Məhkəmə qərarları › İş №2-1(103)-2021/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2021/2024

18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2021/2024 18.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “iddiaçının hərbi biletində dəyişiklik edilərək, hərbi xidmət üçün yararlı olduğunun hərbi biletində qeyd edilməsi tələbinə dair” inzibati mübahisə üzrə iddiaçının Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5771/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinə və onun apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “iddiaçının hərbi biletində dəyişiklik edilərək, hərbi xidmət üçün yararlı olduğunun hərbi biletində qeyd edilməsi barədə” qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5771/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi, iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Məcəllənin qeyd olunan tələbləri qaydasında iş materialları apellyasiya qaydasında araşdırılarkən müəyyən olunmuşdur ki, apellyasiya şikayəti qaununla müəyyən edilmiş prosessual müddətin ötürülməsi ilə verilmişdir. Ona görə də bu barədə iddiaçıya ünvanlanmış məhkəmə bildirişində bildirilməklə hazırkı xx.xx.2024-cü il tarixinə apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üzrə məhkəmə iclası təyin edilmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən Z.Nəcəfəov ərizə ilə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından tərəfindən buraxılmış şikayət vermə müddətinin bərpa edilməsini və məhkəməyə verdiyi izahatında apellyasiyanın mümkün sayılaraq işə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə məlumat verilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə onun müddətin bərpası barədə ərizəsinin təmin edilməsindən imtina olunmalı və apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmamalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. Həmin Məcəllənin 9-1.3-cü maddəsinin tələbinə görə inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Prosessual qanunvericiliyin qeyd olunan tələblərində göründüyü kimi, məhkəmə qərarlarının təqdim olunması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir və təqdim olunmuş həmin qərarlardan apellyasiya şikayəti vermə müddəti təqdim olunma anından 30 gün müəyyən olunmuşdur. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin iddiaçı tərəfindən mübahisələndirilən 2-1(112)-5771/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarının surəti eməhkəmə informasiya sistemində yaradılmış kabinet vasitəsilə iddiaçının elektron kabinnetinə xx.xx.2023-cü il tarixdə rəsmi qaydada yerləşdirilməklə ona təqdim edilmişdir (i.v.46). Belə olan halda, məhkəmənin qərarının xx.xx.2023-cü il tarixidə təqdim etmə anından hesablandıqda, İPM-in 85.1-ci maddəsinə əsasən müəyyən edilən 30 günlük şikayət vermə müddətinin son günü xx.xx.2023-cü il tarixinə düşür. İddiaçının işə əlavə olunmuş apellyasiya şikayətindən isə görünür ki, onun apellyasiya şikayəti iki aydan da sonra, yəni xx.xx.2024-cü il tarixində məhkəməyə təqdim edilmiş, bununla da İPM-in 85.1-ci maddəsi ilə müəyyən olunan 30 günlük şikayət vermə müddətini ötürmüşdür. Hazırkı məhkəmə iclasında iddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etsə də, müddətin tərəfindən üzürlü səbələrdən ötürüldünüynü əsaslandırılmamış, müddətin onun təqsiri olmadan buraxıldığını təsdiq edən sübutlar məhkəməyə təqdim etməmişdir. Halbuki, İPM-in 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2-ci maddəsinin tələbinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Prosessual qanunvericiliyin qeyd olunan tələblərindən də göründüyü kimi, o halda buraxılmış prosessual müddət bərpa oluna bilər ki, müddətin buraxılması proses iştirakçısının təqsiri olmadan buraxılsın və bu sübutlarla əsaslandırılmış olsun. «X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli qərarında da Plenum məhz qeyd etmişdir ki, «… qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.» Beləliklə də, qeyd olunanlar baxımından, iddiaçının müddətin bərpası barədə ərizəsinin təmin olunması və onun apellyasiya şikayətinin mümkün sayılmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Bu baxımdan, məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iddiaçının müddətin bərpası barədə ərizəsinin təmin edilməsindən imtina olunması və onun apellyasiya şikayəti üzrə apelyasiyanın mümkün sayılmaması, onu vermiş tərəfə qaytarılması barədə qərardad çıxarılmalıdır. İPM-in 1.2-ci maddəsi baxımından MPM-in 130.1-ci maddəsinin tələbinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Belə olan halda apellyasiyanın mükünlüyü də istsna olunur. İPM-in 87.3-cü maddəsinin tələbinə görə apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının buraxılmış apellyasiya şikayəti vermə müddətinin bərpası barədə ərizəsi təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5771/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından verdiyi apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın. Apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin və onu vermiş iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar