Məhkəmə qərarları › İş №2-1(103)-2023/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2023/2025

25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2023/2025 25.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi, Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********6134 saylı qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli, e-2-1(112)-2061/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin iddiaçı barəsində qəbul etdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********6134 nömrəli qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidməti Milli Gəlirlər baş idarəsinin xx.xx.2024-cü il tarixli **********5320 saylı qərarı əsasında həmin Baş idarənin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Yesenin küçəsində yerləşən “X55”da operativ vergi tədbiri həyata keçirilmişdir. Həmin operativ vergi nəzarəti tədbiri zamanı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən sözügedən Parkda əmək müqaviləsi bağlanmadan 36 nəfər işçilərin müxtəlif işlərin yerinə yetirilməsinə cəlb olunması ehtimal olunaraq, xx.xx.2024-cü il tarixdə qeyd olunan hüquqpozma ilə əlaqədar DVX N001910 saylı akt tərtib olunmuşdur. Qeyd olunan tədbirin nəticəsi olaraq isə Milli Gəlirlər baş idarəsi tərəfindən xx.xx.2024-cü il tarixli **********6134 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması haqqında” qərar qəbul olunmuş və Cəmiyyətə 72000 manat həcmində maliyyə sanksiyası tətbiq olunmuşdur. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün icazə alınmasına dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən alınmış “Çıxarış” və müvafiq qərar Cəmiyyətə təqdim olunmamışdır. Bundan başqa, operativ vergi nəzarəti tədbiri Vergi qanunvericiliyinin tələblərinə əsasən müşahidəçilərin iştirakı təmin olunmadan həyata keçirilmişdir. Operativ vergi nəzarəti tədbiri xx.xx.2024-cü il tarixdə keçirilsə də, bununla bağlı akt həmin tədbirin nəticəsində tərtib olunmalı olduğu halda, xx.xx.2024-cü il tarixdə tərtib olunmuşdur. Yəni, akt tədbir keçirilən gün tərtib olunmamış, tədbirin başlanması saatı və bitmə saatı öz əksini tapmamışdır. Akt sonradan tərtib olunmuşdur. Operativ vergi nəzarəti tədbiri zamanı əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb olunması ehtimal olunan şəxslərin heç biri Cəmiyyət tərəfindən həmin işlərə cəlb olunmamışdır. Cəmiyyət tərəfindən “Dendraloji Park”da həyata keçirilən işlər öz işçiləri tərəfindən icra olunur. Həmin işlərdə əmək müqaviləsi olmadan işlərə cəlb olunması ehtimal olunan şəxslər isə ehtimal olunur ki, digər subpodratçılar tərəfindən həmin işlərə cəlb olunmuşdur və ya ümumiyyətlə park ərazisində naməlum səbəblərdən olan şəxslər olmuşlar. Həmin şəxslərin heç birinin Cəmiyyətə aidiyyəti olmamışdır. Aktda adları qeyd olunan şəxslərlə bağlı zəruri araşdırma həyata keçirilmədən və izahatları alınmadan, həmçinin Cəmiyyətin bununla bağlı mövqeyi nəzərə alınmadan sözügedən akt və nəticədə müvafiq qərar tərtib olunmuşdur. İddiaçının vəkili və nümayəndəsinin xx.xx.2024-cü il tarixli yazılı izahatında göstərilmişdir ki, operativ vergi nəzarəti tədbirinin keçirilməsi ilə bağlı müvafiq sənədlərdən görünür ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestri”ndən KY242116136 nömrəli “Çıxarış” xx.xx.2024-cü il tarixdə əldə olunmuş və tədbir xx.xx.2024-cü il tarixdə keçirilmişdir. Lakin, X57, X64, X35, X36, X12, X65, X52, X29, X78, X69, X83, X79, X9, X4, X25, X58, X26, X66 və X13 olmaqla 19 nəfərin izhatları xx.xx.2024-cü il tarixdə, yəni tədbir keçirilməzdən 2 gün öncə alınmışdır. Bundan başqa, həmin şəxslərin əksəriyyətinin izahatları təhrif olunmuş formada tərtib olunmuş, imzalanmamış və heç bir sübut əhəmiyyəti kəsb edə bilməz. Belə ki, X57, X36, X12, X65, X78, X69, X83, X79, X10, X5, X58, X26, X66 və X19 izahatında “İntiqam” adlı şəxs tərəfindən işlə təmin olunduqları qeyd olunmuşdur. X27 izhatında “Murad” adlı şəxs tərəfindən işlə təmin olunduğu qeyd olunmuşdur. X14 izahatında "xxxx" Şirkətində “Murad” adlı şəxs tərəfindən işlə təmin olunduğu qeyd olunmuşdur. X37 izahatında qeyd olunmuşdur ki, izahat tərtib olunan gün işlə tanış olmaq üçün “Bəhruz” adlı şəxsin dəvəti ilə gəlmişdir və heç bir işə cəlb olunmamışdır. X3 izahatında “İntiqam” adlı şəxsin dəvəti ilə həmin gün işlə tanış olmaq üçün gəlmişdir və heç bir işə cəlb olunmamışdır. Həmin şəxslərdən X65, X66, X25 və X1 izahatları imzalanmamışdır. zahatları alınmış X30, X53, X54, X20, X59, X15, Bludkhan Mamedov və X16 olmaqla 8 nəfər ilə "xxxx" QSC arasında bağlanmış əmək müqaviləsi ilə bağlı xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bildirişləri alınmış və bu barədə izahatlarda da qeyd olunmuşdur. Həmçinin, izahatları alınmış X38, X39, X40, X17, X6, X41, X28 və X18 olmaqla 8 nəfər ilə "xxxx" QSC arasında əmək müqaviləsi bağlanmış və xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bildirişləri alınmışdır. Sadalanan qanunvericilik normasından, həmçinin, faktiki hallardan müəyyən olunur ki, 19 nəfərin izahatına heç bir sübut kimi istinad oluna bilməz. Eyni zamanda, 8 nəfərin də izahatları tədbir keçirilən zaman alınarkən artıq bir gün ondan öncə həmin şəxslərlə bağlanmış əmək müqavilələrinin bildirişləri alınmışdır. Əlavə olaraq, digər 8 nəfərlə isə əmək müqaviləsi bildirişləri tədbir keçirilən gün alınmışdır. Qanunvericilik isə əmək müqaviləsi bildirişinin alınması üçün 1 iş günü müddət müəyyən etmişdir. Belə olan halda, həmin şəxslərin əmək müqaviləsi olmadan işlərə cəlb edildiyini müəyyən etmək qeyrimümkündür və bu hal vergi ödəyicisinin xeyrinə şərh olunmalı haldır. İddiaçının vəkili və nümayəndəsinin xx.xx.2025-ci il tarixli yazılı izahatında göstərilmişdir ki, iş materiallarından görünür ki, hazırkı iddia predmeti üzrə “Operativ vergi nəzarəti tədbirinin keçirilməsi haqqında” **********5320 saylı xx.xx.2024-cü il tarixli qərar ilə bağlı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestri”ndən KY242116136 nömrəli “Çıxarış” xx.xx.2024-cü il tarixdə əldə olunmuş və tədbir xx.xx.2024-cü il tarixdə keçirilmişdir. Həmin tədbirin nəticəsində vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixli DVX001910 saylı akt tərtib olunmuşdur. Aktda qeyd olunmuşdur ki, vergi orqanının xx.xx.2024-cü il tarixli **********5320 saylı qərarı əsasında tədbir xx.xx.2024-cü il tarixdə saat 10:50-də keçirilmişdir. Bundan sonra vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixli **********6134 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması haqqında” qərar qəbul olunmuşdur. Həmin qərarda da qeyd olunur ki, sözügedən qərar vergi orqanı tərəfindən keçirilmiş tədbirin nəticəsində tərtib olunan xx.xx.2024-cüq il tarixli DVX01910 saylı akt əsasında qəbul olunmuşdur. Göründüyü kimi, hazırda mübahisələndirilən xx.xx.2024-cü il tarixli **********6134 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması haqqında” qərar məhz vergi orqanı tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestri"ndən əldə olunmuş KY242116136 nömrəli xx.xx.2024-cü il tarixli “Çıxarış” və “Operativ vergi nəzarəti tədbirinin keçirilməsi haqqında” **********5320 saylı xx.xx.2024-cü il tarixli qərar əsasında xx.xx.2024-cü il tarixdə keçirilmiş və nəticələri xx.xx.2024-cü il tarixli aktla rəsmilləşdirilmiş operativ vergi nəzarəti tədbiri ilə bağlıdır. Qərarda başqa heç bir xüsusat, yəni əvvəllər keçirilmiş tədbir zamanı müəyyən olunmuş pozuntu ilə bağlı hər hansı qeyd öz əksini tapmamış, ümumiyyətlə heç qərar əsaslandırılmamışdır. Cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixli Qanun əsasında xx.xx.2024-cü il tarixdə qüvvəyə minən Vergi Məcəlləsinin 50.4-1-ci maddəsinə istinad edərək, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestri"ndən əldə olunmadan da operativ vergi nəzarəti tədbiri həyata keçirmək səlahiyyətlərinin olmasını bildirmişdir. Bu isə tamamilə absurd bir yanaşmadır. Belə ki, Vergi Məcəlləsinin 50.4-1-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin 50.1-ci maddəsi üzrə operativ vergi nəzarəti bu Məcəllənin 56.1 -ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, həmçinin bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş sənədlərin və məlumatların saxlanılması ilə bağlı ən azı 5 il, habelə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən isə vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında xx.xx.2017-ci il tarixli Qanunun 1.7-ci maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən monitorinqi tərəfindən aparılır. Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən isə fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Sadalanan normalardan da göründüyü kimi qanunvericilik sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarışın alınmasını məcburi hal kimi qiymətləndirir, bu sahədə yoxlamanın ildə bir dəfədən artıq olmamaqla keçirilməsi məhdudiyyətini formalaşdırır, yaranmış prosessual pozuntuları isə sahibkarın xeyrinə hesab olunmasını müəyyənləşdirir. Qanunvericilikdə əmək münasibətləri ilə bağlı iddia müddəti 1 təqvim ayı, bununla bağlı cinayət məsuliyyəti yarandığı halda cinayət məsuliyyətinə cəlb etmə müddəti 2 il müəyyən olunduğu halda, operativ vergi nəzarətini həyata keçirən orqana 3 il müddətə toxuna bilən inzibati və ya vergi məsuliyyəti yaradan hüquq verilə bilməz. Bu tamamilə absurt bir yanaşmadır və qəbul olunmazdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz və ona əlavə təqdim edilmiş və etiraz (etiraza əlavə) onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********5320 nömrəli qərarı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətində (VÖEN: **********) Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin görülməsinə cəlb edilməsi halının olması əsası ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində operativ vergi nəzarəti həyata keçirilməsi qərara alınmışdır. Qərarın icrası üçün Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” xx.xx.2024-cü il tarixli KY242116136 nömrəli “Çıxarış” əldə edilmişdir. Qeyd olunan qərar əsasında "xxxx" QSCnin təmir-tikinti işləri apardığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan ərazisində yerləşən “Dendralogiya Parkı” adlanan ünvanda vergi orqanın əməkdaşları tərəfindən yoxlama həyata keçirilmiş və nəzarət tədbirinin nəticəsi olaraq yoxlama aktı tərtib edilmişdir. Akta əsasən həmin ünvanda Cəmiyyət tərəfindən əmək müqaviləsi bağlanmadan işçilərin əmək fəaliyyətinə cəlb olunması faktı aşkar edilmişdir. Belə ki, yoxlama zamanı ümumilikdə 38 nəfər işçidən və Cəmiyyətin rəhbəri X2 izahatlar alınmış, 2 nəfər işçinin əmək müqaviləsi olması halı istisna olmaqla, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 36 nəfər işçinin işlərin görülməsinə cəlb edildiyi müəyyən edilmişdir. Həmin işçilər izahatlarında 01.06xx.xx.2024-cü il tarixlərindən əmək fəaliyyətinə başladıqlarını, buna baxmayaraq işəgötürənlə əmək müqaviləsi bağlamadıqlarını bildirmişlər. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin rəsmi saytından əldə edilmiş aktiv əmək müqaviləsi bildirişlərinin siyahısından məlum olur ki, yoxlama zamanı əmək müqaviləsinin olmadığı müəyyən edilmiş şəxslərin 05xx.xx.2024-cü il tarixlərində əmək fəaliyyəti rəsmiləşdirilmişdir. Qeyd olunanlara əsasən iddia ərizəsində göstərilənlərin həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə zidd olmaqla əsassız olduğu hesab edilir. Belə ki, iddiaçı ərizəsində qeyd edir ki, yoxlama tədbiri zamanı yoxlamanın keçirilməsi barədə qərar və Ədliyyə Nazirliyinin saytından əldə olunan “Çıxarış” vergi ödəyicisinə təqdim edilməmişdir. Vergi Məcəlləsinin 32.1-ci maddəsinə əsasən vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir. Həmin Məcəllənin 50-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində), nəqliyyat vasitələrində həyata keçirilən vergi nəzarəti formasıdır. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Vergi Məcəlləsinin 70-ci maddəsi vergi ödəyiciləri ilə yazışma qaydalarını tənzimləyir və 70.2-1.3-cü bəndində göstərilir ki, sənədlər vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra göndərilmiş hesab olunur. İnternet Vergi İdarəsindən əldə edilmiş xx.xx.2024-cü il tarixli çıxarışa əsasən xx.xx.2024-cü il tarixli **********5320 nömrəli qərar xx.xx.2024-cü il tarixində vergi ödəyicisinə təqdim edilmiş və həmin tarixdə vergi ödəyicisi tərəfindən oxunmuşdur. Göründüyü kimi vergi orqanı tərəfindən qanunvericiliyin tələblərinə riayət edilmiş və sənədlər vergi ödəyicisinə təqdim edilmişdir. Yoxlama zamanı Cəmiyyətin rəhbəri müəssisədə olmadığından vergi orqanı əməkdaşları tərəfindən nəzarət tədbirinin başlanması barədə qərar və çıxarışın kağız daşıyıcıda təqdim edilməsi mümkün olmamışdır. İddiaçı qeyd edir ki, yoxlama tədbirinin nəticələrini əks etdirən akt xx.xx.2024cü il tarixində deyil, xx.xx.2024-cü il tarixində tərtib edilmiş və bununla aktın tərtib olunması müddəti gecikdirilmişdir. Müvafiq hissəyə münasibətdə bildirilir ki, vergi ödəyicisində vergi nəzarəti tədbiri xx.xx.2024-cü il tarixə kimi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Həmin maddənin 2-ci hissəsində göstərilir ki, operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-49-cu maddələrinin müddəaları tətbiq edilir. Məcəllənin 39-cu maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. Göründüyü kimi vergi nəzarət tədbirinin xx.xx.2024-cü ildə başa çatmasını nəzərə alaraq aktın həmin tarixə kimi tərtib edilməsi qanunvericiliyin tələblərinə uyğundur. Əməkdaşların əmək müqaviləsi olmadan fəaliyyətə cəlb olunmasına münasibətdə iddiaçı bildirmişdir ki, həmin əməkdaşların heç biri Cəmiyyət tərəfindən işlərə cəlb olunmamış, subpodratçılar tərəfindən cəlb olunmuş və Cəmiyyətə heç bir aidiyyəti olmamışdır. Halbuki, yoxlama zamanı 36 nəfər əmək müqaviləsi olmadığı müəyyən olunmuş işçilərlə sonradan müəssisə tərəfindən əmək müqaviləsi bağlanılmışdır. Belə ki, vergi ödəyicisində keçirilən nəzarət tədbirindən sonra Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin rəsmi saytından əldə edilmiş məlumata əsasən həmin işçilərin əmək müqaviləsi bildirişləri qeydə alınmışdır. Bundan başqa, vergi ödəyicisi tərəfindən nəzarət tədbiri zamanı müşahidəçilərin iştirakının təmin edilmədiyi və nəticədə prosesual tələblərə riayət olunmadığı bildirilmişdir. Bununla bağlı bildirilir ki, Vergi Məcəlləsinin 47-ci maddəsində müşahidəçilərin Vergi Məcəlləsində nəzərdə tutulmuş hallarda dəvət edilməsi göstərilmişdir. Əmək münasibətlərinin yoxlanılması zamanı müşahidəçilərin dəvət edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Bundan başqa, Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri aşağıdakılara əməl edildiyi halda, etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz: - onlar öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə; - vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Qeyd olunan əsaslar və qanunvericiliyin tələbləri rəhbər tutulmaqla vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixli **********6134 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmiş və vergi ödəyicisinə təqdim edilmişdir. 19 nəfərin izahatının yoxlama keçirilməzdən əvvəlki tarixlərdə alınması ilə əlaqədar bildirilir ki, Milli Gəlirlər baş idarəsi tərəfindən səyyar vergi yoxlaması keçirilərkən Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Operativ vergi nəzarəti və uçotun təşkili baş idarəsi tərəfindən ərazi üzrə “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarına əsasən operativ vergi nəzarəti keçirilmişdir. Nəzarət tədbiri zamanı Baş İdarə tərəfindən "xxxx" QSC-nin ərazisində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi halları müəyyən edilmiş və həmin şəxslərin izahatları alınaraq Milli Gəlirlər baş idarəsinə göndərilmişdir. Milli Gəlirlər baş idarəsində mənbəyi bəlli olan məlumatlar əsasında səyyar vergi yoxlaması gedişində operativ vergi yoxlaması tədbiri açılmış və xx.xx.2024-cü il tarixli **********5320 nömrəli qərarı Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” xx.xx.2024-cü il tarixli KY242116136 nömrəli çıxarış əldə edilmişdir. Vergi Məcəlləsinin 50.4-1-ci maddəsinə əsasən bu Məcəllənin 50.1-ci maddəsi üzrə operativ vergi nəzarəti bu Məcəllənin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir. Göründüyü kimi vergi orqanı tərəfindən alınmış izahatlar operativ vergi nəzarətinin keçirilməsi barədə qərarın reyestrə salındıqdan sonrakı dövr üzrə məsuliyyət qərarı çıxarılarkən nəzərə alınmışdır. Başqa sözlə hal-hazırda mübahisələndirilən qərara əsas olmuş başlama qərarı iddiaçının bildirdiklərindən fərqli olaraq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” keçirilmişdir. Həmçinin bildirilir ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən operativ vergi nəzarəti tədbirləri təkcə nəzarət tədbirinin keçirildiyi dövr üçün deyil, həmçinin əvvəlki dövrlərdə təsdiq edilmiş hallar üzrə də həyata keçirilməsi qanuna uyğun hesab edilmişdir. İndiki halda isə alınmış izahatlar həmin 19 nəfər işçinin əmək müqaviləsi olmadan işlədiklərini sübut etmiş və Milli Gəlirlər baş idarəsi tərəfindən açılmış qərara əsasən həmin şəxslər üzrə iddiaçı tərəfə maliyyə sanksiyası tətbiq edilmişdir. Əlavə olaraq bildirilir ki, Milli Gəlirlər baş idarəsi tərəfindən açılmış qərar əsasında 19 nəfər fiziki şəxslərin 13-dən yenidən izahatlar alınmışdır. Sadəcə eyni məzmunlu izahatların alınması və artıq müqaviləsiz işçilərin işə cəlb edilməsi fiziki şəxslərin izahatları ilə təsdiq edilməsi sübut edildiyindən yenidən digər şəxslərdən izahatların alınmasına lüzum görülməmişdir. Bundan başqa, iddiaçının 8 nəfər işçidən izahat alınarkən artıq onların əmək müqaviləsinin əvvəlki tarixlərdə qeydiyyata alınması ilə bağlı bildirilir ki, Əmək Məcəlləsinin operativ vergi nəzarət tədbiri həayata keçirildiyi dövrdə qüvvədə olmuş 49-cu maddəsinin müddəalarına əsasən bu Məcəllənin 7-ci maddəsinin 2- 1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Operativ vergi nəzarət tədbirinin Vergi Məcəlləsinin 50.4-1-ci maddəsinə əsasən bu Məcəllənin 50.1-ci maddəsi üzrə operativ vergi nəzarəti bu Məcəllənin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirildiyini nəzərə alaraq 3 illik dövr üzrə işəgötürən tərəfindən əmək müqaviləsi olmadan işlərə cəlb edilməsi faktı təsdiq edildiyi təqdirdə bütün dövr üzrə sanksiyanın tətbiq edilməsi qanunvericilikdə nəzərdə tutulmuşdur. İddiaçı tərəfin işçilərindən izahatlar alınarkən onlar tərəfindən işə başlama dövrlərinin əvvəlki günlərdə olduğu bildirilmişdir. Həmçinin, daxil edilmiş bildirişlər araşdırılarkən həmin bildirişlərin iş gününün sonunda sistemə daxil edildiyi sübut edilmişdir. Bakı İnzibati Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli, e-2-1(112)-2061/2025 saylı qərarı ilə (hakim C.Ə.Quliyev) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli, e-2-1(112)-2061/2025 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosesi zamanı zəruri araşdırma həyata keçirilməmiş, işin halları, inzibati orqana verilmiş səlahiyyətlər, inzibati orqanın hüquqları və vəzifələri müəyyənləşdirilməmişdir. Belə ki, məhkəmə qərarından görünür ki, məhkəmə "əgər həqiqətən də həmin 36 işçi əmək müqaviləsi olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməmişdirsə, hansı səbəbdən sonradan onlarla müqavilə bağlanılırdı?" məntiqi düşüncəsi əsasında daxili inamla yekun qərar qəbul etmişdir. Bu isə heç bir halda qəbul olunan deyildir. Çünki bu suala iddiaçı tərəf cavab vermək məcburiyyətində olmamışdır. Məhkəmə inzibati orqan tərəfindən qanunvericilikdə nəzərdə tutulan prosessual pozuntulara göz yumaraq, özündə formalaşdırdığı yuxarıda qeyd olunan sual əsasında yaranan məntiqi nəticə ilə yekun qərar qəbul etmişdir. Qanunvericilkdə nəzərdə tutulan normalara hər kəs əməl etmək məcburiyyətindədir. Əgər inzibati orqan normalara əməl etmirsə və kobud prosessual pozuntulara əməl edirsə, hansısa sahibkardan normalara birmənalı əməl edilməsinin tələb edilməsi nə dərəcədə ədalətli bir yanaşmadır?! Ona görə də məhkəmə özündə yaranmış suala cavab axtarmaq əvəzinə, qanunvericilikdə nəzərdə tutulan və inzibati orqan tərəfindən yol verilmiş pozuntuları araşdırmalı idi. Beləliklə, göründüyü kimi iş üzrə kifayət qədər maddi və prosessual normaların pozulması halları mövcuddur və məhkəmə çəkişməsinin nəticəsində qəbul olunmuş yekun qərar işin hallarına deyil, məhkəmənin özündə yaranmış suala cavab tapılmamasının təzahürüdür (apellyasiya şikayətində əksini tapan digər məqamlar isə iddia ərizəsi ilə eynilik təşkil edir). Məhkəmə iclası ilkin olaraq xx.xx.2025-ci il tarixə təyin edilmiş, lakin iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Nümayəndənin müraciəti nəzərə alınaraq məhkəmə iclası təxirə salınsa da, növbəti məhkəmə iclasında iddiaçı yenə də nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə geniş araşdırma aparılmışdır. İnzibati icraat çərçivəsində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru çağrılıb izahatı alınmışdır. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru özü də “asan imza” vasitəsilə sistemə daxil olaraq sonradan bağlanılmış əmək müqavilələrini göstərmişdir. Yəni işçilərin əvvəl əmək müqaviləsi bağlanılmadan işləmələri faktı təsdiq edilmişdir. Həmçinin 10 nəfərdən çox şəxsin müraciəti əsasında sözügedən faktla bağlı cinayət işi başladılıb. Lakin vergi sanksiyası və işçilərin icbari sığorta haqlarının ödənilməsi əsası ilə cinayət icraatına xitam verilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru ifadəsində, həqiqətən də, əmək müqaviləsi bağlanılmadan işçilərin işlədilməsi faktını etiraf etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar görünür: - Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Operativ vergi nəzarəti və uçotun təşkili baş idarəsi tərəfindən “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********5082 nömrəli qərarı ilə Bakı şəhəri, Xəzər rayonu ərazisində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (xx.xx.2024-cü il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər baş idarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********5320 nömrəli qərarı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin AZ1000, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi (X50) ünvanında yerləşən tikinti fəaliyyəti ilə məşğul olduğu obyektdə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (xx.xx.2024-cü il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. - 5 iyun 2024-cü il tarixli KY242116136 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış”dan görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin AZ1000, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi (X50) ünvanında yerləşən tikinti fəaliyyəti ilə məşğul olduğu obyektdə xx.xx.2024xx.xx.2024-cü il tarixlərdə plandankənar (növbədənkənar) operativ vergi nəzarəti yoxlamasının keçirilməsi sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış, çıxarışda plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas: “Vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; Vergi Məcəlləsinin 50.2.1” göstərilmişdir. Keçirilmiş yoxlama zamanı əsasən 38 nəfər işçidən 36 nəfər işçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edildiyi müəyyən edilmiş, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********6134 nömrəli qərar ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyət DVX 001910 nömrəli 13 iyun 2024-cü il tarixli akt və yoxlama ilə əlaqədar digər zəruri sənədlər əsasında Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 36 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 72000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinnin 50.1-ci maddəsinə əsasən, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır. Vergi Məcəlləsinin 50.4-1-cü maddəsinə görə, bu Məcəllənin 50.1-ci maddəsi üzrə operativ vergi nəzarəti bu Məcəllənin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir. Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, həmçinin bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş sənədlərin və məlumatların saxlanılması ilə bağlı ən azı 5 il, habelə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Birinci instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, işdə olan sübutlarla “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********6134 nömrəli qərarın qəbuluna əsas olmuş hal - iddiaçı tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələbinin pozulması, yəni Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən 36 nəfər fiziki şəxsin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi təsdiq olunur. Belə ki, açılmış qərar əsasında fiziki şəxslərin əksəriyyətindən yenidən izahatlar alınmış, işçilərdən izahatlar alınarkən onlar tərəfindən işə başlama dövrlərinin əvvəlki günlərdə olduğu bildirilmiş, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 36 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmiş, sonradan həmin şəxslər ilə əmək müqaviləsi bağlanmışdır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan Cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarda aşağıdakılar göstərilmişdir: “ … Beləliklə, aparılmış istintaqla sübuta yetirilmişdir ki, "xxxx" QSC-nin direktoru X11 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda şəxsləri, yəni 36 (otuz altı) nəfər işçiləri yəni - X16 (FİN: 4UV1LKU), X30 (FİN: 0THU997), X42 (FİN: 13SNVWT), X6 (FİN: 3E3NJM8), X15 (FİN: 2WUZTUY), X59 (FİN: 1C6FC6N), X54 (FİN: 342HPR7), X53 (FİN: 4PM55A4), X43 (FİN: 24W6K5D), X40 (FİN: 3PE49UR), X28 (FİN: 7H3S5Q8), X69 (FİN: 2KUDR67), X79 (FİN: 2KUD4KC), X78 (FİN: 42PDN9S), X25 (FİN: 16JM3BD), X10 (FİN: 1YKYEDJ), X58 (FİN: 4SQXL3K), X13 (FİN: 1MGPKDG), X35 (FİN: 2S132DL), X64 (FİN: 4MXWVZV), X29 (FİN: 4MKCDDM), X52 (FİN: 60TBPSK), X66 (FİN:3WW5M4), X36 (FİN: 42L6C24), X26 (FİN: 35YKJ45), X65 (FİN: 3B1T4YE), X18 (FİN: 1A6THRH), Buludkhan Mamedov (FİN: 3EB30A), X20 (FİN: 49H71J4), X83 (FİN: 3YD8Z09), X60 (FİN: 4BXAA8C), X12 (FİN: 5F8TAQ7), X38 (FİN: 527GYZJ), X41 (FİN: 62MKD8R), X7 (FİN: 4YJ2FT5) və X8 (FİN: 36CED6U) müxtəlif işlərin yerinə yetirilməsinə cəlb etməklə, Azerbaycan Respublikası CM-nin 162-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. “VEST-LTD" QSC-nin direktoru X11 tərəfindən 36 nəfərin əmək müqaviləsi bağlanılmadan müxtəlif işlərin yerinə yetirilməsinə cəlb ediməsi nəticəsində ödənilməkdən yayındırılmış muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin, eləcə də icbari tibbi sığorta, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarının hesablanması barədə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Audit şöbəsinin xx.xx.2025-ci il tarixli **********355200 nömrəli xidməti məktubundan görünür ki, əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən 36 nəfərin müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilməsi nəticəsində, ümumilikdə 1859,60 manat məbləğində icbari tibbi sığorta, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqları ödənilməkdən yayındırılmışdır. … “VEST-LTD" QSC-nin direktoru X11 ərizə ilə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə müraciət edərək, 1900 manat məbləğində icbari tibbi sığorta, işsizlikdən sığorta, məcburi dövlət sosial sığorta haqlarını və tətbiq olunmuş 72000 manat maliyyə sanksiyasını ödədiyini, bu cinayət əməlini ilk dəfə törətdiyini və törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini bildirərək, barəsində istintaq olunan cinayət işi üzrə i icraata xitam verilməsini xahiş etmişdir”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli, e-2-1(112)-2061/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar