Məhkəmə qərarları › İş №2-1(103)-202/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-202/2021

08.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-202/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “təhsil dövrünün və işlədiyi müddətin sosial siğorta stajına daxil edilməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Xumar Afət qızı Mərdanovadan ibarət tərkibdə, Sevinc Mahir qızı Alıcanlı-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “təhsil aldığı dövrün və işlədiyi müddətin sosial siğorta stajına daxil edilməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-532/2020 saylı 05 avqust 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 08 dekabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. A seriyalı 319083 saylı 28.07.1978-ci il tarixli diplomdan görünür ki, İddiaçı 1975- 1978-ci illərdə Minsk şəhəri 39 №-li orta texniki peşə məktəbində təhsil almışdır. NZ seriyalı ******* saylı 23.0.1979-cu il tarixli hərbi biletdən görünür ki, İddiaçı 23.05.1979-cu ildən 02.06.1981-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı 04.09.1960-cı il tarixli əmək kitabçasından görünür ki, İddiaçı 04.09.1981-ci ildən 10.06.1992-ci ilədək Sumqayıt Trestində çilingər, 3-cü dərəcəli elektrik və 4-cü dərəcəli çilingər, 11.06.1992-ci ildən 02.11.1998-ci il tarixədək Sumqayıt dəmir-beton məmulat, istehsalat üzrə zavodunda 5-ci və 6-cı dərəcəli quraşdırmaçı-çilingər, 03.11.1998-ci ildən 01.10.2003-cü il tarixədək "xxxx" ATS-də baş mexanik vəzifələrində işləmişdir. Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı 04.09.1981-ci il tarixdən 10.06.1992-ci il tarixədək “Mərkəzidomnatəmir” tresti Sumqayıt TTQİ-də hal hazırki "xxxx" ASC-də metallurgiya zavod avadanlıqlarının daimi, isti və tozlu şəraitdə təmiri ilə məşğul olan metal konstruksiyalı quraşdırıçı vəzifəsində işləmiş və göstərilən iş yeri, vəzifə, peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 21.06.1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahının İİİ bölməsinin ******* yarımbölməsinin 14587 şifri ilə Güzəştli şərtlərlə əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun pensiya almaq hüququ verir. O, işlədiyi müddətdə ödənişsiz məzuniyyətdə olmamışdır. Birinci instansiya məhkəməsinin sorğularına cavab olaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentinin **********721400 saylı 28.06.2019-cu il tarixli məktubu ilə bildirilmişdir ki, "xxxx" ASC-nin hüquqi ünvanı ünvan 4 Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının 26.02.2020-ci il tarixli 161 nömrəli məktubundan görünür ki, MDT (ÜDR) və Dəmirbeton məmulatları müəssisələrinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialına dövlət mühafizəsinə təhvil verilməmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş Departamentinin 17.03.2020-ci il tarixli **********045400 nömrəli məktubundan görünür ki, "xxxx" ASC-nin (VÖEN:**********) təsis sənədləri qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin **********81 saylı 03.04.2020-ci il tarixli məktubuna əsasən “Sumqayıt dəmir beton məmulatları istehsalı üzrə rayonlarası zavod”un özəlləşdirilməsi ilə bağlı Əmlak Məsələləri Komitəsində hər hansı məlumat aşkar edilməmişdir. İddiaçı onun güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququnun olduğuna istinad edərək cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********0 saylı 26.02.2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 12 il 6 ay güzəştli sosial sığorta stajına qarşı 10 il 09 ay 06 gün sosial sığorta stajı olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. Həmçinin o, 1975-ci il tarixdən 1978-ci il tarixədək məcburi dövlət sosial siğortaya cəlb edilən əmək fəaliyyəti ilə məşğul olmadığı üçün tərəflər arasında qarışılıqlı hüquq münasibətləri yaranmır. Şöbəyə təqdim edilmiş əmək kitabçasında qeyd edilən 04.09.1981-ci il tarixdən 10.06.1992-ci il tarixədək sosial siğorta stajı yoxlanılmışdır. Lakin qeyd edilən dövrlərin yoxlanılması mümkün olmadığından həmin illərin sosial siğorta stajına daxil edilməsi qanuna ziddir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh inzibati orqana qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “1975-ci ildən 1978-ci ilədək Mingəçevir şəhər 39 saylı orta texniki peşə məktəbində təhsil aldığı və 04 sentyabr 1981ci il tarixdən 10 iyun 1992-ci il tarixədək işlədiyi müddətlərin sosial siğorta stajına daxil edilməklə, ona 27 yanvar 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 11.06.1992-ci il tarixdən 02.11.1998-ci il tarixədək xüsusi zərərli əmək şəraitində Sumqayıt dəmir-beton məmulatları istehsalı üzrə zavodda 5-ci dərəcəli quraşdırıcı çilingər peşəsində işləmişdir. Müəssisə faəliyyət göstərmədiyindən həmin müəssisədən güzəştli iş stajı barəsində arayış təqdim edə bilmir. Hesab edir ki, təhsil aldığı dövr və müəssisədə işlədiyi dövr onun sosial sığorta stajına daxil olunmalı və ona güzəştli şərtlə əmək pensiyası təyin etmək cavabdeh orqanın üzərinə qoyulmalıdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda azı 25 il siğorta stajına malik olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın siğorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyaları yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 31.2- 1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda həmin Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq sığortaolunana əmək pensiyası təyin edilir. İddiaçının 01.01.2006-cı il tarixədək ümumi iş satajı 25 ildən, güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Belə olan halda ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Eyni zamanda iddiaçının təhsil müddətinin ümumi iş stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-532/2020 saylı 05 avqust 2020-ci il tarixli qərarı ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, onun Sumqayıt dəmir beton məmulatları istehsalı üzrə zavodda 5ci dərəcəli quraşdırıcı çilingər peşəsində işləməsi əmək kitabçasında öz təsdiqini tapmışdır. Məhkəmə düzgün nəticəyə gəlməmişdir. Tərəflərin izahatları: 08.12.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da, məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə proseslərində iştirak etmiş İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək bildirmişdir ki, iş materiallarında olan (i.v. 9) güzəştli arayışı aldığı dövrdə müəssisənin baş mühasibi N.Bədəlovu tapmış və ondan belə arayış almışdır. Lakin hazırda həmin şəxsi tapmağa çalışsa da, onu tapması qeyri-mümkün olmuşdur. İşlədiyi müəssisənin hazırda fəaliyyəti yoxdur, ona görə də tapılmır və oradan güzəştli arayış da ala bilmir. Bununla bağlı iddiaçı apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 03.11.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabehin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 26.02.2019-cu il tarixdir. Lakin həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması barədə sübut iş materiallarında mövcud deyildir. İddiaçı isə iddia ilə məhkəməyə 02.04.2019-cu il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh inzibati orqana qarşı tələbi “1975-ci ildən 1978-ci ilədək Mingəçevir şəhər 39 saylı orta texniki peşə məktəbində təhsil aldığı və 04 sentyabr 1981-ci il tarixdən 10 iyun 1992-ci il tarixədək işlədiyi müddətlərin sosial siğorta stajına daxil edilməklə, ona 27 yanvar 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun tələbinin təmin olunmasından onun güzəştli iş stajının 10 il 09 ay 06 gün olmasına, həmçinin onun 1975-ci il tarixdən 1978-ci il tarixədək məcburi dövlət sosial siğortaya cəlb edilən əmək fəaliyyəti ilə məşğul olmadığı üçün tərəflər arasında qarışılıqlı hüquq münasibətlərinin yaranmamasına, 04.09.1981-ci il tarixdən 10.06.1992-ci il tarixədək olan illərin sosial sığorta stajına daxil edilməsinin mümkün olmaması əsası ilə imtina etmişdir. Bununla bağlı o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının 01.01.2006-cı il tarixədək ümumi iş stajının 27 il 1 ay 10 gün təşkil etməsinə baxmayaraq, tələb olunan güzəştli iş stajının 10 il 9 ay 6 gün olmasına istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq 08.10.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçı onun 01.01.2006-cı il tarixə qədər 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olmasına əsaslanaraq onun güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü məsələsi yoxlanılmalıdır. Həmin Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq edilməli olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «b» bəndinə əsasən iddiaçının 01.01.2006-cı il tarixə qədər 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajının mövcud olub-olmaması yoxlanılmalıdır. Göründüyü kimi, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə təhsil barədə sənədini (diplomu), hərbi biletini, əmək kitabçasını, işləməsi barədə arxiv arayışlarını və güzəştli iş stajına dair arayışları təqdim etmişdir. Yuxarıda da qeyd olunduğu kimi, iddiaçıya məxsus diplomdan və hərbi biletdən görünür ki, o müvafiq olaraq 1975-1978-ci il tarixdək Minsk şəhəri 39 №-li orta texniki peşə məktəbində (3 il) təhsil almış, 23.05.1979-cu ildən 02.06.1981-ci ilə qədər (2 il 9 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” 67-ci maddəsinin üçüncü bəndinin “ğ” yarımbəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. Eyni məzmunlu müddəa 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndində də öz əksini tapmışdır. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. İddiaçıya məxsus əmək kitabçasından müəyyən olunur ki, o, 04.09.1981-ci ildən 10.06.1992-ci ilədək (10 il 9 ay 6 gün), 11.06.1992-ci ildən 02.11.1998-ci ilədək (6 il 4 ay 22 gün), 03.11.1998-ci ildən 01.10.2003-cü ilədək (4 il 10 ay 28 gün) müxtəlif müəssisələrdə müxtəlif peşələrdə çalışmış və onun ümumi iş stajı təhsil aldığı dövr (3 il), hərbi xidmətdə olduğu dövr (2 il 9 gün) və əmək kitabçasındakı məlumatlar (22 il 26 gün) nəzərə alınmaqla cəmi 27 il 1 ay 5 gün təşkil edir. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun 69-cu maddəsində təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalar “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Adı çəkilən Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Odur ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən müəssisənin (arxiv) arayışları nəzərə alına bilər. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının təhsil aldığı dövrün onun sığorta stajına daxil edilməsi mübahisələndirilməklə yanaşı, həmçinin ümumi iş stajının 25 ildən, güzəştli iş stajının 12 il 6 aydan az olması da bildirilir. Yuxarıda qeyd olunanlardan müəyyən olundu ki, iddiaçının 01.01.2006-cı il tarixədək topladığı ümumi staj onun təhsil aldığı, hərbi xidmətdə olduğu və əmək kitabçasındakı məlumatlar əsas götürülməklə 25 ildən çoxdur. Odur ki, bu barədə cavabdehin dəlilini məhkəmə kollegiyası əsassız hesab edir. İddiaçının xüsusi stajının 12 il 6 aydan az olması ilə bağlı Kollegiya qeyd edir ki, cavabdehin bu dəlili də əsassızdır və iş materialları ilə təkzib olunur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. İş materiallarından görünür ki, İddiaçı 12 il 6 aydan çox zərərli sahədə işləməsini 04.09.1981-ci il tarixdən 10.06.1992-ci il tarixədək (10 il 9 ay 6 gün) “Mərkəzidomnatəmir” tresti Sumqayıt TTQİ-də işlədiyi metal konstruksiyası quraşdırıcısı və 11.06.1992-ci il tarixdən 02.11.1998-ci il tarixədək (6 il 4 ay 22 gün) “Azərbaycan Respublikası Sumqayıt dəmir-beton məmulatı istehsalı üzrə r-n zavod”unda “5-ci və 6-cı dərəcəli quraşdırıcı çilingər” vəzifələrində işləməsi ilə əsaslandırır. Hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün məhkəmə tərəfindən “Sumqayıt dəmir-beton məmulatları istehsalatı üzrə rayonlararası zavod”un və "xxxx" ASC-nin (VÖEN **********) vergi orqanında hüquqi şəxs kimi nə vaxtdan qeydə alınması, hansı dövrə kimi fəaliyyətdə olması, eyni zamanda hazırda fəaliyyətinin olubolmaması barədə məhkəməyə təfərrüatlı arayışın verilməsi, həmçinin Sumqayıt dəmirbeton məmulatlarının istehsalatı üzrə rayonlararası zavod”un və "xxxx" ASC-nin təsis sənədlərinin məhkəməyə təqdim edilməsi ilə bağlı müvafiq sorğular vermişdir. Həmin sorğulara cavab olaraq 08.06.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsindən məhkəməyə daxil olmuş məktubda göstərilmişdi ki, "xxxx" ASC 3465 saylı 25.10.2002-ci il tarixli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyət 21.07.2005-ci il tarixdə ********** saylı VÖEN-lə vergi uçotuna alınmışdır. Vergi ödəyicilərinin uçot-baza məlumatlarına əsasən hazırda cəmiyyətin fəaliyyəti aktivdir. Hüquqi şəxslərin dövlət reyest məlumatlarında Sumqayıt dəmir-beton məmulatları istehsalatı üzrə rayonlararası zavod adlı hüquqi şəxs aşkar edilməmişdir. Hüquqi şəxslərin dövlət reyestr məlumatlarında Sumqayıt 1 nömrəli Dəmir-Beton Məmulatları zavodu adlı hüquqi şəxs aşkar edilmişdir. Həmin zavod İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakların İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin 11 noyabr 2003-cü il tarixli 301 saylı sərəncamına əsasən "xxxx" ASC-yə (VÖEN **********) çevrilmişdir. Həmin sorğuya cavab məktubuna əlavə edilmiş çıxarışdan görünür ki, "xxxx" ASC 05.12.2003-cü ildə qeydiyyata alınmışdır. "xxxx" ASC-nin 3465 saylı şəhadətnaməsindən görünür ki, ASC 25.10.2002-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış, fəaliyyət növü “qanunvericiliklə müəyyən edilmiş qaydada metallurgiya sobalarının, qurğuların istehsalı və satışı ilə məşğul olmaq” kimi göstərilmişdir. Məhkəmə tərəfindən həmçinin 08.07.2021-ci il tarixdə “Azərbaycan Respublikası Sumqayıt dəmir-beton məmulatı istehsalı üzrə r-n zavod”un özəlləşdirilibözəlləşdirilməməsi barədə məhkəməyə məlumat verilməsi və özəlləşdirilmə sənədlərinin məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu göndərilmişdir. Həmin sorğuya cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən 02.09.2021-ci il tarixdə məhkəməyə daxil olmuş məktubdan görünür ki, Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakınının idarə olunması və özəlləşdirilməsi departamentinin 11.11.2003-cü il tarixli 301 saylı sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş Tikinti Sənaye müəssisələri Kombinatının Sumqayıt 1 nömrəli Dəmir-Beton Məmulatları zavodunun "xxxx" ASC yaradılmış, 30.08.2005-ci il tarixdə cəmiyyətin səhmlərinin özəlləşdirilməsi tam başa çatmışdır. “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqaramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin 504 saylı 19.08.1999-cu il tarixli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş 12 saylı Dəmir-Beton Məmulatları zavodunun bazasında "xxxx" ASC yaradılmış, 14.02.2006-cı il tarixdə cəmiyyətin səhmlərinin özəlləşdirilməsi tam başa çatmışdır. Beləliklə, apellyasiya baxışı zamanı iddiaçının xüsusi staj kimi nəzərə alınmasını tələb etdiyi 1981-1992 və 1998-2003-cü illərdə işlədiyi müəssisələrin hüquqi varislərinin hazırda da mövcud olduğu və fəaliyyətlərinin aktiv olduğu (sənədlərdə belə göstərilir) göstərilsə də, həmin müəssisələrə göndərilmiş sorğular ünvan sahibinə çatmamış, həmin müəssisələr hüquqi ünvanlarında tapılmamış, aktiv fəaliyyətlərinin olmadığı səbəbindən iddiaçı barəsində həmin müəssisələrdən güzəştli arayışların verilməsi təmin olunmamışdır. İddiaçı iş materiallarında olan (i.v. 9) güzəştli arayışı hansı yolla əldə etməsi barədə suala belə cavab vermişdir ki, həmin arayışı aldığı dövrdə müəssisənin baş mühasibi N.Bədəlovu tapmış və ondan belə arayış almışdır. Lakin hazırda həmin şəxsi də tapması qeyri-mümkündür. Həmin müəssisənin hazırda fəaliyyəti yoxdur, ona görə də tapılmır. Belə olan halda məhkəmə kollegiyası iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş, Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən verilmiş arayışı mötəbər sübut kimi qəbul edir. Bu hal cavabdehin nümayəndəsi tərəfindən məhkəmə prosesində mübahisələndirilməmişdir. Adı çəkilən arayışın məzmununa görə, İddiaçı 04.09.1981-ci il tarixdən 10.06.1992ci il tarixədək “Mərkəzidomnatəmir” tresti Sumqayıt TTQİ-də hal hazırki "xxxx" ASC-də metallurgiya zavod avadanlıqlarının daimi, isti və tozlu şəraitdə təmiri ilə məşğul olan metal konstruksiyalı quraşdırıçı vəzifəsində işləmiş və göstərilən iş yeri, vəzifə, peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 21.06.1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahının İİİ bölməsinin ******* yarımbölməsinin 14587 şifri ilə Güzəştli şərtlərlə əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun pensiya almaq hüququ verir. O, işlədiyi müddətdə ödənişsiz məzuniyyətdə olmamışdır. İddiaçının işlədiyi müəssisələrin hüquqi varislərinin hazırda mövcud olub, fəaliyyətlərinin sənəd üzərində aktiv olmasına baxmayaraq həmin müəssisələrin hüquqi ünvanlarında tapılmaması, aktiv fəaliyyətdə olmalarının məlum olmaması və buna görə də iddiaçı barəsində ətraflı güzəştli arayışların verilməsi təmin oluna bilmədiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-703/20 saylı 18.11.2020-ci il tarixli icmal məktubunda qeyd olunanları nəzərə alaraq güzəştli arayışın oxşar sahədə fəaliyyət göstərən müəssisədən alınmasını məqsədəmüvafiq hesab etmişdir. Belə ki, sözügedən icmal məktubda qeyd edilmişdir ki, iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi müəssisələr məhkəmə araşdırılmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisələr ola bilər. Bu halda ilk növbədə həmin müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərən müəssisə olub-olmaması yoxlanılmalıdır. Zərurət yaranarsa bununla bağlı müvafiq dövlət qurumlarına sorğular verilə bilər. Bu növ araşdırma yalnız güzəştli staj barəsində deyil, həmçinin tələb olunduğu halda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Müəssisənin məhkəmə araşdırılmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə, güzəştli işlə bağlı arayış onun hüquqi varisindən, hüquqi varis olmadıqda isə müəssisənin sənədlərinin saxlanıldığı qurumdan əldə edilə bilər. Hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırılmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin siyahıdakı kodlara uyğunluğuna dair arayış verə bilər. Bununla bağlı apellyasiya baxışı zamanı verilmiş sorğuya cavab olaraq 1-ci Sumqayıt Tikinti-Quraşdırma MMC-dən 02.12.2021-ci il tarixdə daxil olmuş məktubda göstərilmişdi ki, “Azərneftkimyaquraşdırma” Trestinin 1-ci Sumqayıt Mexaniki-Quraşdırma İdarəsi 30.05.2003-cü il tarixli Şəhadətnaməyə əsasən 100% özəlləşdirilmş və 1-ci Sumqayıt Tikinti-Quraşdırma MMC olmuşdur. Azərbaycan Respublikası Quraşdırma və Xüsusi Tikinti işləri Birliyinin Qırmızı əmək Bayrağı ordenli “Azərneftkimyaquraşdırma” Trestinin 1-ci Sumqayıt Mexaniki-Quraşdırma İdarəsi 1950-ci illərdə fəaliyyətə başlamış və Sumqayıt şəhərinin salınmasında iştirak edən idarələrdən olmuşdur. Sonradan müəssisə 1-ci Sumqayıt Tikinti-Quraşdırma MMC-yə çevrilmişdir. Müəssisənin fəaliyyəti metallokonstruksiya avadanlıqlarının quraşdırılması və təmiri, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsindən ibarət olmuşdur. Müəssisədə maşinistlər, motorçular, sürücülər, traktorçular, sazlayıcılar, krançılar, elektrik mantyorları, montajçılar, qaynaqçılar, çilingərlər, quraşdırıcı-çilingərlər fəaliyyət göstərmişdir. Çilingərlər və quraşdırıcı-çilingərlər peşələrinin funksiyaları quraşdırıcı-çilingərlər işçilər kateqoriyasına aiddir, xüsusilə mürəkkəb avadanlıqların quraşdırılması üsulları, avadanlıqların tənzimlənməsi və tənzimlənməsi üsulları, avadanlığın fərdi yoxlanılması qaydaları daxildir. Quraşdırıcıçilingər portalların, körpülərin, qüllələrin, dayaqların və digər yük daşıyan kranların metal konstruksiyalarının, dəmir barmaqlıqların quraşdırılmasını həyata keçirir. Əyri yollarda işləyən kranların hərəkəti üçün mexanizmlər, elektrik aşınma və hidravlik qaldırıcılar quraşdırır. Kranların sınağında iştirak edir. Tətbiq olunan avadanlıqların quraşdırılması ilə bağlı digər işləri həyata keçirir. Dəmir və dəmir-beton konstruksiyaların quraşdırılması üçün bir quraşdırıcı, bina və quruluçların strukturlarını fərdi elementlərdən və böyüdülmüş bloklardan yığmaq üçün orta mürəkkəblikdə quraşdırma işlərini aparır. Həmin təmir-tikinti və tikinti-quraşdırma işlərinin yerinə yetirilməsində quraşdırıcı-çilingərlərin gördüyü işlər insan orqanizmi üçün olduqca zərərli olduğuna görə həmin işçilər süd məhsulları ilə təmin olunmuş və onlara əlavə əmək haqqı hesablanmışdır. Quraşdırıcı- çilingər peşəsi zərərli olub, işçiyə güzəştli şərtlərə pensiyaya çıxmaq hüququ verir. Həmin peşələr “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 1993-cü il 21 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 saylı Siyahısının İİİ bölməsinin 2040100a—14587 saylı şifrinə - metallurgiya avadanlığının təmirilə daim məşğul olan metallurgiya zavodları avadanlığının quraşdırıcıları peşəsinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Beləliklə, aparılmış araşdırmalar nəticəsində aydın oldu ki, iddiaçının 01.01.2006-cı il tarixədək xüsusi iş stajı 04.09.1981-10.06.1992 və 11.06.1992-02.11.1998-ci illərdə polad konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı və dəmir-beton məmulatları ilə işləyən quraşdırıcı çilingər peşəsindəki stajı nəzərə alınmaqla 12 il 6 aydan artıqdır. Bununla yanaşı, iddiaçının yuxarıda qeyd olunan tarixlərdə adı çəkilən müəssisələrdə işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısının” “”Metallurgiya istehsalatı (qara metallar) adlanan İİİ bölməsinin 2040100a—14587 saylı şifrinə - metallurgiya avadanlığının təmirilə daim məşğul olan metallurgiya zavodları avadanlığının quraşdırıcıları peşəsinə uyğundur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt- 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajı tam olaraq tamamlanmışdır. İşlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı bir dövr üzrə həm işlədiyi müəssisə (işəgötürən), hər iki dövr üzrə isə oxşar funksiyaların həyata keçirildiyi başqa müəssisə tərəfindən təsdiq olunur. Göründüyü kimi, apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün iddiaçı apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-532/2020 saylı 05 avqust 2020-ci il tarixli qərarı ləğv edilməli, iddiaçının 1975-ci ildən 1978-ci ilədək Mingəçevir şəhər 39 saylı orta texniki peşə məktəbində təhsil aldığı müddət, 04 sentyabr 1981-ci il tarixdən 10 iyun 1992ci il tarixədək işlədiyi müddət onun sosial siğorta stajına daxil edilməli və ona 57 yaşdan, yəni 27 yanvar 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-532/2020 saylı 05 avqust 2020-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı 1975-ci ildən 1978-ci ilədək Mingəçevir şəhər 39 saylı orta texniki peşə məktəbində təhsil aldığı müddət və 04 sentyabr 1981-ci il tarixdən 10 iyun 1992-ci il tarixədək işlədiyi müddət onun sosial siğorta stajına daxil edilsin. İddiaçı 57 yaşdan, yəni 27 yanvar 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar