Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2023/2020 07.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının vəkili X2 iştirakı ilə İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3534/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona xx.xx.2013-cü il tarixdən, yəni 47 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının hesablanması zamanı yaranacaq fərq məbləğinin “Əmək pensiyaları haqqında” AR Qanununun xx.xx.2013-cü ildə qüvvədə olan 37.7-ci maddəsinin tələbləri əsasında hesablanaraq birdəfəlik qaydada ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçının idarəyə təqdim etdiyi “xxxx” ASCnin verdiyi xx.xx.2018-ci il tarixli 33/25 nömrəli arayışında xx.xx.1984-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə avtomat və yarımavtomat vəzifələri qeyd edilsə də, həmin arayışda işlədiyi vəzifələrin AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının elektron texnikası məmulatlarının və radio aparatlarının istehsalı bölməsinin (13a) bəndində civə tətbiq etməklə cihaz və məmulatlar hazırlayan iş sahələrində məşğul olan fəhlələr olması barədə məlumat qeyd edilməmişdir. Həmin məlumat, həmçinin, iddiaçının əmək kitabçasında da qeyd edilməmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili apellyasiya şikayətinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə qismən əsaslıdır. İşdə olan, Azərbaycan Respublikası vətəndaşının AZE ******** nömrəli şəxsiyyət vəsiqəsindən müəyyən edilir ki, iddiaçı xx.xx.1966-cı il tarixdə anadan olmuşdur. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli **********1 nömrəli məktubda göstərmişdir ki, AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın elektron texnikası məmulatlarının və radio aparatların istehsalı bölməsinin (13) “a” bəndində civə tətbiq etməklə, cihaz və məmulatlar hazırlayan iş sahələrində məşğul olan fəhlələr nəzərdə tutulmuşdur. İdarəyə təqdim etdiyi “xxxx” ASC-nin iddiaçıya dair xx.xx.2018-ci il tarixli 33/24 nömrəli arayışında xx.xx.1989-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə quraşdırıcı və ştamplayıcı vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin arayışda işlədiyi vəzifələrin yuxarıda qeyd olunan sahə və vəzifələrə aid olub-olmaması barədə məlumat göstərilməmişdir. Eyni zamanda İdarəyə təqdim etdiyi xx.xx.1988-cü il tarixli AZE ******* nömrəli əmək kitabçasında xx.xx.1985-xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində Göyçay rayonu K. Marks adına kolxozda işləməyinə dair aparılmış qeydlər arxiv arayışları ilə təsdiq edilməmişdir. Qeyd olunanlara əsasən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə İdarəyə təqdim etdiyi güzəştli arayışında işlədiyi sahənin siyahıda göstərilən sahə və vəzifəyə aid olub-olmaması barədə məlumatlar qeyd edildikdən, həmçinin, xx.xx.1985-xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində Göyçay rayonu K.Marks adına kolxozda işləməyinə dair aparılmış qeydlər arxiv arayışları əsasında təsdiq edildikdən sonra baxıla bilər. İddiaçıya məxsus xx.xx.1988-ci il tarixli AZE ******* nömrəli “Kolxozçunun əmək kitabçası”nın Azərbaycan dilinə tərcümə edilməklə notariat təsdiqli surətinə əsasən, o, xx.xx.1985-ci ildən (ümumi iclasın xx.xx.1985-ci il tarixli 1 saylı protokolu) K.Marks adına kolxozun idarə heyətinin qərarına əsasən kolxozun üzvlüyünə qəbul edilmiş, xx.xx.1988-ci il tarixli protokola əsasən xx.xx.1988-ci il tarixdən kolxoz üzvlüyündən azad edilmiş, 61 saylı xx.xx.1989-cu il tarixli əmrlə həmin tarixdən Lyüminisent lampaları yığma sexinə quraşdırıcı şagirdi qəbul edilmiş, 109 saylı xx.xx.1989-cu il tarixli əmrlə ona Lyüminisent lampaları yığma sexində vakkumçu quraşdırıcının 2-ci dərəcəsi verilmiş, 96/k saylı xx.xx.1991-ci il tarixli əmrə əsasən xx.xx.1991-ci il tarixdən “İşıq” elmi-istehsalat müəssisəsinə köçürmə yolu ilə işdən azad edilmiş, 53 saylı xx.xx.1991-ci il tarixli əmrə əsasən xx.xx.1991-ci il tarixdən “İşıq” kiçik müəssisəsinə köçürmə yolu ilə 2-ci dərəcəli quraşdırıcı işinə qəbul edilmiş, 38 saylı xx.xx.1993-cü il tarixli əmrə əsasən “xxxx” İXB Baş zavoduna köçürmə yolu ilə xx.xx.1993-cü il tarixdən işdən azad edilmiş, 130 a/k saylı xx.xx.1993-cü il tarixli əmrlə xx.xx.1993-cü il tarixdən “xxxx” İB “İŞTQ” KM-dən köçürmə yolu ilə 3 nömrəli Lyüminisent lampaları yığma sexinə 2-ci dərəcəli ştamplayıcı qəbul edilmiş, 69 saylı xx.xx.2007-ci il tarixli əmrə əsasən xx.xx.2007-ci il tarixdən işdən azad edilmişdir. “xxxx” ASC-nin xx.xx.2018-ci il tarixli 33/24 nömrəli arayışında göstərilmişdir ki, iddiaçı xx.xx.1989-ci il tarixdə (xx.xx.1989-ci il 61 saylı əmrlə) xx.xx.2007-ci il tarixə qədər (xx.xx.2007-ci il 69 saylı əmr) “xxxx” Bakı İstehsalat Birliyinin (BİB) Lyumilampalar sexinə şagird qəbul edilmiş, işlədiyi müddətdə həmin sexdə müxtəlif vəzifələrdə işləmişdir. AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il 320 saylı qərarının 1-ci bəndinə əsasən: 1. Yeraltı işlərdə əmək şəraiti xüsusi ilə zərərli və xüsusi ilə ağır olan işlərdə çalışanları, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısı təsdiq edilsin (1 nömrəli əlavə). İddiaçı 18 il 6 ay NK-nın yuxarıda göstərilən qərarınln 1-ci siyahısındakı 13-cü bölməsinin 1130000a-17531 bəndinə əsasən xüsusi zərərli sahələrdə çalışmışdır. Ləğvetmə prosesində olan “xxxx” ASC-nin xx.xx.2020-ci il tarixli arayışında qeyd olunmuşdur ki, iddiaçı həqiqətən xx.xx.1989-cu il tarixindən “xxxx” X1 lampaları yığma sexində əmək fəaliyyətinə ştamplayıcı olaraq başlamış, müxtəlif zərərli peşələrdə çalışmış və İstehsalat Birliyinin bazasında “xxxx” ASC yaradılanadək, yəni xx.xx.2001-ci ilədək 12 il 8 ay 26 gün stajı vardır. Lakin, nəzərə çatdırılır ki, əmək kitabçasında İddiaçı ASC-nin xx.xx.2007-ci il tarixli 69 nömrəli Əmri ilə işdən azad olunduğuna dair qeyd öz əksini tapmışdır. Eyni zamanda, onun işlədiyi sexdə ətraf mühitə civə buxarı buraxıla bilən normadan yüksək olduğundan həmin sex zərərli iş sahəsi hesab olunurdu. Bu baxımdan, o, “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1-ci siyahının 13-cü bölməsinin (elektron texnikası məmulatlarının və radio aparatlarının istehsalı) 1130000a-17531 (civə tətbiq etməklə cihaz və məmulatlar hazırlanan iş sahələrində məşğul olan fəhlələr) maddəsinə əsasən güzəştli pensiya hüququna malikdir. Qeyd: X3 Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamentinin xx xxxxxx 2001-ci il tarixli 257 saylı sərəncamı ilə “xxxx” İstehsalat Birliyinin bazasında “xxxx” ASC yaradılmışdır. Bakı şəhərinin ekoloji vəziyyətinin yaxşılaşdırılmasının təmin edilməsi məqsədilə AR Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 41s nömrəli sərəncamına əsasən “xxxx” ASC-nin müvafiq kommunikasiya və infrastruktura malik olan sənaye şəhərciyinin yaradılması məqsədilə daimi istifadə üçün AR İqtisadiyyat Nazirliyinə ayrılmış Abşeron və Xızı rayonları ərazilərinə köçürülməsi nəzərdə tutulmuş və 2007-ci ildən fəaliyyətini tamamilə dayandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail omaq üçün işə aşağıdakı qanunvericilik aktlarının müddəaları tətbiq olunmalıdır. xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə görə, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşagörə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” (bundan sonra - 1 nömrəli Siyahı) üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri x xxxxxx 1997-ci ildən, qalan maddələri isə x xxxxxx 1998-ci ildən qüvvəyə minmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. AR Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası cavabdehin imtinasının və apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, yuxarıda istinad olunan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının 47 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 4 şərtə birlikdə əməl olunmalıdır: 1) 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 7 il 6 ay, ümumi iş stajı minimum 15 il olmalı; 3) xüsusi və ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olmalı; 4) güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Qeyd olunan şərtlərə iş üzrə əməl olunur. Belə ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 1 nömrəli Siyahıda nəzərdə tutulan “11300000 - Xİİİ. Elektron texnikası məmulatlarının və radio aparatlarının istehsalı - 1130000a-17531 - a) civə tətbiq etməklə, cihaz və məmulatlar hazırlanan iş sahələrində məşğul olan fəhlələr” peşəsində minimum 7 il 6 ay işləməsi və minimum 15 illik ümumi staja malik olması əmək kitabçası və iş yerinin güzəştli arayışları ilə təsdiq olunur. Bu mənada məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşsa da, həmin məhkəmənin keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinə “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəasını tətbiq etməməsini hüququn tətbiqində yol verilmiş səhv olaraq qiymətləndirir. Mübahisəli hüquqi məsələyə dair hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” xx.xx.2020-ci il tarixli Qərardadında da məhkəmələrə izah olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (İPM-in 14.3-cü maddəsi), “Əmək pensiyaları haqqında” Qanunla və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM-in 73.1-ci maddəsi), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 17-ci maddəsi). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi hissədə təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olsa da, məhkəmənin əmək pensiyasının hesablanması zamanı yaranacaq fərq məbləğinin “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2013-cü ildə qüvvədə olan 37.7-ci maddəsinin tələbləri əsasında hesablanması ilə bağlı qərarı doğru olmamışdır. Bununla əlaqədar olaraq, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə iddiaçının cavabdehə müraciət etdiyi xx.xx.2019-cu il tarixdən əvvəlki üç il nəzərə alınmaqla dəyişdirilməli, qərarın nəticə hissəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2013-cü ildə qüvvədə olan 37.7-ci maddəsinin tələbləri əsasında” sözləri “xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxx 2019-cu il tarixədək” sözləri ilə əvəz edilməli, qalan hissədə qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət qismən təmin edilməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3534/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilsin. Qərarın nəticə hissəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2013-cü ildə qüvvədə olan 37.7-ci maddəsinin tələbləri əsasında” sözləri “xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxx 2019-cu il tarixədək” sözləri ilə əvəz edilsin. Qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının apellyasiya şikayəti qismən təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-2023/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2023/2020
07.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver