Məhkəmə qərarları › İş №2-1(103)-2022/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2022/2025

15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2022/2025 15.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X1 Asəf qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kirayə müqaviləsinin bağlanılması” haqqında iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9790/2024 saylı, 16 dekabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilə dair kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı uzun müddətdir ki ünvan 1 ünvanında yaşayır. İddiaçı mənzilə dair daimi kirayə müqaviləsinin bağlanılması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, İddiaçı yuxarıda qeyd edilən mənzilin ona verilməsini təsdiq edən hüquqmüyyənedici sənədləri (qərar, sərəncam, order, protokol və s.) Rayon İcra Hakimiyyətinə təqdim etmədiyindən məsələnin öz müsbət həlli tapmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9790/2024 saylı, 16 dekabr 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və ünvan 1 ünvanında yerləşən mənzilə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9790/2024 saylı, 16 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - “Azərneftyağ” X4 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MİK23/1288 nömrəli məktubuna əsasən “Azəmeftyağ” NEZ-in müdiriyyəti G. S. Həsənovanın mənzil şəraitini nəzərə alaraq ona, tək özünə )Y. Səfərov küçəsi 24 saylı ünvanda, yaşayış sahəsi 18 kv.m olan 1 otaqlı, 21 saylı mənzili müvəqqəti yaşayış sahəsi kimi ayırır. Həmin mənzildə məktubda göstərilən şəxslərdən başqa heç kim yaşamamalıdır və zavodla onun əmək münasibəti kəsilərsə (qanunvericilikdə nəzərdə tutulan nallar istisna olmaqla) mənzili zavoda təhvil verilməlidir. - Heydər Əliyev adına Bakı X4 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Y.Səfərov küçəsi ev24, mənzil 21-in müvəqqəti yaşayış sahəsi kimi sizə verilməsi haqqında zavod Həmkarlar İttifaqı Komitəsində protokol mövcud deyildir. Müvəqqəti yaşayış sahələri işçilərə məktub əsasinda verilmişdir. - İddiaçının müraciətinin təmin edilməsindən imtina barədə məktubdan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, mənzilin iddiaçıya verilməsini təsdiq edən hüquqmüəyyənedici sənədləri (qərar, sərəncam, order və s.) Rayon İcra Hakimiyyətinə təqdim etdikdən sonra məsələyə müvafiq qaydada baxılacaqdır. - Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş 07 iyun 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, “Azərneftyağ” X2 arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. - SOCAR tərəfindən verilmiş 02 iyul 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, keçmiş “Azərneftyağ” X4 tərəfindən İddiaçı verilmiş Y.Səfərov küç, ev 24, mən 21 ünvanı ilə bağlı sənədlər xx.xx.2002-ci il tarixli Aktla Xətai rayonu MKTB-nə təhvil verilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 09 iyul 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, sözügedən mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Sözügedən binada qeydiyyatdan keçmiş mənzillər ilkin olaraq İcra Hakimiyyəti tərəfindən verilmiş orderlər və sərəncamlar əsasında özəlləşmişdirlər. - Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş 12 iyul 2024cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yavər Səfərov küçəsində yerləşən 24 saylı evin, 21 saylı mənzili əvvəllər Dövlət Neft Şirkətinin balansında olmaqla, həmin mənzilin vətəndaş İddiaçı qızma verilməsi, həmçinin, hal-hazırda vətəndaş İddiaçı həmin mənzildə yaşaması barədə Bakı şəhəri Nizami Rayon Mənzil-Kommunal Təsərrüfati Birliyində heç bir məlumat yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin: 52-ci maddəsinə əsasən, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir; 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər; 85-ci maddəsinə icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və ya onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş): 59.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür; 51.7-ci maddəyə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 62.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır; 62.2-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 66.3. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin aşağıdakı vəzifələri vardır: 66.3.1. yaşayış sahəsindən təyinatı üzrə və bu Məcəllə ilə müəyyən edilmiş hüdudlarda istifadə etmək; 63.2. yaşayış sahəsinin saxlanılmasını və qorunmasını təmin etmək; 66.3.3. yaşayış sahəsini yararlı vəziyyətdə saxlamaq; 66.3.4. yaşayış sahəsinin cari təmirini aparmaq; 66.3.5. yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında ödəmək; 66.3.6. sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsindən istifadə etməyə hüquq verən əsasların və halların dəyişməsi barədə müqavilə ilə nəzərdə tutulmuş müddətdə kirayə verəni məlumatlandırmaq. Hazırkı işin hallarından görünür ki, İddiaçı hazırkı iddia tələbi ilə cavabdeh Bakı şəhəri Cavabdehnə müraciət edərək mənzilə dair kirayə müqaviləsinin bağlanmasını xahiş etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmiş, mənzilə dair sənədlər təqdim olunduqdan sonra onun müraciətinə yenidən baxılacağını bildirmişdir. Daha sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, mübahisə predmeti olan mənzilin "Azərneftyağ" X2 təqdim etdiyi məktuba əsasən iddiaçının istifadəsinə verilməsi, vətəndaşın şəxsi iradəsinə və seçiminə əsaslanmamışdır. Təqdim olunmuş sənədlərdən də göründüyü kimi, müəssisə mənzillərin əməkdaşlarına təqdim edilməsini rəsmi məktub vasitəsilə həyata keçirmiş və bununla da, zavod mənzilin istifadəyə verilməsi məsələsində öz razılığını ifadə etmişdir. Bu kontekstdə, mənzilin istifadəyə verilməsi ilə bağlı ayrıca protokolun mövcud olmaması əsası ilə tələbin rədd edilməsi formal və hüquqi əsası olmayan bir yanaşma təşkil edir. Eyni zamanda qeyd edilməlidir ki, mənzil əvvəlcə müvəqqəti istifadə üçün təqdim edilsə də, iddiaçı hazırda Heydər Əliyev adına X3 (Elektron məhkəmə informasiya sisteminə inteqrasiya olunmuş məlumata əsasən) əmək fəaliyyətini davam etdirir. Belə olan halda müvəqqəti olaraq təqdim edilmiş mənzilin uzunmüddətli istifadəsi ilə bağlı hüquqi münasibətlərin yaranması ehtimal edilir. Əlavə olaraq qeyd edilməlidir ki, zavod tərəfindən mənzil iddiaçıya təqdim edilərkən, onun mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs kimi dəyərləndirildiyi də nəzərə alınmalıdır. Bu hal, müəssisənin mənzili təqdim edərkən iddiaçının sosial vəziyyətini və mənzilə ehtiyacını əsas götürdüyünü göstərir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçı mübahisə predmeti olan mənzildə uzun illərdir ki, faktiki yaşadığından, həmçinin həmin mənzildə ondan başqa hər hansı şəxs olmadığından, mənzilin balans saxlayıcısı olan orqandan onun mənzilin icarədarı sayılmaqla kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsini tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9790/2024 saylı, 16 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9790/2024 saylı, 16 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar