Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2020/2021 05.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltan Həmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 14.04.2021-ci il tarixli, 2-1(112)-356/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 57 yaşının tamam olduğu müddətdən (2009-cu il tarixdən) güzəştli şərtlərlə pensiyanın təyin edilməsi, 2009-cu il tarixdən indiyədək pensiya ödənişində yaranmış fərqin hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 14.04.2021-ci il tarixli, 2-1(112)-356/2021 saylı qərarı ilə İddia qismən təmin edilmiş, İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı 01.05.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və iddiaçının müraciət etdiyi tarixdən əvvəlki üç il üçün yaranmış pensiya məbləğindəki fərqin hesablanaraq İddiaçı ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 14.04.2021-ci il tarixli, 2-1(112)-356/2021 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan “X2 Şəbəkəsi” MMC-də işlədiyi növbətçi mühəndis və yarımstansiya rəisi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. İddiaçı iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə birinci instansiyanın qərarından cavabdehin verdiyi apellyasiya şikayəti iddianın təmin olunmuş hissəsində ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini iddianın həmin hissəsində yoxlayır. İş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1952-ci il tarixdə doğulmuşdur. İddiaçı 13.08.1975-ci ildə Kirov Elektrik şəbəkəsi “Azərbaşenerji”-də Nəsimi rayon stansiyasına növbətçi mühəndis qəbul olunmuş, 01.12.1975-ci ildə həmin yerdə dispetçer keçirilmiş, 01.04.1976-cı ildə həmin yerdə növbətçi mühəndis keçirilmiş, 01.01.1981-ci ildə İdarədə təhlükəsizlik texnikası və əməyin mühafizəsi üzrə stansiya mühəndisi keçirilmiş, 16.03.1985-ci ildə “Abşeron-500 kV” yarımstansiyasına rəis təyin olunmuş, 18.03.2002-ci ildə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmiş, 19.03.2002-ci ildə "xxxx" ASC "xxxx" MMC Mərkəzi YGEŞ 500 kv Abşeron YS-na rəis vəzifəsinə qəbul edilmiş, 31.01.2007-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin əmək müqaviləsinə xitam verilmiş, 01.02.2007-ci ildə "xxxx" ASC-də İnkişaf və İnvestisiya İdarəsinin Təmir-Tikinti Şöbəsinin elektrik quraşdırma sahəsilnə iş icraçısı vəzifəsinə təyin edilmiş, 17.09.2009-cu ildə “Elektrik avadanlıqlarının istismarına nəzarət və qəzaların təhlili xidmətinə mütəxəssis vəzifəsinə keçirilmiş, 01.06.2013-cü ildə Operativ Texniki Xidmətinə İ şəxs operativ personal vəzifəsinə keçirilmiş, əmək kitabçasında 28.02.2021-ci il qeydinə əsasən hal-hazırda işləyir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrini, 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsini, 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyi tətbiq etməklə belə qərara gəlmişdir ki, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq müddətini güzəştli şərtlə pensiya hüququ verən işdə çalışdığına görə onun 57 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Bu baxımdan məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası əsassızdır və yuxarıda qeyd olunan işlədiyi dövr güzəştli şərtlərlə pensiya təyin edilməsinə əsas olan iş stajı kimi nəzərə alınmaqla, ona 57 yaşdan, yəni hüququnun yarandığı 01.05.2009-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, iddiaçı 16.03.1985-ci ildən 18.03.2002-ci ilədək "xxxx" İB-nin Mərkəzi Elektrik şəbəkəsi “Abşeron-500 kV” yarımstansiyasında rəis, 19.03.2002-ci ildən 31.01.2007-ci ilədək "xxxx" ASC "xxxx" MMC Mərkəzi YGEŞ 500 kv Abşeron YS-da rəis vəzifəsində işləmişdir. Cavabdeh qeyd olunan vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-cı il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş ‘‘Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığını bildirsə də, "xxxx" ASC “X2 Şəbəkəsi” MMC-nin qeyd olunan arayışlarından görünür ki, iddiaçının yerinə yetirdiyi iş zərərli iş şəraitində yerinə yetirilən iş hesab olunmuş və iddiaçı zərərli iş şəraitində işlədiyinə görə əmək haqqına əlavələr hesablanaraq ödənilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1237/2019 saylı iş üzrə 14.05.2019-cu il tarixli qərarından görünür ki, X4 Təchizatı və Satışı İdarəsinin struktur tərkibinə daxil olan Yarımstansiya xidmətində aparıcı mühəndis vəzifəsi, eyni zamanda 330/230 kV-luq «İmişli» yarımstansiyasının xidmət rəisi, baş mühəndisi və rəis müavini vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 24-cü bölməsinin (Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı) «b» bəndində (rəhbərlər və mütəxəssislər) avadanlığın yerində təmiri üzrə vəzifələrdə görülən işlərin xarakteristikasına uyğun olduğu qeyd olunmuş və şəxsin həmin vəzifələrdə işdəliyi dövr güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı kimi qiymətləndirilmişdir. Göründüyü kimi, yuxarı instansiya məhkəməsinin təcrübəsində qeyd olunan vəzifə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə kimi qəbul edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının 57 yaşı tamam olan vaxt onun 12 il 06 ay Siyahıda göstərilən peşə üzrə fəaliyyət göstərməsi və həmin vaxta qədər 25 ildən az olmayan ümumi stajı mövcud olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 14.04.2021-ci il tarixli, 2-1(112)-356/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-2020/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2020/2021
05.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver