Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2026/2021 16.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltan Həmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, İddiaçının nümayəndəsi, Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 11.03.2021-ci il tarixli, 2-1(112)-430/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC cаvаbdеh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 22 noyanr 2019-cu il tarixli **********193761 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 11.03.2021-ci il tarixli, 2-1(112)-430/2021 saylı qərarı ilə iddia qismən təmin edilmiş, Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********193761 nömrəli 22 noyabr 2019-cu il tarixli qərarı “2015-ci il üzrə 80.367,28 manat mənfəət vergisi və 11.500,76 manat ƏDV hesablanması” hissəsində ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 11.03.2021-ci il tarixli, 2-1(112)-430/2021 saylı qərarının iddianın təmin olunmuş hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə də təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qanunun müddəasının məzmunundan aydın olur ki, səyyar vergi yoxlaması bir qayda olaraq 30 günlə məhdudlaşır. Eyni zamanda qanunvericilik həmin müddətin artırılmasını da müəyyən edir. Həmin maddədə nəzərdə tutulan 90 günlük müddət səyyar vergi yoxlamasının başa çatma müddətini deyil, yoxlamanın artırılması müddətini müəyyən edir. Göründüyü kimi, qanunun müddəası səyyar vergi yoxlamasının keçirilmə müddəti olan 30 günlük müddətin ən çox 60 gün deyil, ən çox 90 gün artırılmasını nəzərdə tutur ki, belə olan halda məhkəmənin qeyd olunan dəlili əhəmiyyətsizdir. Vergi Məcəlləsinin 38.4-cü maddəsinə əsasən, səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Həmçinin iş üzrə sahbkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda da, yoxlama müddəti təqvim günü ilə deyil, iş günü ilə müəyyən edilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 3.4.16-cı bəndinə əsasən yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat daxil edilir. Məhkəmənin qeyd etdiyi 3 dekabr 2018, 25 fevral 2019-cu il, 28 iyun 2019-cu və 21 avqust 2019 cu il tarixli qərarlar “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərar”lar olduğu üçün reyestirə daxil edilməmişdir. Göründüyü kimi, “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərar”ların reyestirə daxil ediləsi tələb olunmur. Vergi qanunvericiliyinin müvafiq maddələri ilə səyyar vergi yoxlamasının vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə etməsi müəyyən edilmişdir. Səyyar vergi yoxlaması aktı ilə müəyyən edilir ki, yoxlamanın keçirilməsi barədə qərar 13.11.2017-ci il tarixdə qəbul edilmişdir. Həmin tarixdən əvvəlki 3 illik müddət 2015-ci ilin 1-ci rübündən başladığından, qeyd olunan yoxlama ilə bağlı iddiaçının 3 illik müddətə dair iddiaları əsassızdır. Yəni göründüyü kimi, vergi ödəyicisinin fəaliyyətinə dair vergi yoxlaması açılarkən səyyar vergi yoxlaması iddiaçının son 3 illik dövrünü əhatə etmişdir. Lakin vergi orqanının vəzifəli şəxslərinin iradəsindən asılı olmayan səbəblərdən yoxlamanın müddətinin uzanması vergi orqanı tərəfindən vergi qanunvericiliyinin pozulması kimi qiymətləndirilə bilməz. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi, Vəkil apellyasiya şikayətinə etiraz təqdim edərək bildirmişdir ki, şikayət edilən yoxlamanın müddəti 2 ili (24 ayı) ötmüşdür. 2 il ərzində İddiaçı MMC-nin nümayəndələri dəfələrlə İdarəyə və Dövlət Vergi Xidmətinə danışıqlar aparılması və məlumatlandırma üçün çağırılmışlar. Nəticədə, artıq 2016-cı ilin dekabr ayında ikitərəfli razılığa əsasən vergilərin ödəniş vaxtında keçirilmiş dövr üçün cərimələr və sanksiyalar hesablanmışdır. Keçirilmiş səyyar vergi yoxlaması nəticəsində yuxarıda qeyd olunan maddi normalarda təsbit olunmuş 3 (üç) illik müddət keçməsinə baxmayaraq, əsassız olaraq 2015-cı il uçün əlavə olaraq ƏDV və mənfəət vergisi hesablanmışdır. Vergi yoxlaması müddəti üç illik müddətin uzadılmasına təsir etmir, yəni vergi yoxlaması müddəti uzandıqca geriyə hesablanan üç illik müddət də irəliləyir. Aydın məsələdir ki, 2015-ci hesabat ili üzrə vergləri, faizləri və maliyyə sanksiyaları ən son 2018-ci ildə hesablana bilərdi. Lakin məlum olduğu kimi Səyyar vergi yoxlaması haqqında **********126462 nömrəli Akt 07.10.2019-cu il tarixdə tərtib edildiyindən 2015-ci ilə tətbiq edilə bilməzdi. Onu da qeyd edək ki, növbədənkənar vergi yoxlaması 14.11.2017-ci il tarixdə başlansada, lakin 20.12.2017, 19.01.2018, 20.02.2018, 27.07.2018, 27.08.2018, 16.04.2019, 17.05.2019-cu il tarixli əsassız qərarlarla vergi yoxlaması heç bir səbəb olmadan cavabdehin özü tərəfindən dayandırılmışdır ki. bunun məsuliyyətidə cavabdehin üzərinə düşür. Bu səbəbdəndə Səyyar vergi yoxlaması haqqında **********126462 nömrəli 07.10.2019-cu il tarixli Aktda 2015-cı il uçün əlavə olaraq ƏDV və mənfəət vergisi hesablanması tamamən qanunsuzdur. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 11.03.2021-ci il tarixli, 2-1(112)-430/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 11.03.2021-ci il tarixli, 2-1(112)-430/2021 saylı qərarının iddianın təmin olunmuş hissəsinlə ləğv olunmasını və həmin hissədə də iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə birinci instansiyanın qərarından iddiaçı şikayət vermədiyindən və cavabdehin verdiyi apellyasiya şikayəti iddianın təmin olunmuş hissəsində ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini iddianın təmin olunmuş hissəsində yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əsasən müəyyən edilmişdir ki, vergi orqanının 3 iyun 2016-cı il tarixli **********019350 nömrəli qərarı ilə vergi ödəyicisi kimi hazırkı İddiaçı MMC-də 1 fevral 2015ci il tarixdən 30 aprel 2016-cı il tarixədək olan dövr üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Lakin sonradan 3 iyun 2016-cı il tarixli həmin qərar vergi orqanının 21 dekabr 2016-cı il tarixli **********069650 nömrəli qərarı ilə ləğv edilmişdir. Bundan sonra vergi orqanı iddiaçının 2015-ci ilin fevral ayından 2017-ci ilin sentyabr ayınadək olan dövrü əhatə edən növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə 13 noyabr 2017-ci il tarixdə **********125647 nömrəli yeni qərar qəbul etmişdir. Vergi yoxlaması keçirilərkən vergi orqanının 9 qərarı ilə yoxlama dayandırılmış, 2 qərarı ilə yoxlamanın müddəti uzadılmış, 4 qərarı ilə əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi qərara alınmışdır. Yoxlamanın nəticələri sonda 7 oktyabr 2019-cu il tarixli aktla rəsmiləşdirilmiş və həmin akt əsasında vergi orqanı 22 noyabr 2019-cu il tarixli **********193761 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul etmişdir. Sözügedən qərarla vergi ödəyicisi kimi İddiaçı MMC-yə 2015-ci il üzrə 80.367,28 manat mənfəət vergisi və 11.500,76 manat ƏDV hesablanmış, 2016-cı il üzrə 7.663.37 manat mənfəət vergisi hesablanmış, həmin məbləğə 3.831,69 manat maliyyə sanksiyası tətbiq edilmiş və 25.756,57 manat ƏDV hesablanmış, həmin məbləğə 12.975,61 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2017-ci il üzrə 8.557,25 manat ƏDV hesablanmış, həmin məbləğə 4.278,63 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı hazırda cavabdehin 22 noyabr 2019-cu il tarixli **********193761 nömrəli qərarını mübahisələndirir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.2, 38.3, 49.2, 49.5, 104.1, 105.1, 153, 159.1, 173.1-ci maddələrini, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» AR Qanununun 3, 13.1, 13.3, 17.1, 17.2.7, 18-ci maddələrini, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5, 3.4-cü bəndlərini tətbiq etməklə belə qərara gəlmişdir ki, iddia qismən təmin edilərək, cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********193761 nömrəli 22 noyabr 2019-cu il tarixli qərarı “2015-ci il üzrə 80.367,28 manat mənfəət vergisi və 11.500,76 manat ƏDV hesablanması” hissəsində ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsinin hazırki redaksiyası görə, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Vergi orqanı tərəfindən aparılmış səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi kimi hazırkı iddiaçının sahibkarlıq fəaliyyətində vergilərin bir hissəsi, yəni 2015-ci il üzrə 80.367,28 manat mənfəət vergisi və 11.500,76 manat ƏDV məbləğləri AR Vergi Məcəlləsinin 85.4-cü maddəsində müəyyən edilmiş 3 illik müddət kriteriyasına riayət olunmadan hesablanmışdır. Yoxlama zamanı vergilər hesablanarkən müvafiq hesabat dövrlərinin qurtarması vaxtından 3 illik müddətə münasibətdə AR Vergi Məcəlləsinin 56.1 və 85.4-cü maddələrinə Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyin hazırkı iddiaçının fəaliyyətinin yoxlanılması üzrə təyin olunmuş sözügedən səyyar vergi yoxlamasına şamil edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələblərinə ziddir. Çünki, Vergi Məcəlləsindəki müvafiq dəyişiklik 1 yanvar 2020ci il tarixdə qüvvəyə mindiyi halda, iddiaçının fəaliyyətində yoxlamanın keçirilməsi barədə qərar 13 noyabr 2017-ci il tarixdə qəbul olunmuşdur. Nəzərə alınmalıdır ki, vergi orqanı iddiaçının 2015-ci il üzrə fəaliyyətinin yoxlanılması barədə 3 iyun 2016-cı il tarixdə qəbul etdiyi qərarı 21 dekabr 2016-cı il tarixli digər qərarla (hər hansı tutarlı əsas göstərilmədən) ləğv etmişdir, yəni onun həmin dövrü əhatə edən yoxlamanı keçirməyə kifayət qədər imkanı olmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 11.03.2021-ci il tarixli, 2-1(112)-430/2021 saylı qərarı mübahisələndirilən hissədə- iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azər Hüseynov Hakimlər: Səadət Bəktaşi Vidadi Məmmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2026/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2026/2021
16.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver