Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2022/2022 19.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X4, Üçüncü şəxsin nümayəndələri X2 və X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Baş Prokurorluğu) “prokurorluq işçisi pensiyasının təyin edilməsi və pensiya hüququnun yarandığı dövrdən hazırkı dövrədək əsas və əlavə ödənişlərin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-890/2022 saylı, 19 yanvar 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyasının təyin edilməsi və pensiya hüququnun yarandığı dövrdən hazırkı dövrədək əsas və əlavə ödənişlərin ödənilməsinin təmin edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-890/2022 saylı, 19 yanvar 2022-ci il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, prokurorluğun mövqeyinə görə Azərbaycan SSRİ Baş Prokurorluğunda arxiv müdiri vəzifəsi mülki işçi sayıldığından “Prokurorluq haqqında Qanunun” və “Prokurorluqda qulluq keçmə haqqında Qanunun” tələbləri baxımından qulluq stajı hesablanması mümkün deyil, prokurorluğun arxiv müdiri vəzifəsi prokurorluq işçilərinin siyahısında yoxdur və prokurorluq işçisi hesab oluna bilməz. Lakin iddiaçı Azərbaycan SSSR Baş Prokuroru işləmiş Abbas Zamanovun 03 aprel 1984-cü il tarixli, 111 saylı əmrinə əsasən prokurorluq orqanlarına işə qəbul olunmaqla Azərbaycan SSSR prokurorluğunun arxiv müdiri vəzifəsinə təyin olunmuşdur. Həmin əmrin surətindən də göründüyü kimi prokurorluq işçisi kimi prokurorluq orqanlarına qəbul edilmişdir. Qanunun tələbi baxımından prokurorluqda işlədiyi 1984-cü il tarixdən 1991-ci il tarixədək olan dövr 1979-cu il tarixli SSRİ Prokurorluğu haqqında Qanun ilə tənzimlənirdi. Həmin Qanunun 48-ci maddəsinə əsasən SSRİ Prokurorluğunun strukturu Baş prokurorun təklifi ilə SSRİ X5 Heyəti tərəfindən təsdiq edilir, tabeliyində olan prokurorluq orqanlarının strukturu və ştat cədvəli təsdiq edilmiş həddə SSRİ Baş Prokuroru tərəfindən müəyyən edilir. Həmçinin prokurorluğun nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun arxiv müdiri vəzifəsi 2021-ci il tarixdən prokurorluq işçisi kimi hesab olunur və işlədiyi dövr qulluq illərinə daxil edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndələri apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin və üçüncü şəxsin nümayəndələrinin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: AA ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı Azərbaycan Respublikası vətəndaşıdır. İddiaçıya məxsus əmək kitabçasına əsasən, o, xx.xx.1976-ci ildən 20 noyabr 1976-ci ilədək və xx.xx.1977-ci ildən xx.xx.1977-ci ilədək SSRİ-nın 50 illiyi adına pambıq sovxozunda fəhlə, xx.xx.1977-ci ildən xx.xx.1977-ci ilədək Neftçala Kolxozlararası Tikinti İdarəsində fəhlə, xx.xx.1977-ci ildən xx.xx.1980-ci ilədək Neftçala rayon xalq məhkəməsinin dəftərxana katibi, xx.xx.1980-ci ildən xx.xx.1984-cü ilədək “Cənubmuğanmeliosutikinti” Tİ-də hüquq məsləhətçisi, xx.xx.1984-cü ildən xx.xx.2010-cu il tarixədək Azərbaycan Respublikası Prokurorluğunda işləmişdir. İddiaçı tərəfindən təqdim edilmiş və cavabdeh orqan tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmiş ərizənin surətindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, prokurorluq işcisinin prokurorluqda qulluq olmasının yaş həddi ilə bağlı pensiyasının təyin edilməsi və 2019-cu il 28 may tarixindən hazırkı dövrədək əsas və əlavə ödənişlərin ödənilməsi barədə göstəriş verilməsini xahiş etmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış “prokurorluq orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında” xx.xx.2021-ci il tarixli, **********9 nömrəli məktuba əsasən bildirilmişdir ki, iddiaçının prokurorluq orqanlarında qulluğuna yaşa görə deyil, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 7-ci hissəsinin yeddinci abzasına, həmin Qanunun 34-cü maddəsinin doqquzuncu abzasına və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 26.1.7-ci maddəsinə əsasən xitam verildiyindən iddiaçıya prokurorluq orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin baxımından mümkün deyil. Azərbaycan Respublikası Baş Prokurorluğunun 06 iyul 2021-ci il tarixli, xx/xx-1341 nömrəli məktubu ilə prokurorluq orqanlarında xidmət etmiş İddiaçı barəsində olan “İntizam məsuliyyətinə cəlb etmə barədə” xx.xx.2010-cu il tarixli, 10/08-11/15-K nömrəli və xx.xx.2010-cu il tarixli, 10/34- 11/14-K nömrəli əmrlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun 29 iyul 2017-ci il tarixli, 11/781 nömrəli arayışına əsasən İddiaçı 03 aprel 1984-cü il tarixdən 06 avqust 1991-ci il tarixədək Azərbaycan Respublikası Prokurorluğunun arxiv müdiri vəzifəsində işləmiş, 06 avqust 1991-ci il tarixdən 12 may 2010-cu il tarixədək Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluq keçmişdir. Azərbaycan Respublikası Baş prokurorunun 12 may 2010cu il tarixli 10/34-11/141-k nömrəli əmri ilə Azərbaycan Respublikasının “Prokurorluq haqqında” Qanununun 33-cü maddəsinin 7-ci hissəsinin 7-ci bəndinə və 34-cü maddəsinin 9-cu bəndinə, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanununun 26.1.7-ci maddəsinə əsasən prokurorluq orqanlarından xaric edilmişdir. Azərbaycan Respublikası Baş prokurorunun 27 dekabr 1996-cı il tarixli, 521-1/a nömrəli əmri ilə İddiaçı kiçik ədliyyə müşaviri xüsusi rütbəsi verilmiş və o, həmin rütbədən məhrum edilməmişdir. İddiaçı prokurorluq orqanlarında qulluq stajı 18 il 09 ay 06 gün təşkil edir. Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2017-ci il tarixli, 171465 nömrəli arayışına əsasən göstərilmişdir ki, İddiaçı may 2005-ci ildən 14 fevral 2006-cı il tarixədək Nərimanov rayon prokurorluğunun prokuror-kriminalisti, 14 fevral 2006-cı ildən aprel 2010-cu il tarixədək Binəqədi rayon prokurorluğunun prokuror-kriminalisti vəzifələrdə işləmiş, illər üzrə aşağıdakı kimi mükafatlar və maddi yardımlar almışdır: 2005 sentyabr ayı 100% əmək haqqı həcmində mükafat, dekabr ayı 100% əmək haqqı həcmində maddi yardım; 2006 mart ayı 100% əmək haqqı həcmində mükafat, sentyabr ayı 100% əmək haqqı həcmində mükafat; 2007 mart ayı 100%, sentyabr ayı 100%, dekabr ayı 100% əmək haqqı həcmində maddi yardım, iyul ayı 200% məzuniyyətə çıxarkən əmək haqqı həcmində müavinət; 2008 mart ayı 100%, sentyabr ayı 100%, dekabr ayı 100% əmək haqqı həcmində maddi yardım, noyabr ayı 200% məzuniyyətə çıxarkən əmək haqqı həcmində müavinət; 2009 mart ayı 100%, sentyabr ayı 100%, dekabr ayı 100% əmək haqqı həcmində maddi yardım, avqust ayı 200% məzuniyyətə çıxarkən əmək haqqı həcmində müavinət; 2010 – mart ayı 100% əmək haqqı həcmində maddi yardım. İddiaçıya məxsus 955428 nömrəli diploma əsasən, İddiaçı 1978-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinə daxil olmuş və 1984-cü ildə orada hüquqşünaslıq ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət imtahan komissiyasının 04 iyul 1984-cü il tarixli qərarı ilə ona hüquqşünas ixtisası verilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun 03 sentyabr 2021-ci il tarixli, 10/04- 1623 nömrəli məktubuna əsasən İddiaçı Azərbaycan SSR prokurorunun xx.xx.1984-cü il tarixli, 111 nömrəli əmri ilə Azərbaycan Respublikası Prokurorluğunda işə qəbul edilərək Respublika Prokurorluğu arxivinin müdiri vəzifəsinə təyin edilmiş, Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.1991-ci il tarixli, 421 nömrəli əmri ilə İddiaçı tutduğu vəzifədən azad olunaraq Azərbaycan Respublikası Prokurorluğunun Vətəndaşların qəbulu və məktubların baxılması şöbəsinin prokuroru vəzifəsi üzrə stajor, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək Azərbaycan Respublikası Prokurorluğunun Vətəndaşların qəbulu və məktubların baxılması şöbəsinin prokuroru, xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilədək Azərbaycan Respublikası Baş Prokurorluğu Katibliyi vətəndaşların qəbulu və şikayətlər şöbəsinin prokuroru, xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilədək Azərbaycan Respublikası Baş Prokurorluğu Vətəndaşların qəbulu şöbəsinin prokuroru, xx.xx.1994-cü ildən xx.xx.1996-cı ilədək Azərbaycan Respublikası Baş Prokurorluğunun Ərizə, şikayətlərin baxılması və vətəndaşların qəbulu idarəsinin prokuroru, xx.xx.1996-cı ildən xx.xx.1999-cu ilədək Salyan rayon prokurorunun müavini, xx.xx.1999-cu ildən xx.xx.2001-ci ilədək Bakı şəhəri Suraxanı rayon prokurorunun köməkçisi, xx.xx.2001-ci ildən xx.xx.2006-cı ilədək Bakı şəhəri Nərimanov rayon prokurorluğunun prokuror-kriminalisti, xx.xx.2006-cı ildən xx.xx.2010-cu ilədək Bakı şəhəri Binəqədi rayon prokurorluğunun prokuror-kriminalisti vəzifələrində işləmişdir. Prokurorluq orqanlarında qulluq edən prokurorluq işçilərinə 1991- 1997-ci illərdə qulluq illərinin güzəştlə hesablanması və xidmət müddətinin bir gününün iki gün kimi sayılması barədə hər hansı bir normativ hüquqi akt olmamışdır. “SSRİ Prokurorluğu haqqında” xx.xx.1979-cu il tarixli Qanunda “arxiv müdiri” vəzifəsinin prokurorluq orqanlarında qulluq edən prokurorluq işçisi hesab edilməsi barədə hər hansı bir müddəa nəzərdə tutulmamışdur. Həmçinin xx.xx.1999-cu il tarixdə qəbul edilərək hazıradək qüvvədə olan “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 1ci maddəsinin 3-cü bəndinə əsasən prokurorluq işçiləri dedikdə prokurorlar, prokurorların müstəntiqləri və prokurorluğun stajorları nəzərdə tutulur. Azərbaycan Respublikası Baş Prokurorluğunun iddiaçıya ünvanladığı 21 sentyabr 2021-ci il tarixli, xx/xx-1750 nömrəli məktubuna əsasən, Azərbaycan Respublikası Prokurorluğu orqanlarında uzunmüddətli xidmətə görə üstəlik haqqın ödənilməsi üçün əmək stajını müəyyən edən komissiyanın xx.xx.2006-cı il tarixli iclasında iddiaçının uzunmüddətli xidmətə görə əlavə haqq almaq üçün stajı 15 il 01 ay 05 gün təşkil etməsi müəyyən edilmiş və iddiaçıya 45 faiz məbləğində əlavə haqq xx.xx.2006-cı il tarixdən hesablanmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. AR İPM-in 87.8-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. İddiaçı hazırkı iddia tələbi ilə prokurorluq orqanlarında qulluq etmiş şəxs kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya hüququnun yarandığı dövrdən hazırkı dövrədək əsas və əlavə ödənişlərin ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın imtinasının əsaslı olmasına dair yekun nəticəsini ilk öncə onunla əsaslandırmışdır ki, iddiaçının ümumi stajı güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iş stajından (35 il) az təşkil edir. “Əmək pensiyaları haqqında” AR Qanunun 9.4-cü maddəsinə əsasən, prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununun 32.2.-ci maddəsinə əsasən, prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi 60 yaşdır. Həmin Qanunun 32.4-cü maddəsinə uyğun olaraq, yaş həddi çatanadək prokurorluqda azı 35 il qulluq etmiş prokurorluq işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə pensiya hüququna malikdirlər və xahişləri ilə onların qulluq keçməsinə xitam verilə bilər. Göründüyü kimi, prokurorluq orqanlarında qulluq etmiş şəxs kimi əmək pensiyası təyin edilməsi üçün iddiaçı: 60 yaş həddinə çatmadan prokurorluq orqanlarında 35 il xüsusi qulluq stajını toplamış prokurorluq işçisi olmalı və ya 60 yaş həddinə çatması ilə əlaqədar qulluğuna xitam verilməli və həmin yaşa qədər azı 17 il 6 ayını prokurorluq orqanlarında işləməklə minimum 35 il ümumi iş stajı toplanmış olmalıdır. İşdən aydındır ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla, 60 yaşına xx.xx.2019-cu il tarixdə çatmışdır. İşdən aydın olduğu kimi, iddiaçının prokurorluq orqanlarında 35 il ümumi iş stajnın olmaması işin mübahisəsiz halıdır. Belə ki, iş materiallarına əsasən İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixə iddiaçının 33 il 02 ay 01 gün ((xx.xx.1976 – xx.xx.1976 = 03 ay 19 gün) + (xx.xx.1977 – xx.xx.1977 = 04 ay 03 gün) + (xx.xx.1977 – xx.xx.1977 = 14 gün) + (xx.xx.1980 – xx.xx.1977 =2 il 08 ay 26 gün) + (xx.xx.1984 – xx.xx.1980 = 3 il 07 ay 21 gün) + (xx.xx.1991 – xx.xx.1984 =7 il 04 ay 02 gün) + (xx.xx.2010 – xx.xx.1991 = 18 il 09 ay 06 gün) = 33 il 02 ay 01 gün)) ümumi iş stajının olması, həmin müddətin 18 il 09 ay 06 gününü isə rokurorluq orqanlarında qulluq etmiş olması müəyyən edilir. Eyni zamanda, işin hallarından görünür ki, iddiaçı 60 yaşına xx.xx.2019-cu il tarixdə çatsa da, artıq 12 may 2010-cu il tarixdə 10/34-11/141-k nömrəli əmrlə digər əsasla prokurorluq orqanlarında qulluqdan azad edilmişdir. Beləliklə, sadalananlardan göründüyü kimi, prokurorluq işçisi kimi yaşa görə güzəştli şərtərlə əmək pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş şərtlər iddiaçıya münasibətdə ödənilmir. İddiaçı apelyasiya şikayətində mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan SSSR prokurorluğunun arxiv müdiri vəzifəsində işlədiyi 1984-1991-ci illərin də prokurorluq orqanlarında qulluq kimi nəzərə alınmaqla xüsusi əmək stajına daxil edilməlidir. Buna münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının arxiv müdiri vəzifəsində calışdığı illər xüsusi əmək stajına daxil edilməsə də, 1991-2010-cu illərdəki əmək fəaliyyəti üzrə tələb olunan 17 il 06 ay xüsusi iş stajı artıq toplanmışdır. Tələb olunan 35 il ümumi iş stajı iddiaçıya münasibətdə ödənilmədiyindən, İddiaçı arxiv müdiri vəzifəsində çalışdığı illərin xüsusi iş stajına daxil edilib-edilməməsi mübahisənin müsbət həlli üçün əhəmiyyət daşımır. Bununla belə, məhkəmə araşdırması nəticəsində kollegiya iddiaçının arxiv müdiri vəzifəsində çalışdığı 1984-1991-ci illər üzrə stajın xüsusi iş stajına daxil edilməməsinin əsaslı olduğu qənaətindədir. Belə ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluq (bundan sonra – "prokurorluqda qulluq keçmə" adlanacaq) prokurorluğun fəaliyyət istiqamətləri üzrə prokurorluq işçilərinin səlahiyyətlərini yerinə yetirmələri ilə əlaqədar həyata keçirdikləri dövlət qulluğunun xüsusi növüdür. Həmin Qanunun 3.1.-ci maddəsinə əsasən, bu Qanun "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində göstərilən prokurorluq işçilərinə şamil edilir. "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində göstərilmiş anlayışlara əsasən prokuror - Azərbaycan Respublikasının baş prokuroru, bütün tabe prokurorlar, prokuror müavinləri, prokurorun böyük köməkçiləri, prokuror köməkçiləri, idarə, şöbə rəisləri, rəislərin müavinləri, idarə, şöbələrin böyük prokurormetodistləri, böyük prokurorları, böyük prokuror-kriminalistləri, prokurorları və prokurorkriminalistləri; prokurorluq işçiləri dedikdə isə - prokurorlar, prokurorluğun müstəntiqləri, prokurorluğun əməliyyatçıları, prokurorluğun stajorları başa düşülür. İş materiallarından və üçüncü şəxsin nümayəndələrinin izahatından da aydın olmuşdur ki, İddiaçı çalışdığı arxiv müdiri vəzifəsi həmin dövr üzrə prokurorluq orqanlarında yardımçı vəzifə təsnifatına uyğun gəlməklə, həmin vəzifədə çalışarkən iddiaçıya prokurorluq orqanları işçilərinə məxsus hər hansı rütbə və ya imtiyaz verilməmişdir. Yalnız 1991-ci ildə iddiaçı inzibati vəzifə üzrə xüsusi rütbə əldə edərək prokurorluq işçisi kimi qulluğa qəbul edilmiş və iş stajı prokurorluq orqanlarında xüsusi iş stajı kimi nəzərə alınmağa başlamışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Kollegiya qeyd edir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdehin imtinası qanuni və əsaslıdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. İddiaçının apelyasiya şikayəti isə hər hansı əsaslı dəlillə əsasandırılmadığından, birinci instansiya məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul edilə bilməz. Yuxarıda sadalanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirilmiş və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-890/2022 saylı, 19 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Azər Hüseynov Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-2022/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2022/2022
19.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver