Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2025/2021 27.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi-vəkili X2 və üçüncü şəxsin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial üçüncü şəxs qismində cəlb edilməklə, məlumat vərəqəsinin aidiyyəti orqana göndərilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2-1(112)-171/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 24-27 avqust 2021-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək iddiaçının X6 uzun müddətli xidmət illərinin təqvim hesablanması ilə 15 il 11 ay 14 gün və imtiyazlı hesablama ilə 28 il 03 ay 0 gün təşkil etdiyini nəzərə almaqla məlumat vərəqəsinin tərtib edilərək DSMF-nin Xüsusi Şərtlərlə Təyinat Departamentinə göndərilməsini cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, 1992-ci ilin 02 sentyabr tarixində Cəbrayıl RPŞ-si tərəfindən daxili işlər orqanlarına qəbul olunmuşdur. X1 və X7 ilə bərabər iddiaçının da daxili işlər orqanlarına qəbul olunmağı barəsində əmrin verildiyi bildirilmişdir. Həmin əməkdaşlarla birlikdə polis forması ilə təmin olunmuş və polis əməkdaşları ilə bərabər xidmət keçmişdir. Xidmət dövründə Cəbrayil RPŞ-nin növbətçi hissəsində imza etməklə silahla təmin olunmuş xidməti postlara çıxaraq X6 xidmət keçmişdir. Lakin, iddiaçının əmək kitabçasında Azərbaycan Respublikası daxili işlər orqanlarına qəbul olunması qeydi 24 saylı əmrlə 01.07.1994-ci il tarixdə, X6n 21.04.2006-cı ildə öz arzusu ilə xaric edilməyi qeyd olunmuşdur. X6 təqvimlə xidmət müddəti 13 il, 11 ay, 14 gün, imtiyazlı 16 il, 09 ay, 14 gün təşkil etdiyi göstərilmişdir. X6 təqvimlə xidmət və imtiyazlı illərinin hesablanması ilə razı deyil. Belə ki, 10.05.1985-ci ildən 26 iyun 1987-ci ilədək olan 2 il, 1 ay, 21 gün təşkil etmiş, yuxarıda qeyd etdiyi kimi, faktiki olaraq X6 1992-ci ilin iyun ayından xidmət etmişdir və daxili işlər orqanlarına daxil olmağı haqqında əmrin olmaması iddiaçıya bildirilməmiş və iddiaçı ümumi qaydada xidmət etmişdir. Bununla bağlı Cəbrayıl RPŞ-nin növbətçi hissəsinin qeydiyyat kitabında qeydlər edilmişdir. Lakin iddiaçının daxili işlər orqanlarına daxil olma əmri 01.07.1994-ci ildə Cəbrayıl RPŞ-nin 24 saylı əmri ilə rəsmiləşdirilmiş və 21.04.2006-cı ildə 134 saylı əmrlə öz arzusu ilə X6n xaric olunmuşdur. Beləliklə, iddiaçının H3 ******* saylı hərbi biletində aparılmış qeydə əsasən 10.05.1985-ci ildən 26 iyun 1987-ci ilədək olan 2 il, 1 ay, 21 gün təşkil etmiş, faktiki olaraq 01.07.1992-ci ildən X6 xidmət etmiş və 21.04.2006-cı ildə 134 saylı əmrlə öz arzusu ilə DİO-dan xaric olunduğundan təqvim hesablanması ilə 15 il, 11 ay, 14 gün kimi hesablanmalı, imtiyazlı xidməti illərlə hesablanarkən Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 nömrəli 23 noyabr 1992-ci il tarixli qərarının və Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 08.05.1992-ci il tarixli 245 saylı, həmçinin 01.06.1998-ci il tarixli 06 saylı əmrlərinin tələbi nəzərə alınmalı idi. 20.04.2019-cu il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət edərək iddiaçının X6 təqvimi və imtiyazlı xidmət illərinin yenidən hesablanaraq xidməti illər barəsində “məlumat vərəqəsinin” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsini xahiş etmişdir. Lakin, Azərbaycan Respublikası DİN-nin Baş Kadrlar İdarəsinin 15 may 2019-cu il tarixli, 022/14-2131 1İ-3219 saylı cavab məktubu ilə ərizəyə baxılması üçün DİN-nin Baş Mühafizə İdarəsinə göndərildiyi bildirilmişdir. Qeyd olunan idarədən iddiaçıya cavab verilməmişdir. Lakin, 2017-ci ildə DİNnə etmiş olduğu müraciət əsasında 21.06.2017-ci il tarixli, 022/12-4062-1217 saylı məktubla əmək kitabçasında aparılan təqvim hesablama və imtiyazlı xidmət illəri təkrar olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 07 fevral 2006-cı il tarixli Qanunun qəbuluna qədər 21.04.2006-cı il tarixinə isə iddiaçının X6kı uzun müddətli xidmət illəri 28 il 03 ay 0 gün təşkil edirdi. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 20 fevral 2020-ci il tarixli, 2-1(112)-1324/2020 saylı qərardadına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçının X6 20 ildən artıq xidmət etdiyindən ona əmək pensiyasının təyin edilməsi üçün “məlumat vərəqəsinin” tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2-1(112)-171/2021 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. (hakim: M.Qarayeva) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, iddianın rədd edilməsinin aşağıda qeyd olunan əsasları, yəni iddia tələbinə yazılı etirazlarını təqdim etmişlər. Etirazda qeyd olunur: “İddiaçı 01,06.1994-cü ildə X6 Cəbrayıl Rayon Polis Şöbəsinin polis nəfəri kimi xidmətə başlamış, 30.12.1996-cı ildə Bakı şəhəri BPİ-nin X12 polis nəfəri, 20.04.2000-ci ildən isə DİN-in Baş Mühafizə İdarəsinin “Azərneftyanacaq” İB-nin mühafizəsi üzrə polis idarəsinin polis nəfəri vəzifəsində xidmət etmiş, Baş Mühafizə İdarəsinin 21,04.2006-cı il tarixli 134ş/h nömrəli əmri ilə «Azərbaycan Respublikasının X6 xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinin 1-ci bəndinə əsasən (öz arzusu ilə) X6 xidmətdən xaric edilmişdir. Bakı Sənaye Pedaqoji Texnikumunda təhsil aldığı müddətin X6 xidmət illərinə əlavə edilməsi ilə əlaqədar bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 23.11.1992-ci il tarixli 631 nömrəli Qərarına əsasən X6 orta, böyük və ali rəis heyətinə mənsub şəxslərə pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və X6 xidmətə götürülməzdən əvvəl mülki ali, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində keçirdikləri təlim vaxtı beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. Qeyd olunan Qərarda sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət edən şəxslərə pensiya təyin edilərkən, ali və orta ixtisas təhsil müəssisələrində keçirdikləri təlim vaxtının uzun müddət xidmətə daxil edilməsi nəzərdə tutulmadığından iddiaçının təhsil müddətinin onun xidmət illərinə əlavə edilməsi mümkün deyildir. İddiaçının arxiv şəxsi işinə əsasən xidmət müddəti yenidən hesablanarkən müəyyən edilmişdir ki, onun təqvimi xidmət müddəti - 14 il, 00 ay, 10 gün (10.05.1985-30.06.1987=02 il, 01 ay, 20 gün - Silahlı Qüvvələrdə, 01.06.1994-21.04.2006=11 il, 10 ay, 20 gün - X6), imtiyazlı xidmət müddəti - 19 il, 06 ay, 09 gün (14 il, 00 ay, 10 gün + 01.06.1994- 30.12.1996=02 il, 06 ay, 29 gün x 2 = 05 il, 01 ay, 28 gün + 30.12.1996-01.05.1997=04 ay, 01 gün) təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.11.1992-ci il tarixli 631 nömrəli sərəncamına əsasən İddiaçı Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşı kimi döyüş əməliyyatlarında iştirak etdiyi müddətin (01.06.1994-30.12.1996=02 il, 06 ay, 29 gün) 1 günü 3 gün hesabı ilə hesablanmış və həmin müddət bir dəfə təqvimi xidmətə, 2 dəfə imtiyazlı xidmətə əlavə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.11.1992-ci il tarixli 631 nömrəli sərəncamına və Daxili İşlər Nazirliyinin 24 may 1994-cü il tarixli 257 nömrəli əmrinə uyğun olaraq Ə.İsmayılovun X6 01.05.1997-ci il tarixədək xidmət müddətinin (Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin qorunması dövründə X6 xidmətinə görə) bir ayı iki ay kimi hesablanmış və xidmət müddətinə 04 ay, 01 gün (30.12.1996- 01.05.1997) əlavə olunmuşdur. Azərbaycan Respublikasının 07 fevral 2006-cı il tarixli “Əmək pensiyaları haqqında” Qanununun 20.14-cü maddəsinə və Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının X6 xidmət keçmə haqqında Əsasnamə»nin 144-cü maddəsinə əsasən xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər. İddiaçı təqvimi xidmət müddəti 20 ildən az olduğundan o, daxili işlər orqanı əməkdaşı (hərbi qulluqçu) kimi pensiya hüququ əldə etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququ yaranan şəxslər barəsində tərtib olunur. Göstərilənlərə əsasən İddiaçı barəsində “Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında məlumat vərəqi” tərtib olunmamalıdır.” Məhkəmə, məlum olmayan səbəbdən yuxanda qeyd olunan maddi hüquq normalarının tələblərini kobud surətdə pozaraq iddianın təmin olunması barədə qərar qəbul etmişdir. Qərarın 13-cü səhifəsindən görünür ki, məhkəmə eyni illərdə iddiaçı (10.05.1985-ci il tarixdən 30.06.1987-ci il tarixə qədər Azərbaycan SSR-nin Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, eyni illərdə həmdə: 1984-1988-ci illərdə Bakı şəhərindəki 80 nömrəli texniki peşə məktəbində təhsil almışdır, Nazirlər Kabinetinin qeyd olunan qərarına zidd olaraq 1991-ci ildən - 1994-cü il tarixə qədər Bakı Sənaye-Pedaqoji Texnikumunda təhsil almasını qeyd edərək ) süni surətdə xidmət illərini artırmaqala iddianı təmin etmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi-vəkili X2 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı üçüncü şəxsin nümayəndəsi X8 birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı onun X6 20 ildən artıq xidmət etdiyindən ona əmək pensiyasının təyin edilməsi üçün “məlumat vərəqəsinin” tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və qeyd etmişdir ki, iddiaçı barəsində məlumat vərəqəsinin tərtib edilərək DSMF-nin Xüsusi Şərtlərlə Təyinat Departamentinə göndərilməsini xahiş etsə də, cavabdeh xidmət ilinin 20 ildən az olmasını əsas gətirərək iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir. Halbuki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı X6n xidmətdən azad edildiyi 21.04.2006ci il tarixə qədər 20 ildən artıq xidmət etdiyi üçün o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Buna görə də iddiaçının 20 ildən az xidmət etməsini əsas gətirərək ona pensiya təyin edilməsi üçün məlumat vərəqəsinin aidiyyəti orqana göndərilməsindən imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE ******** №li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı MKTB-nin 25 saylı Mənzil Kommunal İstismar Sahəsinin 325 saylı 20.05.2019-cu il tarixli arayışından görünür ki, iddiaçı X10 rayonu, M.Ağayev küçəsi 1 saylı evdə Cəbrayıl rayonundan məcburi köçkün kimi məskunlaşmışdır. İş materiallarında olan iddiaçıya məxsus НЗ seriyalı ******* saylı hərbi biletin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 10 may 1985-ci il tarixdən 30 iyun 1987-ci il tarixə qədər Azərbaycan SSR-nin Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan iddiaçıya məxsus 25 fevral 1967-ci il tarixdə doldurulmuş əmək kitabçasındakı aparılmış qeyddə göstərilmişdir ki, iddiaçı 01.06.1994-ci il tarixdən 21.04.2006-cı il tarixə qədər xidmət etməklə Azərbaycan Respublikasının X6 xidmət müddəti təqvimi – 13 il, 11 ay, 14 gün, imtiyazlı – 16 il, 09 ay, 14 gün təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X4 və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən verilmiş 08 aprel 2021-ci il tarixli 34/1 saylı arayışdan görünür ki, İddiaçı 30 avqust 1984-cü il tarixində “Kişi və uşaq geyimləri dərzisi” ixtisası üzrə 80 nömrəli X15 məktəbinə qəbul olmuş və 24 iyun 1988-ci ildə həmin ixtisas üzrə tam kursu bitirmiş və ona 471152 nömrəli təhsil haqqında dövlət sənədi-diplom verilmişdir. Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 23 avqust tarixli 116 nömrəli Qərarı və Azərbaycan Respublikası Təhsil nazirinin 02 sentyabr 1996-cı il tarixli 440 nömrəli əmrinə əsasən 80 nömrəli X15 Məktəbi 14 nömrəli Bakı Peşə Liseyi adlandırılmışdı. Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 oktyabr tarixli 405 nömrəli Qərarı və Azərbaycan Respublikası Təhsil nazirinin 06 aprel 2020-ci il tarixli F-201 nömrəli əmrinə əsasən 4 nömrəli Bakı Peşə Liseyi, 12 nömrəli Bakı Peşə Məktəbi və 14 nömrəli Bakı Peşə Liseyinin bazasında “Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxsi yaradılmışdır. İş materiallarında olan Bakı Sənaye-Pedaqoji Texnikumu tərəfindən verilmiş iddiaçıya məxsus AB-İİ № 003672 nömrəli diplomun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 1991-ci ildə həmin texnikuma daxil olmuş, 24 iyun 1994-cu il tarixdə isə bitirmişdir. İş materiallarında olan iddiaçının X6 xidmətkeçmə vərəqəsindən görünür ki, iddiaçı Silahlı Qüvvələrdə 10.05.1985-30.06.1987-ci illərdə qulluq etmiş, 01.07.1994-cü ildə Cəbrayıl RPŞ-də polis nəfəri, 30.12.1996-ci ildə Bakı şəhəri BPİ-nin X13, 20.04.2000-ci il tarixdə isə DİN BMİ-nin “Azərneftyanacaq” İB-nin mühafizəsi üzrə MŞ-nin polis nəfəri vəzifəsində xidmət etmiş, 21.04.2006-cı ildə isə öz arzusu ilə DİO-da xidmətdən xaric edilmişdir. 01.06.1994-01.05.1997-ci illərdəki xidmət dövrü Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 saylı qərarına əsasən 1 aya 2 ay xidmət dövrü kimi hesab edilməklə ümumi 2 il 9 ay göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 08 may 1992ci il tarixli 245 saylı əmrindən görünür ki, Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlarda iştirak etmiş Daxili İşlər Nazirliyinin müəssisələrinin və daxili işlər orqanlarının siravi və rəis heyətinə 01 aprel 1992-ci il tarixdən başlayaraq 1 günü 3 gün xidmət dövrü kimi hesab edilməklə xidmət müddəti hesablanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 15 may 1992ci il tarixli 260 saylı əmrindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 07 aprel 1992-ci il tarixli 650 saylı fərmanına əsasən 01 aprel 1992-ci il tarixdən başlayaraq Xankəndi və Naftalan şəhərlərində, habelə Şuşa, Agdərə, Xocavənd, Xocalı, Agdam, Füzuli, Cəbrayıl, Əskəran, Qubadlı, Laçın, Kəlbəcər, Xanlar, Goranboy, Tər-Tər, Bərdə, Agcabədi, Daşkəsən, Tovuz, Gədəbəy, Qazax və Agstafa rayonlarında şəxsi heyətinin xidməti fövqəladə vəziyyətdə sayılmaqla pensiya təyin edilib verilməsi üçün xidmət müddətinin 1 ayı 1 ay yarım xidmət dövrü kimi hesablanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 24 may 1994cu il tarixli 257 saylı əmrindən görünür ki, Daxili İşlər Nazirliyinin hərbi qulluqçularına, siravi və rəis heyətinə pensiya təyin edilib verilməsi üçün müddət xidmət vaxtının hesablanmasında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 saylı qərarının 2-ci maddəsinin “b” bəndinə əsasən Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birləşmələrində xidmət müddəti bir ayı iki ay kimi hesablanması Azərbaycan Respublikası Prezidentinin 31 mart 1992-ci il tarixli 633 saylı fərmanına əsasən sayılır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 03.06.1997-ci il tarixli 224 saylı “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 15 sentyabr 1993-cü il tarixli 575 saylı əmrinə dəyişiklik edilməsi barədə” əmrindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 1997-ci il tarixli 33 saylı qərarı ilə 13 noyabr 1992ci il tarixli 631 saylı “Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya və müavinət təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” qərarına dəyişiklik edilərək, onun 2-ci bəndinin “b” yarımbəndində göstərilən “Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birləşmələrində xidmət müddəti” abzasının çıxarılmasını nəzərə alaraq, DİN-nin 15 sentyabr 1993-cü il tarixli, 575 saylı əmrinin 3-cü əlavəsində müvafiq dəyişiklik aparılmışdır. DİN-nin daxili qoşun hissələrində, orqan və təskilatlarında pensiya təyin edilərkən xidmət illərinin hesablanmasında qərarda göstərilən dəyişikliklər nəzərə alınmışdır. DİN-nin 24 may 1994-cü il tarixli 257 saylı əmri qüvvəsini itirmiş hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin 14.09.2020-ci il tarixli 022/26-8745-1220 saylı məktubuna əlavə edilmiş sənədlərdən görünür ki: - Cəbrayıl RPŞ-nin rəisinin 01 iyun 1994-cü il tarixli 24 saylı əmri ilə İddiaçı RPŞ-də polis nəfəri vəzifəsinə təyin edilmişdir. - İddiaçı xidmət müddəti aşağıdakı qaydada hesablanmışdır: Təqvim xidmət müddəti - 14 il, 10 gün: - 10.05.1985 - 30.06.1987 = 02 il, 01 ay, 20 gün - Silahlı Qüvvələrdə, - 01.06.1994 - 21.04.2006 = 11 il, 10 ay, 20 gün - X6. İmtiyazlı xidmət müddəti - 19 il, 06 ay, 09 gün: -01.06.1994 - 30.12.1996 = 02 il, 06 ay, 29 gün - döyüşlərdə olduğu müddət x 2 = 05 il, 01 ay, 28 gün (1 dəfə təqvimi xidmətində nəzərə alınıb) -30.12.1996 - 01.05.1997 = 4 ay, 01 gün (Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin qorunması dövründə X6 xidmətinə görə) -14 il, 10 gün + 05 il, 01 ay, 28 gün + 04 ay, 01 gün = 19 il, 06 ay, 09 gün. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin 21.06.2017-ci il tarixli 022/12-4062-1217 saylı iddiaçıya ünvanlanmış məktubundan görünür ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən xidmət illərinə görə pensiya hüququna xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər. İddiaçı X6 xidmətdən xaric edilərkən xidmət müddəti təqvimi hesablama ilə - 13 il, 11 ay, 14 gün, imtiyazlı hesablama ilə 16 il, 09 ay, 14 gün təşkil etdiyindən ona pensiya təyin edilməsi mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin 15 may 2019-cu il tarixli 022/14-21311i-3219 saylı məktubundan görünür ki, iddiaçının xidmət illərinin yenidən hesablanması ilə əlaqədar iddiaçının ərizəsi baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı)- hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir; Həmin Qanunun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.11. bu Qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular; Həmin Qanunun 9.5-ci maddəsinə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 1-ci maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, gizirləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunla şəxsin müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olmasını müəyyən etmiş, “Əmək pensiyaları haqqında” Qanunla isə bu şəxslərə pensiyaların əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş qaydada təyin edilməsini nəzərdə tutmuşdur. Göründüyü kimi, qanunverici “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunla şəxsin müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olmasını müəyyən etmiş, “Əmək pensiyaları haqqında” Qanunla isə bu şəxslərə pensiyaların əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş qaydada təyin edilməsini nəzərdə tutmuşdur. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 16-cı maddəsinə görə isə həmin Qanuna uyğun olaraq hərbi qulluqçulara pensiya təyin edilməsi üçün xidmət illərinin hesablanması qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edirdi. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının 1 iyul 2005-ci il tarixədək qüvvədə olmuş 2-ci bəndinə görə hərbi qulluqçulara pensiya təyin olunması üçün Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri xidmətin bir ayı üç ay sayılmaqla nəzərə alınması müəyyən edilmişdir. Lakin “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-İİQD nömrəli Qanunu ilə həmin Qanunun 12-ci maddəsinin a) bəndində “20 il” sözləri “20 təqvim ili” sözləri ilə əvəz edilmiş, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçuların xidmət illərinə görə pensiya hüququna malik olmaları müəyyən edilmişdir. Eyni zamanda, həmin Qanunla “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 16-cı maddəsinə dəyişiklik edilərək aşağıdakı məzmunda ikinci hissə əlavə edilmişdir: “Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ili iki xidmət ili kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ilinin iki xidmət ili kimi hesablanması müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir”. Qeyd edilən dəyişikliklər 2004-cü il 13 sentyabr tarixindən qüvvəyə minmişdir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 1 sentyabr 2005-ci il tarixli 977-İİQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsinin birinci hissəsinin ikinci abzası aşağıdakı redaksiyada verilmişdir: “hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) - ikiqat ölçüdə;”. Həmçinin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 1 iyul tarixli Qərarına əsasən Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli Qərarına dəyişiklik edilərək döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması müəyyən edilmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunan qanunvericilik aktlarına edilmiş bu dəyişikliklərlə hərbi qulluqçuların pensiya hüququnun əldə edilməsi ilə bağlı xidmət illərinin hesablanması qaydasının güzəştli şərtləri ləğv edilmişdir. Həmin dəyişiklikdən əvvəl xidmət illərinə görə pensiya hüququnun əldə edilməsi üçün ümumilikdə 20 il hərbi xidmət stajı (güzəştli hesablanma daxil olmaqla) tələb olunduğu halda, bu dəyişiklikdən sonra belə hüququn əldə edilməsi üçün 20 təqvim ili tələb olundu. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 mart 2014-cü il qərarına əsasən “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-İİQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik-hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. Xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın fərqli və daha əlverişsiz şərtlərlə təyin edilməsi Konstitusiyanın 12 və 16-cı maddələrində təsbit edilmiş Azərbaycan Respublikasının sosial dövlət kimi bəyan edilməsinə dair müddəaların, Konstitusiyanın 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun, habelə Konstitusiyanın Preambulasından irəli gələn qanunun aliliyinin əsas elementlərindən biri olan hüquqi müəyyənlik prinsipinin və onun mühüm elementi olan vətəndaşların qanuna olan etimadının gözlənilməsi prinsipinin pozulmasına səbəb olar. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 2006-cı il 7 fevral tarixli Qanununun 20.14.1-ci maddəsi ilə hərbi qulluqçuların pensiyasına qulluq stajına görə əlavələr hesablanarkən “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 1992-ci il 29 aprel tarixli Qanunu qüvvədə olduğu dövrdə hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçulara hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X6 xidmət keçmə haqqında Əsasnamə”nin 91-ci maddəsinə əsasən daxili işlər orqanları əməkdaşlarının təminat xərclərinə, tutduğu vəzifəyə və xüsusi rütbəyə görə maaşları, fasiləsiz xidməti illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə, ərzaq payı və ya ərzaq payı əvəzinə verilən pul kompensasiyası, digər müavinət və ödənişlər daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.08.2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Həmin Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 631 nömrəli 23 noyabr 1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Qaydaların 1-ci bəndinə əsasən zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir: Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında həqiqi hərbi xidmət; Daxili işlər, ədliyyə, fövqəladə hallar orqanlarında sıravi, kiçik, orta, böyük və ali rəis heyəti vəzifələrində xidmət vəzifəyə təyin olunma günündən; Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövründə, habelə Əfqanıstanda əsgəri borcunu yerinə yetirərkən əsirlikdə, mühasirədə olma müddəti, əgər əsirlik könüllü olmamışdısa və hərbi qulluqçu əsirlikdə olarkən respublikaya qarşı cinayət törətməmişdisə; (1 iyul 2005-ci il tarixə olan redaksiyası). Həmin Qaydaların 1 iyul 2005-ci il tarixinə olan redaksiyasının 2-ci bəndində deyilirdi: Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: a) xidmətin bir ayı üç ay sayılmaqla: Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri; Həmin Qaydaların 1 may 1997-ci il tarixə qədər olan redaksiyasının 2-ci bəndi və həmin bəndin b) yarımbəndinə əsasən: Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: b) xidmətin bir ayı iki ay sayılmaqla: Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birləşmələrində xidmət müddəti. Həmin Qaydaların 21.04.2006-cı il tarixə olan redaksiyasına əsasən Zabit heyətinə daxili işlər və ədliyyə, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin “a” bəndinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və X6 sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali məktəblərdə, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta tədris müəssisələrində, o cümlədən qiyabi və axşam şöbələrində keçdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. “Azərbaycan Respublikasının X6 xidmət keçmə haqqında” Əsasnamənin 19-cu maddəsinə əsasən, daxili işlər orqanlarının sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə tam orta və orta ixtisas təhsilli şəxslər qəbul edilirlər. Həmçinin 01 yanvar 2006-cı il tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən qanunla nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan texniki peşə məktəblərində təhsil alanların əmək pensiyası almaq hüququ vardır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı 10.05.1985-ci il tarixdən 30.06.1987-ci il tarixədək Azərbaycan SSR-nin Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş (2 il 1 ay 20 gün), 30.08.1984-cü il tarixdən 24.06.1988-ci il tarixədək Bakı şəhərindəki 80 nömrəli texniki peşə məktəbində təhsil almış (hərbidə olduğu müddət çıxıldıqdan sonra 1 il 8 ay 5 gün : 2 = 10 ay 2 gün), 1991 – 1994-cü illər Bakı Sənaye- Pedaqoji Texnikumunda təhsil almış (3 il : 2 = 1 il 6 ay), 01.06.1994-ci il tarixdən 21.04.2006-cı il tarixə qədər X6 xidmət etmişdir (11 il 10 ay 20 gün). Göründüyü kimi iddiaçının təqvimi xidmət müddəti - 16 il 04 ay 12 gün təşkil edir. İddiaçının Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşı kimi Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.11.1992-ci il tarixli 631 nömrəli sərəncamına əsasən 1 günü 3 gün hesabı ilə hesablanaraq və həmin müddət bir dəfə təqvimi xidmətə, iki dəfə imtiyazlı xidmətə əlavə olunmaqla 01.06.1994 - 30.12.1996 = 02 il, 06 ay, 29 gün x 2 = 05 il, 01 ay, 28 gün, iddiaçının Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində X6 xidmət müddəti isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.11.1992-ci il tarixli 631 nömrəli sərəncamına və Daxili İşlər Nazirliyinin 24 may 1994-cü il tarixli 257 nömrəli əmrinə uyğun olaraq bir ayı iki ay kimi hesablanaraq və həmin müddət bir dəfə təqvimi xidmətə, bir dəfə imtiyazlı xidmətə əlavə olunmaqla 30.12.1996 - 01.05.1997= 04 ay, 01 gün təşkil edir. Göründüyü kimi iddiaçının imtiyazlı xidmət müddəti 21 il 10 ay 11 gün təşkil edir. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2-1(112)-171/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2025/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2025/2021
27.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver