Məhkəmə qərarları › İş №2-1(103)-2023/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2023/2022

21.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2023/2022 21.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2-1(112)-2801/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “Ulduz Elm-İstehsalat Birliyi”ndəki işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və ona əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı ildə anadan olmuşdur. Hazırda 66 yaşım vardır. Yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Əmək stajı hərbi xidmət də daxil olmaqla 27 ildən artıqdır. Cavabdeh əsassız olaraq xx.xx.1995-ci tarixindən xx.xx.2005-ci il tarixinədək "xxxx" X3 işlədiyi vaxtı əmək stajının sığorta stajına daxil etməyərək 10 sentyabr 2021-ci il tarixində daxil olmuş poçt zərfi ilə xx.xx.2021-ci il tarixində **********5 saylı məktubla ona yaşa görə pensiyanın təyin edilməsindən imtina haqqında cavab vermişdir. Səbəb kimi xx.xx.1995-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək “Ulduz’” X7 tərəfindən arxiv sənədlərinin təqdim olunmadığını əsas gətirmişlər. O, arxiv sənədlərinin saxanılması üçün heç bir məsuliyyət daşımır və onun heç bir təqsiri yoxdur. Belə olan halda məcbur olub pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə üz tutumuşdur. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 65 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2-1(112)-2801/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim: O.Həsənov) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı xx.xx.1979-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyini və əmək haqqı aldığını iddia edir. Lakin, İddiaçı 09.01,1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “Ulduz Elm-istehsalat Birliyi’ndə işlədiyini iddia etdiyi dövrlərə dair arxiv sənədləri (əmək haqqı cədvəlləri, əmrlər) olmadığından həmin müddətlər mübahisələndirilərək məsələnin müsbət həlli mümkün olmamışdır. İşə tam, hərtərəfli və obyektiv baxılmasını təmin etmək məqsədilə, məhkəmə tərəfindən müvafiq orqanlara sorğular göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli **********67 nömrəli məktubuna əsasən, "xxxx"nin ərazisində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin inzibati binası tikilərək istifadəyə verilmiş, eyni zamanda birliyin heç bir fəaliyyəti və əmlakı yoxdur. Həmçinin, “Ulduz Elm-istehsalat Birliyi”nin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə təhvil verilməmişdir. Qeyd olunan araşdırmalara əsasən, İddiaçı ******* nömrəli əmək kitabçasında xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək dövrlərin qeyd olunmasına baxmayaraq, arxiv sənədləri (əməkhaqqı cədvəlləri, əmrlər) olmamasından həmin illərin sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə uyğun deyil. İş materiallarında sözügedən əmək kitabçasından başqa iddiaçının əmək fəaliyyətini təsdiq edən sənəd yoxdur. İddiaçının ******* nömrəli hərbi biletinə və ******* nömrəli əmək kitabçasına əsasən mübahisələndirilməyən sosial sığorta stajı 17 il 21 gün təşkil edir. Tələb olunan 25 il sosial sığorta stajına qarşı iddiaçının 17 il 21 gün sosial sığorta stajı olduğundan həmin müddətə uyğun hesablanan pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Göründüyü kimi qanunda nəzərdə tutulan iki şərtdən heç biri ödənilməmişdir. Belə olan halda İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və bu maddədə göstərilən sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. Lakin, birinci instansiya məhkəməsi əsassız olaraq iddianın təmin edilməsi barədə qərar qəbul etmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ona 65 yaşdan yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırılması zamanı ünvanlanmış sorğulara verilmiş cavab məktublarından məlum olur ki, "xxxx" X7 20 iyun 1996-cı il tarixdə qeydiyyata alınmış, eyni zamanda birlik tərəfindən arxiv sənədləri dövlət arxivinə təhvil verilməmiş və hazırda birliyin heç bir fəaliyyəti və əmlakı yoxdur. Beləliklə, birliyin hazırki mərhələdə fəaliyyəti müəyyən olunmaması, həmçinin onun tərəfindən Dövlət Arxivinə sənədlərinin təqdim edilməməsi, iddiaçının həmin dövrdə "xxxx" X4 işləməsini təsdiq edən digər sənədlər (məsələn: əmrlər, əmək haqqı cədvəlləri və s.) əsasında müəyyən edilməsi mümkün deyildir. Bu səbəbdən Məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasında göstərilmiş qeydlərin mötəbərliyini şübhə altına almır, əksinə həmin qeydlər əsasında iddiaçının "xxxx" X4 işlədiyi illəri onun sığorta stajına daxil edir. Məhkəmə cavabdehin yazılı etirazda müəssisə tərəfindən məcburi sosial sığorta haqqlarının ödənilib-ödənilməməsi ilə bağlı mülahizəsinə münasibətdə qeyd etmişdir ki, alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıbalınmamalı olduğuna dair məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67ci maddəsinin səkkizinci hissəsi ilə tənzimlənmişdir. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normadan hərəkətlə iddiaçının 1993-2002-ci illərdəki işlədiyin dövrün pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır. 2002-2005-ci illərə münasibətdə isə nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Beləlilklə, qanunvericiliyə edilmiş tənzimləmələrlə 2006-cı ilin 01 yanvar tarixinə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar silindiyindən iddiaçının "xxxx" X4 işlədiyi müddətin sığorta stajına daxil edilməsi üçün məcburi sosial sığorta haqqlarının ödənilib-ödənilməməsi mühüm rol oynamır . Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. İş materiallarında olan НЗ ******* №-li hərbi biletin surətindən müəyyən olunur ki, iddiaçı xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan iddiaçıya məxsus ИT-İ seriyalı ******* №-li əmək kitabçasının surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək əməyin işəmuzd qaydada ödənilməsi ilə 1-ci dərəcəli fəhlə, xx.xx.1981-ci il tarixdə Bakı Avtomobil nəqliyyatı istehsalat Birliyinin 270 nömrəli Avtokolonasına sürücülük məktəbinə kursant qəbul olunmuş, xx.xx.1981-ci il tarixdə 3-cü dərəcəli sürücü keçirilmiş və xx.xx.1983-cü il tarixdə işdən azad edilmiş, xx.xx.1983-cü il tarixdən xx.xx.1986-cı il tarixədək “Azərbaycanfilm” kinostudiyasında 3-cü dərəcəli sürücü, xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək Sərnişin Daşımaları İdarəsi yanında Avtomobil nəqliyyatı kolonasında sürücü, xx.xx.1988-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Beynəlxalq sərnişin daşımalarının avtobus parkı 2-ci dərəcəli sürücü, xx.xx.1995-ci il tarixdə Azərb.EİB "xxxx" Nəqliyyat sahəsinə 2-ci dərəcəli sürücü vəzifəsinə qəbul olunmuş, xx.xx.1999-cu il tarixdə ГАЗ-66 avtomobilinə 2-ci dərəcəli sürücü keçirilmiş, xx.xx.2002-ci il tarixdə nəqliyyat sahəsinə 4-cü dərəcəli təmirçi-çilingər keçirilmiş və xx.xx.2005-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. İş materiallarında olan iddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq, DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ona ünvanlanmış yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2021-ci il tarixli **********5 saylı məktubda bildirilmişdir ki, təqdim etdiyiniz xx.xx.1979-cu il tarixində tərtib edilmiş MT-İ № ******* saylı əmək kitabçanıza və hərbi biletinizin surətinə əsasən sığorta stajınız 17 il olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 12955,19 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildiririk ki, X8, monitorinq və araşdırma şöbəsinin xidməti məruzəsinə əsasən sizin xx.xx.1995-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək işlədiyiniz "xxxx" X7 tərəfindən arxiv sənədləri təqdim olunmadığı üçün həmin dövrlərin araşdırılması mümkün olmamışdır. Bu səbəblə sözügedən dövrlərin sığorta stajına daxil edilməsi qanunauyğun hesab edilmir. İş materiallarında olan Dövlət Statistika Komitəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış xx.xx.2021-ci il tarixli 01/3-2463 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının Statistik vahidlərinin Dövlət reyestrində "xxxx" X7 20 iyun 1996-cı il tarixdən qeydiyyatdadır. İş materiallarında olan Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış xx.xx.2021-ci il tarixli **********891100 nömrəli məktubdan görünür ki, İdarədə olan reyestrdə "xxxx" X7 adlı kommersiya qurumu aşkar olunmamışdır. İş materiallarında olan Milli Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış xx.xx.2021-ci il tarixli 4/2036 nömrəli məktubdan görünür ki, "xxxx" X5 arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış xx.xx.2021-ci il tarixli 05/7646-11 nömrəli məktubdan görünür ki, xx.xx.2008-ci il tarixdən Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə vahid dövlət qeydiyyat orqanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müəyyən edildiyindən həmin quruma dair məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış xx.xx.2021-ci il tarixli **********95 nömrəli məktubdan görünür ki, "xxxx" X7 “Xüsusi maşınqayırma və konvensiya sənayesi müəssisələrinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 19 mart tarixli, 1178 nömrəli Sərəncamı ilə özəlləşdirilməyə açıq elan edilmişdir. Bakı şəhərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması tədbirləri çərçivəsində "xxxx" X5 ərazisində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin inzibati binası tikilərək istifadəyə verilmiş, eyni zamanda hazırda birliyin heç bir fəaliyyəti və əmlakı yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra-Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Qeyd edilən konstitusion müddəadan çıxış etməklə Azərbaycan Respublikasının qanunvericiliyi sosial təminat hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını müəyyənləşdirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən iş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. O, xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək həqiqi hərbi xidmətdə olmuş (2 il 1 ay 17 gün), əmək kitabçasına əsasən xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək əməyin işəmuzd qaydada ödənilməsi ilə 1-ci dərəcəli fəhlə (01 il 05 ay 11 gün), xx.xx.1981ci il tarixdən xx.xx.1983-cü il tarixədək Bakı Avtomobil nəqliyyatı istehsalat Birliyinin 270 nömrəli Avtokolonasında sürücülük məktəbində kursant, 3-cü dərəcəli sürücü vəzifəsinsə (02 il 01 ay 25 gün), xx.xx.1983-cü il tarixdən xx.xx.1986-cı il tarixədək “Azərbaycanfilm” kinostudiyasında 3-cü dərəcəli sürücü (03 il 02 ay 07 gün), xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək Sərnişin Daşımaları İdarəsi yanında Avtomobil nəqliyyatı kolonasında sürücü (01 il 02 ay 13 gün), xx.xx.1988-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Beynəlxalq sərnişin daşımalarının avtobus parkında 2-ci dərəcəli sürücü (06 il 11 ay 24 gün), xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Azərb.EİB "xxxx" Nəqliyyat sahəsində 2-ci dərəcəli sürücü, nəqliyyat sahəsində 4-cü dərəcəli təmirçi-çilingər vəzifələrində işləmişdir (10 il 09 ay 19 gün). Göründüyü kimi iddiaçının hərbi xidmət illəri və əmək kitabçasına əsasən 27 il 10 ay 26 gün iş stajı olmuşdur. Lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilməsinə əsas iddiaçının əmək kitabçasında xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" X4 işlədiyi qeyd olunmasına baxmayaraq, arxiv sənədləri (əməkhaqqı cədvəlləri, əmrlər) olmamasından həmin illərin sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə uyğun olmadığı göstərilmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən cavabdehin həmin dəlillərini əsassız hesab edir. Belə ki, “Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət registrinin yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 9 sentyabr tarixli, 496 №-li qərarı ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət registrinin yaradılması və aparılması üzrə struktur bölməsinin təsis edilməsi tapşırılmışdır. Qeyd olunan qərarla təsdiq edilmiş “Azərbaycan Respublikası statistik vahidlərin Dövlət Registri haqqında” Əsasnamənin 1-ci bəndində göstərilmişdir ki, bu Əsasnamə təsərrüfat obyektlərinin (irəlidə “obyektlər” adlanacaq) uçota alınması qaydalarını, onların fəaliyyəti haqqında məlumatların təzələnməsinin qaydasını və dövriliyini, uçot obyektlərinin Dövlət Registrinin (sonralar registr adlanacaqdır) yaradılması, aparılması və ondan istifadə olunması prinsiplərini, onun maliyyələşdirilməsi və ləğv edilməsi qaydasını müəyyən edir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən dövrlər “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrə aid əmək fəaliyyətini əhatə edir və müvafiq olaraq həmin dövrlərdəki əmək fəaliyyətinin pensiya hüququ verən sosial sığorta stajına hesablanıb-hesablanmaması məsələsinə də məhz həmin Qanunun müddəalarından çıxış etməklə qiymət verilməlidir. Belə ki, həmin dövrdə əmək haqqının alınmaması və ya alınsa belə həmin əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıb-alınmamalı olduğuna dair məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimləmişdir. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 01 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normadan hərəkətlə iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" X4 işlədiyi dövr pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməlidir. Bu zaman həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmur. Bundan başqa qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 21 noyabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür (3.1-ci bənd); Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir (3.1.1-ci bənd); Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur (3.1.2-ci bənd). Beləliklə, hazırkı iş üzrə nəzərə alınmalıdır ki, mübahisəli məsələ 01 yanvar 2006-cı il tarixədək əmək fəaliyyəti ilə bağlı olduğundan, iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqlənir. Qanunvericiliyin yuxarıda istinad olunan müddəaları isə sözügedən dövrün iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməli olduğunu təsbit edir. Həmçinin, iş materialları ilə "xxxx" X5 20 iyun 1996-cı il tarixdə statik vahidlərin dövlət reyestrində qeydiyyatda olduğu, daha sonra sərəncamla özəlləşdirməyə açıq olduğu, başqa sözlə fəaliyyətdə olmuş müəssisə olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan tərəfindən iddiaçının sığorta stajı müəyyən dövrə münasibətdə mübahisələndirilsə də, qeyd olunan dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyini təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Əksinə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının əmək kitabçasındakı qeydlər qanunla müəyyən olunmuş qaydada (əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işçinin peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir) aparılmış və iddiaçının işlədiyi (cavabdeh tərəfindən mübahisələndirilən dövr üzrə) müəssisə Azərbaycan Respublikasının müvafiq Qanunvericiliyinə uyğun olaraq dövlət qeydiyyatından keçmişdir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq məhkəmə kollegiyası həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" X4 işlədiyi dövr pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsində əmək pensiyalarının növləri və tərkibləri (yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası) müəyyən edilmişdir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilir: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi» Qaydalarının 4.1.2-ci bəndinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılır. Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə pensiyanın yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. İddiaçının toplamalı olduğu sosial sığorta stajına münasibətdə kollegiya qeyd edir ki, iş materialları ilə və əmək kitabçasına əsasən 25 ildən çox sosial sığorta stajına malikdir. Yaş həddinə gəlincə isə 2021-ci ilin iyul ayınadək kişilərin pensiya təyin edilməsi üçün tələb edilən yaş həddi 65 ildir. İddiaçının xx.xx.1956-cı ildə anadan olduğunu nəzərə alaraq ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 65 yaşında, xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası hüququ yaradır. Belə olduğu təqdirdə hesab olunur ki, İddiaçı yaşa və sosial sığorta stajına görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin şərtlərinə uyğundur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması müddəasını nəzərə almayaraq iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş sosial təminat hüququnu pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2-1(112)-2801/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar