Məhkəmə qərarları › İş №2-1(103)-2022/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2022/2021

30.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2022/2021 30.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə X3 qızının katibliyi, İddiacı İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (3-cü şəxslər-Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tədqiqat Kardiologiya İnstitutu, Azərbaycan Respublikası Dövlət X4 və Azərbaycan Respublikası Mərkəzi Neftçilər Xəstəxanası) qarşı “cavabdehin hərəkətlərinin qanunsuz sayılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-678/2021 saylı, 26 aprel 2021-ci il tarixli qərarından apelyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair cavabdeh tərəfindən verilmiş ərizəyə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı 25.05.2017-ci il tarixdən ümumi xəstəliyə görə təyin edilmiş ikinci dərəcəli əlilliyin elektron sistemdə bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi, 25.05.2017-ci il tarixdən 25.05.2022-ci il tarixədək təyin edilmiş əmək pensiyasının onun ödənilməsinin dayandırıldığı 01.07.2019-cu il tarixdən hesablanaraq ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-678/2021 saylı, 26 aprel 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı təyin edilmiş əlilliyin ləğv edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətləri qanunsuz hesab edilmişdir. Qərardan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini, eyni zamanda, ərizə ilə müraciət edərək apelyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətinin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Agentliyə daxil olan müraciətlərin həddindən cox olduğundan və məktubun Agentliyə gec daxil olduğu üçün sözü gedən qərarın qeydiyyatı 18.05.2021-ci il deyil, 19.05.2021-ci il tarixdə aparıldığından, həmcinin 19.06.2021-ci il tarixi qeyri-iş günü olduğundan apelyasiya şikayəti 21.06.2021-ci il tarixdə verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi ərizəni müdafiə edərək ötürülmüş prosessual müddətin bərpa edilməsini və apelyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ərizəyə etiraz edərək apelyasiya şikayətinin qeyri-mümkün hesab edilməsini xahiş etdi. Kollegiya tərəflərin izahatlarını dinləyib, ərizəni müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apelyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İş materiallarında olan məhkəmə qərarının göndərilməsi barədə məktubdan görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-678/2021 saylı, 26 aprel 2021-ci il tarixli qərarı, 03 may 2021-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmişdir. İşdə olan poçt xəbərnaməsindən görünür ki, iddiaçı sözügedən qərarı 16 may 2021ci il tarixdə almışdır ( səh 124). İş üzrə üçüncü şəxslər də qərarı 16 may 2021-ci il tarixdə almışdır. (səh. 120-123) Göründüyü kimi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi mübahisələndirdiyi qərardaddan apelyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulmuş 30 günlük prosessual müddəti (16.05.21-21.06.21=37 gün) 7 gün ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. (24.2) Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. (24.3) Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz (24.4). Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. (24.5) Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. (24.6) Sadalanan normalardan görünür ki, prosessual müddətlər yalnız maraqlarına toxunulmuş proses iştirakçılarının ərizəsinə əsasən bərpa olunur. Ərizədə tərəfin müddəti nə üçün buraxdığı əsaslandırılmalıdır. Başqa sözlə tərəf müddət buraxılmasının nəyə görə ondan asılı olmadığını əsaslandırılmış şəkildə izah etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Məhkəmə kollegiyası iddiaçının ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsində qeyd etdiyi “Agentliyə daxil olan müraciətlərin cox olmasına” dair dəlilini məhkəmə qərardadından şikayət verilməsi imkanını aradan qaldıran üzürlü səbəb hesab etmir. Əvvəla, Agentliyə daxil olan müraciətlərin cox olması səbəbindən qeydiyyatın vaxtında aparılmaması hüquqi şəxs tərəfindən kargüzarlığın düzgün təşkil edilməməsidir ki, bu da üzürlü hal hesab edilə bilməz. İkincisi bu hal nəzərə alınsa belə,(19.05.21-21.06.21=34 gün) yenə də müddət 4 gün ötürülmüş olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apelyasiya mümkün sayılmadıqda apelyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 87.4-cü maddəsinə görə apelyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, ötürülmüş prosessual müddətin bərpasına dair ərizə təmin edilməməli, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 678/2021 saylı, 26 aprel 2021-ci il tarixli qərarından apelyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apelyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-678/2021 saylı, 26 aprel 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apelyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Anar Tanrıverdiyev Hakim: Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar