını sübut etmək üçün vergi orqanı yerində həmin əməliyyatı aşkar edərək alıcının şəxsiyyətini müəyyənləşdirməli və alıcının vergi ödəyicisi (və ya faktiki sahibkarlıq fəaliyyəti) olduğunu sübut etməlidir. Yalnız xx.xx.2022-ci il tarixdən "Nağdsız hesablaşmalar haqqında” Qanuna əlavə edilən 3.4.11-ci maddə ilə pərakəndə satış qaydasında təqdim edilən mallara (avtomobillər istisna olmaqla) bir əməliyyat çərçivəsində 4000,0 manat nağd ödəmə həddi müəyyən edilmişdir. Göründüyü kimi, mübahisənin mahiyyəti də operativ vergi nəzarətinin yalnız tədbir zamanı aşkar olunan pozuntunu rəsmiləşdirmək imkanını əks etdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na əsasən obyektdə nəzarət-kassa aparatının quraşdırılmasına vergi orqanı tərəfindən icazə verilməsi artıq şəxsə topdansatış fəaliyyəti ilə yanaşı pərakəndə ticarət fəaliyyəti ilə məşğul olmaq hüququ verir. Başqa sözlə deyilsə, pərakəndə qaydada satışın rəsmiləşdirilməsini qeydə alan vergi orqanının sonradan həmin satış əməliyyatlarını qəbul etməməsi yolverilməzdir. Normativ-hüquqi aktların iyerarxiyası baxımından daha üstün hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikasının Prezidentinin 19 aprel 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 4.2-ci bəndinə əsasən vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. Bir nüansa da diqqət yetirilsə, vergi orqanı apardığı hesablamada guya iddiaçının təqdim etdiyi izahata əsaslanmışdır. Vergi ödəyicisi tərəfindən heç bir izahat yazılmamışdır. Onlara təqdim olunmuş sənədlərdə etibarnamə üzrə nümayəndənin etibarnaməsi və şəxsiyyət vəsiqəsinin surəti təqdim olunmuşdur ki, onun tərəfindən də yazılmış izahatin məzmununa baxdıqda vergi əməkdaşlarının diktəsi ilə yazıldığı aydın görünür və bu izahat vergi ödəyicisi kimi onun mövqeyini əks etdirmir. İstənilən halda izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, "iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər”. Göründüyü kimi, məcburi yazdırılmış və heç bir sübutla təsdiqini tapmayan ifadə maliyyə sanksiyasının tətbiqinə əsas ola bilməz. Mübahisənin mahiyyəti ilə bağlı digər bir əhəmiyyətli hal ondan ibarətdir ki, vergi orqanı malların vergi ödəyicilərinə satıldığını ehtimal etsə də, operativ vergi nəzarəti tədbirini pozuntu baş verdiyi anda həyata keçirmədiyi üçün malların kimə, hansı həcmdə və hansı qiymətə satıldığını sübut edə bilmir. Məhz bu amil də operativ vergi nəzarəti ilə pozuntu vaxtı müəyyən olunan halların rəsmiləşdirilməli olduğunu təsdiq edir. Bundan başqa, qanunvericilikdə satıcı vergi ödəyicisinin alıcıdan aldığı malı hansı təyinatla istifadə etməsini müəyyən etməsi ilə bağlı hər hansı tələb yoxdur. Əksinə, Vergi Məcəlləsinin 13.2.62-cü maddəsinin xx.xx.2022-ci ilədək qüvvədə olan redaksiyasına görə, yalnız sahibkarlıq fəaliyyətini həyata keçirən alıcı hüquqi və fiziki şəxslərin tələbi ilə elektronqaimə fakturanı təqdim etmək satıcı vergi ödəyicisinin vəzifəsi idi. Mövcud mübahisələrin heç birində qeyd olunan normaya uyğun olaraq hər hansı alıcı vergi ödəyicisinin vergi orqanlarına müraciəti, şikayəti müəyyən olunmur. 2-ci dəlil isə ondan ibarətdir ki, Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada və qaimə-faktura və ya elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Göründüyü kimi, vergi qanunvericiliyi malların pərakəndə satışına görə elektron qaimə-faktura təqdim edilməsini deyil, qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməsini nəzərdə tutmuşdur. Təəssüflər olsun ki, vergi orqanı Vergi Məcəlləsinin 58.13-cü maddəsinə istinad etməklə bu qənaətə gəlmişdir ki, elektron qaimə-faktura təqdim edilməli olduğu halda mallar elektron qaimə-faktura verilmədən satılmışdır. Halbuki 58.13-cü maddə malların pərakəndə deyil, topdansatışı zamanı tətbiq edilir. Həmçinin topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsi 2021-ci ilin oktyabr ayında Vergi Məcəlləsində (58.13-cü maddə) məsuliyyət yaratmır. O isə məhz anbarından idxal etdiyi faktra üzrə real dəyəri 1.016.397,17 manat, statistik dəyəri 1.562.160,07 (ƏDV-siz) manat olan malları pərakəndə qaydada NKA çeki ilə satmışdır. Lakin vergi orqanı NKA çeki vasitəsilə satdığı malları nəzərə almayaraq ona bu mallara görə də maliyyə sanksiyası tətbiq etmişdir. Bu səbəbdən də NKA çeki vasitəsilə satılmış mallara görə maliyyə sanksiyasının tətbiq edilməsi qanunsuz və əsassızdır. Belə ki, Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********658900 saylı “Vergi qanunvericiliyinə (inzibatçılığına) dair müraicətə baxılması haqqında” məktubunda da bildirilmişdir ki, “Qeyd olunanlara əsasən idxal olunan malların anbara mədaxil dəyəri həmin malların dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğ yerədək nəqliyyat xərcləri və həmin yerədək yükləmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir. Əlavə olaraq bildiririk ki, mallar Azərbaycan Respubliksına idxal olunarkən gömrük orqanları tərəfindən malların statistik dəyərinin hesablanması yalnız gömrük məqsədləri üçün istiafdə olunur.”. Vergi orqanı tərəfindən gəlir və mənfəət vergisi məqsələri üçün malların dəyəri kimi, faktura dəyəri əsas götürülərək vergilər hesablanılır. Vergi orqanı heç bir halda malın Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən olunan statistik dəyərinə istinad etmir. Statistik dəyər əsasında təqdim olunan hesabatlara isə faktura dəyərini nəzərə alaraq vergiləri yenidən hesablayırlar. Lakin mövcud halda qərəzli olaraq malların qiyməti kimi statistik dəyər nəzərə alınmışdır ki, bu da qanunvericiliyin tələblərinə tamamilə ziddir. Belə ki, 2021-ci ilin oktyabr ayından 2022-ci ilin yanvar ayınadək anbara faktura üzrə real dəyəri 1.016.397,17 manat, Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən olunmuş statistik dəyəri olan 1.562.160,07 (ƏDV-siz) manat dəyərində müxtəlif növdə mallar idxal olunmuşdur. Qeyd olunan mallar NKA tətbiq edilməklə satılmışdır. Lakin operativ vergi nəzarəti zamanı qanun pozuntusu məbləği kimi malların statistik dəyəri olan 1.562.160,07 (ƏDV-siz) manat əsas götürülməklə həmin məbləğin üzərinə 18 faiz əlavə dəyər vergisi və 15 faiz ticarət əlavəsi gəlinərək malların qiyməti süni şəkildə şişirdilərək 2.119.851,12 manat müəyyən olunaraq həmin məbləğin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilmişdir. Bu halda malların statistik dəyərinin əsas götürülməsindən başqa digər bir qanun pozuntusu malın dəyərinin üzərinə ƏDV-nin gəlinməsidir. Belə ki, məlum olduğu kimi malın maya dəyərinə ƏDV daxil deyil. Yuxarıda qeyd olunanları ümumiləşdirərək aşağıdakıları bildirirlər. İddiaçı barəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi ilə müəyyən olunan hər hansı mənbəyi bəlli məlumat mövcud deyil. Qanunverici operativ vergi nəzarəti tədbiri ilə vergi ödəyicisinin yalnız cari (faktiki) fəaliyyətinə nəzarət etmək səlahiyyətini müəyyən etdiyi halda, vergi ödəyicisinin əvvəlki fəaliyyət dövrünün əməliyyatlarına müdaxilə olunmuşdur. Vergi ödəyicisindən izahat məcburi şəkildə alınmışdır və digər əlaqəli sübutlarla təsdiq olunmadığı üçün ayrılıqda əhəmiyyətsizdir. Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Qaydaların 4.2-ci bəndi ilə pərakəndə və topdansatış ticarət fəaliyyətinin ayrı-ayrılıqda uçot aparılmaqla həyata keçirilməsi nəzərdə tutulmuşdur. Qanunverici satıcı vergi ödəyicisinə alıcıdan malı hansı təyinatla istifadə edəcəyini müəyyən etmək səlahiyyəti verməyib. Əksinə, alıcı xx.xx.2022-ci ilə qədər satıcıdan e-qaimə verilməsini tələb edə bilərdi. Malların alıcısının şəxsiyyəti (vergi ödəyicisi olması), aldığı malların həcmi və dəyəri müəyyən olunmadığı üçün ehtimal əsasında şəxsin təqsirli bilinməsi yolverilməzdir. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Abdullayeva) e-2-1(112)-7926/2022 nömrəli, 13 oktyabr 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15 mart 2022-ci il tarixli, **********4919 nömrəli qərarı ləğv edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı xx.xx.2022-ci il tarixli **********4919 nömrəli məsuliyyət qərarının ləğv edilməsinə dair iddiası Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli qərarı ilə təmin edilmişdir. Məhkəmə iş üzrə bütün sübutları hərtərəfli və obyektiv araşdırmamış və məhkəmənin qəbul etdiyi qərar əsassızdır. Cavabdeh tərəfindən İddiaçı məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, “Sədərək Ticarət Mərkəzi”nə gedən yolun şimal-qərbində yerləşən obyektdə malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2022-ci il tarixdə saat 17:50-də Baş İdarə tərəfindən İddiaçı məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, “Sədərək Ticarət Mərkəzi”nə gedən yolun şimal-qərbində yerləşən obyektdə Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq elektron qaimə-faktura verilmədən 2119851,21 manat məbləğində malların topdan qaydada satılması faktı aşkar olunmuş və xx.xx.2022-ci il tarixli 006319 nömrəli akt tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli 006319 nömrəli akt İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 təqdim edilsə də, nümayəndə aktı qəbul etməkdən və imzalamaqdan imtina etmişdir. Nəticədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı məxsus olan obyektdə keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2022-ci il tarixli 006319 nömrəli akta, eləcə də Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olmaması üzrə tərtib edilmiş akta və digər sənədlərə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 58.13-cü və 71-1-ci maddələrinin tələblərinin pozulduğu müəyyən edilmiş və İddiaçı barəsində 211985,12 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Baş İdarənin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktda qeyd edilmişdir ki, vergi ödəyicisi İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X6 vergi ödəyicisinin bütün fəaliyyətindən məlumatlı olan şəxs kimi idxal etdikləri bütün malları müxtəlif vergi ödəyicilərinə topdan qaydada satdıqlarını etiraf etsə də, bu barədə yazılı izahat verməkdən və tərtib olunmuş aktı heç bir üzürlü səbəb olmadan imzalamaqdan imtina etmişdir. İddiaçı İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə təqdim etdiyi xx.xx.2022-ci il tarixli arayışda qeyd edilmişdir ki, “Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsi yaxınlığında yerləşən Karvan ticarət mərkəzində yerləşən B6-27 nömrəli anbardan başqa heç bir yerdə obyekti və saxlancda malı yoxdur. İş vaxtı saat 09:00-dan axşam saat 18:00-dəkdir. Ticarət əlavəsi 15% təşkil edir. Yoxlama keçirilən dövrə **********5440 saylı gömrük bəyannaməsi əsasında idxal olunmuş 80896,82 manat dəyərində mal anbara boşaldılmışdır. xx.xx.2022-ci il tarixində idxal etdiyi malların qalan hissəsi gömrük ərazisindədir, gömrük rəsmiləşdirilməsi olmamışdır. Hesabatlar statistik dəyərlə götürülür. Yoxlamanın nəticəsi üzrə vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli DVX seriyalı 005461 nömrəli akt tərtib edilmişdir. Dövlət vergi orqanlarının apardıqları təhlillər nəticəsində yeni nəsil nəzarət kassa-aparatı quraşdırılmış pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən nəzarət kassa-aparatına bir çek üzrə yüksək məbləğlərin, yəni fiziki şəxs olan istehlakçının istehlak edə biləcəyi ağlabatan məbləğdən yuxarı həddə pul vəsaitlərinin mədaxil olunması halları aşkar olunmuşdur. Sözügedən hallar vergi orqanının risk qiymətləndirilməsinə əsasən faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın pərakəndə satış kimi rəsmiləşdirilməklə əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na əsasən topdansatış - şəxsi, ailə, məişət və digər bu kimi istehlak təyinatı istisna olmaqla, sahibkarlıq fəaliyyəti məqsədi ilə malların satışını həyata keçirən ticarət fəaliyyəti, pərakəndə satış - bilavasitə sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan, yalnız şəxsi, ailə, məişət və digər bu kimi məqsədlər üçün malların satışını həyata keçirən ticarət fəaliyyətidir. Bunlardan əlavə vergi qanunvericiliyinə əsasən pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti, topdansatış isə malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Beləliklə, iri həcmli mal partiyalarının fiziki şəxslərə nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirilməklə satılması faktiki olaraq topdan qaydada digər sahibkarlıq subyektlərinə və ya qanunsuz sahibkarlara sənəd verilmədən (elektron qaimə-faktura tərtib edilmədən) malların satışı əməliyyatının pərdələnməsidir və birbaşa “kölgə iqtisadiyyatı”nı yaradan əsas amillərdəndir. Faktiki olaraq topdan qaydada satılan malların pərakəndə ticarət kimi rəsmilləşdirilməsi nəticəsində həmin mal partiyaları “qara bazara” paylanır və vergi orqanı tərəfindən bu mal partiyasının hərəkətinin izlənməsi və sonrakı satış dövriyyəsindən vergilərin hesablanması mümkün olmur və dövlət büdcəsi əsaslı itkilərə məruz qalır. Qeyd olunanları nəzərə alaraq vergi orqanları tərəfindən qeyd olunan hallar aşkar olunduğu halda malları “pərakəndə satış” adı altında rəsmiləşdirən vergi ödəyicilərinə Vergi Məcəlləsinin 58.13-cü maddəsində nəzərdə tutulan maliyyə sanksiyasının tətbiq edilməsi qanuni və əsaslı hesab edilir. Belə ki, əsas məqsədi vergi üstünlüyü əldə etmək olan vergidən yayınma sxemi aşkar etdikdə faktiki iqtisadi göstərici əsas götürülməklə vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin hesablanmasını təmin etmək dövlət vergi orqanlarının Vergi Məcəlləsi ilə müəyyən olunmuş hüququdur. Məhkəməyə təqdim edilmiş bütün sənədlərdə dəlil olaraq iddiaçının topdansatış ticarət fəaliyyəti ilə məşğul olduğu bir neçə isitqamətdə sübut olunmuş və bununla bağlı təsdiqedici sənədlər əlavə edilərək məhkəməyə təqdim edilmişdir. İddiaçı əsas fəaliyyət növü tikinti materiallarının pərakəndə satışı, digər fəaliyyət növləri malların saxlanması və anbarlara yığılması üzrə fəaliyyət və ayaqqabıların pərakəndə satışı olsa da, idxal etdiyi mallar tamamilə fərqli mallar olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.1-ci bəndinə əsasən, topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. İddiaçı məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, “Sədərək Ticarət Mərkəzi”nə gedən yolun şimal-qərbində yerləşən sahəsi 33 kv.m olan obyekt pərakəndə ticarət fəaliyyətinə uyğun yerdə olmamış və xx.xx.2022-ci il tarixli 728/21 nömrəli icarə müqaviləsinin 1.1-ci bəndində qeyd olunduğu kimi anbar tipli olması Baş İdarənin əməkdaşları tərəfindən müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2021-xx.xx.2022-ci il tarix aralığındakı qısa müddətdə ümumilikdə 1643 çek üzrə 1627944,7 manat nəzarət-kassa aparatına mədaxil olunduğu (1 çek üzrə orta hesabla 990,83 manat), eyni zamanda çeklərin günün eyni vaxtlarında və qısa vaxt aralığında kassaya vurulması, həmçinin operativ vergi nəzarəti zamanı aşkar olunmuş halların vergi ödəyicisinin faktiki iqtisadi göstəricilərinə (idxal edilmiş malların həcmi, obyektin sahəsi, işçi sayı) uyğun olmadığı aşkar olunmuşdur. Göründüyü kimi, vergi ödəyicisinin anbardan fərqli şəxslərə pul vəsaitlərinin nəzarət-kassa aparatına eyni vaxtlarda, qısa vaxt aralığında pərakəndə qaydada mal satması qeyri-mümkündür. Reallıqda ay ərzində yalnız bir neçə halda, məsələn 3-4 halda mümkündür ki, hər hansı bir şəxs anbara müraciət edərək pərakəndə qaydada öz şəxsi istehlakı üçün mal alsın. Subuta ehtiyacı olmayan haldır ki, anbardan malları yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər müraciət edərək topdan alır. İş materiallarına əlavə olanan geri qaytarılmış ƏDV məbləğlərinə dair məlumatlara nəzər yetirmiş olsaq görərik ki, nəzarət kassa aparatına ümumi dəyəri 7814 manat olan 9 sayda, ümumi dəyəri 6274 manat olan 7 sayda, ümumi dəyəri 5191 manat olan 3 sayda, ümumi dəyəri 7076 manat olan 7 sayda və s. sayda çeklər eyni şəxslərə verilmişdir. Həmin şəxslərdən X1 və X3 vergi ödəyiciləridir. Sübuta ehtiyacı olmayan haldır ki, malları bu cür (iri həcmdə, iri partiyalarla) sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər müraciət edərək topdan alır. Beləliklə, sahibkarlıq fəaliyyətinin müəyyən edilməsi şəxsin mənfəət götürmək məqsədi ilə, habelə onun sahibkarlıq olması geniş tətbiq edilən davranış qaydası ilə müəyyən edilir. Adətən sahibkarlıq fəaliyyətinin xüsusiyyəti kimi malların pərakəndə deyil, əmtəə partiyası ilə alqısatqısının həyata keçirilməsidir. Bu baxımdan sahibkarın fəaliyyət göstərməsi üçün əmtəə partiyası ilə mal alması onun fəaliyyətinin işgüzar adətidir. Göründüyü kimi, pərakəndə qaydada alınan mallar deyil, iri əmtəə partiyaları ilə malların alınması sahibkarlığın işgüzar adəti hesab edilir və belə mal alan həmin əmlakdan istifadə edib mənfəət əldə etmək məqsədindədir. Lakin vergi ödəyicisində normal alış həcmlərindən çox iri həcmli alışlar həyata keçirilir ki, məhz bu da bu alışın pərakəndə ticarət sahəsində formalaşmış işgüzar adət və ağlabatanlıqla eynilik təşkil etmir. Əksinə, sahibkarlıq subyektlərinin işgüzar adəti ilə eynilik təşkil edir. Bu baxımdan malların alınması əqdi üzrə əməliyyatın pərakəndə satış çərçivəsində olub-olmaması Mülki Məcəllənin 324-cü maddəsinə uyğun olaraq hərfi mənaya görə (yəni NKA çeki ilər rəsmiləşdirildiyinə görə pərakəndə satışdır deməyə əsas vermir) deyil, ağlabatan mühakimə ilə olmalıdır. Belə ki, sözügedən hallar (vergi ödəyicisinin fəaliyyətinin iqtisadi göstəriciləri, çəklərin günün eyni vaxtlarında, qısa vaxt aralığında nəzarət-kassa aparatına mədaxil olunması, geri qaytarılmış ƏDV məbləğlərinə dair məlumatlara əsasən nəzarət-kassa aparatına mədaxil olunmuş çeklərin eyni şəxslər arasında bölüşdürülməsi, işçisinin olmaması və s. hallar) faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın rəsmiləşdirilmədən əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilir. İş materiallarında iddiaçının topdansatış ticarət fəaliyyəti ilə məşğul olmasını təsdiq və sübut edən kifayət qədər sübut, dəlil və arqument olmuşdur. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********2441 nömrəli qərarından görünür ki, İddiaçı (VÖEN **********) məxsus obyektdə - Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək Ticarət Mərkəzinə gedən yolun şimal-qərbində yerləşən obyektdə (anbar və mağaza) Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi(ləri) üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022ci il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli DVX seriyalı 006319 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” aktdan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********2441 nömrəli qərarına əsasən İddiaçı (VÖEN **********) məxsus obyektdə (ünvan: Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək Ticarət Mərkəzinə gedən yolun şimal-qərbi) operativ vergi nəzarəti tədbiri keçirilmiş, nəticədə xx.xx.2022-ci il tarixdə saat 17:50-də keçirilən OVN zamanı İddiaçı məxsus obyektdə 1562160,07 manat dəyərində idxal olunmuş malların üzərinə 15% ticarət əlavəsi və ƏDV tətbiq edilməklə 2119851,21 manat məbləğində malların Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq e-qaimə olmadan təqdim olunması faktı aşkar edilmiş və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 71-ci və 130-cu maddələrinin tələbləri pozulduğuna görə vergi ödəyicisi barəsində VM-nin 58.8-ci maddəsinə əsasən 211985,12 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Nəzarət kitabçasının təqdim olunmadığı və aktın X6 tərəfindən imzalanmasından və qəbul edilməsindən imtina edildiyi qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********4919 nömrəli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 211985,12 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. 13.2.63-cü maddəsinə əsasən topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. 24.1.1-ci və 24.1.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludurlar. 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən … vergi nəzarəti formasıdır. 50.2-ci maddəsinə əsasən operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 58.13-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın: 1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1- 1-ci maddəsinə əsasən hazırlanmışdır və pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı münasibətləri tənzimləyir. 1.2-ci bəndinə əsasən bu Qaydanın məqsədi pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergiödəyicilərinin gəlirlərinin və xərclərinin müəyyən edilməsi ilə bağlı malların mədaxilinin və məxaricinin sənədləşdirilməsini, habelə bu sahədə şəffaflığın, uçot və hesabatlılığın artırılmasını təmin etməkdən ibarətdir. 1.3-cü bəndinə əsasən bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.3.1. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədilə və yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti. 4.1-ci bəndinə əsasən pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaiməfaktura) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura) ilə yanaşı, POS-terminaldan çıxarış verilir. 4.2-ci bəndinə əsasən vergiödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. 4.3-ci bəndinə əsasən pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergiödəyicisinin anbarlarında olan malların ticarət obyektlərinə verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilir. Məhkəmə kollegiyası qeyd edir ki, parakəndə və topdansatış ticarət fəaliyyətləri üzrə vergi tutulan əməliyyatın məbləğ həddi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Hazırkı halda parakəndə satış növü ilə məşğul olan təsərrüfat subyektində bir malın eyni vaxtda toplu halında satılmasını topdansatış ticarət fəaliyyəti kimi qəbul edilməsi üçün cavabdeh tərəfindən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir, bununla bağlı cavabdehin dəlilləri əsassızdır. Cavabdeh vergi orqanı iddiaçı tərəfindən nəzarət kassa aparatı vasitəsilə pərakəndə ticarət qaydasında satılmış malların əslində topdansatış qaydasında satılmasını iddia etsə də, bu halı məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. Vergi qanunvericiliyi ilə topdansatış və pərakəndə satış üzrə vergi tutulan əməliyyatın məbləğ həddi, başqa sözlə hədd meyarı müəyyən edilməmişdir. Belə olan halda vergi orqanı tərəfindən iddiaçının nəzarət kassa aparatına bir əməliyyat çərçivəsində böyük miqdarda məbləği mədaxil etməsinin topdansatış kimi qiymətləndirməsi, başqa sözlə ona məxsus olan malları elektron qaimə faktura əsasında təqdim etməli olması kimi qiymətləndirilməsi əsassız sayılmalıdır. Cavabdeh qəbul etdiyi inzibati aktla iddiaçını vergi məsuliyyətinə cəlb edərkən Vergi Məcəlləsinin 58.13-cü maddəsinə istinad etmişdir. Parakəndə ticarət satışını həyata keçirən iddiaçı malların satışı zamanı elektron qaiməfaktura təqdim etmək vəzifəsi daşımamış və hər hansı alıcının (sahibkarın) elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmur. Cavabdeh iddiaçı tərəfindən malların alıcıya satışının son istehlak məqsədi üçün deyil, sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyini bildirsə də bunu sübut edəcək dəlilləri, o cümlədən malları satış məqsədilə alan vergi ödəyciləri, eləcə də onlar tərəfindən iddiaçıdan elektron qaimə faktura tələb edildiyi halda, iddiaçı tərəfindən onlara elektron-qaimə faktura təqdim edilməməsi barədə vergi orqanına daxil olmuş hər hansı şikayət və müraciət barədə məlumatı məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş vergi ödəyicisi haqqında məlumatdan görünür ki, iddiaçının əsas fəaliyyət növü pərakəndə satış olmuşdur. Göründüyü kimi, iddiaçı vergi orqanında pərakəndə ticarət fəaliyyəti göstərən vergi ödəyicisi kimi uçota alınmışdır. Eyni zamanda pərakəndə ticarət subyektləri satışı qəbz və ya nəzarət-kassa aparatı ilə aparır, “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nda əlavə olaraq POS-terminalların da istifadəsi nəzərdə tutulur. İş materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki, vergi ödəyicisi olan iddiaçıya məxsus yoxlama aparılan obyektdə nəzarət-kassa aparatı və POS-terminalları mövcud olmuş və bunlar vergi orqanı tərəfindən qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh tərəfindən qəbul edilmiş iddiaçı müəssisədə operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərarda yoxlamanın keçiriləcəyi müddət xx.xx.2022-xx.xx.2022 (xx.xx.2022-ci il daxil olmaqla) qeyd olunmuşdur. Lakin cavabdeh mübahisələndirilən qərarın qəbul olunmasına əsas olan keçirilmiş yoxlamanın nəticələrinə dair tərtib olunmuş aktda qeyd olunan satış həcmini operativ vergi nəzarəti tədbiri zamanı müəyyən etməmiş, əvvəlki dövrlərdə aparılan satış əməliyyatlarının topdansatış ticarət qaydasında iddiaçı ilə ayrı-ayrı vergi ödəyiciləri arasında həyata keçirildiyini ehtimal etmişdir. Cavabdeh tərəfindən operativ vergi nəzarəti tədbiri xx.xx.2022-ci il tarixdə həyata keçirilsə də, həmin vaxtda iddiaçı tərəfindən malların elektron qaimə-faktura ilə digər vergi ödəyicisinə satılması halı müəyyən olunmamışdır. Cavabdeh operativ vergi nəzarəti tədbirindən əvvəlki dövrdə həyata keçirilən satış dövriyyələrini nəzərə almaqla xx.xx.2022-ci il tarixli DVX seriyalı 006319 nömrəli akt tərtib etmiş, bununla da operativ vergi nəzarəti tədbirinin Vergi Məcəlləsi ilə müəyyən olunan mahiyyətinə zidd olan xx.xx.2022-ci il tarixli inzibati akt qəbul olunmuşdur. Vergi ödəyicisinin əvvəlki fəaliyyət dövrünün yoxlanılması yalnız kameral və səyyar vergi yoxlamaları ilə (Vergi Məcəlləsinin 36, 83-cü maddələri), cari (faktiki) fəaliyyəti isə operativ vergi nəzarəti tədbiri ilə həyata keçirilir. İş materiallarında olan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda operativ vergi nəzarəti tədbirinin yoxlanılan dövrü vergi qanunvericiliyinə uyğun olaraq “cari fəaliyyət” kimi əks olunmuşdur. Cavabdeh isə iddaçının cari fəaliyyətini deyil, tədbirindən əvvəlki dövrü operativ vergi nəzarəti tədbiri ilə əhatə etməklə faktiki olaraq səyyar vergi yoxlaması aparmış, bununla da vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Qeyd olunanlardan göründüyü kimi, vergi orqanları vergi ödəyicisinin vergi qanunvericiliyinin tələblərinin pozulmasını iddia edirsə konkret dəlillərə əsaslanmalı, ehtimal və şübhələrə istinad olunmamalıdır. Hazırki mübahisədə isə cavabdeh maliyyə sanksiyasının tətbiq olunduğu məbləğin iddiaçının topdansatış ticarət fəaliyyəti nəticəsində yarandığını hər hansı sənədlə sübuta yetirə bilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən qərar qəbul edilərkən qanunvericiliyin müəyyən etdiyi tələblərə riayət edilməmiş, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar araşdırılmamışdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7926/2022 nömrəli, 13 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2017/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2017/2024
06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver