Məhkəmə qərarları › İş №2-1(103)-2019/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2019/2021

24.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2019/2021 24.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X1rşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2-1(112)-2058/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun 03 yanvar 2020-ci il tarixdə 52 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və əmək pensiyası təyin edilərkən bu günədək birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişlər ki, o, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Həmin müraciətinin nəticəsi barədə 26 avqust 2020-ci il tarixli cavab məktubu təqdim edilərək 01 yanvar 2020-ci il tarixə kimi ümumi iş stajının 20 ildən, güzəştli iş stajının isə 10 ildən az olduğundan güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmişdir. İddiaçının ümumilikdə əmək stajı 35 (otuz beş) ildən çox təşkil edir. Həmin əmək stajının güzəştli şərtlərlə 10 (on) il Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin «Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi» (əvvəlki S.İmaməliyev adına Respublika Taun Əleyhinə Stansiya) həkim vəzifəsində işləmişdir. İddiaçının 03 yanvar 2020-ci il tarixdə 52 yaşı tamam olan zaman onun güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. Buna baxmayaraq həmin tarixdə X6 qanunvericiliyin tələblərinə əsasən pensiya hüququnun yarandığını bilmədiyindən müraciət etməmişdir. İddiaçı 03.09.1984-cü il tarixdən 02.09.1985-ci il tarixə kimi 01 (bir) il 27 №-li aptekdə qablaşdırıcı, 23.08.1985-ci il tarixdən 13.11.1990-cı il tarixə kimi Bakı Dövlət Universitetində biologiya fakültəsi üzrə ali təhsil almışdır. 15.11.1990-ci ildən həkim bakterioloq, vəba əleyhinə stansiyada həkim, "xxxx" ÖTM MMC-də həkim laborant vəzifələrində işləmişdir, hazırda laboratoriyada şöbə müdiri vəzifəsində işləyir. İddiaçının 52 yaşı 2020-ci il tarixdə olduğundan onun həmin tarixdə ümumi 35 ildən artıq əmək stajı var. Onun 10 ildən artıq hissəsini güzəştli staj təşkil edir. Belə ki, o, taun əleyhinə stansiyada həkim vəzifəsində çalışmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2-1(112)-2058/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. (hakim: M.Qarayeva) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə qərarında onun 2006-cı il tarixədək 20 ildən artıq ümumi əmək stajını təsdiqləmiş, lakin “X6 Qanunun” 24.0.3-cü maddəsinə əsasən cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti ikiqat ölçüdə sığorta stajına daxil olmasını əsaslı hesab etməmişdir. Qeyd edilən güzəştli arayışdan görünür ki, o, həmin vəzifədə 5 il 09 ay tam iş günü ərzində işləmişdir. Belə olan halda qanunvericiliyin tələblərinə əsasən onun cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti ikiqat ölçüdə sığorta stajına daxil olmalı, 11 il 08 ay hesablanmalıdır. Lakin, məhkəmə qərəzli olaraq qərarında göstərmişdir ki, onun cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti 10 ildən az olmuşdur. Ancaq onun vəzifəsi “X6” Qanunda, AR Nazirlər Kabinetinin qərarında, əmək kitabçasında və güzəştli arayışda göstərilmişdir ki, o, xüsusi təhlükəli işlə məşğul olduğundan onun əmək stajı 2 qat ölçüdə hesablanır. Onun güzəştli şərtlərlə işlə yəni zərərli işlə 2006-cı il tarixədək iki qat hesablanmaqla 11 (on bir) il 08 (on səkkiz) ay təşkil edir. Onun əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, o, 03.09.1984-cü il tarixdən 02.09.1985-ci il tarixə kimi 01 (bir) il 27 №-li aptekdə qablaşdırıcı, 23.08.1985-ci il tarixdən 13.11.1990-cı il tarixə kimi Bakı Dövlət Universitetində biologiya fakültəsi üzrə ali təhsil almışdır. 15.11.1990-ci ildən həkim bakterioloq, vəba əleyhinə stansiyada həkim, "xxxx" ÖTM MMC-də həkim laborant və hazırda laboratoriya şöbə müdiri vəzifəsində işləyir. Məhkəmə buna baxmayaraq, qərarında vəba əleyhinə stansiyada olan əmək stajını iki qat hesablanmasını nəzərə almamış, onun işlədiyi həmin vəzifəsini 10 ildən az stajı olması qənaətinə gəlmiş və iddia tələbini təmin etməmişdir. Əmək kitabçasından göründüyü kimi onun 01 yanvar 2006-ci il tarixədək 20 (iyirmi) ildən artıq əmək stajı mövcuddur ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin «Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi» (əvvəlki S.İmaməliyev adına Respublika Taun Əleyhinə Stansiya) həkim peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №li Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının XXİV bölməsinin 22600000-1754a şifrinə tauna qarşı idarələrdə məşğul olan işçilər güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verən peşələrdəndir. Bakı İnzibati Məhkəməsi ətraflı araşdırma aparmamış və təqdim edilən sübutlara düzgün hüquqi qiymət verməyərək və iddia tələbini rədd etmişdir. İşə apelyasiya qaydasında baxılarkən İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X7 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, İddiaçı onun 03 yanvar 2020-ci il tarixdə 52 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və əmək pensiyası təyin edilərkən bu günədək birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qeyd etmişdir ki, iddiaçının ümumi sıgorta stajı taun əleyhinə müəssisədə iş müddəti ikiqat ölçüdə güzəştli şərtlərlə daxil edilməklə 26 il 10 ay 8 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li siyahısında XXİV.Səhiyyə və sosial təminat idarələri bölməsində 22600000-1754a şifrlə tauna qarşı idarələrdə məşğul olan işçilər peşəsi qeyd edilmişdir. Lakin iddiaçı bu peşədə 02.01.1998-ci il tarixdən 01.10.2003-cü il tarixə qədər olmaqla cəmi 5 il 09 ay müddətində işləmişdir. Hazırki işin faktiki hallarından görünür ki, cavabdeh orqan iddiaçının hazırkı iddia üzrə müraciətini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, iddiaçıya 52 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyası təyin etmək üçün tələb olunan 20 ildən artıq (21 il 1 ay 8 gün) ümumi iş stajı toplansa da, güzəştli iş stajı tələb olunan 10 ildən artıq stajının qarşılığında cəmi 5 il 09 ay olmuşdur. Buna görə də məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməməsi qanuni və əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan ASAN 3 tərəfindən verilmiş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsindən müəyyən edilir ki, İddiaçı xx.xx.1968-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş 172 saylı 07.07.2020ci il tarixli arayışından görünür ki, iddiaçı 01.01.1998-ci il tarixində Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən “Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi” publik hüquqi şəxsinə (əvvəlki S.İmaməliyev adına Respublika Taun Əleyhinə Stansiya) köçürülmüşdür. 01.10.2003-cü il tarixədək mərkəzdə həkim vəzifəsində işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş 33/01 saylı 25.01.2021-ci il tarixli arayışından görünür ki, iddiaçı 01.01.1998-ci il tarixdən 01.10.2003-cü il tarixədək (5 il, 9 ay) “Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi” publik hüquqi şəxsində (əvvəlki S.İmaməliyev adına Respublika Taun Əleyhinə Stansiya) həkim vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına 2 №-li əlavənin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısının XXİV bölməsinin (Səhiyyə və sosial təminat idarələri) 22600000-1754a şifrəsi (tauna qarşı idarələrdə məşğul olan işçilər) Mərkəzin işçilərinə şamil olunur. İş materiallarında olan Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1/4-19 saylı 12.12.2002-ci il tarixli məktubundan görünür ki, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısının XXİV bölməsində tauna qarşı idarələrdə məşğul olan bütün işçilər nəzərdə tutulduğundan, yalnız tibbi heyətə daxil olan işçilər deyil, həmçinin, mühəndis texniki heyətə daxil olan işçilərin də (mühasibat işçiləri də daxil olmaqla) həmin bölmə üzrə güzəştli pensiya almaq hüquqları vardır. İş materiallarında olan X4 İttifaqı Azərbaycan Respublika Komitəsi tərəfindən verilmiş 97 saylı 14.11.2002-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısının XXİV bölməsinin (səhiyyə və sosial təminat idarələri) 22600000 -1754a şifrinə əsasən tauna qarşı idarələrdə məşğul olan bütün işçilər (vəzifəsindən asılı olmayaraq) güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının **********9 saylı 15.02.2021-ci il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı 1992-ci ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 5.323,10 manat, 1992-2006-cı illər arasındakı dövr ərzində 10.668,90 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 13.476,23 manat olmaqla cəmi pensiya kapitalı 29.468,23 manat təşkil edir. Adıçəkilən şəxsin hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 50400 manat məbləğində hesablanmışdır. Əlavə olaraq bildirilir ki, “X6” Azərbaycan Respublikası Qanununun 1.0.18ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. İş materiallarında olan iddiaçıya məxsus 12.11.1984-cü ildə doldurulmuş ИТ-İ seriyalı ******* saylı əmək kitabçasının tərcümə olunaraq notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 03.09.1984-cü il tarixdə 27 saylı aptekə qablaşdırıcı vəzifəsinə qəbul edilmiş (Əmr 108, 03.09.1985), 02.09.1985-ci il tarixdə öz xahişi ilə qablaşdırıcı vəzifəsindən azad edilmiş (Əmr 17, 02.09.1985), 15.11.1990-cı il tarixdə Bak.laboratoriyaya həkim bakterioloq vəzifəsinə qəbul edilmiş (Əmr 131-k, 06.11.1990), 01.18.1992-ci il tarixdə “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Elmi-praktik tədris birliyi yenidən təşkil olunmuşdur və adı “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi”nə dəyişdirilmişdir (Əmr 36, 23.07.1992), 02.01.1998-ci il tarixdə ARSN taun əleyhinə stansiyasına köçürülmə qaydasında Əmək Məcəlləsinin 36 maddəsinə əsasən tutduğu vəzifəsindən azad edilmişdir (Əmr 31, 11.12.1997). 02.01.1998-ci il tarixdə Taun əleyhinə stansiya Bak.laboratoriyaya həkim bakterioloq vəzifəsinə keçirilmişdir (Əmr 8, 27.01.1998), 01.10.2003-cü il tarixdə öz xahişi ilə işdən azad edilmiş (əmr 154, 21.10.2003), 01.10.2003-cü il tarixdə "xxxx" özəl tibb mərkəzində həkim laborant vəzifələrində işləmiş (əmr N18/K, 01.10.2003), 10.04.2019-cü il tarixdən laboratoriyanın şöbə müdiri vəzifəsində işləyir (əmr 013/19, 10.04.2019). İş materiallarında olan Bakı Dövlət Universiteti tərəfindən verilmiş TB-ı seriyalı 087839 saylı diplomdan görünür ki, iddiaçı 23.08.1985-ci il tarixdən 13.11.1990-cı il tarixə kimi Bakı Dövlət Universitetində biologiya fakültəsi üzrə ali təhsil almışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 26.08.2020-ci il tarixli **********30 nömrəli məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimi təqdim edilmiş sənədlərdən 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən, güzəştli iş stajı isə 10 ildən az təşkil etdiyi, bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi, belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 51.600,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 37.274,20 manat təşkil etdiyi, qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi göstərilmişdir. “X6” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, iddiaçının tələbinin təmin edilməsi və ona 52 yaşının tamam olduğu 03.01.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 2006-cı il 01 yanvar tarixədək azı 20 il ümumi iş stajı olmalı, bunun 10 ilini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının 52 yaşı 03.01.2020-ci il tarixdə tamam olmuşdur. Əmək kitabçasına əsasən iddiaçı 03.09.1984-cü il tarixdən 02.09.1985-ci il tarixədək 27 saylı aptekə qablaşdırıcı vəzifəsində (1 il), 15.11.1990-cı il tarixdən 02.01.1998-ci il tarixədək Bak.laboratoriyaya həkim bakterioloq vəzifəsində (7 il 1 ay 17 gün), 02.01.1998-ci il tarixdən 01.10.2003-cü il tarixədək Taun əleyhinə stansiya Bak.laboratoriyaya həkim bakterioloq vəzifəsində (5 il 9 ay), 01.10.2003-cü il tarixdən "xxxx" özəl tibb mərkəzində həkim laborant vəzifəsində işləmiş, 10.04.2019-cü il tarixdən isə laboratoriyanın şöbə müdiri vəzifəsində işləyir (01.01.2006-cı il tarixədək 2 il 3 ay). Bakı Dövlət Universiteti tərəfindən verilmiş diploma əsasən iddiaçı 23.08.1985-ci il tarixdən 13.11.1990-cı il tarixə kimi Bakı Dövlət Universitetində biologiya fakültəsi üzrə ali təhsil almışdır (5 il 2 ay 20 gün). “X6” Qanunun 24.0.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajına cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti - ikiqat ölçüdə güzəştli şərtlərlə daxil edilir. İddiaçının 01.01.2006-cı il tarixədək ümumi sığorta stajı taun əleyhinə müəssisədə iş müddəti ikiqat ölçüdə güzəştli şərtlərlə daxil edilməklə 27 il 1 ay 8 gün təşkil edir. İşə götürən tərəfindən verilmiş arayışa əsasən iddiaçının 01.01.1998-ci il tarixdən 01.10.2003-cü il tarixədək (5 il, 9 ay) “Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi” publik hüquqi şəxsində (əvvəlki S.İmaməliyev adına Respublika Taun Əleyhinə Stansiya) işlədiyi həkim vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına 2 №-li əlavənin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısının XXİV bölməsinin (Səhiyyə və sosial təminat idarələri) 22600000-1754a şifrində nəzərdə tutulmuş vəzifələrə uyğun olması müəyyən edilmişdir. “X6” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «X6» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. İşə götürən tərəfindən verilmiş arayışlardan göründüyü kimi iddiaçı 01.01.2006-cı il tarixədək 5 il 9 gün güzəştli iş stajına malik olmuşdur. Göründüyü kimi, iddiaçıya 52 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyası təyin etmək üçün tələb olunan 20 ildən artıq ümumi iş stajı toplasa da, güzəştli iş stajı tələb olunan 10 ildən artıq stajının qarşılığında cəmi 5 il 09 ay olmuşdur. İddiaçının apelyasiya şikayətindəki “güzəştli arayışa əsasən o, həkim vəzifəsində 5 il 09 ay tam iş günü ərzində işləmişdir. Belə olan halda qanunvericiliyin tələblərinə əsasən onun cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti ikiqat ölçüdə sığorta stajına daxil olmalı, 11 il 08 ay hesablanmalıdır” barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “X6” Qanunun 24.0.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajına cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti - ikiqat ölçüdə güzəştli şərtlərlə daxil edilir. Qanunun qeyd edilən müddəasından görünür ki cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti ikiqat ölçüdə yalnız əmək pensiyası hüquq verən sığorta stajına daxil edilə bilər. Həmin dövrün güzəştli şərtlərlə pensiya hüququ verən xüsusi staja yenidən daxil edilməsi qanunun tələbinə ziddir və iddiaçının bu barədə dəlili əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2-1(112)-2058/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar