Məhkəmə qərarları › İş №2-1(103)-2020/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2020/2023

07.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2020/2023 07.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndələri X2 və X1, Üçüncü şəxsin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı “müsahibə nəticəsinin ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2129/2023 saylı, 31 yanvar 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçirdiyi müsahibə nəticəsinin ləğv edilməsi və məsələsinə obyektiv hüquqauyğun şəkildə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 14 iyun 2022-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsi, Mətbuatla iş sektoru (mətbuat katibi) məsləhətçi vəzifəsi üzrə müsahibədə iştirak etmişdir. Müsahibədə dövlət orqanından olan nümayəndə ona qarşı qərəzli münasibət göstərmiş və müsahibədən keçməsi üçün lazım olan balı yazmamışdır. Halbuki X7 nümayəndəsi və müstəqil ekspert cavablarını obyektiv qiymətləndirmişlər. Nəticədə iddiaçı keçid üçün lazım olan 16 baldan 15,3 bal toplamışdır. İddiaçı müsahibə nəticəsindən narazı qaldığı üçün “Dövlət Qulluğu haqqında” qanunun 29-1 maddəsinə əsasən müsahibə nəticəsindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Apellyasiya Şurasına şikayət etmişdir. İddiaçının cavabdeh orqana daxil olmuş şikayəti ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Apellyasiya Şurası tərəfindən qəbul edilmiş 2022-ci il 28 iyul tarixli 033/AP nömrəli qərarı ilə şikayət təmin edilməmişdir. Cavabdeh iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, həmin iddia əsassızdır. Belə ki, iddiaçı 14 iyul 2022-ci il tarixində Nazirliyin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin Mətbuatla iş sektorunun məsləhətçi vəzifəsinin tutulması üçün keçirilmiş müsabiqə üzrə müsahibəsində iştirak etmiş və müsahibənin nəticəsinə görə 15,3 bal toplayaraq barəsində vəzifəyə uyğun olmaması haqqında qərar qəbul edilmişdir, iddiaçı qərardan narazı qalaraq Nazirliyin Apellyasiya Şurasına (bundan sonra Şura) müsahibə nəticələrinə yenidən baxılması barədə müraciət etmişdir. İddiaçının müraciətinin baxılması təmin edilmiş, təşkil edilmiş müsabiqə üzrə müsahibənin videogörüntüsü diqqətlə izlənilmiş və onun tərəfindən suallara verilən cavablar təhlil edilmişdir. Təhlil nəticəsində müəyyən edilmişdir ki, İddiaçı müsahibəyə lazımi səviyyədə hazırlaşmamış və suallara ətraflı cavab verə bilməmişdir. Şuranın iclasında İddiaçı iddia etdiyi vəzifənin və Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun müvafiq suallar verilmiş, lakin o həmin sualları natamam və səthi olaraq cavablandırmışdır (Şura iclasının video çəkilişi əlavə olunur). Bundan sonra Şuranın 28 iyul 2022-ci il tarixli 033/AP nömrəli Qərarına əsasən İddiaçı şikayəti təmin edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən cavabdeh orqan İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı Apellyasiya Şurasının 28 iyul 2022-ci il tarixli 033/AP nömrəli qərarının ləğv edilməsi barədə iddia ərizəsi əsassız olduğundan iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2129/2023 saylı, 31 yanvar 2023-cü il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət qulluğu haqqında Qanunun 28.11-ci maddəsinə əsasən, vakant vəzifəyə təyin olunmaq üçün dövlət orqanının rəhbərinə təqdim olunmuş, lakin vakant vəzifəyə təyin edilməmiş namizədlər iki il müddətində həmin dövlət orqanında ehtiyat kadr kimi saxlanılır. Bu müddət ərzində həmin dövlət orqanında analoji vakant vəzifə olduqda, namizədlərin razılığı ilə onlar həmin vəzifələrə təyin edilirlər, yaxud digər dövlət orqanında analoji vakant vəzifə olduqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həmin vəzifəyə təyin edilmə məsələlərinə baxılması üçün namizədlər bu dövlət orqanının rəhbərinə təqdim olunurlar. Həmin müddət ərzində inzibati vəzifələrə təyin edilən namizəd ehtiyat kadrlar siyahısından çıxarılır. Şəxsin bir dövlət orqanında ehtiyat kadr kimi saxlanılması digər dövlət orqanında dövlət qulluğuna qəbul üzrə keçirilən müsahibədə iştirakını məhdudlaşdırmır. Dövlət orqanında inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq müvafiq vakant inzibati vəzifə üzrə ehtiyat kadr olduğu halda, həmin inzibati vəzifənin müsabiqəyə və ümumi müsahibəyə çıxarılmasına yol verilmir. Lakin cavabdeh qurum tərəfindən qanunun bu tələbi pozularaq xx.xx.2020-ci il tarixdən ehtiyat kadr siyahısında olmağına baxmayaraq işə götürməmək məqsədilə qərəzli olaraqa ona müsahibədə 16 baldan 15.3 bal yazmışlar. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri iddia ərizəsinə etiraza uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayəti ilə bağlı məsələnin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi. Əlavə olaraq bildirdi ki, iddiaçının müsahibədə sualları cavablandırması üçüncü şəxsin nümayəndəsi tərəfindən məqbul hesab edilmiş və müvafiq uyğun bal verilmişdir, müsahibə komissiyası üzvləri namizədləri qiymətləndirərkən qiymətləndirmə azadlığı prinsipi əsas göürülür. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçının iddia tələbi müsahibə nəticəsinin ləğv edilməsi ilə bağlı olmuşdur ki, bu da inzibati prosessual qanunvericiliyin tələbləri baxımından "məcburetmə haqqında” iddia növünə aiddir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəlləsinin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunundan: 4.1. Dövlət qulluğu aşağıdakı prinsiplərə əsaslanır: 4.1.7. vətəndaşların dövlət qulluğuna müsabiqə və müsahibə əsasında qəbul edilməsi; 28.1. Dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. 28.4. Müsahibəni dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı təşkil edir. 28.6. Müsahibə sənədlərin qəbulu başa çatdıqdan sonra 30 gün ərzində keçirilir. Dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı müsahibənin keçirilməsi üçün müsahibə komissiyası yaradır. Müsahibə komissiyası 3 nəfərdən ibarət tərkibdə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun 1 nümayəndəsi və 1 müstəqil ekspert daxil edilməklə yaradılır. Müsahibə komissiyası üzvünün müsahibənin nəticələri barədə xüsusi rəyi müsahibənin nəticələrinin araşdırılması üçün əsasdır. Müsahibə komissiyasının reqlamenti, o cümlədən müsahibə komissiyası tərkibinin formalaşdırılması, müsahibənin keçirilməsi, qiymətləndirmənin aparılması, müsahibənin nəticələrinin araşdırılması qaydası və keçid balları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 1480 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”ndan: 1.2. Müsahibənin keçirilməsində məqsəd namizədin vakant vəzifə üzrə bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla, həmin vəzifəyə uyğunluğunu müəyyən etməkdir. 1.4. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.4.1. müsahibə – vakant vəzifənin tutulması üçün dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatı qüvvədə olan şəxslər üçün keçirilən, Qanunun 28.6-cı maddəsində nəzərdə tutulan müsahibə; 1.4.4. vakant vəzifə – tutulması üçün müsahibə, ümumi müsahibə və ya daxili müsahibə keçirilməsi nəzərdə tutulan, Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq müəyyən edilən müvafiq dövlət qulluğu vəzifələri. 2.3. Müsahibə elanı, vakant vəzifə üzrə vəzifə təlimatı və müsahibə proqramları vakant vəzifənin aid olduğu dövlət orqanının (bundan sonra – dövlət orqanı) internet saytında yerləşdirilir, habelə müsahibə elan edilməzdən azı on gün əvvəl Mərkəzə təqdim olunur və Mərkəz həmin məlumatların öz internet portalında (bundan sonra – portal) yerləşdirilməsini təmin edir. 2.4. Müsahibənin keçirilməsi haqqında elan, sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət göstərilməklə, Mərkəzin portalında, dövlət orqanının internet saytında və digər kütləvi informasiya vasitələrində verilir. Müsahibə elanının formasını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir. Dövlət orqanı müsahibə elanının məzmununu Mərkəzlə razılaşdırmaqla müəyyən edir. 2.5. Müsahibədə namizəd vakant vəzifənin tutulmasının ümumi şərtlərinə və bu şərtlərə əsasən vəzifə təlimatı ilə müəyyən edilən tələblərə uyğun olaraq iştirak edə bilər. İnzibati vəzifələrin tutulmasının ümumi şərtlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir və həmin vəzifələr üzrə vəzifə təlimatlarını dövlət orqanları, Mərkəzlə razılaşdırmaqla, bu şərtlərə uyğun olaraq hazırlayırlar. 2.6. Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət bitdikdən sonra müsahibənin keçirilməsi qrafiki (müsahibənin keçirilməsi vaxtı və yeri) dövlət orqanının internet saytında və Mərkəzin portalında yerləşdirilir. 2.7. Dövlət orqanında inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq müvafiq vakant inzibati vəzifə üzrə ehtiyat kadr olduğu halda, həmin inzibati vəzifənin müsabiqəyə və ümumi müsahibəyə çıxarılmasına yol verilmir. 3.1. Müsahibə komissiyasını üç nəfərdən ibarət tərkibdə, Mərkəzin bir nümayəndəsi və bir müstəqil ekspert daxil edilməklə, dövlət orqanı yaradır. 3.2. Mərkəz müsahibə komissiyasına öz nümayəndəsi kimi müvafiq sahələr üzrə ekspert və (və ya) mütəxəssisləri cəlb edə bilər. 3.3. Aşağıdakı şəxslər müsahibə komissiyasının üzvü ola bilməzlər: 3.3.1. yardımçı vəzifə tutan dövlət qulluqçuları; 3.3.2. vakant vəzifədən daha aşağı vəzifə tutan dövlət qulluqçuları; 3.3.3. namizədlə yaxın qohumluq əlaqəsi olan şəxslər (əri (arvadı), valideynləri, qardaşları, bacıları, övladları); 3.3.4. bilavasitə və ya dolayı yolla müsahibənin nəticəsində maraqlı olan, obyektivliyi və qərəzsizliyi şübhə doğuran şəxslər; 3.3.5. ali təhsili olmayan şəxslər. 4.2. Müsahibə keçirilən gün müsahibədə iştirak edəcək namizədlərin siyahısı və şəxsi işləri müsahibə başlanmazdan əvvəl müsahibə komissiyasına təqdim edilir. 4.3. Müsahibə komissiyasının üzvü namizədlərdən hər hansı biri ilə yaxın qohumluq, şəxsi yaxınlıq, asılılıq, şəxsi ədavət münasibətində olduqda, yaxud müsahibə nəticələrinin obyektiv qiymətləndirilməsinə mənfi təsir edə bilən və ya müsahibənin aparılması qaydalarının pozulmasına səbəb ola bilən başqa hallar mövcud olduqda, həmin üzv özüözünə etiraz edir. Belə əsaslar olduqda, müsahibə başlanmazdan əvvəl namizəd müsahibə komissiyasının hər hansı üzvünə (üzvlərinə) etiraz edə bilər. 4.4. Bu Qaydanın 4.3-cü bəndinə uyğun olaraq əsaslandırılmış etiraz edildikdə, barəsində etiraz edilmiş və ya özü-özünə etiraz etmiş şəxslər həmin namizədlə müsahibədə komissiyanın üzvü kimi iştirak edə bilməzlər. Bu halda iki iş günü müddətində yeni tərkibdə müsahibə komissiyası yaradılır və həmin namizədlə müsahibə keçirilir. 4.5. Müsahibə, namizədin razılığı ilə videoçəkiliş aparılmaqla, ictimaiyyət, kütləvi informasiya vasitələri nümayəndələrinin və digər müşahidəçilərin iştirakı ilə (olduğu halda) keçirilir. Bu halda videoçəkilişlər və ya müşahidəçilərin iştirakı müsahibənin keçirilməsinə, eləcə də müsahibə komissiyasının normal fəaliyyətinə maneə törətməməlidir. Əgər belə maneə törətmə halları müvafiq xəbərdarlıqdan sonra da təkrar olunarsa, videoçəkiliş və ya müşahidəçilərin iştirakı məhdudlaşdırıla və ya qadağan edilə bilər. 5.2. Müsahibə komissiyasının hər bir üzvü namizədin vakant vəzifəyə uyğunluğunu aşağıdakı meyarlara əsasən qiymətləndirir: 5.2.1. bilik səviyyəsi – namizədin vakant vəzifəyə dair müsahibə proqramı üzrə bilikləri; 5.2.2. peşə hazırlığı – namizədin vakant vəzifənin tutulması şərtlərinə uyğun olaraq nəzəri və qanunvericilik biliklərini tətbiqetmə bacarığı və vəzifənin tutulma şərtlərinə uyğun olaraq xarici dil, informasiya texnologiyaları üzrə bilikləri; 5.2.3. ümumi dünyagörüşü – namizədin dünyada (ölkədə) və cəmiyyətdə baş verən mühüm hadisələrə dair məlumatlılığı, habelə bu hadisələrə dair mülahizələri; 5.2.4. vakant vəzifə üçün zəruri olan keyfiyyətlər – namizədin emosional sabitliyi, məsuliyyətliliyi, məqsədyönlülüyü, dürüstlüyü, özünütənqid, nüfuzetmə, təhliletmə, ünsiyyətqurma bacarıqları. 5.3. Hər bir qiymətləndirmə meyarı üçün ən yüksək bal 5, ən aşağı bal isə 2-dir. Hər bir meyar üzrə verilmiş qiymətlər toplanaraq, namizəd barədə ümumi bal müəyyən edilir və “Namizədin iddia etdiyi inzibati vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə dair bal cədvəli” ilə rəsmiləşdirilir. 5.7. Vakant vəzifə üzrə keçirilmiş müsahibədən 16 və daha çox bal toplamış namizəd müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur. Müsahibə komissiyası namizədin iddia etdiyi vakant vəzifəyə uyğun olub-olmaması barədə qərar qəbul edir. 6.1. Namizədlər müsahibənin nəticələrindən inzibati qaydada, Azərbaycan Respublikasının Dövlət X5 və məhkəməyə şikayət verə bilərlər. İnzibati Prosessual Məcəllədən: 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə müvafiq olaraq diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilini əsassız hesab edərək qeyd edir ki, iş materiallarında olan birinci instansiya məhkəməsinin şifahi sorğusuna cavabdeh orqanın cavabından görünür ki, müsahibə zamanı İddiaçı verilmiş sualların (suallar əlavə olunur) bəziləri iddia etdiyi vəzifənin mahiyyətinə uyğun olmaqla ümumi dünyagörüşünün yoxlanılması məqsədilə verilmişdir və həmin sualların cavabları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elektron səhifəsində mövcuddur. Qeyd olunanlardan görünür ki, müsahibə zamanı müsahibə komissiyasının hər bir üzvü namizədə müvafiq proqram çərçivəsində suallar vermiş və heç bir qayda pozuntusuna yol verilməmişdir. Bilindiyi kimi, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Beləliklə, aydınlaşdırılmalı məsələ ondan ibarətdir ki, cavabdeh iddiaçının müsahibə nəticəsində vəzifəyə uyğun olmaması nəticəsinə gələn zamanı diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş həddlərdə və diskresion hüququnu həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdirmi? İşin hallarından göründüyü kimi, namizədin iddia etdiyi inzibati vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə dair bal cədvəlinə əsasən (“Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”na 1 nömrəli əlavəyə uyğun olaraq) bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, vakant vəzifə üçün zəruri olan keyfiyyətləri (hər bir meyar üzrə 4 bal olmaqla) X7 nümayəndəsi və müstəqil ekspert tərəfindən 16 bal, cavabdeh qurumun nümayəndəsi tərəfindən 14 balla qiymətləndirilmiş (bilik sahəsi 3 bal, peşə hazırlığı 3 bal, ümumi dünyagörüşü 4 bal, vakant vəzifə üçün zəruri olan keyfiyyətləri 4 bal); Namizədin iddia etdiyi inzibati vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə dair yekun protokoluna (“Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”na 2 nömrəli əlavəyə uyğun olaraq) əsasən yekun qiymətləndirmə balı 15,3 olmaqla vəzifəyə uyğun olmaması təsdiq edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxsə verilmiş məhkəmə sorğusuna cavab olaraq 14 iyun 2022-ci ildə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsi, Mətbuatla iş sektoru (mətbuat katibi) məsləhətçisi vəzifəsi üzrə müsahibədə iştirak edən şəxslərin müsahibə materialları (sual-cavablar, audio-video disk) məhkəməyə təqdim edilmiş, məhkəmə iclasında həmin materiallara baxılmış və iş materiallarına əlavə edilmişdir. Həmin materiallara baxış zamanı müəyyən edildi ki, eyni gündə müsahibədə iştirak edən şəxslərə X7 nümayəndəsindən, müstəqil ekspertdən və cavabdeh qurumun nümayəndəsindən ibarət tərkibdə komissiya tərəfindən müvafiq bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, vakant vəzifə üçün zəruri olan keyfiyyətləri müəyyən etmək məqsədilə suallar verilmişdir. Göründüyü kimi, müsahibənin keçirilmə qaydasında hər hansı qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia cavabdeh qurumun maddi hüquq normasının tətbiqi şərtlərinin həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunması ilə bağlıdır. Odur ki, məhkəmələr tərəfindən araşdırma zamanı müsahibənin keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi zamanı “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası” ilə uyğunsuzluq təşkil edən hal müəyyən edilməmişdir. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət iddia tələbinin təmininə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2129/2023 saylı, 31 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar