Məhkəmə qərarları › İş №2-1(103)-2019/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2019/2023

24.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2019/2023 24.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi X3, üçüncü şəxs "xxxx" MTK-nın vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər "xxxx" MTK və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi) “Bakı şəhəri İcra Hakimiyyəti xx.xx.2017-ci il tarixli 562 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-35/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK tərəfindən Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi, 3245-ci məhəllə, 0,36 torpaq sahəsində çoxmənzilli yaşayış binasının tikintisinin lahiyələndirilməsinə icazə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 222 saylı sərəncamının və Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 562 saylı sərəncamının ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəmənin 2-1(81)-2883/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı ilə "xxxx" MTK üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir İddiaçı xx.xx.2020-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 562 saylı sərəmcamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəmənin 2-1(112)-137/2020-ci il nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı tərəfin xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəmənin 2-1(112)-194/2021-ci il nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-35/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-35/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 222 saylı xx.xx.2013-cü il tarixli “Orbita Mənzil-Tikinti Kooperativinə çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi haqqında” sərəncamı əsasında "xxxx" MTK-nın xx.xx.2013-cü il tarixli müraciəti nəzərə alınaraq, Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi, 3245-ci məhəllə, 0,36 torpaq sahəsində çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin MTK-ya icazə verilmişdir. Bu sərəncamın 1.1-ci bəndində müəyyən edilir ki, ərazidə yerləşən qeyriyaşayış tikililərin sökülməsi və köçürülməsi mövcud qanunvericiliyə uyğun "xxxx" MTKnın vəsaiti hesabına həyata keçirilsin. Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Orbita Mənzil- Tikinti Kooperativinə dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 222 saylı sərəncamında qismən dəyişiklik edilməsi haqqında” 562 saylı xx.xx.2017-ci il tarixli sərəncamı əsasında "xxxx" MTK-nın xx.xx.2017-ci il tarixli 222 saylı müraciəti nəzərə alınaraq, Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi, 3245-ci məhəllədə yerləşən yaşayış binalarının tikintisinin lahiyələndirilməsi ilə əlaqədar "xxxx" MTK-ya dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 222 saylı sərəncamında “0,36 ha” ifadəsi “0,8460 ha” ifadəsi kimi oxunması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli 10/8122 saylı ekspert rəyindən müəyyən olunur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, İddiaçı iddiasına əsasən ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 9cu mkr., Cavadxan küçəsi, 3245-ci məhəllədə yerləşən qarajın Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 562 saylı sərəncamı ilə "xxxx" MTK-ya ayrılmış 0,8460 ha torpaq sahəsinə dair təqdim edilmiş 17/169 nömrəli ayrıc aktında göstərilmiş 2-ci sahənin koordinatları daxilində yerləşdiyi müəyyən edilir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-5364/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MTK-nın cavabdehlər İddiaçı oğuna və digərlərinə qarşı “torpaq sahəsi üzərində inşa edilmiş tikililərin dəyəri ödənilməklə sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi barədə iddiası təmin edilərək, iddiaçı "xxxx" MTK tərəfindən cavabdeh İddiaçı, ona məxsus ümumi sahəsi 24,5 kv.m. olan qaraj üçün cəmi 16.700 manat ödənildikdən sonra qarajın sökülməsi və qarajın yerləşdiyi ərazinin "xxxx" MTK-ya təhvil verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin bu qətnaməsindən apellyasiya şikayəti verilmiş, daha sonra, hazırkı inzibati işin baxılması səbəbindən mülki iş üzrə icraat dayandırılmışdır. Beləliklə, müəyyən olunur ki, sözügedən sərəncamlar İddiaçı oğuna məxsus qarajın yerləşdiyi ərazidə çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsinə üçüncü şəxs "xxxx" MTK-ya icazə vermişdir. Üçüncü şəxs də həmin layihələndirmə işlərinə daxil olan ərazidə yerləşən qeyri-yaşayış tikililərin sökülməsi və köçürülməsi üçün İddiaçı qarşı iddia qaldırmışdır. Başqa sözlə, əgər "xxxx" MTK İddiaçı qarajının yerləşdiyi ərazidə çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsini, o cümlədən həmin qarajın sökülməsi və ərazisinin boşaldılaraq təhvil verilməsi iddiasını sözügedən sərəncamlara istinadən, həmin sərəncamlarda ona bu barədə verilmiş səlahiyyətdən (hüquqdan, imkandan) istifadə edərək həyata keçirirsə, deməli, nəticə etibarı ilə həmin sərəncamlar iddiaçının birbaşa əmlak hüquqlarına toxunur. Belə olan halda, hazırkı iddiada iddiaçının subyektiv hüququnun olmaması barədə məhkəmənin gəldiyi nəticə ilə razılaşmaq mümkün deyildir. Göstərilənlər nəzərə alaraq, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-35/2023 saylı iş üzrə olan xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" MTKnın vəkili X2 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə digər üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti başçısının "xxxx" Mənzil-Tikinti Kooperativinə çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi haqqında” 222 saylı xx.xx.2013-cü il tarixli sərəncamından görünür ki, "xxxx" Mənzil-Tikinti Kooperativinin xx.xx.2013-cü il tarixli, 21 saylı müraciəti nəzərə alınaraq, Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi, 3245-ci məhəllə, 0,36 torpaq sahəsində çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin MTK-ya icazə verilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti başçısının "xxxx" Mənzil-Tikinti Kooperativinə dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 222 saylı sərəncamında qismən dəyişiklik edilməsi haqqında” 562 saylı xx.xx.2017-ci il tarixli sərəncamından görünür ki, "xxxx" Mənzil-Tikinti Kooperativinin xx.xx.2017-ci il tarixli 222 saylı müraciəti nəzərə alınaraq, Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi, 3245-ci məhəllədə yerləşən yaşayış binalarının tikintisinin lahiyələndirilməsi ilə əlaqədar "xxxx" MTK-ya dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 222 saylı sərəncamında “0,36 ha” ifadəsinin “0,8460 ha” ifadəsi kimi oxunması qərara alınmışdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Göründüyü kimi, inzibati akt aşağıdakı əlamətlərlə səciyyələnir: - inzibati orqan tərəfindən qəbul edilməli; - ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilməli; - ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; - hakimiyyət tədbiri olmalıdır. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda “inzibati akt” anlayışı özündə yalnız fərdi aktları ehtiva edir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Göstərilən maddənin mahiyyətini təhlil edərək belə nəticəyə gəlmək olar ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; hakimiyyət tədbiri olmalıdır. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir. Qeyd olunmalıdır ki, qanunverici tərəfindən belə aktın xüsusiyyətlərinin müəyyən edilməsi ictimai maraqlar və dövlət maraqları ilə şərtləndirilir, publik hüquq münasibətləri müstəvisində yaranan müəyyən məsələnin və ya mübahisənin həllinə yönəlir. Bununla əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Bu isə özündə inzibati orqanlar tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələlərin həllinə dair inzibati aktların qəbul edilməsini ehtiva edir. İnzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Eyni zamanda, inzibati akt müxtəlif hüquq subyektlərinin hüquqi statusunu fərqli müəyyən edə bilər. Göründüyü kimi, inzibati akt konstitutiv formada hüquq və vəzifələr yaradır, ləğv edir və ya dəyişdirir, deklarativ formada isə maraqlı şəxs üçün əlavə hüquqi əsaslar yaradır. Sənədin formasına görə inzibati akt, qanunvericiliklə müəyyən edilən səlahiyyətlər çərçivəsində publik idarəetmənin müvafiq subyektləri tərəfindən qəbul edilən qərar, sərəncam və ya digər növ aktdır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində inzibati akt hesab edilən hakimiyyət tədbirinin əlamətləri sadalanaraq onların dəqiq adı və siyahısı göstərilməmişdir. Lakin maddənin dispozisiyası belə nəticəyə gəlməyə imkan verir ki, adından asılı olmayaraq hər hansı bir hakimiyyət orqanının sənədi həmin maddədə sadalanan əlamətləri özündə əks etdirdiyi təqdirdə inzibati akt hesab edilməlidir. Beləliklə, Konstitusiya Məhkəməsi adı çəkilən 13 iyun 2013-cü il tarixli Qərarında bu nəticəyə gəlmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, inzibati aktın məzmunu da nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən sərəncam adından da göründüyü kimi üçüncü şəxsə yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqındadır. Həmin sərəncam iddiaçılar üçün bilavasitə hüquqi nəticə yaratmır. Sərəncamın məzmunundan göründüyü kimi sərəncam yalnız binanın layihələndirilməsinə icazə ilə bağlı məsələləri tənzimləyir. Layihələndirmə isə bilavasitə tikilməsi planlaşdırılan binanın layihəsinin hazırlanmasını nəzərdə tutur. Belə ki, tikilinin layihələndirilməsi mərhələsi layihənin ilkin dizaynı (obyektin və mərtəbələrin planları, bölmələri, perspektiv təsvirlər və fasadlar və s.), tikiləcək binanın təsviri, ərazinin xüsusiyyətləri, müvafiq ərazidə geotexniki sınağın nəticələri, relyef, ətrafdakı tikililər, yeraltı kommunikasiyalar və yaşıllıq sahəsi nəzərə alınmaqla topoqrafik planın işlənməsi və s. kimi məsələləri özündə cəmləşdirir. Başqa sözlə, layihələndirmə tikiləcək binanın layihəsinin hazırlanmasına başlanılmasıdır, layihə isə özündə yalnız planlaşdırılan yaşayış binasının məlumatlarını əks etdirir. Layihələndimənin sonunda müvafiq bir layihə hazırlanır və bu sənəd razılaşdırıldıqdan sonra layihənin icrasına - tikinti normaları və texniki nizamnamə tələbləri, həmçinin tikinti sahəsinin, ətraf ərazinin spesifik vəziyyətləri nəzərə alınmaqla tikinti prosesinin bilavasitə həyata keçirilməsinə başlanır. Mübahisələndirilən sərəncamın məzmunundan da görünür ki, qeyd edilən sərəncamla yalnız tikilməsi nəzərdə tutulan binanın layihəsinin hazırlanmasına icazə verilmişdir. Həmin layihənin hansı qaydada tərtib ediləcəyi, ərazidə mühəndis-axtarış işlərinin nəticələri, baş plana uyğunluq, obyektin funksionallığı, təhlükəsizliyi və s. kimi məsələlər sonrakı mərhələdə - hazırlanmış layihədə öz əksini tapır. Beləliklə, layihələndirmə barədə sərəncam layihənin hazırlanmasına, həyata keçiriləcək tikinti işlərinin çertyojunu hazırlamağa başlamadır, həmin layihə əsasında ərazidə tikinti işlərinin hansı qaydada planlaşdırılması və həyata keçirilməsi isə sonrakı mərhələlərdə - layihənin razılaşdırılması, tikintiyə icazə və layihənin icrası mərhələlərində icra olunur. Hazırkı mübahisə predmeti olan cavabdehin üçüncü şəxsə yaşayış binasının layihələndirməsinə icazə verilməsi barədə sərəncamı nə tikinti layihəsinin razılaşdırılmasını, nə də tikintiyə icazə barədə məsələni həll etmədiyindən konkret hüquqi nəticə yaratmaq imkanına malik olan inzibati akt qismində qəbul edilmir. Belə olan halda sözügedən sərəncam yalnız hansısa inzibati icraatın başlanılmasının əsası kimi çıxış edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir və mülahizə xarakteri daşıyır. Beləliklə, kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hüquqi nəticə yaratmaq imkanından məhrum olan sərəncamın ləğvinin tələb edilməsi əhəmiyyətsizdir. Bu halda sözügedən sərəncamı mübahisələndirməyə dair iddiaçıların hüquqi marağı da müəyyən olunmur. Odur ki, mübahisə predmeti olan sərəncama münasibətdə iddia mümkün sayıla bilməz. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq iddianın mümkün sayılmamasına dair qərardad qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayət təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-35/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar