Məhkəmə qərarları › İş №2-1(103)-2021/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2021/2021

05.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2021/2021 05.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının nümayəndəsi, Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 06.05.2021-ci il tarixli, 2-1(112)- 1023/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 14.04.2020-ci il tarixli **********968300 saylı qərarının ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 02 iyun 2020-ci il tarixli **********161400 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 10.02.2021-ci il tarixli 2-1(112)-1023/2021 saylı qərardadı ilə iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 06.05.2021-ci il tarixli, 2-1(112)-1023/2021 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 06.05.2021-ci il tarixli, 2-1(112)-1023/2021 saylı qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kameral uyğunsuzluq məktubunda da qeyd edildiyi kimi vergi ödəyicisinin elektron-qaimə faktura əsasında satılan mallarının məbləği ilə mənfəət vergisi bəyannaməsində bəyan edilən gəliri arasında 137.842,08 manat fərq yaranmışdır. Kassa metodu ilə uçotu həyata keçirən vergi ödəyicisi tərəfindən qaimə-faktura əsasında təqdim edilən mallar üzrə ödənişin həyata keçirilməyən məbləğinin bəyannamənin 01 saylı Əlavəsinin debitor borcu adlanan 1.4-cü sətrində qeyd edilməsi tələb olunur. Lakin vergi ödəyicisi tərəfindən bəyannamənin debitor borcu adlanan sətrində hər hansı məbləğ əks olunmadığı halda məhkəmənin kassa metodu ilə uçota əsaslanmaqla verginin hesablanmasını qanunsuz hesab etməsi əsaslı deyildir. Belə ki, məhz yaranmış fərq vergi ödəyicisinin vergidən yayınma faktını birmənalı təsdiq etməsinə baxmayaraq məhkəmə əsassız olaraq bank hesabı və ya kassa hesabına pul vəsaitinin daxil olmaması səbəbindən qərarın ləğvi barədə nəticəyə gəlmişdir. Bir halda ki, vergi ödəyicisi vergidən yayınır, təbii olaraq pul vəsaitin daxil olmasının qanunvericiliyin tələbinə uyğun olaraq rəsmiləşdirilməsi işin şübhə doğuran halıdır və bu hal məhkəmə araşdırmasının predmetini təşkil etməli idi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 06.05.2021ci il tarixli, 2-1(112)-1023/2021 saylı qərarının ləğv olunmasını, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iş materiallarına uyöun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 06.05.2021-ci il tarixli, 2-1(112)-1023/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərini izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materiallarına əlavə edilmiş: - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 14 aprel 2020-ci il tarixli **********968300 nömrəli qərarına əsasən İddiaçı MMC-yə 2019-ci il üçün 46.311,46 manat məbləğində mənfəət vergisi hesablanmışdır. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 02 iyun 2020-ci il tarixli **********161400 nömrəli qərarına əsasən İddiaçı MMC-yə 2019-ci il üçün 46.311,46 manat məbləğində mənfəət vergisi hesablanmışdır. - İddiaçı tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyə ünvanladığı şikayətdən görünür ki, iddiaçı onun barəsində 14.04.2020-ci il tarixli **********968300 saylı qərarın ləğv edilməsini xahiş etmişdir. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 13.03.2020-ci il tarixli məktubla iddiaçıya bildirilmişdir ki, “tərəfinizdən 25.02.2020-ci il tarixdə 2019-cu il üçün təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində göstərdiyiniz rentabellik səviyyənizin (çəkdiyiniz xərclərə görə tətbiq etdiyiniz ticarət əlavəsi) aşağı olduğu, yəni bəyannamənin xərclər hissəsinin malın dəyəri üzrə 477.242,23 manat xərc məbləği göstərilməsinə baxmayaraq, bəyannamənin gəlirlər hissəsində, ümumilikdə, 504.265,50 gəlir məbləği qeyd olunduğu müəyyən edilmişdir. Qeyd edilən hallar süni yolla dövriyyənizin azaldılması riskini yaradır ki, bu da, vergidən yayınma halı kimi qiymətləndirilir. Təqdim etdiyiniz mənfəət vergisi bəyannamənizdə real xərclərinizin və dövriyyənizin müəyyənləşdirilməsi üçün malların hərəkət cədvəllərinin, ilkin uçot sənədlərinin, mühasibat uçotu sənədlərinin, malların texniki göstəriciləri cədvəlinin, bank sənədlərinin, təhvil-təslim aktlarının, müqavilələrin, kassa mədaxil və məxaric orderlərinin, qəbzlərin, qaimələrin və digər zəruri sənədlərin təqdim edilməsinə zərurət yaranmışdır. Odur ki, qeyd olunan halların aradan qaldırılması məqsədilə hazırkı məktuba əlavə edilmiş formalara uyğun olaraq 2019-cu il üzrə məlumatların 5 (beş) gün ərzində vergi orqanına təqdim edilməsi Sizdən xahiş olunur”. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 16 aprel 2020-ci il tarixli məktubla iddiaçıya bildirilmişdir ki, “tərəfinizdən 14 aprel 2020-ci il tarixində təqdim olunmuş bəyannamədə, hesabatda aşağıda göstərilən səbəbdən (səbəblərdən) kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır. Səbəblər: 1 .Kassa metodu ilə təqdim etdiyiniz bəyannamənin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8-ci), "Yanacaq xərcləri” (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11-ci), “Mühafizə xərcləri” (221.12ci), “Reklam xərcləri” (221.14-cü), “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı), “Nəqliyyat xərcləri” (229cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (477.242.23 manat), tərəfinizdən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (0 manat) (+) hesabat dövrü ərzində ƏDV depozit hesabınızın göstəricilərinə əsasən ödənilmiş ƏDV məbləğlərinə görə alınmış malların (işlərin, xidmətlərin) (267719.11 manat) məbləği (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış malmaterialların (139083.96 manat) məbləği (+) qeyri-rezidentdən alınmış işlərin (xidmətlərin) ödənilmiş dəyərinin (0 manat) cəmi məbləğləri 406803.07 manat), çıxılsın (-) cari il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (0.00 manat) müqayisəsi nəticəsində baza məlumatlarına əsasən 70439.16 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. 2.Uçot-baza məlumatlarına əsasən bəyannamənin aid olduğu ilin müvafiq dövrlərində tərəfinizdən 465505.23 manat məbləğində mallar idxal edilməsinə və e-qaimə əsasında mallar (işlər, xidmətlər) alınmasına baxmayaraq bəyannamənin “Aktivlər, öhdəliklər və kapitallar barədə” 1 N-li Əlavəsinin 1.1 kodlu (Əsas vəsaitlərinin dəyəri) və 1.3 kodlu (Ehtiyatlar) sətirlərinin “Dövr ərzində daxil olmuşdur” xanalarındakı göstəricilərin cəmi (405392.2-3 manat) Vergilər Nazirliyinin məlumat bazasında olan göstəricilərin cəmindən 60113.00 manat az əks etdirildiyindən kənarlaşma aşkar edilmişdir. 3.Tərəfinizdən kassa metodu ilə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin 200.1-ci (Malların təqdim edilməsindən gəlir) və 200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) sətrlərində göstərilmiş cəmi 504265.50 manat gəlir məbləğinin hesabat dövrü ərzində tərəfinizdən təqdim edilmiş elektron qaimə-faktura əsasında satılmış mallar (işlər, xidmətlər) barədə Vergilər Nazirliyinin məlumat bazasında olan 642107.58 manat məbləğdən bəyannamənin 1 №-li Əlavəsinin 1.4.2-ci (“Sair debitor borcları”) sətrinin “Hesabat dövrünün sonuna” olan 0.00 manat məbləği ilə “Hesabat dövrünün əvvəlinə” olan 0.00 manat məbləğinin fərqi 0.00 manat məbləğin çıxılması nəticəsində yaranan 642107.58 manat məbləğdən 137842.08 manat az əks etdirilməsi nəticəsində kənarlaşma yaranmışdır. Bununla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün aşağıdakı zəruri sənədləri (məlumatları) təqdim etməyiniz tələb olunur: Sənədlər: 1.Həmin dövr üçün dəqiqləşdirilmiş Mənfəət vergisi bəyannaməsi. Təqdim etdiyiniz vergi bəyannaməsi, hesabat üzrə kameral vergi yoxlamasının başa çatdırılması üçün 5(beş) iş günü ərzində əsaslandırılmış yazılı izahatı və zəruri olan sənədləri(molumatları) vergi orqanına təqdim etməyiniz tələb olunur. Məktubla əlaqədar yaranacaq suallarla bağlı "Vergi ödəyicilərinə xidmət" şöbəsinə müraciət edə bilərsiniz. Bildiririk ki, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər(məlumatlar) məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda Vergi Məcəlləsinin 37,67, və 83 cü maddələrinin müddəalarına əsasən vergi orqanının Sizin vergi, məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı üzrə öhdəliklərinizi yenidən hesablamaq hüququ vardır”. - “Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan” görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən 02.06.2020-ci il tarixdə iddiaçıya göndərilmiş cavabdehin 02.06.2020-ci il tarixli **********161400 saylı elektron kameral hesablama barədə qərarı 05.06.2020-ci il tarixdə iddiaçı tərəfindən 05.06.2020-ci il tarixdə oxunmuşdur. - İddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş “əlavə dəyər vergisinin bəyannaməsi”ndən görünür ki, İddiaçı MMC tərəfindən 8.538,45 manat məbləğində əlavə dəyər vergisi bəyan edilmişdir. - İddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş “mənfəət vergisinin bəyannaməsi”ndən görünür ki, İddiaçı MMC tərəfindən 2019-cu il üçün 504.265,5 manat məbləğində ümumi gəlir, 515.401,75 manat məbləğində ümumi gəlirdən çıxılan xərclər, 11.136,25 manat məbləğində zərər bəyan edilmişdir. - İddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş “mənfəət vergisinin bəyannaməsinə əlavə”dən görünür ki, İddiaçı MMC tərəfindən 2019-cu il üçün cəmi aktivlər 1.000.425,52 manat məbləğində, cəmi kapital və öhdəliklər isə 1.000.425,52 məbləğində müəyyən edilmişdir. İş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı təşkilatda cavabdeh orqanın keçirdiyi kameral vergi yoxlaması ilə vergi ödəyicisi tərəfindən 14.02.2020-ci il və 14.04.2020-ci il tarixlərdə 2019-cu il üçün təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannamələrində göstərilmiş rentabellik səviyyəsinin (çəkilmiş xərclərə görə tətbiq edilmiş ticarət əlavəsi) aşağı olduğu, yəni bəyannamənin xərclər hissəsinin 221.4-cü sətrində malın dəyəri üzrə 477.242,23 manat xərc məbləği göstərilməsinə baxmayaraq, bəyannamənin gəlirlər hissəsində ümumilikdə 504.265,50 gəlir məbləği qeyd olunduğu müəyyən edilərək vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Bununla baglı vergi ödəyicisinə ünvanlanmış uyğunsuzluq məktubunda qeyd edildiyi kimi ödəyici tərəfindən təqdim edilmiş “Mənfəət vergisi bəyannaməsi”nin 200.1-ci və 200.2-ci sətrlərində malların təqdim edilməsindən əldə edilmiş gəlir 504.265,50 manat qeyd edilmiş, lakin hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən elektron qaimə-faktura əsasında satılmış mallar barədə baza məlumatlarına əsasən malların təqdim edilməsindən (işlərin görülməsi, xidmətlərin göstərilməsi) 642.107,58 manat gəlir əldə edildiyi müəyyən edilmişdir. Nəticədə vergi ödəyici tərəfindən malların təqdim edilməsi üzrə əldə olunan gəlirlə bəyannamədə əks etdirilmiş gəlirlə arasında 137.842,08 manat fərq olduğu aşkarlanmış və qeyd edilən ziddiyyətli məqamın aydınlaşdırılması məqsədilə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubları və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlər təqdim edilməsi barədə 13.03.2020-ci il tarixli **********043000 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” göndərilmişdir. Lakin qeyd edilən uyğunsuzluq üzrə hər hansı təsdiqedici sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin mənfəət vergisi bəyannaməsinə 46.311,46 manat hesablanmaqla, bu barədə vergi ödəyicisinə 02.06.2020-ci il tarixli **********161400 nömrəli “Vergilərin hesablanması barədə” qərar göndərilmişdir. Beləliklə də vergi orqanı tərəfindən həyata keçirilən hesablamanın əsasını vergi ödəyicisi tərəfindən real dövriyyəsinin azaldılması ilə bağlı yaranan kənarlaşma təşkil etmişdir. Birinci instansiya məhkəməsi işin hallarına Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1, 3.1, 3.8, 3.11, 15.1.8, 15.1.9, 49.5, 53.3, 54.0.2, 62.1, 62.2, 64, 76.1, 76.1- 1, 76.2, 94.0.1, 103.1, 104.1, 130.1, 130.1-1, 130.2, 130.3, 130.4, 130.4, 130.5, 132.1, 132.2, 133.1, 133.2-ci maddələrini, Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2016-cı il tarixli “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri” barədə sərəncamını tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 02 iyun 2020-ci il tarixli **********161400 nömrəli qərarı ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, vergi orqanı iddiaçı tərəfindən təqdim edilmiş “Mənfəət vergisi bəyannaməsi”ndə malların təqdim edilməsindən əldə edilmiş gəlirin 504.265,50 manat qeyd edildiyini, hesabat dövrü ərzində isə vergi ödəyicisi tərəfindən elektron qaimə-faktura əsasında satılmış mallar barədə baza məlumatlarına əsasən malların təqdim edilməsindən (işlərin görülməsi, xidmətlərin göstərilməsi) 642.107,58 manat gəlirin əldə edildiyi, nəticədə vergi ödəyici tərəfindən malların təqdim edilməsi üzrə əldə olunan gəlirlə bəyannamədə əks etdilmiş gəlir arasında 137.842,08 manat fərqin olduğu müəyyən edərək əsassız olaraq Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə istinadən iddiaçıya kameral vergi yoxlaması ilə 2019-cu il üzrə 46.311,46 manat mənfəət vergisi hesablamışdır. Halbuki, vergi ödəyicisinin 2019-cu il ərzində həmin dəyərdə xidmət göstərilməsinə baxmayaraq, bu xidmətə görə şirkətin bank və ya kassa hesabına ödəniş daxil olmayıbsa, vergi ödəyicisi qanunvericiliyinin müddəalarına görə heç bir gəlir vergisi ödəməməlidir. Məcəllənin 131-ci maddəsinə əsasən, kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. Kassa metodunu seçən zaman pul vəsaitlərinin kassaya və ya hesablaşma hesabına istənilən mədaxili gəlir, uçot dövrü ərzində həyata keçirilmiş istənilən ödəniş və ya köçürmə isə xərclər hesab edilir. Yaranmış vəziyyətdə eyni dövr üçün gəlir və xərclər arasındakı əlaqə heç bir əhəmiyyət daşımır. Kassa prinsipinə əsasən əməliyyat və gəlir müştərilərdən pul alındıqda əks olunur. Xərclər pul vəsaitləri təchizatçılara və əməkdaşlara ödənildikcə nəzərə alınır. Məcəllənin 76-cı maddəsinin tələbinə əsasən vergi orqanı kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə yazılı bildiriş göndərməklə, həmin bankın və ya kredit təşkilatının xidmət etdiyi vergi ödəyicisinin (şəxsin) bank hesabı və əməliyyatları barədə məlumat almaq hüququna malikdir. Bununla da vergi orqanı iddiaçının gəlir və xərcləri barədə məlumatı asanlıqla əldə edə və ona uyğun vergi hesablaya bilər. Buna baxmayaraq, vergi orqanı iddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş bəyannamədə xərclərin gəlirlərdən az olmasına istinad edərək, bunu iddiaçının vergi ödəməkdən yayınması halı kimi qiymətləndirərək, sözügedən qərarla ona əlavə mənfəət vergisi hesablamışdır. Halbuki, vergi orqanı kassa metoduna, yəni Vergi Məcəlləsinin 132-ci və 133-cü maddələrinə əsasən iddiaçının hər hansı gəlirini bəyan etməməsinə və ya xərcini artırmasına istinad etməmişdir. Həmin halların mövcud olması barədə sübutun məhkəməyə təqdim edilməsi cavabdehdən tələb olunsa da, məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Proses iştirakçılarının məhkəməyə verdikləri izahatların təhlili, işdə olan yazılı mülahizələr və işə əlavə edilmiş sənədlərin tədqiqi belə bir nəticəyə gəlməyə əsas verir ki, cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən müvafiq qərar qəbul edilərkən qanunvericiliyin müəyyən etdiyi tələblərə tam şəkildə riayət edilməmiş, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən, vergi ödəyicisi üçün əlverişli olan hallar araşdırılmamış, cavabdeh inzibati orqan iddiaçı ilə bağlı başladığı inzibati icraat zamanı pozuntulara yol verərək iddiaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 02 iyun 2020-ci il tarixli **********161400 nömrəli qərarını ləğv etmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06.05.2021-ci il tarixli, 2-1(112)-1023/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublika sı Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar