Məhkəmə qərarları › İş №2-1(103)-2024/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2024/2023

19.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2024/2023 19.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X2 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X5) qarşı “sərəncamın etibarsızlığının tanınması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2670/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək SOCAR-ın "Azneft” İstehsalat Birliyinin neft və qaz əməliyyatlarının aparılması məqsədilə daimi istifadəsinə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsində, 39 T 414640; ******* coğrafi koordinatlarda yerləşən 300 kv.m-dən ibarət sənaye təyinatlı torpaq sahəsinin fərdi yaşayış evinin tikilməsi məqsədilə X3 ayrılması barədə Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 1470 saylı sərəncamın etibarsızlığının tanınmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) İddiaçı (İB) neft və qaz əməliyyatlarının aparılması məqsədilə istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahəsinin, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsində, 39 T 414640; ******* coğrafi koordinatlarda yerləşən 300 kv.m-dən ibarət bir hissəsi Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.1999-ci il tarixli, 1470 saylı sərəncamı ilə qanunsuz olaraq fərdi yaşayış evinin tikilməsi məqsədilə vətəndaş X3 ayrılmışdır. Həmin torpaq sahəsində 3cü şəxs tərəfindən tikinti işləri aparılır. Torpaq sahəsinin üzərində aparılan hər hansı fəaliyyət insanların həyat və sağlamlığı üçün potensial təhlükə mənbəyidir. Eləcə də cavabdehin hüquqazidd hərəkətləri nəticəsində göstərilən torpaq sahəsinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud surətdə pozulmuş və SOCAR-ın “Azneft” İB-nin fəaliyyətinə ciddi maneələr yaranmışdır. Bu səbəbdən də xx.xx.1999-cu il tarixli, 1470 saylı sərəncamı etibarsız hesab edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12719/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə X5 İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın etibarsızlığının tanınması” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2670/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın etibarsızlığının tanınması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uygun əsaslandırılmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin mümkün sayılmaması barədə qərardadında qeyd etmişdir ki, ““Azneft” İB-nin X1 Mədəninin daimi istifadəsində olan torpaq sahələrinin topoqrafik planı da tərtib olunmuşdur ki, həmin xəritə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə təsdiq edilmişdir. Dolayısı ilə ən geci adı çəkilən xəritənin təsdiq edildiyi vaxtdan belə iddiaçı onun istifadəsinə verilmiş torpaq sahələri, həmin ərazilərin hüdudlarını, onların hüquqi və faktiki vəziyyətini artıq dəqiq bilmiş (və ya bilməli idi), iddiaçı isə həmin tarixdən hesabladıqda belə 10 il sonra məhkəmədə hazırkı iddianı qaldırmışdır” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki, hazırkı iş üzrə iddia tələbinin predmetini SOCAR-ın "Azneft” İstehsalat Birliyinin neft və qaz əməliyyatlarının aparılması məqsədilə daimi istifadəsinə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsində, 39 T 414640; ******* coğrafi koordinatlarda yerləşən 300 kv.m-dən ibarət sənaye təyinatlı torpaq sahəsinin fərdi yaşayış evinin tikilməsi məqsədilə X3 ayrılması barədə Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 1470 saylı sərəncamın etibarsızlığının tanınması təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, 2000-ci ildən sonra ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası MPM-in "Müvafıq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat" adlanan XXVİİ fəslinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298- ci maddə) (Həmin fəsil 10 iyun 2011-ci il tarixli 143-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır). Göründüyü kimi iddiaçı sözügedən 1999-cu il tarixli qərarı qüvvədə olmuş MPM-nin tələbinə uyğun olaraq iddia müddəti çərçivəsində mübahisələndirməmişdir. Eyni zamanda AR İPM-in həmin iddia növünü tənzimləyən 36.1-ci maddəsinə əsasən, müəyyən etmə və tanınma haqqında iddia vasitəsilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin maddənin 2-ci bəndinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Həmin maddənin 3-cü bəndinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Həmin maddənin 4-cü bəndinə əsasən, hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır Hazırkı iş üzrə iddiaçının iddiası Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 1470 saylı sərəncamın etibarsız hesab edilməsi barədə olmaqla müəyyən etmə və tanınma haqqında iddia növündə irəli sürülmüşdür. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında deyilir ki, iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünə qiymət verərkən məhkəmə irəli sürülmüş iddia növünün, o cümlədən mübahisələndirmə (İPM-in 2.2.1, 32 və 70-72-ci maddələri), yaxud inzibati aktın etibarsızlığının tanınması (İPM-in 36.1-ci maddəsinin ikinci yarımcümləsi) haqqında olmasını müəyyən etməlidir. Qərarda qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın. Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıbyaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır. AR İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan tanınma haqqında iddia növünün maddi əsası “İnzibati icraat haqqında” Qanunun 65- ci maddəsində müəyyən edilmişdir. Belə ki, inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın əsaslı hesab edilməsi üçün həmin aktın “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinin tələbləri baxımından etibarsız olması tələb olunur. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar AR İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehin xx.xx.1999-cu il tarixdə qəbul etdiyi qərarını xx.xx.2022-ci il tarixdə məhkəmədə iddia qaldırmaqla mübahisələndirməklə həm qərarın qəbul edildiyi tarixdə qüvvədə olan MPM-də, həm də hazırda qüvvədə olan AR İPM-də nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Həmçinin sözügedən qərarın rəsmi olaraq məhz hansı tarixdə təqdim olunmasının bəlli olmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Nəzərə almaq lazımdır ki, İPMin 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (bundan sonra mətndə - Şirkət adlandırılacaq) fəaliyyəti neft, neft-kimya və qaz sənayesinin vahid kompleks kimi səmərəli fəaliyyətinin və inkişafının təmin edilməsindən, istehlakçıların enerji daşıyıcılarına olan tələbatının etibarlı ödənilməsindən ibarətdir (bənd 1.1), Şirkətin əsas məqsədi Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda, quru və dəniz sahələrində neft və qaz yataqlarının axtarışını, kəşfiyyatını, hazırlanmasını, işlənməsini, neftin, qazın, kondensatın hasilatını, nəqlini, emalını, neft-kimya sənayesinin inkişaf etdirilməsini, neft, neftkimya və qaz məhsullarının paylanmasını, satışını, habelə istehlakçıların müvafiq enerji daşıyıcılarına olan tələbatının sabit və dayanıqlı ödənilməsi sahəsində (bundan sonra — sahə) müasir tələblərə cavab verən rəqabətə davamlı malların, işlərin və xidmətlərin təqdim olunmasını təmin etməkdən və gəlir əldə etməkdən ibarətdir (bənd 2.1). Belə olan halda şirkətin fəaliyyəti və onun məqsədi nəzərə alındıqda müəyyən olunur ki, şirkət müvafiq məqsədlə onun istifadəsinə ayrılmış torpaq sahəslərinin təyinatı üzrə istifadəsinə məsuliyyət daşıyır ki, bu da onun həmin torpaq sahəsi barədə qəbul olunmuş istənilən aktdan xəbərdar olmalı olduğunu, hüququnun pozulduğunu bilməli olduğunu deməyə əsas verir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2670/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar