Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2023/2021 12.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iş stajının sosial sığorta stajına daxil edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 04.06.2021-ci il tarixli, 2-1(112)-2977/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçının "xxxx" Azərbaycan-Rusiya birgə müəssisəsində işlədiyi, rəsmi qaydada təsdiq edilmiş 1 il 7 ay 27 gün iş stajının onun sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 04.06.2021-ci il tarixli, 2-1(112)-2977/2021 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 04.06.2021-ci il tarixli, 2-1(112)-2977/2021 saylı qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 20.03.1979-cu il tarixində açılmış əmək kitabçasında onun 05.08.1994-01.04.1996cı il tarixləri arasındakı dövr ərzində "xxxx" Azərbaycan Rusiya Birgə Müəssisəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən qeyd olunan əmək stajı və həmin dövr üçün müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilibödənilməməsinin dəqiqləşdirilməsi ilə bağlı 08.01.2020-ci il tarixində aidiyyəti üzrə sorğu verilmişdir. 03.06.2020-ci il tarixində daxil olmuş müvafiq cavaba uyğun olaraq "xxxx" Azərbaycan X3 arxiv sənədlərinin dövlət arxivinə təhvil verilmədiyi üçün iddiaçının adıçəkilən müəssisədə əmək fəaliyyəti ilə məşğul olduğunu təsdiq edəcək hər hansısa sənəd aşkar edilməmişdir. Bundan başqa Mərkəzi Filialın aidiyyəti mütəxəssislərinin müvafiq məsələ ilə bağlı 25.08.2020-ci il tarixində Mingəçevir şəhərində yerində baxış keçirərkən müəssisənin hüquqi ünvanları aşkar edilməmişdir. Bu səbəbdən də 05.08.1994- 01.04.1996-cı il tarixləri arasındakı dövrü iddiaçının əmək stajına daxil etmək mümkün olmadığından, onun ümumi iş stajı 1 yanvar 2006-cı il tarixinədək 25 ildən az (24 il 9 ay 28 gün) təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 04.06.2021-ci il tarixli, 2- 1(112)-2977/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası iclasa çağırılan şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş və tərcümə edilmiş Əmək kitabçasına əsasən İddiaçı 14.03.1979-cu il tarixdə əmək fəaliyyətinə başlamış və 13.02.2019-cu il tarixədək müxtəlif müəssisə və peşəsində işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir Şöbəsinin 520 nömrəli 19.11.2019-cu il tarixli arayışına əsasən İddiaçı 24.10.1979-cu il tarixdən 30.10.1981-ci il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan "xxxx" Azərbaycan-X3 78 nömrəli 20.11.2019-cu il tarixli Güzəştli Arayışında göstərilmişdir: “X1 ondan ötrü ki, o həqiqətən “Qafqazenerjitəmir" İxtisaslaşdırılmış istehsalat idarəsində 04.12.1981 -ci il tarixindən (ƏMR № 96-KŞ 30.11.81) turbin avadanlığının təmiri üzrə çilingər, usta vəzifəsində işləmişdir. 01.04. 1996cı ildə ƏM-nin 36 maddəsinin 5-ci bəndinə əsasən köçürmə yolu ilə işdən azad edilib (ƏMR 17-Kş 06.08.96). “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23.01.2007-ci il tarixli Qərarında qeyd edildiyi kimi bu vəzifələr güzəştli şərtlərlə pensiya hüququna malikdir.” İş materiallarında olan "xxxx"ASC "xxxx"MMC-nin 201-35 nömrəli 12.11.2019-cu il tarixli Arxiv Arayışında göstərilmişdir: “X2 ondan ötrü ki, o həqiqətən 01.04.1996-cı il tarixində Xüsusiləşdirilmiş Təmir-Quraşdırma müəssəsəsində Turbin Təmir Quraşdırma sexinə sahə rəisi vəzifəsinə işə qəbul edilmişdir. (01.04.1996-cı il. Əmr № 03/K) 10.09.1997-ci ildə Azərbaycan Respublikasının ƏQM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad olunmuşdur. (09.09.1997-ci il. Əmr № 58/K) 15.09.1997—ci ildə Xüsusiləşdirilmiş Təmir-Quraşdırma müəssəsəsində Turbin Təmir Quraşdırma sexinin Turbin təmir sahəsinə sahə rəisi vəzifəsinə işə qəbul edilmişdir. (12.09.1997-ci il. Əmr № 59/K) 02.07.2001-ci il tarixdən müəssisənin ləğvi ilə əlaqədar işdən azad olmuşdur. ("xxxx" SCEİB 21.06.2001-ci il Əmr № 80)” İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsi işin hallarına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2, 7, 9.1, 9.8, 21.1, 31.1, 37.7-ci maddələrini, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsini, Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsini, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.3, 4.1.9, 4.1.10, 4.1.11-ci bəndlərini, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 8.0.8-ci maddəsini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, İddiaçı 01.01.2006-cı il tarixə kimi 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi məhkəmənin sorğusuna cavab olaraq 16.02.2021-ci il tarixli məktubla bildirmişdir ki, Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsi 05.04.1994-ci il tarixdə ********** VÖEN-lə qeydiyyata alınmışdır və hüquqi ünvanı: AZ1114, Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi Svetlana Məmmədova küçəsi,ev 207-dir. Göründüyü kimi, cavabdeh orqanın mübahisələndiyi dövrdə iddiaçının işlədiyi Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin 05.04.1994-ci il tarixdə qeydiyyatdan keçməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 04.06.2021-ci il tarixli, 2-1(112)-2977/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azər Hüseynov Hakimlər: Səadət Bəktaşi Vidadi Məmmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2023/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2023/2021
12.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver