Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-202/2022 15.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Tağızadə Mirzə Nəsib oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmədbağı qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X4, 3-cü şəxslərin nümayəndəsi, vəkil X8 iştirakları ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxslər X12, X9, X5, X17, X27, X6, X10, X13, X3, X22, X18, X32, X33, X34 və X14) qarşı «cavabdehin 22 iyun 2016-cı il tarixli 257 nömrəli sərəncamının ləğv edilməsi və müvafiq hərəkətlərin edilməsindən çəkinmək öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati iş üzrə 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 2-1(82)-4035/2019 saylı, 02.12.2019 il tarixli qərarından 3-cü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “Bakı şəhəri X21 torpaq sahəsi ayrılması barədə olan 15.02.1989-cu il tarixli, 1/14 saylı qərarının etibarsız hesab edilməsinə dair” Cavabdeh Başçısının 22.06.2016-cı il tarixli, 257 saylı sərəncamının ləğv edilməsinə və Cavabdeh üzərinə Bakı şəhəri X38 İcraiyyə Komitəsinin 15.02.1989-cu il tarixli, 1/14 saylı qərarının ləğv edilməsinə və ya etibarsız sayılmasına yönələn hər hansı hərəkətlərin edilməsindən və ya qərar (sərəncam) qəbul edilməsindən çəkinmək vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər XDS İK-nın 7 may 1976-cı il tarixli 25/247 nömrəli qərarı ilə keçmiş Azərbaycan SSR Tikinti Nazirliyinə Bakı şəhəri, Bilgəh qəsəbəsində 5 ha torpaq sahəsi ayrılmışdır. Bakı Şəhər XDS İK-nın 15 fevral 1989cu il tarixli 1/14 nömrəli qərarı ilə həmin ərazinin 4 ha hissəsi kooperativ bağların tikintisi üçün ayrılmışdır. Tikinti Nazirliyinin tabeliyindəki "xxxx" müəssisəsinin nəzdində İddiaçı təsis edilmiş və keçmiş Şaumyan rayon XDS İK-nın 27 oktyabr 1989-cu il tarixli 81/58 nömrəli qərarı ilə həmin Kooperativ qeydiyyatdan keçmişdir. Həmin 4 ha torpaq sahəsinə dair Bakı şəhərinin baş memarının müavini tərəfindən 29 may 1989-cu il tarixdə təsdiqlənmiş inşaat pasportu və ayrıc aktı tərtib edilmişdir. Ayrılmış torpaq sahəsinin həqiqətən də İddiaçı istifadəsində olması 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(82)-372/2012 saylı iş üzrə qanuni qüvvəyə minmiş 1 may 2012-ci il tarixli qərarı ilə də təsdiq olunur. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən Kooperativə ayrılmış torpaq sahəsinə dair 30 oktyabr 2012-ci il tarixdə “Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. İddiaçı BTK Bilgəh bələdiyyəsinin “fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə” 22 noyabr 2005-ci il tarixli 041 nömrəli qərarının və onun hüquqi nəticələrinin etibarsız sayılması tələbi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İnzibati iş üzrə icraat zamanı məlum olmuşdur ki, Bakı ŞİH-in 22 iyun 2016-cı il tarixli 257 nömrəli sərəncamı ilə Bakı Şəhər XDS İK-nın 15 fevral 1989-cu il tarixli 1/14 nömrəli qərarı və həmin qərar əsasında aparılmış hər hansı sənədləşmə, verilmiş sənədlər etibarsız sayılmışdır. 22 iyun 2016-cı il tarixli 257 nömrəli sərəncamda əsas kimi göstərilmişdir ki, inşaat pasportunun “qeyd” hissəsində torpaq sahəsində 2 ildən artıq müddət istifadə edilmədiyi halda ondan istifadə hüquqlarına xitam verilməsi nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, Bakı ŞİH 8 aprel 2014-cü il tarixdə 145 nömrəli eyni məzmunlu sərəncam qəbul etmiş və İddiaçı BTK həmin sərəncamın ləğv edilməsi tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin 4 iyun 2014-cü il tarixli qərarı ilə iddia təmin edilərək Bakı ŞİHin 8 aprel 2014-cü il tarixli 257 nömrəli sərəncamı ləğv edilmişdir. Həmin qərar Bakı Apellyasiya Məhkəməsinin 15 oktyabr 2015-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Eləcə də Ali Məhkəmənin 16 fevral 2016-cı il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin 15 oktyabr 2015-ci il tarixli qərarı qüvvəsində saxlanılmışdır. Üç məhkəmə instansiyasının qərarlarında həmin torpaq sahəsinin İddiaçı BTK-nın istifadəsində olması öz təsdiqini tapmışdır. Bakı Apellyasiya Məhkəməsinin 15 oktyabr 2015-ci il tarixli qərarında məhkəmə kollegiyası vurğulamışdır ki, 9 may 1989-cu il tarixdə təsdiqlənmiş inşaat pasportunda əks olunan 2 illik müddət 15 fevral 1989-cu il tarixli 1/14 nömrəli qərarda tanınan hüquqla deyil, pasportda nəzərdə tutulan işlərin həyata keçirilmə müddəti ilə bağlıdır. Bundan başqa, ayrılmış torpaq sahəsinin İddiaçı BTK-nın istifadəsində olması 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 1 may 2012-ci il tarixli qərarı ilə də təsdiq edilmişdir və qərar icra olunaraq torpaq sahəsinə dair plan və ölçü verilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh yenidən 15.02.1989-cu il tarixli 1/14 saylı qərarın etibarsız sayılaraq, qərar əsasında aparılmış hər hansı sənədləşmələrin və verilmiş sənədlərin etibarsız hesab edilməsinə dair 22.06.2016-cı il tarixli 257 saylı sərəncam qəbul etmişdir. Sərəncamdan göründüyü kimi, qəbul edilən inzibati aktda qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş hallar nəzərə alınmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15.09.2016-cı il tarixli 2-1(81)-3398/2016 saylı qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24.11.2016-cı il tarixli 2-1(82)-3652/2016 saylı qərardadı ilə iddiaçının nümayəndəsinin “mübahisənin aidiyyətinin müəyyən edilməsinə dair” vəsatəti təmin edilməmiş, həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin 01.02.2017-ci il tarixli 2-1(103)-430/2017 saylı qərardadı ilə təmin edilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29.01.2018-ci il tarixli 2-1(82)-31/2018 saylı qərarı ilə iddianın təmin edilməsi, cavabdeh Bakı Şəhər İcra Hakimiyətinin “Bakı Şəhər XDS İK-nin 15.02.1989-cu il tarixli, 1/14 nömrəli qərarının etibarsız sayılması barədə” 22.06.2016-cı il tarixli 257 nömrəli sərəncamının ləğv edilməsi və Cavabdeh gələcəkdə Bakı Şəhər XDS İK-nin 15.02.1989-cu il tarixli 1/14 nömrəli qərarının eyni əsaslarla etibarsız sayılması ilə bağlı sərəncam qəbul etməsindən və hərəkətlərə yol verməsindən çəkinməsi qərara alınmışdır. X12, X9, X5, X17, X27, X7, X11, X15, X3, X22, X18, X32, X33, X34 və X14 vəsatətlə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, iş üzrə 3-cü şəxs qismində cəlb edilmələri haqqında qərardad qəbul edilməsini xahiş etmişlər. 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 21.09.2018-ci il tarixli 2-1(82)31/2018 saylı qərardadı ilə qeyd edilən şəxslərin vəsatəti təmin edilmiş, həmin şəxslər inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-31/2018 saylı iş üzrə 29 yanvar 2018-ci il tarixli qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4035/2019 saylı 02.12.2019-cu il tarixli qərarı ilə iddianın təmin edilməsi, cavabdeh Bakı ŞİH-in “Bakı Şəhər XDS İK-nin 15 fevral 1989-cu il tarixli 1/14 nömrəli qərarının etibarsız sayılması barədə” 22 iyun 2016-cı il tarixli 257 nömrəli sərəncamının ləğv edilməsi və Cavabdehnə gələcəkdə Bakı Şəhər XDS İK-nin 15 fevral 1989-cu il tarixli 1/14 nömrəli qərarının eyni əsaslarla etibarsız sayılması ilə bağlı sərəncam qəbul edilməsindən və hərəkətlərə yol verilməsindən çəkinməsi qərara alınmışdır. Həmin qərardan 3-cü şəxslər apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən şəxslər üçüncü şəxs qismində işə cəlb edildikdən sonra həmin şəxslərin vəsatətinin əsaslı olması ilə bağlı heç bir araşdırma aparılmamışdır. 3-cü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməmiş, məhkəmə bildirişləri məhkəmə iclasının keçirildiyi gün çatdırılmışdır. Məhkəmənin qərarı 29.01.2018-ci il tarixli qərarında qeyd edilən xüsusatların eynisinin yeni qərara köçürülməsindən başqa bir şey deyildir. Məhkəmə tərəfindən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu ünvanlanmış, sorğuya cavabda iddiaçıya ayrılmış torpaq sahəsi ilə qeydiyyata alınmış çıxarışlara əsasən vətəndaşların mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşdüyü qeyd edilmişdir. Bununla bağlı tərəflər arasında davam edən başqa bir icraatda aparılmış ekspertiza ilə torpaq sahələrinin üst-üstə düşdüyü bilinməkdə idi və həmin rəyin surəti iş materiallarında mövcuddur. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı ümumilikdə 29.01.2018-ci il tarixdə qəbul edilmiş qərarla eynilik təşkil etməkdədir. Cavabdeh tərəfindən 22.06.2016-cı il tarixdə qəbul edilmiş 257 saylı sərəncam Bakı şəhəri XDS İK-nin 15.02.1989-cu il tarixli 1/14 saylı qərarının etibarsız hesab edilməsi, eyni əsaslarla təkrar qəbul edilmiş kimi tövsif edilə bilməz. Bundan əvvəl mübahisələndirilən və ləğv edilən BŞİH Başçısının 08.04.2014-cü il tarixli 145 saylı qərarı vətəndaş X2 müraciəti əsasında qəbul edilmişdir. Bununla bağlı məhkəmə mübahisəsi davam edərkən formalaşan məhkəmə mövqeyi iddiaçının mübahisəli inzibati icraat barədə cavabdeh tərəfindən lazımi qaydada məlumatlandırılmaması olmuşdur. Yəni iddiaçı bu inzibati icraatla bağlı cavabdeh tərəfindən lazımi qaydada məlumatlandırılsaydı (halbuki, bununla bağlı bildirişlərin zamanında göndərildiyinə dair işdə yetəri qədər sübutlar mövcud olduğu halda 08 aprel 2014-cü il tarixli 145 saylı sərəncamla bağlı məhkəmə icraatı zamanı məhkəmələr bunu nəzərə almamışdır) qəbul edilmiş inzibati akt qanuni hesab ediləcəkdi. Ancaq, cavabdeh BŞİH Başçısının 22.06.2016-cı il tarixli 257 saylı sərəncamı qəbul edilərkən hər hansı bir şəxsin müraciəti olmamış, cavabdeh Bakı şəhər XDS İK-nin 15.02.1989-cu il tarixli 1-14 saylı qərarının inzibati icraat haqqında qanunvericiliyin tələblərini rəhbər tutaraq etibarsız hesab etmişdir. İstər işdə olan materiallardan, istərsə də mübahisələndirilən inzibati aktdan da göründüyü kimi, torpaqayırma sənədləri əsasında iddiaçıya tikinti üçün 2 illik müddət verildiyi halda 1989-cu ildən inzibati aktın qəbul edildiyi 2016-cı il tarixinə qədər heç bir tikinti işləri aparılmamış, ümumiyyətlə iddiaçı tərəfindən həmin torpaq sahəsi üzrə heç bir tədbir görülməmişdir. Sadəcə iddiaçının yaddaşına 1989cu il tarixində hüquqi varisi olduğu müəssisəyə torpaq sahəsi verildiyi yadına düşmüş, bununla bağlı torpaq sahəsinə plan və ölçü verilməsinə dair qərar qəbul edilməsinə nail olmuş, üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələrinin kənar xəttindən həmin sahəyə torpaq sahəsinin koordinatlarını çıxartdırmaqla hal-hazırdakı mübahisələrin yaranmasına səbəbiyyət vermişdir. Bu səbəbdən cavabdeh tərəfindən haqlı olaraq inzibati aktın faktiki səbəblər üzündən icrasının mümkün olmaması əsas kimi qəbul edilərək inzibati aktın etibarsız sayılmasına dair hal-hazırda mübahisələndirilən sərəncam qəbul edilmişdir. Sərəncamda da qeyd edildiyi kimi, Bakı şəhəri XDS İK-nin 15.02.1989-cu il tarixli qərarı ilə ayrılmış torpaq sahəsi uzun illərdir ki, iddiaçı tərəfindən heç bir tikinti işləri aparılmayaraq təyinatı üzrə istifadə edilməmişdir. Mübahisələndirilən sərəncamda da qeyd edildiyi kimi həmin vaxt qüvvədə olan Azərbaycan SSR Torpaq Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən torpaq sahəsindən iki il müddətinə təyinatı üzrə istifadə edilmədikdə torpaqayırma sənədləri öz hüquqi qüvvəsini itirir. Qərarda bu maddənin tələblərini görmək mümkün olmamışdır. Analoji müddəa hal-hazırda qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsində də öz əksini tapmaqdadır. Bu cür tələblərin torpaq qanunvericiliyində hər zaman olmasının əsas səbəbi hər hansı tikinti və ya buna bənzər məqsədlər üçün ayrılmış torpaq sahələrinin təyinatı üzrə istifadə edilmədiyi təqdirdə müvafiq hüquqlara xitam verilməsidir. Birinci instansiya məhkəməsi daha əvvəlcədən BŞİH-nin 145 saylı 08 aprel2014-cü il tarixli sərəncamı ilə bağlı məhkəmə mübahisələri zamanı inşaat pasportunda qeyd edilən 2 illik müddətin 15 fevral 1989-cu il tarixli 1/14 saylı qərarla tanınan hüquqlara deyil, pasportla nəzərdə tutulan işlərin həyata keçirilməsi müddəti ilə bağlı qeydinə istinad etmişdir. İstənilən inşaat pasporunda qeyd edilən 1 illik və ya 2 illik müddət həmin dövrdə qüvvədə olan Torpaq Məcəlləsinin müddəaları ilə tənzimlənir və bu müddəalar da torpaqların təyinatı üzrə istifadə edilmədiyi hallarda müvafiq hüquqlara xitam verilməyi nəzərdə tutur. Yəni qeyd edilən müddət ərzində torpaq sahəsinin təyinatı üzrə istifadə edilmədiyi təqdirdə qüvvəsini itirən sənədlər torpaqayırma sənədləridir. Torpaqayrıma sənədləri dedikdə buna torpağın ayrılması barədə sərəncam və ya qərar, tikinti ilə bağlı ayrılmış torpaq sahəsinin ayrıc aktı və s. bu kimi sənədlər başa düşülməkdədir. Birinci instansiya məhkəməsi 23 ildən daha çox torpaq sahəsinin yerləşdiyi yeri belə bilməyən hüquqi şəxsin əsassız iddiasını araşdırmadan və torpaq sahəsinin yerləşdiyi yeri belə görmədən iddia tələbini təmin etməkdədir. Torpaqayırma sənədlərinin qanunvericiliklə nəzərdə tutulan müddətdə öz hüquqi qüvəsini itirdiyinə dair qanunvericiliyin tələbini nəzərə almamaqdadır. İddiaçı BTKnin üzvü olan və hal-hazırda mübahisə predmeti olan torpaq sahəsinin tam qonşuluğunda yaşayan X28, X19, X16 yaranmış olan iddia predmeti ilə bağlı məlumatlı olmadıqlarını, hal-hazırda yaşadıqları bağ evinin ərazisini İddiaçı BTK-nin üzvü olaraq aldıqlarını dəfələrcə şifahi qaydada bizə bildirdiklərini məhkəmənin diqqətinə çatdırardılar. Daha bir çox İddiaçı BTK-nin üzvü olan şəxs bağ tikinti kooperativinin üzvü olaraq torpaq sahəsini almış, müvafiq tikinti işlərini aparılmışdır. Adı qeyd edilən həmin şəxslərin məhkəmə iclasına dəvət edilərək iddiaçı bağ tikinti kooperativinin üzvü olaraq onlara düşən torpaq payını aldıqlarını, aldıqları torpaq payının hal-hazırda mübahisə predmeti olan yerdə deyil, ondan daha yuxarı tərəfdə yerləşdiyi məhkəmənin diqqətinə çatdırılması mümkün olardı, ancaq birinci instansiya məhkəməsi bizləri bu hüquqlardan qərəzli olaraq məhrum etmişdir. Həmçinin, Bakı şəhər X38 İcraiyyə Komitəsinin 15 fevral 1989-cu il tarixli qərarı ilə ayrılmış 4 ha torpaq sahəsi "xxxx" Firması nəzdində İddiaçı BTK-nin 49 üzvünə bölündüyü halda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 may 2011-ci il tarixli qətnaməsi ilə İddiaçı BTK-nin təsisçilərinin bərabər, yəni 1/28 paylarla kooperativin 28 üzvündən ibarət olması faktı müəyyən edilmişdir. Qeyd olunan torpaq sahəsi "xxxx" Firması nəzdində İddiaçı BTK-nin üzvlərinin ümumi iclasının 49 nəfər kooperativ üzvləri arasında bölünmüş və iclasın qərarına əsasən hər bir kooperativ üzvünə arayış order verilmişdir. Qeyd edilənlərdən də göründüyü kimi İddiaçı BTK-nin əvvəl 49 üzvü olmuş, daha sonradan 2011-ci il tarixində yenidən təşkil nəticəsində bağ tikinti kooepartivinin üzv sayısı 28 olaraq müəyyən edilmişdir. Bildirmək istəyirik ki, hal-hazırda BTK-nin əvvəlki 49 nəfər üzvlərindən olub, həmin ərazidə torpaq sahəsi əldə edən şəxslər mövcuddur. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.03.2021-ci il tarixli, 2- 1(103)-108/2021 nömrəli qərarı ilə üçüncü şəxslərin apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 02 dekabr 2019-cu il tarixli, 2-1(82)-4035/2019 nömrəli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddia tələbinin rədd edilməsi qərara alınmışdır. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin 05.03.2021ci il tarixli, 2-1(103)108/2021 nömrəli qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-1222/2021 nömrəli, 30.06.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.03.2021-ci il tarixli, 21(103)-108/2021 nömrəli qərarı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Məhkəmənin qərarında aşağıdakılar qeyd olunmuşdur: “...Məhkəmə kollegiyası hazırkı inzibati mübahisə ilə əlaqədar işdə olan (İ cild, 6,7-ci səhifələr) iki sənədə xüsusi olaraq diqqət yetirilməsini zəruri hesab edir, belə ki, İ cildin 6 sahifəsində olan sənəd-cavabdehin “Bakı şəhər X21 “Torpaq sahəsi ayrılması və tikintinin layihələşdirilməsi barədə” olan 15.02.1989-cu il tarixli, 1/14 saylı qərarının etibarsız sayılması barədə” 22.06.2015-ci il tarixli, 257 saylı sərəncamdır ki, həmin sərəncamda iki maraqlı məqam mövcuddur. Həmin sərəncamda yazılmışdır ki, İddiaçı tərəfindən sözügedən torpaq sahəsindən uzun müddətdir ki, istifadə edilmir. Həmçinin sərəncamında yazılmışdır ki, İddiaçı cavabdeh təşkilatda qəbulda olarkən kollektiv şəkildə etiraz müraciəti təqdim etmişlər. Qeyd edilməlidir ki, sözügedən etiraz işdə mövcud deyildir. Digər tərəfdən, işin İ cildinin 7-ci səhifəsində cavabdehin “Bakı şəhər X21 “torpaq sahəsi ayrılması və tikintininlayihələşdirilməsi barədə olan 15.02.1989-cu il tarixli, 1/14 saylı qərarının etibarsız sayılmasına inzibati icraat qaydasında baxılması 08.06.2016-cı il tarixinə saat 11:00-a təyin edilsin”, iddiaçı “bu barədə məlumatlandırısın və Cavabdehnə dəvət edilsinlər” yazılmışdır. Qeyd edilməlidir ki, sözügedən məsələ ilə bağlı aparılmış inzibati icraata dair sənəd işdə mövcud deyildir. Halbuki, məlum olduğu kimi “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Xüsusi olaraq qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Qanunda “İnzibati icraat” adlanan İV fəsli mövcuddur ki, həmin fəsil 25 maddədən ibarətdir. Sözügedən Qanunun həmin maddələri (Qanunun 28-52-ci maddələri) müfəssəl şəkildə inzibati orqanda inzibati icraatın aparılması qaydalarını müəyyən edir. Lakin iş materiallarından göründüyü kimi, cavabdeh həmin qanunun tələblərini pozaraq iddiaçının qaldırdığı məsələ üzrə sözügedən qanunun müddəalarına uyğun olaraq inzibati icraat aparmamış, apelyasiya instansiyası məhkəməsində isə işin bu xüsusatı ümumiyyətlə araşdırma predmeti olmamış və buna hüquqi qiymət verilməmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi öz 05.03.2021-ci il tarixli qərarında “torpaq sahəsi ayrılması barədə olan 15.02.1989-cu il tarixli 1/14 saylı Qərarının etibarsız hesab edilməsinə dair” Cavabdeh Başçısının 08.04.2014-cü il tarixli 145 saylı sərəncamının ləğv edilməsi tələbinə dair əvvəlki inzibati məhkəmə icraatı çərçivəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin 16.02.2016-cı il tarixli 2-1(102)-301/2016 saylı qərarında qeyd edilir ki, cavabdeh 08 aprel 2014-cü il tarixli sərəncamında Azərbaycan SSRİ torpaq Məcəlləsinin 32-ci maddəsinə istinad edərək torpaq sahəsindən iki il müddətinə istifadə edilmədiyinə görə torpaqayırma sənədlərinin hüquqi qüvvəsinin itirildiyini qeyd etsə də, bu halla bağlı sərəncamda əsaslandırma verilməmiş, həmçinin bu halı təsdiq edən sübutlar məhkəmələrə təqdim edilməmişdir.” Belə olan halda cavabdehin iddiaçı tərəfindən sözügedən torpaq sahəsindən üzün müddətdir ki, istifadə edilməməsi barədə hüquqi mövqeyinin nə ilə sübut edilməsi anlaşılan deyildir və əslində apelyasiya instansiyası məhkəməsi tərəfindən həmin məsələ də araşdırılmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdehin 30 ilə yaxın vaxt keçəndən sonra öz hüquqi sələfinin 15.02.1989-cu il tarixli, 1/14 saylı qəraraının etibarsız hesab edilməsi, inzibati dövlət orqanının inzibati fəaliyyətini həyata keçirərkən vaxtı ilə qəbul etdiyi qərarlarının dayanıqlılığının bərqərar olması prinsipinə uyğun deyildir...” İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Növbəti apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxslərin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 2-1(82)-4035/2019 saylı, 02.12.2019 il tarixli qərarın ləğv olunmasını, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 2-1(82)-4035/2019 saylı, 02.12.2019 il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmasını, 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 2-1(82)-4035/2019 saylı, 02.12.2019 il tarixli qərarın ləğv olunmasını, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Bakı Şəhər XDS İK-nın 15 fevral 1989-cu il tarixli 1/14 nömrəli qərarı ilə Azərbaycan SSR Tikinti Nazirliyinin müraciəti nəzərə alınaraq Bakı Şəhər XDS İK-nın 7 may 1976-cı il tarixli 25/347 nömrəli qərarına əsasən Nazirliyə Bilgəh qəsəbəsində kooperativ bağların tikintisi üçün 4 ha torpaq sahəsi ayrılmışdır. Bakı şəhərinin baş memarının müavini tərəfindən 29 mart 1989-cu il tarixdə təsdiqlənmiş inşaat pasportu və ayrıc aktı verilmişdir. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-372/2012 saylı iş üzrə 1 may 2012-ci il tarixli qərarı ilə Bakı Şəhər XDS İK-nın 15 fevral 1989-cu il tarixli 1/14 nömrəli qərarı əsasında ayrılmış 4 ha torpaq sahəsinə dair İddiaçı BTK-ya plan və ölçünün verilməsi öhdəliyi DTXK-nın Bakı şəhər şöbəsinin üzərinə qoyulmuş və qərar qanuni qüvvəyə mindikdən sonra icra olunmuşdur (torpaq sahəsinin planı və ölçüsü verilmişdir). - Bakı ŞİH-in 8 aprel 2014-cü il tarixli sərəncamı ilə Bakı Şəhər XDS İK-nın 15 fevral 1989-cu il tarixli 1/14 nömrəli qərarı 16 fevral 1991-ci il tarixdən etibarsız sayılmış və həmin qərar əsasında aparılmış hər hansı sənədləşmə və verilmiş sənədlər hüquqi qüvvəsini itirmiş hesab edilmişdir. - İddiaçı BTK 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Bakı ŞİH-in 8 aprel 2014cü il tarixli sərəncamının ləğv edilməsi tələbi ilə iddia qaldırmışdır. Məhkəmənin 4 iyun 2014-cü il tarixli qərarı ilə iddia təmin edilərək, Bakı ŞİH-in 8 aprel 2014-cü il tarixli 145 nömrəli sərəncamı ləğv edilmişdir. Məhkəmə qərarında qeyd olunmuşdur ki, mübahisələndirilən 8 aprel 2014-cü il tarixli sərəncam qəbul edilərkən Bakı ŞİH tərəfindən heç bir araşdırma aparılmamış, iki bildiriş göndərilməklə kifayətlənmiş, hətta məhkəmə qərarı əsasında verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” qüvvəsini itirmiş hesab edilmişdir. - Bakı ŞİH 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 4 iyun 2014-cü il tarixli qərarından apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 15 oktyabr 2015-ci il tarixli qərarı ilə şikayət rədd edilmiş və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin qərarında qeyd olunmuşdur: “...cavabdeh Bakı ŞİH-in mübahisəli 8 aprel 2014-cü il tarixli sərəncamı qəbul edilən inzibati icraat fiziki şəxsin (Ə.Salahzadənin) ərizəsi əsasında başlanılmış, qəbul edilməsi nəzərdə tutulan inzibati aktın İddiaçı BTK-nın hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi açıq və aydın olsa da, cavabdehin onun icraatdakı iştirakını təmin etmək üçün xəbərdar etməsi, bununla bağlı ona məlumat çatdırılması məqsədilə rabitə vasitələrindən istifadə etməsi heç bir sübutla təsdiq olunmur. Qeyd olunan məsələnin dəqiqləşdirilməsi Ali Məhkəmənin qərarının icrası apellyasiya instansiyası məhkəməsi üçün məcburi sayılan göstərişi olsa da (İPM-in 96.11-ci maddəsi), cavabdehin, xəbərdar olsa da, məhkəmə iclaslarında iştirak etməməsi araşdırmanı mümkünsüz etmişdir. Ona görə də məhkəmə kollegiyası iddiaçının mübahisəli inzibati icraat barədə cavabdeh tərəfindən məlumatlandırılmaması işin təsdiq olunmuş halı kimi qəbul edilir. Digər tərəfdən, iddiaçının mübahisəli torpaq sahəsi üzərində malik olduğu əmlak hüquqları qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə sabit olmuşdur. Həmçinin cavabdehin mübahisəli sərəncamında Bakı Şəhər XDS İK-nın 15 fevral 1989-cu il tarixli 1/14 nömrəli sərarı etibarsız sayılsa da, bunun əsasları həmin qərara münasibətdə iş üzrə müəyyən edilmir. Belə ki, qərarın hansı inzibati orqan tərəfindən qəbul edilməsi məlumdur, qərar, buna müvafiq səlahiyyəti olan inzibati orqan tərəfindən qəbul edilmişdir, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd formasında qəbul edilə bilən və bu tələbə cavab verən inzibati aktdır, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb etmir, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt deyil, kimə ünvanlandığı aydındır. Bu mənada 9 may 1989-cu il tarixdə təsdiq olunan inşaat pasportunda əks olunan 2 illik müddət də 15 fevral 1989-cu il tarixli 1/14 nömrəli qərarla tanınan hüquqlarla deyil, pasportla nəzərdə tutulan işlərin həyata keçirilmə müddəti ilə bağlıdır. Beləliklə, Bakı ŞİH-in 8 aprel 2014-cü il tarixli 145 nömrəli sərəncamı qanuna ziddir və İddiaçı BTKnın hüquqlarını pozmuşdur...” - Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 fevral 2016-cı il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 15 oktyabr 2015-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. - Yaranmış zərurətlə birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə aşağıdakı məsələ üzrə müvafiq mütəxəssis rəyinin verilməsi üçün müraciət olunmuşdur: Bakı Şəhər XDS İK-nın 15 fevral 1989-cu il tarixli 1/14 nömrəli qərarı ilə Azərbaycan SSR Ticarət Nazirliyinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində bağların tikintisi üçün ayrılmış 4 ha torpaq sahəsi ilə daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxslər X12 və digərlərinin mülkiyyəti kimi qeydiyyat alınmış torpaq sahələrinin üst-üstə düşməsinin müəyyən edilməsi. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məhkəməyə ünvanlanmış 5 avqust 2019cu il tarixli məktubu ilə təqdim olunmuş mütəxəssis rəyində aşağıdakılar bildirilmişdir: - Müraciətlə əlaqədar iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinə yerində baxış keçirilib torpaq sahəsinin koordinatları müəyyən edilməklə\ ölçülmüşdür. Müraciətə əlavə edilmiş sənədlərə və naturada müəyyən edilmiş koordinatlara əsasən elektron kadastr bazasında araşdırma aparıldı (hazırlanmış sxemlər əlavə edilir). Elektron kadastr baza məlumatına əsasən mübahisələndirilən torpaq sahəsi, Bakı Şəhər XDS İKnın 15 fevral 1989-cu il tarixli 1/14 nömrəli qərarı ilə Azərbaycan SSR Ticarət Nazirliyinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində bağların tikintisi üçün ayrılmış 4 ha torpaq sahəsinə İddiaçı BTK-ya keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş AN-420054 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsi ilə, AR ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmış çıxarışlara (əlavə edilmiş plan-ölçü sənədlərinə) əsasən rəyə əlavə edilən sxem və sxemin əlavəsində çıxarışların verilmə tarixi, reyestr nömrəsi və adları göstərilən vətəndaşların mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşür (sxem və əlavəsi qoşma edilir). Birinci instansiya məhkəməsi işin hallarına Azərbaycan Respublikası Konstitusiyasının Keçid Müddəalarının 6-cı bəndini, Azərbaycan SSR Torpaq Məcəlləsinin (Azərbaycan SSR 7 iyul 1970-ci il tarixli Qanunu ilə təsdiq edilmişdir) 4, 20, 128-ci maddələrini, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmişdir) 50, 84-cü maddələrini, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsini, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1, 2, 11.1, 21, 24.1, 28.1, 36, 61, 65.1, 67-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia təmin edilərək cavabdeh Bakı ŞİH-in “Bakı Şəhər XDS İK-nın 15 fevral 1989-cu il tarixli 1/14 nömrəli qərarının etibarsız sayılması barədə” 22 iyun 2016-cı il tarixli 257 nömrəli sərəncamı ləğv edilməli və cavabdeh Bakı ŞİH gələcəkdə Bakı Şəhər XDS İK-nın 15 fevral 1989-cu il tarixli 1/14 nömrəli qərarının eyni əsaslarla etibarsız sayılması ilə bağlı sərəncam qəbul edilməsindən və hərəkətlərə yol verilməsindən çəkinməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, mübahisələndirilən 22 iyun 2016-cı il tarixli 257 nömrəli sərəncamı aşağıdakı xüsusatlara gösrə qanuna zidd sayır və onun qəbulunu İddiaçı BTK-nın hüquqlarının pozulması halı kimi qiymətləndirir: - qanuni qüvvəyə məhkəmə qərarı ilə ləğv edilmiş, yəni qəbul edilmə əsasları qanunsuz sayılmış inzibati aktın eyni əsaslarla təkrar qəbul edilməsi həm qanuna ziddir, həm də iddiaçı tərəfindən gələcəkdə preventiv iddianın irəli sürülməsi üçün müstəsna haldır. Nəzərə alınmalıdır ki, ikinci dəfə eyni inzibati akt qəbul edilərkən icraatdakı maraqlı şəxsə məlumat göstərilməsi “sərəncamın qəbulu üçün yetərli fərqli əsas” kimi qiymətləndirilə bilməz, bu, formal mülahizələrə söykənən dəlildir; - 22 iyun 2016-cı il tarixli sərəncam 15 fevral 1989-cu il tarixli inzibati aktın (qərarın) etibarsız sayılması barədə olsa da, inzibati orqan tərəfindən aparılmış inzibati icraat çərçivəsində qanunvericiliklə (İPM-in 65.1-ci maddəsi ilə) müəyyənləşdirilmiş etibarsızlıq əsaslarının mövcudluğu sərəncamın məzmunundan görünmür, eləcə də cavabdeh inzibati orqan bu barədə məhkəmə icraatında hər hansı sübut və ya dəlil təqdim etməmişdir. Eyni zamanda, müvafiq torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində hazırda üçüncü şəxslərin mülkiyyəti kimi qeydiyyata alınması İddiaçı BTK-nın cavabdeh Bakı ŞİH-in inzibati icraat çərçivəsində hərəkətləri və inzibati inzibati aktının mübahisələndirilməsinə təsir etmir, o cümlədən iddia qaldırmasına maneə deyil. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Baxılan iş üzrə cavabdeh tərəfindən mübahisələndirilən inzibati akt qəbul olunarkən, qanunvericiliyin tələnlərinə riayət etməsi iş materiallarına əsasən sübut oluna bilməmişdir. Belə ki, iddiaçıya inzibati icraatın aparılması barədə bildiriş göndərildiyi qeyd olunsa da, bildirişin iddiaçıya çatdırılması, eləcə də, iddiaçının inzibati icraatın aparılmasında iştiak etməsi sübut olunmamışdır. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsinə bu məsələnin aydınlaşdırılması üçün müvavfiq bildirişin mövcudluğunu təsdiq edə bilən sənədin məhkəməyə təqdim olunması təklif olunsa da, nümayəndə belə sənədin olmadığı barədə məlumat vermişdir. Beləliklə, iddiaçının inzibati icraat çərçivəsində dinlənilmə hüququ pozulmuşdur. Bundan başqa qeyd olunmalıdır ki, iddiaçı tərəfindən təqdim olunmuş sənədə görə, onlara Cavabdeh “İnzibati icraatın başlanılması haqqında” 7-232/10q saylı 03.06.2016-cı il tarixli qərarı təqdim edilmişdir. İddiaçı Kooperativin üzvləri 08.06.2016-cı il tarixdə İcra Hakimiyyətinin binasında toplaşıb bu qərarla bağlı yazılı etirazını İcra Hakimiyyətinin Hüqüq Şöbəsinə təqdim etmişlər. Yəni iddiaçının İcra Hakimiyyətində müvafiq inzibati icraatın aparılmasından, habelə bu icraat zamanı müzakirə olunacaq məsələlərdən məlumatı olmuşdur. Eyni zamanda, inzibati aktda işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar göstərilməmişdir. Belə ki, mübahisələndirilən inzibati akt iddiaçı tərəfindən sözügedən torpaq sahəsindən üzün müddət istifadə edilməməsi ilə əsaslandırılsa da, qeyd edilən mövqenin hansı sübutlarla təsdiq olunması göstərilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərə əsasən müəyyən olunmuşdur ki, 04.04.1990-cı ildə Sənaye Tikinti Bankının Şaumyan rayon şöbəsində kooperativin ********** saylı bank hesabı açılmışdır. 1990-cı ildən başlayaraq kooperativin üzvləri evlərin tikintisi üçün hesaba pul köçürmüşlər. (Bank qəbzləri iş materiallarına əlavə olunmuşdur.) 01.07.1990-cı ildə bağ evlərinin tikintisi üçün 4 nömrəli inşaat tresti ilə 849210,0 rublluq 15 nömrəli müqavilə bağlanmışdır. 1990-cı ilin yanvar-iyun hesabat dövründə 4 nömrəli trestin 49 nömrəli tikinti idarəsinin aşağıdakı gördüyü işlər üçün pul köçürülmüşdür: - Bağ sahəsinin hasarının tikintisinə - 8040 rubl; - Bağ sahəsinin hasarının təmirinə - 6044 rubl. 22.04.1993-cü ildə mərkəzi anbarın bağ evlərinin təminatı üçün 15891 rubl köçürülmüşdür. (qaz plitəsi, unitaz və s. mallar alınmışdır.) 2 nömrəli kənd tikinti trestinin 29 nömrəli təsərrüfat hesablı tikinti idarəsi ilə 1 nömrəli 02.01.1991-ci il tarixli müqavilə bağlanmış və kesabına pul köçürülmüşdür. - 06.02.1991-ci ildə tikinti materialları üçün 30000 rubl; - 22.02.1994-cü ildə fundament bloku üçün 3000 rubl. İdarənin və Həmkarlar İttifaqının birgə yığıncağının 04.01.1993-cü il tarixli, 4 nömrəli protokoluna əsasən kooperativin 4 ha torpaq sahəsi 49 nəfər üzv arasında bölünmüşdür. 01.01.1993-cü ildə kooperativin bank hesabında 230702,5 rubl vəsait mövcud olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən inzibati akt cavabdeh tərəfindən İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunda nəzərdə tutulmuş qaydalara uyğun aparılmış inzibati icraat çərçivəsində qəbul edilməədiyindən, eyni zamanda, qanunla nəzərdə tutulmuş qaydada əsaslandırılmadığından ləğv edilməlidir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Üçüncü şəxslər X12 və digərləri tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 2-1(82)-4035/2019 saylı, 02.12.2019 il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-202/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-202/2022
15.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver